ŞAİQİN
SÖNMƏYƏN ÜMİDİ
Onu azərbaycanlıların gələcək nəsilləri
də mütləq tanıyacaq. Bu adı yaxın və uzaq
sabahlarda da biləcəklər, bu əsərləri
oxuyacaqlar. Onlarsız mümkün deyil - bu söz inciləri
artıq "Vətən Dərsliyi"nin ayrılmaz
parçaları, mütləq yadda saxlanası səhifələridir.
Və hər yeni nəslin insanları "Abdulla Şaiq bizim
üçün nə qədər əzizdir, Abdulla Şaiqin
yeri millət ruhunun hansı ucalıqlarındadır"
suallarına cavablar axtardıqca həmişə yada
1923-cü ilin 27 dekabrındakı bir mərasim düşəcək.
O mərasim ki, orada Abdulla Şaiqin yubileyi keçirilirdi.
Həmin ildönümü başqa bu qəbil bayrametmələrin
heç birinə bənzəmir.
Abdulla Şaiq 1881-ci ildə anadan olmuşdu. 1923-cü
ildə onun yuvarlaq ildönümü deyildi. Ancaq həmin
gün yuvarlaq bir ildönümü bayram edilirdi - 20 illik
keçirilirdi, Abdulla Şaiqin müəllimliyinin 20 illiyi.
İlk danışan Azərbaycanın xalq maarif komissarı
Mustafa Quliyev olmuşdu. Xalq maarif komissarı bugünkü
ölçülərlə həm təhsil, həm mədəniyyət
naziri idi (Yəni mədəniyyət həmişə milli təhsilin
ayrılmaz parçası deməkdi). Mustafa Quliyev deyirdi ki,
Abdulla Şaiq çocuqlara tərbiyə vermək və tədris
etməkdə bir məktəbin dörd divarı arasına
sığınıb qalmaqla kifayətlənmədi, ona
görə də şairliyə və müəllimliyə bərabər
iqdam etdi. Nəticəsi də bu oldu ki, ölkəmizin hər
guşəsində sayıldı. Bu gün yaranan yeni ədəbiyyatımızın
və dilimizin təməlində dayananların ilklərindən
birincisi Abdulla Şaiqdir.
Mustafa Quliyev o gecə inandığı ümdəbir
həqiqəti də dilə gətirərək deyirdi ki,
avropalılar, qərblilər bugünkü ədəbiyyatda,
mədəniyyətdə nail olduqları irəliləyişlərə
görə sələflərinə borcludurlar. Biz də Azərbaycanın
bugünkü yeni ədəbiyyatına görə Şaiq
kimi müəllimlərimizə minnətdar olmalıyıq.
Natiq çıxışını alxışla bitirirdi -
Şaiqə "yaşasın!" deyirdi. Ancaq sadəcə
şair Şaiq, sadəcə müəllim Şaiq yox,
"Qoca müəllimimiz Şaiq yaşasın!" deyirdi. O
zaman Abdulla Şaiqin vur-tut 42 yaşı vardı, ancaq ətrafı
onu qocaman bir insan kimi qavrayırdı. Mustafa Quliyev o axşam
bu arzusunu da ifadə eləmişdi ki, biz çox istəyirik
hələ bundan sonra 20 ildə Abdulla Şaiq bizim tədrisimizə,
mədəniyyətimizə, ədəbiyyatımıza,
dilimizə xidmət etsin. Şaiqə o qədər qocaman kimi
baxırdılar ki, bu 20 illik müddəti çox uzaq vaxt məsafəsi
kimi nəzərdə tuturdular.
Bu alxış ediləndə 1923-cü il idi və 20
il sonra 1943-cü il gələcəkdi. Abdulla Şaiqsə
1943-cü ildən sonra da illərcə yaşadı,
yaratdı. Ancaq Şaiqin hələ 42 yaşında ikən,
məhz həmin o 1923-cü ildə də qocaman bir insan kimi
qavranılması yalnız Mustafa Quliyevin gözlərinin və
düşüncəsinin gördüyü deyildi. Bir çox
başqalarında da eyni təsəvvür vardı. Az sonra
kürsüyə Atababa Musaxanlı çıxacaq. O da Abdulla
Şaiqin tələbələrindən idi və müəllimini
"babamız Şaiq" adlandırırdı. Yəni
Abdulla Şaiq o cavan yaşında artıq azman, ərən
bir insan kimi qavranılırdı. O gün o kürsüyə
qalxanların da, o zalda oturanların da hər biri Abdulla
Şaiqi həm çox sevir, həm də yaxşı
tanıyırdılar. Amma bununla belə, kürsüyə
qalxanların hər biri "Şaiq kimdir" sualına cavab
arayır, onun böyüklük dərəcəsini müəyyənləşdirməyə
cəhd edirdi. Hər kəs istəyirdi ki, Şaiqin
böyüklüyünü öz görüm
bucağından bacardıqca tutumlu təqdim edə bilsin. Qafur
Rişad Əfəndizadə qalxmışdı kürsüyə.
