Müəllim
nüfuzu: təlim-tərbiyədə müstəsna amil
Nüfuz anlayışı şəxsiyyətin
baxışlar sisteminin cəmiyyətdə çoxluq tərəfindən
bəyənilmiş və qəbul edilmiş təsiri kimi
başa düşülür. Başqa peşələrdə
olduğu kimi, təhsil sahəsində çalışan
pedaqoji işçinin, yəni müəllimin də
nüfuzunun göstəricisi onun fəaliyyətində əsas
yer tutan peşə keyfiyyətləri sayəsində müəyyənləşir.
Təlim və tərbiyə bir-birinə sıx bağlı
olub, eyni zamanda hər ikisi paralel inkişaf tələb edən
komponentlərdir. Müəllimlik cəmiyyətin təhsil
kimi ağır və strateji sahəsinin bütün məsuliyyətini
daşımaqdır. Qədim zamanlardan tarixi şəxsiyyətlər,
elm-sənət, dövlət və din adamları müəllim
peşəsinə yüksək dəyər vermiş, onu cəmiyyətdə
ən nüfuzlu və şərəfli peşə hesab
etmiş, müəllim haqqında ən xoş və dəyərli
fikirlərlərini söyləmişlər. İslam peyğəmbəri
Məhəmməd əleyhissalama aid hədislərdə
"Elmi beşikdən qəbrədək öyrənin",
"Elm Çində də olsa, onun dalınca gedin",
"Kimdən bilik öyrənirsinizsə, ona hörmət
edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə,
ona qarşı da mehriban olun" - söylənilir. Həzrət
Əli əleyhissalam isə müəllim
ucalığını belə qiymətləndirib: "Mənə
bir hərf öyrədənin köləsi olaram". Qədim
yunan filosofu, Sokratın tələbəsi Platon müəllimlik
peşəsini Tanrı sənətinə, dahi mütəfəkkir
şairlərdən Nizami Gəncəvi müəllimi günəşə,
Mövlana Cəlaləddin Rumi yanan şama, Məhəmməd
Füzuli isə gənc qəlbin memarına, Azərbaycanın
ensiklopedik alimi və dövlət xadimi Nəsirəddin Tusi isə
elmin çırağına bənzədib. Qədim yunan
filosofu Sokrat hələ bizim eradan əvvəl müəllim əməyinə
yüksək qiymət verərək belə söyləyib:
"Dünyada hər şeyə dəyər vermək
mümkündür. Lakin müəllimin əməyinə əsla
dəyər verilə bilməz". Aristotel də müəllim
əməyinə yüksək qiymət verərək
yazıb: "Atam məni bu dünyaya gətirib, amma müəllimim
isə mənə bu dünyada həqiqi səadət yolunu
göstərib". Dünyanın böyük bir hissəsini
tutmuş Mekodoniyalı İskəndər öz müəllimi
Aristotel barədə belə bir ifadə işlədib:
"Valideynlərim məni göydən yerə endirdi, müəllimim
isə məni yerdən göyə qaldırdı". Məşhur
sərkərdə Əmir Teymur vəsiyyət edərkən
son sözündə öz müəlliminə olan sevgisini belə
ifadə etmişdi: "Məni müəllimimin ayaqları
altında dəfn edin". Türkiyə Respublikasının
banisi və ilk prezidenti Mustafa Kamal Atatürk müəllimi
şama bənzədərək yazır: "Müəllim
şam kimidir, özü yanıb tükənərkən ətrafını
işıqlandırır".
Müəllim bütün fəaliyyəti
dövrü öz enejisini, qəlbinin odunu, gözünün
nurunu dərs dediyi şagirdlərinə bilik və tərbiyə
öyrətməyə sərf edir. Ona görə də
müəllimlik peşəsi güclü səbir və
dözüm tələb edən və psixoloji gərginliyi
olan peşədən biri hesab olunur.
Dünyagörüşü, meyl və maraqları, əqidəsi,
baxışları, ideyası və sair keyfiyyətləri ilə
seçilən, özünün fərdi təfəkkürü,
sağlam həyat və davranış tərzi ilə fərqlənən
müəllim, ictimai münasibətlərini və həyat tərzini
də nüfuzuna uyğun formalaşdırır.
Azərbaycan təhsil tarixində müəllimin
nüfuzu həmişə yüksək qiymətləndirilib.
Nüfuzu necə qazanmaq, onu hansı yolla qoruyub saxlamaq məsələsi
ilk növbədə müəllimin özündən
aslıdır. Çünki müəllimin hərtərəfli
inkişafı, peşə uğurları onun şəxsiyyətinin
istiqamətlərinin nəticələri ilə
ölçülür. Şəxsiyyətin fəaliyyətini
özündə əks etdirən motivlər müəllimin
nüfuzunu müəyyən etməyə köməklik
göstərir. Müəllimlərin
çalışdıqları pedaqoji kollektivlərdə
hörmət-izzəti, nüfuzu, avtoriteti olmalıdır.
