Ədəbi köşk: Nə var, nə yox?
Redaksiyaya ünvanlanan məktublar xəbər verir ki, ədəbi
köşkümüzün hər növbəti
buraxılışını həvəslə gözləyənlərin
sayı az deyil. Bu həvəs bizim üçün stimuldur. Həftə
ərzində o qədər hadisə baş verir ki,
hamısını bir boxçaya sığdırmaqda çətinlik
çəkirik. Sonra dönüb baxırıq ki, yox, kəmiyyət
bizi aldada bilər. Ələnəndə keyfiyyətli
materialların elə də çox olmadığını
görürük...
"525"
***
"Apatiya" - ədəbiyyat adamlarının
gözündə...
Hikmət Rəhimovun "Adam" və
"Çılpaq" filmlərindən sonra ərsəyə
gətirdiyi "Apatiya" filmi geniş müzakirələrə
səbəb oldu. Filmi bəh-bəhlə tərifləyənlər
də oldu, əlinə balta alanlar da. Bu müzakirələrin
arasında yazıçı və şairlərin
yanaşmaları xüsusilə seçilirdi. Onların
yazılarından ən maraqlı məqamlara nəzər
salaq.
Şair, tərcüməçi Qismət Rüstəmov
yazıb ki, "Apatiya" qapalı məkanda keçən
"kamerni film"dir: "Apatiya"nın reallıqla
bağlı təsbit və təsvirlərində, bunu
qapalı, məhdud məkanda uğurla həll etməsində,
eləcə də aktyor və aktrisa performanslarında problem
yoxdur... Ancaq ədəbiyyatçı kimi ürəyimə
yatmayan bir məsələ var. Fikrimcə, incəsənət
həyatın alternatividir, buna görə də onun işi
gerçəkliyi ancaq təsvir etmək yox, həm də mənalandırmaq
olmalıdır".
Yazıçı İlham Əziz filmi bəyənib,
amma düşünür ki, maliyyəsi yaxşı
olsaydı, daha böyük iş ərsəyə gələrdi:
"Hikmət 15 kvadratmetr içində çox şeyə
nail olub. Tamaşaçını atmosferə sala bildi...
Axı biz o ailələri, o adamları tanıyırıq. O
dərdləri çəkirik, amma gizlədirik, görməzdən
gəlirik. Sənət amansızdır... Film məndə
ümid işığı yandırdı, Azərbaycan kino sənayesinə
inam yaratdı".
Yazıçı İlqar Kamil H.Rəhimovu Azərbaycanın
Andrey Zvyagintsevi adlandırıb: "Balaca bir otaq təsəvvür
edin... "otaq" deyirəm, çünki bir məkanın
ev ola bilməsi üçün, məsələn, sevgi
lazımdı, ünsiyyət lazımdı, ailə süfrəsi
lazımdı... ən əsası, SÜKUT lazımdı! Bəzən
adama elə gəlirdi, ekranın o tayından soxulub sükutuna
təcavüz ediblər bu evin, özü də ən beyin
aparan səslə, ən təhqiramiz tonla!.."
Şair Cəlil Cavanşir təqdir etdiyi məqamlarla
bərabər, çatışmazlıqlardan da yazıb:
"Müəllif problemləri yüksək səviyyədə
təqdim edir, amma həll yolunu təklif etmir. Sənətin
belə bir borcu yoxdur, amma bizim kimi cəmiyyətlərdə sənətin
cəmiyyət qarşısında borcu çoxdur. Madam,
problemləri veririk, təqdim edirik, gərək uzaqda bir
lampanın işığı da közərsin".
Şair Eminquey Akif filmdəki hadisələri ən
xırda detalları ilə analiz edib, sonda gəldiyi nəticə
isə budur: "...Nədənsə, yeni dövr filmlərdə
məişət mövzuları - kasıblıq, bakirəlik,
işsizlik kimi mövzular işlənilir. Bunun ən əsas səbəblərindən
biri tamaşaçının istəyidir. Azərbaycan oxucusu
öz dərdindən danışan qəzet, sayt oxumaq istəyir,
Azərbaycan izləyicisi öz dərdini göstərən TV
istəyir (ki, sosial verilişlər bu qədər
baxımlıdır), Azərbaycan tamaşaçısı
özünü göstərən film istəyir. Bu səbəbdən
yeni dövr rejissorlar kütləyə xitab edir".