Bir-bir Abdulla Şaiqin bədii əsərlərini, məktəb
üçün yazdığı kitabları
sadalayırdı. Deyirdi, Abdulla Şaiq olmasaydı, "milli
qiraət kitab"ı yox idi. Deyirdi ki, Abdulla Şaiq olmasaydı,
"ədəbiyyat dərsləri kitabı" yox idi. Deyirdi
ki, Abdulla Şaiq olmasaydı, "məktəblərimizdəki
müntəxəbat" yox idi. Deyirdi ki,"Abdulla Şaiq yox
idisə, türk ədəbiyyatı kitabı" yox idi. Bu
kitablar olmasa isə, məktəbimiz boş, müəllimlərimiz
yalavac qalacaqdı. Və ona görə də Qafur Rişad nəticə
çıxarırdı - Abdulla Şaiqin
varlığının nə olduğunu anlamaq
üçün onun yoxluğunu düşünməliyik, o
olmasaydı, nələr olmazdı, nələrdən məhrum
qalardıq fikrinə dalmalıyıq. Deyirdi ki, türklərin
məşhur Müəllim Nacisi var. Gərək biz də
Şaiqi Azərbaycanın "Müəllim Şaiqi"
adlandıraq. Və daha bir mühüm mətləbə
toxunurdu - 1922-ci ildə Bakıda Qala divarlarının
yanında ilk şair heykəli ucaldılmışdı: Mirzə
Ələkbər Sabirin abidəsi. O dövrdə bu, Azərbaycanda
bir ədəbiyyat, mədəniyyət, elm adamına
ucaldılan ilk və tək mücəssəmə idi.
Sözünü tamamlayan Qafur Əfəndizadə təsdiqləyirdi:
Abdulla Şaiqin bu millət qarşısında xidmətləri
o qədər böyükdür ki, o da bir abidəyə
çevrilərək Sabir heykəlinin yanında dayanmağa
layiqdir. Daha artığını arzulayırdı ki, Abdulla
Şaiqin Bakıda heykəli elə sağlığında
ucaldılsın.
O gecə şeirlər də söylənmişdi və
həmin qoşqulardan birini elə həmin günün ərəfəsində
məşhur alim və müəllim İsmayıl Hikmət
yazmışdı. O İsmayıl Hikmət ki, onun Azərbaycan
və türk ədəbiyyatının tarixinə həsr
etdiyi kitabları həmin illərdə yazılsa da, bu gün
də qiymət və sanbalını saxlamaqda, təkrar nəşr
və iqtibas edilməkdədir, o çağlar Azərbaycanda
qısa müddətdə yaşayıb-çalışsa
da, adı ədəbiyyat və ədəbiyyatşünaslığımızın
tarixində ən qiymətli alimlərdən biri kimi həmişə
sayğıyla anılacaq. İsmayıl Hikmətin 1923-cü
ilin 27 dekabrındakı həmin Şaiq gecəsində ilk dəfə
oxuduğu və bir gün əvvəl qələmə
aldığı şeir dönüb olur dillər əzbəri.
Çünki o qısa şeir Abdulla Şaiqin nurani mahiyyətini
və çöhrəsini son dərəcə dəqiq
nişan verirdi.
Biri insan mələk olurmu desə,
Bən derim, bir misalı var, baxınız!
Bu təbii şüari munislə,
Məncə, Şaiq nümunədir mələyə.
Şaiqi sadəcə mələk kimi
görmürdü, ikibaşlı söyləyirdi - onu həm
mələk adlandırır, həm də mələklərə
belə nümunə ola biləcək şəxsiyyət kimi
dəyərləndirirdi.
Söz növbəsi Xəlil Fikrətə
çatmışdı. Özü hamının etiraf etdiyi ən
yaxşı müəllimlərdən biri idi. Ancaq arzusunu dilə
gətirərək deyirdi ki, biz hamımız ruhca Şaiqə
bərabər bir müəllim mərtəbəsinə
yetişsək, nə xoşbəxt olardıq.
O gecə yalnız Şaiqin müəllimliyinin yox, ədibliyinin
də dəqiq qiymətini vermək təşəbbüsləri
olmuşdu. Bunların ən sərrastlarından biri Mikayıl
Rzaquluzadənin dilindən səslənmişdi. Soruşurdu
ki, yaxşı ədəbiyyat nədir, yaxşı ədəbiyyatı
necə yazarlar? Və özü də cavab verirdi ki,
yaxşı ədəbiyyat Şaiqin yazdığı ədəbiyyatdır,
ədəbiyyatın yaxşı olması üçün
onu Şaiq kimi yaradarlar.
O gecə Abdulla Şaiq çox bəxtiyar idi. Cavan
insandı, ancaq o tərifli sözlər ki səslənirdi, o
qiymətlər ki verilirdi, onları eşidən elə zənn
eləyərdi ki, bu qiymətlər, bu dəyərləndirmələr
42 yaşlı deyil, bir neçə 42 illəri
yaşamış insan haqqındadır. Beləcə, bu cavan sinnində
Abdulla Şaiq anlayan və dürüst qiymət verməyi
bacaran müasirlərinin gözündə müəllimlər
müəllimi olmaq, örnək hesab edilmək, mələk
sayılmaq, abidəsi ucaldılmaq haqqı
qazanmışdı.
...Əslində cansız saydığımız
daş-divar da cansız deyil. Əslində daşın,
divarın da yaddaşı var. Sadəcə, biz onu dindirə
bilmirik. Dilini bilsəydik, daş divar da danışardı,
hekayətlər söyləyərdi. XXI yüzildə
Bakının hüsnü çox dəyişsə, əski
həyətlərin və binaların bir çoxu artıq
sökülmüş, itmiş olsa da, bir zamanlar Şaiqin yaşadığı
məhəllə də, ev də qalmaqdadır, orada yenə də
həyat, yaşayış davam edir. O mülk ki illər onun
daşını-divarını qocaldaraq bozardıb, pəncərələrinin,
pillələrinin, məhəccərinin rəngini soldurub,
orada 1916-cı ildən ta 1957-ci ilə qədər - 41 il
boyunca Azərbaycanın ən sevimli insanlarından biri -
Abdulla Şaiq ömür sürüb. Hər gün elə
indi köhnə qonşularının nəvə-nəticələrinin
addımladığı küçədən
keçirmiş, pillələrlə qalxırmış, həmin
məhəccərin yanından keçirmiş, tanış
qapını açaraq girirmiş doğma mənzilinə və
möcüzələr yaradırmış. Ancaq Şaiq bura
çox zaman tək gəlmirmiş. Yanında simsarları,
köhnə və yeni dostları Hüseyn Cavid, Seyid
Hüseyn, Cəfər Cabbarlı, Səməd Vurğun...
olurmuş. Vaxtında bu mənzil Azərbaycan ədəbiyyatının,
Azərbaycan müəllimliyinin, Azərbaycan
ziyalılığının ən seçmə
insanlarının ən sevimli ünvanlarından olub.
Abdulla Şaiq məşhur şeirlərindən birində
"Yad et məni, Şaiqanə yad et" deyirdi. Abdulla
Şaiqi - o böyük ədibi, o böyük şairi, o
böyük müəllimi bütövlüyü və əsl
böyüklüyü ilə dərk etmək və görməkçün
onu elə başqalarını xatırladığın kimi
anmaq bəs etməz. Gərək onu özünün məsləhət
bildiyi kimi - şaiqanə yad edəsən.
Abdulla Şaiqi şaiqanə
ana bilmək, ona Şaiqin özünün müdrik nəzərləriylə
baxa bilməksə, adi iş deyil. Bundan ötrü gərək
elə Abdulla Şaiq boyda şair, ədib, müəllim
olasan, o hündürlükdən baxasan ki, bu zərif
vücuddakı əzəməti layiqincə seyr edib dəyərləndirməyə
gücün çata. Abdulla Şaiq varlığı və
su kimi dupduru, aydın, birbaşa ürəyə,
düşüncəyə işləyən, misraları
muncuq kimi düzülmüş şeirləri ilə klassik ədəbiyyatın
məşhur deyimini xatırladır: "Səhl-imümtənə"
- əlçatmaz sadəlik.
Şaiq bayatı sadəlikli şeirlər yazıb,
amma hər biri hikmətlə dolu, yaşadıqca
yaşayası solmaz şeirlər. Şair Abdulla Şaiq
haqqında şairanə söz demək üçün gərək
elə onun özü boyda şair olasan. Abdulla Şaiq məşhur
şeirində məsləhət görürdü: "Yad
etməni, qaibanə yad et". O insanlar ki Abdulla Şaiqlə
oturub-durmuşdular, təmasda olub birgə çətin,
sınaqlı yollar keçmişdilər, sağ
olsaydılar, sıra-sıra xatirələriylə onu dünənlərdən
bizim günlərə gətirərdilər. Hamısı
gedib, indi tək yolumuz Şaiqin tövsiyəsinə əməl
edərək onu qaibanə yad etməkdir. Şaiqi
görmüş köhnə şahidlərdən qalan bircə
elə onun səliqə-sahmanının
qorunub-saxlandığı mənzilidir. O mənzil ki, indi də
diridir, hər gün qapısı açılır, hər
gün qonaq-qarası olur, ancaq keçmiş əyyamlardan fərqli
olaraq, gecələr burada həyat dayanır, iş saatları
bitəndən sonra hazırda burada yerləşən Şaiq
muzeyinin işçiləri qapıları kilidləyib gedirlər
öz ev-eşiklərinə, buralar sükuta qərq olur.
Hamı gedir, burada qalan olur təkcə Şaiqin ruhu.
Onlar iki dost, iki məsləkdaş, iki ruhdaş idilər.
Hər ikisi müəllim idi. Həm də elə sadəcə
sinif otağına girərək gündəlik dərsini verən
öyrədici yox, bütün mahiyyəti ilə Müəllim!
Cavid də, Şaiq də məktəblərdə dərs
deyirdilər. Çünki bu qəbil istedad və qələm
sahiblərini tarix və tale yalnız doğurduqları əsərlərlə
xalqlarına dərs verməkçün deyil, elə bilavasitə
müəllimlikdən ötrüdə ezam və məsul
edir. Onlar tarixin elə kəsiklərində gəlirlər ki,
xalqın məhz həmin dönəmdə bu biliklərə
və işığa xüsusi ehtiyacı olur. Və onlar
özləri də daşıdıqları
işığı ətrafdakılara paylamağı daxili zərurət
kimi hiss və qəbul edərək çalışırlar.
Şaiq də, Cavid də müəllim idi və onları
yaxınlaşdıran həm də bu cəhət vardı ki,
elə yaşca da təxminən eyni dövrün
uşaqları idilər. 1881-ci ildə Şaiq
doğulmuşdu, 1882-ci ildə Cavid. Bir yerdə dərslik də
yazdılar: onlardakı müəllim xisləti üstündə
qoşa imza olan bir kitabda da qovuşdu: "Ədəbiyyat dərsləri".
Şaiq ailəsi ilə Cavidgilin, Cavid ailəsi ilə
Şaiqgilin daimi qonaqlarından idi.
Qaynayıb-qarışmış, birevli kimi olmuşdular. Hətta
kəc dövranın hökmü ilə onların həyatları
da eyni gündə tamamlana bilərdi. 1918-ci ilin mart
qırğınlarında ermənilər bir çox
başqaları ilə bərabər, Cavidlə Şaiqi də
həbs edərək "İslamiyyə" mehmanxanasında
dustaq saxlayırdılar. Məqsədləri əsir
götürdüklərinin canına qəsd etmək idi. Cavid
ölümün gözlə qaş arasında
dayandığı o həyəcanlı gün barədə
zövcəsi Mişkinaz xanıma söyləyibmiş ki, nə
yaxşı yanımızda bir dolaq bublik vardı. Bizi ermənilərin
dustaq saxladığı uzun saatlar boyunca Şaiqlə həmin
bubliklərdən yeyib aclığımızı birtəhər
yola verdik.