Şair-esseist Rəvan Cavid bir neçə gün
öncə Bakıda baş verən tükürpədici hadisə
ilə "Apatiya"nı əlaqələndirib. Cinayətdə
də "baş obraz" Əhməd idi, filmdə də, hər
ikisinin əlində də balta var idi: "Apatiya"
mövcud Azərbaycan problemlərinin gətirib
çıxardığı faciələrin yetmiş dəqiqəlik
xülasəsidir... "Apatiya"nı dünyəvi film, Azərbaycan
məişətini isə başqa dərdlərlə məşğul
etmək üçün əvvəlcə göstərilən
mövcud problemləri aşmaq lazımdır... Bəs bu
problemlər hansı nəticələrə yol açır?
Filmdə də, xəbərlərdə də
gördüyümüz Əhmədlərin
yaranmasına".
Şair Ulucay Akif isə bu məişət problemlərinin
davamlı ekranlaşdırılmasından narazıdır:
"Başa düşürəm, hamımız
kasıbıq, amma bizim kasıblığımız heç
kimə maraqlı deyil. Başa düşürəm, oxuculara,
tamaşaçılara "biz sizin vəziyyətinizi bilirik,
sizin dərdinizə şərikik, sizdən yazırıq,
sizi çəkirik" demək istəyirsiniz, amma bunun sənətə
heç bir dəxli yoxdur. Sənət belə yaranmır... Səd
əfsus, "Apatiya" filmində də belə idi:
kasıblıq, narkomaniya, erkən nikah... Çevir tatı,
vur tatı..."
Yazıçı Orxan Saffarinin filmin qala gecəsindən
reportajı da maraqlı detallarla zəngin idi: "Bu filmdə
toxuna bilməyəcəyim yeganə məsələ texniki məsələdir.
Məsələn, filmin sonunda çöldə dostlardan biri
dedi ki, işıq zəif idi. İndi mən bilmirəm, eynəkli
dostum "işıq zəif idi" deyəndə nə nəzərdə
tutur. Bəlkə də mənim bəsirət gözüm
tutulub... Müəllifdən son: Film Fuad Poladovun xatirəsinə,
bu reportaj da məhdud imkanlar çərçivəsində
böyük iş görən dostlara həsr olunur".
***
Bir əlimdə silah, birində kitab...
Bir əlində qılınc, birində qələm
deyiləndə Qazi Bürhanəddini, Şah İsmayıl Xətaini
xatırlayıram... Zənnimcə, bir əlində silah,
birində kitab olanların bir gülləsi belə haqsız
yerə açılmaz, səhv yönə getməz...
Hərbi xidmətdə olanda kitab oxumağa vaxtın
az olur, amma mümkündür. Öz təcrübəmdən
bilirəm. "İrəli" İctimai Birliyi "Əsgərin
kitab rəfi" kitab toplama aksiyasına start verib. Həmin
kitablar hərbi hissələrə göndəriləcək.
Bu, asudə vaxtında kitab oxumaq istəyən əsgərlər
üçün nəzərdə tutulmuş təqdirəlayiq
addımdır. Yazıçı Samirə Əşrəf də
aksiyaya qoşulub və bununla bağlı qələm
dostlarına səslənib: "Dəfələrlə hərbi
xidmətdə olan dostlardan, qohumlardan eşitmişəm ki,
xidmətdə olarkən bədii ədəbiyyat sarıdan əziyyət
çəkiblər. İnsanlar məhz belə məqamlarda,
ailədən, evdən, doğmalardan uzaq düşəndə,
özü ilə baş-başa qalır,
düşünür, daşınır, hərbi xidmətdən
sonra həyatının istiqamətini, gələcək
planlarını qurur. Belə şəraitdə dincəlmək,
ruhu qidalandırmaq üçün kitablar ən böyük
dayaq olur adama. Ona görə də Müdafiə Nazirliyi və
"İRƏLİ" İctimai Birliyinin birgə təşkilatçılığı
ilə başladılan "Əsgərin kitab rəfi"
kitab toplama aksiyasına qoşulur, oxuduğum xeyli sayda
kitabı əsgərlər üçün
bağışlayıram və estafeti dostlarıma
ötürürəm".
***
Məktəbliləri ədəbiyyatdan iyrəndirənlər...
Bu gün məktəblərdə tədris olunan ədəbiyyat
dərslikləri, bəlkə də, illər əvvəlki dərsliklərdən
çox-çox maraqsız tərtib olunmuşdu. Amma onda
kitabın içindəkiləri qat-qat maraqlı təqdim edən,
sinifdən xaric oxu məsələsini qabardan, əsl ədəbiyyat
sevgisi yaradan müəllimlərin sayı indikindən
çox idi. Son vaxtlar ünsiyyətdə olduğum məktəblilər
bir əsərin məzmununu doğru-dürüst şəkildə
ifadə edə bilməyib...