O bəladan salamat qurtardılar, sonra yolları
oxşar bəlayadək yenə birgə davam etdi - ta 1937-ci ilə
qədər. Fəqət bu birgəlik bir az da tez
qırıla bilərdi. Cavidi 1937-ci ildə tutdular, ancaq elə
1920-ci illərdə də, 1930-cu illərin
başlanğıcında da daimi həbs təhlükəsi
Abdulla Şaiqin başının üstündə qara bulud
kimi dolanmaqdaydı. Hətta şiddətli tuthatutlar toxtayanda,
zahirən bir qədər daha sakit dövr gələndə
belə Şaiq yenə təhlükələrlə
üz-üzə idi. Övladı, unudulmaz alimimiz Kamal
Talıbzadə yada salırdı ki, 1950-ci ildə bir ara
Abdulla Şaiqi ev dustağı da etmişdilər,
qardaşı Yusif Ziyanın adı onun ömründə
"Domokl qılıncı" kimi kəsməyə daim
hazır idi.
Və həmin 1923-cü ildə Azərbaycanda
tanınmış bir müəllimlə bağlı ilk dəfə
yubiley mərasiminin keçirildiyi günün astanasında
bir divar qəzeti buraxmağı da qət etmişdilər. O
işi icra edənlərə yaxşı məlumdu ki,
Şaiqlə Cavid dostdurlar. Şaiq haqqında təəssüratlarını
almaqçün Cavidə yaxınlaşmışdılar. Həm
də xahiş etmişdilər ki, cavabını yazılı
versin. Çünki Cavidin öz sözünə qarşı
son dərəcə vasvası münasibətindən,
yazdığının, dediyinin azacıq belə təhrifinə
dözmədiyindən xəbərdar idilər. Cavid onların
"cavabınızı yazılı təqdim edin"
ricasının müqabilində dərhal dillənmişdi ki,
"yazmayacam" və dəqiqləşdirmişdi, "daha
doğrusu, yaza bilməyəcəm". Ardınca da
izahını vermişdi ki, rəsmi mərasimlərdə bir
insan haqqında təmtəraqlı təsvirlər, gözəl
sözlər söyləmək olur. Ancaq iş yazmağa gələndə
daxildəki hisslər coşub-daşır, onları sözə
çevirmək çətinləşir. Cavid dostu Şaiqin
çox yüksək qiymətini verərək demişdi ki,
o, təcrübəli, şagirdlərinin sevdiyi ustad müəllim,
nazik bir şair, saf, nəcib insandır. Və ona verilən
suala ürəyinə yatan cavabı verməkçün
özü də özündən soruşmuşdu ki,
"kimdir Şaiq?" Qoyduğu suala özü də cavab
verirdi - Şaiq mühitimizdə bir heçdir ki, ətrafdakı
parlaq görünən çox ulduzlardan daha ucalarda
dayanmağa layiqdir.
...Abdulla Şaiq fitrətdən müəllim idi.
Canıyla, qanıyla müəllim olmaq məziyyəti ona irsən
nəsib olmuş keyfiyyət idi. O, müəllim balası idi
və bu peşəni də çox sevirdi. İlk gənclik
illərindən sinif otaqlarına girmişdi, məktəbə,
dərsliyə bağlı olmuşdu və bu sevgi onunla
ömrünün son saatınacan qaldı. Ancaq Abdulla Şaiq
bircə gün dərs deməsə belə, yenə ən
böyük müəllim olaraq qalardı. Çünki
cövhərində olan müəllimlik vergisinin, ustadlıq
nurunun izi qələmindən nə çıxıbsa,
hamısında duyulmaqdadır. Sadəcə dərs deməyib,
həm də əsl öyrədici olmaq qabiliyyəti, içərisində
olan gücü və şəfqəti başqalarına da
ötürmək nəcibliyi əsl müəllimlərə
xas özəllikdir və Abdulla Şaiqin bütün
yaradıcılığının da bəzəyi məhz elə
bu keyfiyyətdir.
O, məktəbin vurğunu idi. Özünün ilk gənclik
illəri ilə bağlı xatirəsi var ki, günlərin
birində Bakıda bərk qar yağırmış, yerə
də möhkəmcə yatıbmış,
qalınlığı bir arşından da hündürmüş.
O vaxt Sabunçuda dərs deyirmiş. Bu soyuqda-sazaqda gərək
ən azı özünü elektrik qatarına
çatdıraydı ki, oradan da Sabunçuya yetişə
bilsin. Hərçənd elektrik qatarından enəndən
sonra hələ stansiyadan məktəbə qədər də
xeyli piyada getməli idi. Ancaq ən əvvəl gərək
özünü dəmiryol vağzalına
çatdıraydı. Yada salırdı ki, səhər durdum,
geyindim, ancaq anam qabağımı kəsdi. And-aman elədi
ki, yox, bu qarda-qiyamətdə səni buraxmaram, soyuq dəyəcək,
xəstələnəcəksən; yalvar-yaxarla anamı
razı saldım, qarı yara-yara güc-bəla
özümü çatdırdım dəmiryol
vağzalına, yetişdim Sabunçuya, orada stansiyada enəndən
sonra da yenə qarı yara-yara gedib çatdım məktəbə.
Amma məktəbə yaxınlaşınca gördüm ki,
darvazadan iri bir qıfıl asılıb.
Qarın-çovğunun ucbatından o gün nə müəllimlər,
nə də şagirdlər dərsə gəlibmiş. Ancaq hər
halda bir yaşlı müəllim, bir də məktəbin
milliyyətcə rus olan direktoru oradaymış. Onlar gənc
müəllimin bu qarlı gündə məktəbə gəlməyinə
həm sevinir, həm təəccüblənirlər və
direktor sevinc və təəccüb qarşıq hissini
gülüşlə ifadə edir: "Ax, cavanlıq,
cavanlıq!"
Dünyagörmüş məktəb direktorunun bu
müşahidəsi, əlbəttə ki, doğru idi. O
qarlı-çovğunlu havada Şaiqi məktəbə
çəkib gətirən, dərs otağına səsləyən
içərisindəki şövq, gənclik həvəsi
idi. Ancaq illər ötdü, onillər keçdi, Şaiq
yaşa da doldu axı. Ağsaçlı insan idi, yenə
müəllimliyini eləyirdi və əvvəlki gənclik
şövqü, dərs verməyə olan cavanlıqdakı
ehtirası yenə onunla idi. 34 ildən bir az çox müəllimlik
etdi. Özünün sözüdür ki, təkrarlamağı
xoşlayırmış və bu qənaətini 1945-ci ildə
kağıza da köçürüb. Yazır ki, hərdən
dostlar, tanışlar, yaxınlar məni qınayırlar. Məzəmmət
eləyirlər ki, sən məktəbə, dərsə,
müəllimliyə sərf elədiyin vaxtı öz
yaradıcılığına, bədii əsərlərinə
ayırsaydın, yaratdıqlarının sayı indikindən
iki-üç dəfə çox olardı.
Ancaq Şaiq etiraf edirdi: "Mən müəllimliyimlə
bədii yaradıcılığımdan da ziyadə iftixar
edirəm!"
...Köhnə illərin qəzetlərini vərəqləyirəm,
kitabları açıram və göz önündə bir kəhkəşan
canlanır. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin,
ziyalılığımızın nə parlaq
çağları varmış. XX əsr
başlanırdı, meydanda böyük ədiblər,
güclü aydınlar, nəşrə başlayan və
insanların daxilində yeni çağın təlatümlərini
yaradan təzə qəzet-jurnallar və bu havada yetişən
gənc nəsil. XX əsr gün-gün irəliləyirdi və
onlar hələ şagird, gimnazist, tələbə idilər,
ancaq 10 il ötəcək, 15 il sovuşacaq, onlar ədəbiyyatın,
mədəniyyətin, ziyalılığın aparıcı
simalarına çevriləcəklər. Gələcəyin
görkəmli ədibi Seyid Hüseyn onlardan biri idi. 1903-cü
il idi və o, hələ məktəbdə oxuyurdu. İyirmi
il keçəndən sonra xatırlayırdı ki, günlərdən
birində sinfin qapısı açıldı, çəlimsiz,
arıq bir gənc oğlan daxil oldu sinfə. Bizim şəriət
müəllimimiz xəstələnmişdi, bu cavan -Abdulla
Şaiq onu əvəz eləməyə gəlmişdi.
Seyid Hüseyn Şaiqi ilk dəfə belə
görür, lakin çox keçmir, 1908-ci ildə onunla daha
yaxından tanış olur. Bilavasitə yox, onun ruh aləminə
girməklə, qələmindən çıxanların aləminə
varid olmaqla. Yazdıqlarını oxuduqca Şaiqin kimliyini
anlayır və etiraf edirdi ki, həmin anlardan məndə
Şaiqə xüsusi məhəbbət və rəğbət
oyandı. Bir dəfə hansı nəşrdəsə
qarşısına "Məzlum gecə" adlı şeir
çıxır. Həmin şeiri dəftərçəsinə
köçürür. Və Seyid Hüseyn yazır ki, 1908-ci
ildə bizim bir ədəbi cəmiyyətimiz vardı,
vaxtaşırı toplaşar, müzakirələr edər,
özümüzün yazdığımız şeirləri,
bədii parçaları oxuyardıq. Yenə günlərin
birində həmin ədəbi cəmiyyətdə
toplaşmışdıq, söhbət köhnə və yeni
ədəbiyyatdan düşmüşdü, hərə
öz bəyəndiyi, layiq bildiyi parçaları oxuyur, təhlil
edirdi və ətrafdakılar da ona münasibət bildirirdi.
Yoldaşlarımızdan biri ayağa qalxdı, içərisi
çətin ibarələrlə dolu bir şeir oxudu və
bunu yeni ədəbiyyatın yaxşı bir nümunəsi
kimi təqdim elədi. Ən pisi odur ki, onu təqdir edənlər
də tapıldı. Mən qalxdım ayağa, açdım
dəftərçəmi, həmin "Məzlum gecə"
şeiri ki qəzetdən köçürmüşdüm,
onu oxudum və dedim ki, yeni ədəbiyyatın əsl
nümunəsi bax budur:
Məzlum gecədə nişanlı bir qız,
Min dərd, əzab içində yalnız...
Şeiri əvvəldən-axıracan oxudum, hamı
diqqətlə dinlədi və sükuta daldı. Orada
iştirak edənlərdən hər birinin elə
sükutlarıyla həmin şeirin yeni ədəbiyyatın
çox xoşagələn bir nümunəsi olmasını qəbul
etməsi məni məmnun qoydu.
Və Seyid Hüseyn Abdulla Şaiqin çağdaş
ədəbiyyatdakı yerini dəqiqləşdirərək
bildirir ki, Məhəmməd Hadi gurultulu, təmtəraqlı
şeirləri ilə, Mirzə Ələkbər Sabir həcv
və məzhəkəli qoşqularıyla köhnə ədəbiyyatın
əsaslarını dağıtdılar, ancaq yeni ədəbiyyatı
yarada bilmədilər və yeni ədəbiyyatın təməlini
qoyanların ən ilklərindən biri məhz Abdulla Şaiq
oldu.