Etimad Başkeçidin təbirincə desək, bəlkə
də, ədəbiyyat sevdalısı olmaq heç lazım da
deyil. Mətləblərə vardıqca yaşamaq da çətinləşir.
Etimad müəllim bu barədə yazır: "Sən
inşalar yazırsan, dərsdənkənar məşğələlərə
qatılıb müəllifin nə demək istədiyini
araşdırırsan, dərnəklərə
yazılırsan, hansısa proyektlərdə iştirak edirsən.
Bir gün ayılırsan ki, yaş qırxa çatıb,
ontoloji məsələlərlə o qədər
uğraşmayan tay-tuşların oğul-uşaq sahibidir,
öz həyatını qurub, səninsə nə
iqtisadiyyatdan, psixologiyadan, nə də siyasətdən
başın çıxır. Əvəzində alternativ,
evfemer, mövcud olmayan nəsnələr üzrə mütəxəssissən
və çox zaman heç nəyin yiyəsisən. Yəni hər
şey qədərində yaxşıdır... Ədəbiyyatın
bir fənn kimi nə vaxtsa məktəb proqramından
çıxarılacağına inanmıram.
Çıxarılsa belə, indiki internet və kommunikasiya
texnologiyaları dövründə mənasız iş
görmüş olacaqlar. Onsuz da, çox zaman orta məktəblərdə
insanları ədəbiyyatdan iyrəndirməklə məşğul
olurlar".
***
Elxan Elatlı Drayzer səviyyəsində
yazıçı ola bilər?
Seymur Baycan dedektiv yazar Elxan Elatlı barədə bir
yazı yazıb. Elxan Elatlının yazıçı təxəyyülünü
yüksək qiymətləndirib... Detektiv romanlar müəllifinin
kitablarını belə meyl salmağından
görünür ki, Seymur Baycan qürbətdə
darıxmağa başlayıb. Bunun başqa adı yoxdur.
Əziz filoloqlar, hətta Elxan Elatlı
yaradıcılığı barədə dissertasiya
mövzusunun tezislərini Seymur Baycandan götürə bilərsiniz...
Bəzi tənqidlərini də nihan etməyən Seymur Baycan
obyektivliyini qoruyub saxlayıb və yazının sonunda belə
nəticəyə gəlib: "Elxan müəllim
güclü təxəyyülünün qədrini, qiymətini
bilməlidir. Əsərlərində sosial problemləri göstərə
bilsə, dilin bədiilik dərəcəsini artırsa, Elxan
Elatlı təxminən Drayzer səviyyəsində bir
yazıçı ola bilər. Təxminən Drayzer səviyyəsində
bir yazıçı olmaq üçün Elxan
Elatlının hər cür potensialı var. Drayerlə Elxan
Elatlı arasında nəhəng uçurum yoxdur. Drayzerlə
Elxan Elatlı arasındakı məsafə o qədər də
böyük deyil. Əsas təxəyyüldür, o da Elxan
müəllimdə kifayət qədər var".
Sizcə, Elxan Elatlı Drayzer ola biləcəkmi?
***
Təzə nə var?
Xalq yazıçısı Mövlud Süleymanlı
insult keçirib və xəstəxanaya yerləşdirilib.
Əməliyyat olunan yazıçımızın vəziyyəti
stabil-ağır qiymətləndirilir...
Görkəmli şairimiz Məmməd
İsmayılın vəziyyəti hər ötən gün
bir az da pisləşir. Bununla bağlı şair Ehtiram
İlham aidiyyəti qurumlara çağırış edib:
"Mən həm öz adımdan, həm də qələm
yoldaşlarım adından aidiyyəti qurumlardan xahiş edirəm
ki, Məmməd İsmayılın qapısını
döyüb vəziyyətinə şahid olsunlar, səhhəti
nəzarətə götürülsün. İnanıram ki,
səsimizə səs verəcəklər".
Mövlud müəllimə də, Məmməd müəllimə
də şəfa diləyirik...
***
İlham Qəhrəmanın iki kitabı çap
olunub. "Dəyirmanın su dərdi" kitabında son illərdə
qələmə aldığı cinas qafiyəli 275 müəllif
bayatısı toplanıb. "Laçın lətifələri"
kitabında isə 30 ilə yaxın müddətdə
köçkün həyatı yaşamış
Laçın camaatından müəllifin topladığı
orijinal lətifələrlə yanaşı, Molla Nəsrəddin
kimi xalq arasında məşhur gülüş qəhrəmanı
ilə bağlı indiyədək heç bir yerdə
çap olunmamış lətifələr də yer alıb.
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 17 fevral, ¹31.- S.13.