Seyid Hüseyn dəyərləndirməsinin çəkisi
yetərincə ağırdır. Bu, işin içində
olan şəxsin - özü də köhnə ədəbiyyatdan
çıxmış, ədəbi tərbiyəsini köhnə
ədəbiyyatdan almış və yeni ədəbiyyatın
da sıra nəfərlərindən biri olan, yeni ədəbiyyatın
yaxşı nümunələrini yaradan, o ədəbiyyatla bu
ədəbiyyat arasında körpülərdən, keçid
mərhələlərindən olan üstün ədibin qiymətidir.
Seyid Hüseyn o tərəfi də, bu tərəfi də incəlikləri
və xırdalıqları ilə bilirdi, səriştə ilə
müqayisə etmək imkanı vardı və Abdulla Şaiqi
yeni ədəbiyyatın təməlini qoyanların birincilərindən
sayarkən onun qiymət verməsi yalnız hissə, Şaiqə
olan məhəbbətə deyil, ən əvvəl dəqiq
müşahidələrə və peşəkar bilgilərə
əsaslanırdı.
Seyid Hüseyni Talıbzadələr ailəsinə də,
Abdulla Şaiqə də bağlayan təkcə ədəbi
zövq və səliqə məsələsi deyildi, həm də
məslək idi. 1911-ci ildə "Müsavat" firqəsi təsis
edilərkən onun sıralarına qəbul edilən ilk
dörd-beş nəfərdən ikisi bilirsiniz kimidi? Bunu Məhəmməd
Əmin Rəsulzadənin əmisi oğlu, həmin
gedişatın canlı şahidi Məmmədəli Rəsulzadə
dəqiqləşdirirdi: biri Seyid Hüseyn, digəri Abdulla
Şaiqin dost-doğma qardaşı Yusif Ziya Talıbzadə.
Yusif Ziya Abdulla Şaiqin böyük qardaşı idi.
1877-ci ildə anadan olmuşdu. Evin böyük oğlu
qardaşı Abdulladan dörd yaş böyük idi.
Ataları Axund Mustafa Qafqaz şeyxülislamının
müavini idi. Həm möhtərəm din adamı, həm də
tanınmış müəllim idi, həm ruhanilər
arasında, həm də ədəbi-mədəni mühitdə
xüsusi nüfuzu vardı. Təbii ki, özü müəllim
olan, başqalarını oxuyub-öyrənməyə
çağıran Axund Mustafa balalarının da mükəmməl
təhsil alması haqqında düşünürdü.
Tiflisdə yaşayırdılar və Yusif Ziya əvvəlcə
Rüşdiyyə məktəbində oxumuş, orada ərəbcəni,
farscanı, bunlarla yanaşı, ruscanı da mükəmməl
öyrənmişdi. Atası istəyirdi ki, onun dini təhsili
bir az da kamilləşsin. Göndərdi, Yusif Ziya Xorasanda, Məşhəddə
ali dini savad aldı, sonra Bağdada gedib ali ruhani təhsilini
tamamladı. 1900-cü ildə Bakıya qayıdan Yusif Ziya ədəbi-mədəni
mühitlə, ziyalılar zümrəsi ilə tezcə
qaynayb-qarışdı və bu mühitdəki ən fəallardan
birinə çevrildi. Müxtəlif qəzetlərdə
yazıları ardıcıl işıq üzü
görürdü və 1900-cü ildən 1910-cu ilə qədərki
müddətdə 10-dan artıq kitabı nəşr edildi. Bu
kitabların əsas hissəsi din, şəriət məsələləri
ilə bağlıdır. Ancaq Yusif Ziyanın
kitablarını oxuduqca bunu da sezirsən ki, o, din məsələlərindən,
şəriət problemlərindən bəhs edərkən
daha çox onların fəlsəfi qatına sirayət edir.
Başqa sözlə, yaşca cavan olsa da, onun yazı və
ifadə tərzinə bir müdriklik, dərinlik, mətləblərin
üst qatının təsviri ilə kifayətlənməyərək
onların mahiyyətinə varmaq xas idi. Ancaq Yusif Ziyanın nəşr
olunan kitabları, eləcə də qəzetdə
yazdıqları yalnız din-şəriət məsələləri
ilə əlaqədar da deyildi. Örnəyi, 1903-cü ildə
Bakıda onun Hacı Zeynalabdin Tağıyevə həsr
edilmiş kitabçası oxuculara çatdı. Bu, Hacı
Zeynalabdin Tağıyevin mükəmməl və elmi tərcümeyi-halı
hesab edilə biləcək ilk qaynaq idi. Həm də elə
mötəbər qaynaq ki, üstündən bu qədər
zaman keçəndən sonra yenə də əhəmiyyəti
və sanbalını saxlamaqdadır. Hacı Zeynalabdin
Tağıyev bu zəkalı gəncə xüsusi rəğbət
bəsləyirmiş. Hacı "Quran"ı üç
cilddə Azərbaycan dilinə tərcümə etdirmişdi.
Qərara alır ki, həmin kitabın nüsxələrindən
İstanbula da göndərsin və sovqatını Sultan II
Əbdülhəmidə çatdırmaq vəzifəsini
Yusif Ziyaya etibar edir. Yusif Ziya yollanır İstanbula, II Sultan
Əbdülhəmidlə görüşür. Hədiyyələri
təqdim edir və geniş bilikləri, cazibəli nitqi ilə
sultanda xoş təəssürat oyadır. Oradan
ayrılırkən sultan ona brilyant qaşlarla bəzənmiş
iki orden verir. Birini özünə, digərini isə Hacı
Zeynalabdin Tağıyevə çatdırmaq
üçün.
XX əsrin əvvəlləri özünəməxsus
coşqun inkişafı, müxtəlif cərəyanların
bir-birinə qarışması ilə səciyyələnən
vaxt parçası idi. Amma eyni zamanda bu vaxt kəsiyi həm məcazi,
həm birbaşa anlamda inqilablara hamilə idi. Səbəbsiz
deyil ki, yeni başlanan əsrin ilk iki onilində
irili-xırdalı inqilablardan və həyatın
çeşidli sahələrindəki inqilabi dəyişikliklərdən
tutmuş dünya müharibəsinədək çox ciddi dəyişikliklər
baş verdi. Birinci Cahan savaşının Qafqaza, Azərbaycana
da gəlib çatan dalğası Yusif Ziyanın
ömrünün səmtini dəyişir, tam başqa cür
ola biləcək qismətini bir ayrı səmtə yönəldir.
Bəlkə də o müharibə olmasaydı, hadisələr
fərqli məcrada cərəyan eləsəydi, Yusif Ziya da
büsbütün başqa bir yolu tutub gedər, mütəfəkkir
bir dinşünas kimi daha artıq şöhrət qazanardı.
Ancaq nəsibi beləymiş və o, dindən-
dünşünaslıqdan, fəlsəfədən-ədəbiyyatdan
hərbçiliyə sarı döndü. Balkan müharibəsində
də iştirak etdi, Osmanlıda hərb təhsili də alaraq
Birinci Dünya müharibəsinin gedişində türk
ordusunun zabiti kimi diqqətəlayiq şücaətlər
göstərdi. Çox keçmir ki, Yusif Ziya Ənvər
paşanın ən çox etibar etdiyi, güvəndiyi
silahdaşlarından birinə çevrilir. O, türk ordusunda
minbaşı rütbəsinə qədər
ucalmışdı. Ancaq türk ordusunda xidmət etdiyi,
müxtəlif hərbi əməliyyatlara
qatıldığı əyyamlarda da Yusif Ziya Azərbaycan
mühitindən aralanmırdı. Azərbaycanda çıxan
qəzetlərdə onun imzasıyla yazılar mütəmadi
görünürdü. Şura hökuməti qurulandan, Azərbaycan
istiqlalı devriləndən sonra bir ara o, əzizlərini
görmək üçün İran tərəfdən Azərbaycana,
Bakıya gəlmək də istəyirmiş. Ancaq Yusif
Ziyanı sərhəddə saxlayıb həbs edirlər.
Dustaq Yusif Ziya Talıbzadə təkidlə xahiş edir ki,
onun məktubunu, həbsedilmə xəbərini Nəriman Nərimanova
çatdırsınlar. Nərimanla onlar ailəvi yaxın idilər.
Abdulla Şaiq həmin yaxınlığın tarixçəsini
xatirələrində belə təsvir edir ki, Nəriman Nərimanovu
ilk dəfə Tiflisdə görüb, o, tez-tez atasının
yanına gələr, məsləhətləşər,
söhbət edərmiş. Abdulla Şaiq bunu da xəbər
verir ki, Bakıya gəlişindən sonra Nərimanı, onun
anasını görməkçün evlərinə gedir.
Abdulla məktəbdə müəllim kimi işə
başlamaqdan ötrü imtahan verməli imiş. Nəriman Nərimanov
bunu bilincə yazı masasının üstündəki
kitabların arasından özünün müəllifi
olduğu "Sərf" kitabını çıxararaq
verir Abdullaya, deyir ki, sizin imtahanda sualların çoxu elə
buradan olacaq. Şaiq bunu da unutmamışdı ki, ertəsi
gün "əla" qiymət alacağı imtahana girəndə
görür ki, cavab verəcəyi üç müəllimdən
biri elə Nəriman Nərimanov özüdür.
Talıbzadələr ailəsinə Nəriman Nərimanov
qayğılarını heç vaxt əsirgəmir və sərhəddə
həbs olunarkən də bu xəbərin ona
çatdırılmasını istəyən Yusif Ziya əmin
idi ki, başına belə iş gəldiyini Nəriman bilsə,
əsla biganə qalmayacaq. Həqiqətən də, məlumatı
alınca Nəriman Nərimanov göstəriş verir, Yusif
Ziyanı gətirirlər onun yanına. Və Yusif Ziya ilə
bağlı Nəriman Nərimanov birbaşa Leninə
müraciət edir. Yusif Ziyanın əslini-nəslini
çoxdan tanıdığını, onun mükəmməl
bilikli bir cavan olduğunu, İstanbulda yaxşı hərbi təhsil
aldığını deyir, amma əlavə edir ki, türk
ordusunda qulluq eləyib, indi bizə xidmət etməsi heç
də pis olmazdı.
Nəriman Nərimanovun sözünün gücünə,
Leninin yanındakı hörmətinə baxın ki, həbsə
alınaraq cəza verilməsi gözlənilən Yusif
Ziyanı Naxçıvanın hərbi komissarı təyin
edirlər.
1921-ci ilin yanvar-fevral aylarından Yusif Ziya
Naxçıvanın komissarı kimi tarixdə qalan
mühüm işlər görür. Camaatı daşnak
quldurlarının həmlələrindən qorumaq
üçün heç vaxt unudulmayacaq tədbirlilik və
şücaətlər göstərir, hətta deyirlər,
Naxçıvanda insanların minnətdarlığının
cavabı kimi bir Yusif Ziya kəndi də varmış. Ancaq ermənilərlə
bağlı Mərkəzin şübhəli hərəkətləri
və ikibaşlı oyunları Yusif Ziyanı çox pəjmürdə
edir. Anlayır ki, bu riyakar orduda qulluğunu davam etdirə bilməyəcək.
Heç nəyi gizlətmədən, gördüyünü,
ürəyində olanları elə bu şəkildə də
Nəriman Nərimanova söyləyir. Nəriman ona növbəti
misilsiz yaxşılığını edir. Çıxıb
xaricə getməsinə rəsmi icazə alır. Ancaq Yusif
Ziya İstanbul tərəfə deyil, Türküstan sarı
baş alır. Gedib qoşulur basmaçılara. Və
1923-cü ildə basmaçıların tərkibində
şura hökumətinin qoşunlarına qarşı
mübarizələrdə həlak olur.
Abdulla Şaiqin ömrünün çoxunu
yaşadığı, indi xatirə muzeyinin yerləşdiyi mənzildə
üstündəki qan ləkəsinin yaşı bir əsr
olan köynəkdə saxlanılır. O qanlı köynək
və qana bulaşmış "Quran" Yusif Ziyanın
yadigarıdır.
Bunu mənə zamanında atası Abdulla Şaiqin
dilindən unudulmaz alimimiz Kamal Talıbzadə söyləmişdi.
Danışırdı ki, bir gün bu mənzilin
qapısı döyülür, Şaiqin
tanımadığı bir adam həmin qanlı köynəyi
və cildi qana bulaşmış Müqəddəs Kitabı
təqdim edib deyir ki, bu köynək də, bu Quran da
qardaşınız Yusif Ziyanındır, ölümündən
azacıq qabaq özü bunları mənə verdi və
xahiş elədi ki, sizə çatdırım.
Yaralanmışdı, can atırdı ki, Amudərya
çayını üzərək Əfqanıstan sarı
keçsin. Ancaq çayı keçə bilmədi, sulara qərq
oldu...
Yusif Ziya 1923-cü ildə Amudərya sularında həyatını
itirdi, ancaq Abdulla Şaiq yaşayırdı. Yusif Ziya
özü ölüb getsə də, adı sovet hökumətinin
qəddar düşmən saydıqlarının gizli
siyahısında qalırdı. Bu ada görə Abdulla
Şaiq ömrü boyu təqiblərə məruz qaldı, həyatı
uzunu bir söz deyəndə, bir yazı yazanda, bir ictimai hərəkət
edəndə daim ehtiyatlandı. Bir üşəntili xof, qəlbini
gəmirən hürkü, istənilən növbəti
gündə həbsə atılmaq təhlükəsi ondan əl
çəkmədi. Bu qorxunu yaradan həm də o səbəb
vardı ki, Abdulla Şaiq özü də az aşın duzu
olmamışdı. Özünün də XX əsrin əvvəlində
yazdığı istiqlal şeirləri, turançı mənzumələri
vardı, o, Azərbaycan Xalq Cümhuriyyətini, üçrənglimizi
ilk vəsf edənlərdən idi. Yaşadığı
bütün sovet onillərində həmin şeirləri gizlətməyə,
kimsənin bunlardan xəbər tutmamasına
çalışdı. Bu da ibrətlidir ki, Abdulla Şaiqin o
qəbil şeirləri dövlət müstəqilliyimiz bərpa
ediləndən, istiqlalımız qayıdandan sonra, bu cür
vətənçi, millət və istiqlal sevgisiylə
süslənmiş şeirlərə kəskin ehtiyac duyulurkən
aranmağa başlandı və yalnız 2000-ci illərin əvvəllərində
yenidən insanlarımızın dodaqlarında səsləndi.
...1987-ci il idi, mənim "Vaxtdan uca" kitabım
yenicə nəşr edilmişdi, ilk nüsxələrdən
birini Kamal Talıbzadəyə
bağışlamışdım. Həmin kitabda Şaiqin
ömründən də o çağacan mətbuatda,
yazı-pozuda əksini tapmamış, siyasi
sıxıntılarla ləbələb sovet əyyamlarının
dəhşətlərindən bəhs edən səhifələr
vardı. Kamal müəllim kitabı iki gecəyə
oxumuşdu və atasının istiqlalçı şeirlərindən
bir neçəsini mənə ilk dəfə onda göstərmişdi
və demişdi ki, sənin kitabında belə
parçaları görəndə ümidim yaranır ki, bəlkə
haçansa bu şeirləri də adam arasına
çıxarmaq mümkün oldu.
Hələ 1987-ci ilin yayı idi, hələ sovet
dövləti cabəca yerində idi, hələ müstəqilliyimiz
ürəklərin lap dərinlərindəki ülvi arzu idi.
Və o gün Kamal müəllim mənə bunu da
demişdi ki, Şaiq çox illər qabaq həmin gizli
saxladığı istiqlal şeirlərindən ona
danışıb, bu barədə heç vaxt heç yerdə
kəlmə kəsməməsini dönə-dönə
tapşıranda bunu da pıçıldayıbmış ki,
ay Allah, görəsən, haçansa bunlar üzə
çıxa biləcəkmi?
Şaiq sovetin gücünün yerə-göyə
sığmadığı illərdə yaşayırdı,
o çağlar o şər səltənətinin
haçansa, hansı möcüzəyləsə
dağılacağını ağla gətirmək belə
mümkünsüz idi. Ancaq Şaiq bu şeirlərin ona da,
ailəsinə də təhlükələr vəd etməsinə
baxmayaraq, onları saxlayırmış. Demək, xəfif də
olsa bir ümid, kiçicik də olsa bir inam hər halında,
düşüncəsində və ürəyində
diriymiş ki, bu şeirlərin günü gələ də
bilər. Bütün milləti məsud edən o əziz
günlər, nəhayət ki, yetişdisə, bu
müdhiş bəxtiyarlığı gətirən həm də
Şaiqlərin könlündəki ən qəddar zəmanələrdə
də sönməyən ümid və inam oldu!
15 fevral 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 17 fevral, ¹31.- S.14-15.