Lakin müxtəlif səbəblərdən hamı bu keyfiyyətlərə
nail ola bilmir. Məktəbdə və ya başqa müəssisədə
sözü keçmədiyinə görə, hörmət-etibarı
olmadığı üçün kimlərsə nüfuz
qazana bilmir. Şəxsi nüfuzunu formalaşdırmaq
üçün insan öz
dünyagörüşünü, ictimai
baxışlarını, peşə qabiliyyətini və digər
bacarıqlarını inkişaf etdirməklə
yanaşı, şəxsi davranışına və fərdi
hərəkətlərinə xüsusi diqqət yetirməli, ətrafındakı
insanlarla mədəni və ünsiyyətcil olmalı, onlarla
normal münasibət yaratmalıdır.
Hər bir insanın həyatında müəllimin
rolu vardır. Müəllim ilk işə başlayan gündən
cəmiyyət, dövlət, məktəb və ailə
qarşısındakı məsuliyyətini düzgün
başa düşür. Müəllim gələcəyin
mühəndisini, həkimini, müəllimini,
hüquqşünasını, siyasətçisini,
iqtisadçısını, hətta ölkəni idarə edən
rəhbərləri yetişdirməyə qadirdir.
Uşaqları həyata hazırlamağı təlim-tərbiyənin,
o cümlədən, müəllimlərin başlıca vəzifəsi
hesab edən məşhur pedaqoq K.D.Uşinski yazırdı:
"Əgər biz həkimlərə öz
sağlamlığımızı etibar ediriksə, müəllimlərə
uşaqlarımızın əxlaqını,
ağlını, ruhunu, və bütün bunlarla bərabər,
öz vətənimizin gələcəyini etibar edirik".
Müəllimin nüfuzunun yüksəlməsinə
bir sıra amillər təsir edir. Bunlara müəllimin
şagirdlərə öz övladı kimi baxması,
şagirdlərini Vətənə, xalqa, millətə, ailəyə
sədaqət ruhunda tərbiyə etməsi, dərs dediyi fənni
yüksək səviyyədə bilməsi, dürüstlüyü
və dəqiqliyi, nümunəvi şəxsi
davranışı, özünüidarəni və sinifin idarəolunmasını
tam təmin etməsi, valideynlərlə sıx əlaqə
qurması və mütəmadi olaraq görüşlər
keçirməsi, şagirdlər üçün qiymət
şişirdilməsinə və ya qiymətlərin qəsdən
aşagı salınmasına yol verilməməsi daim öz
bilik və peşəkarlığını artırmağa
çalışması, eləcədə də digər
amillər aiddir.
Ümummilli liderimiz Heydər Əliyev müəllimliyə
doğma peşə kimi yanaşır, onu ürəkdən
sevir, yüksək qiymətləndirirdi. Respublikaya rəhbərlik
etdiyi hər iki dövrdə o, müəllimlərə
xüsusi diqqət və qayğı ilə
yanaşmış, müəllimlərin cəmiyyətdə
nüfuzunun daha da yüksəlməsi üçün var
qüvvəsini sərf etmişdi. Dahi rəhbər müəllim
haqqında belə bir yüksək ifadə işlədərək
bu peşə sahiblərinin nüfuzunu daha da ucaltmışdı:
"Mən yer üzündə müəllim adından
yüksək bir ad tanımıram. Hər birimizdə müəllimin
hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz
müəllim doğma yurdumuzu sevməyi, hamının rifahi
naminə vicdanla işləməyi, müdrikliklə və səbirlə
bizə öyrətmişdir və öyrədir. Hər
birimizin öz müəllimi vardır və biz bütün
ömrümüz boyu onun xatirələrini hörmətlə,
minnətdarlıqla qəlbimizdə yaşadırıq".
Başqa bir görüşdə müəllimlik peşəsindən
böyük sevgi ilə söz açan Ulu öndərimiz:
"Biz hamımız həyatımızda əldə etdiyimiz
nailiyyətlərə, bütün varlığımıza
görə müəllimə borcluyuq" - demişdi. Və
ona təqdim edilən fəxri adlardan ancaq "Xalq müəllimi"
adını qəbul edərkən: "Mən Azərbaycanın
sadə vətəndaşıyam, Bu addan yüksək ad
yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir" -
söyləmişdi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin təhsil sahəsinə
ayırdığı böyük diqqət və
qayğı, Birinci vitse-prezident Mehriban Əliyevanın məktəblərimizin,
məktəbəqədər və məktəbdənkənar
müəssisələrin maddi-texniki bazasının
yaxşılaşdırılaraq təlim-tərbiyənin
müasir tələblər səviyyəsinə
qaldırılmasında, mövcud ptoblemlərinin həll
olunmasında rolu əvəzsizdir, hər cəhətdən təqdirəlayiqdir.
Son dövrdə respublikamızda pedaqoji kadrların təkmilləşdirilməsi,
kadr potensialının peşə keyfiyyətinin və
bacarıqlarının yaxşılaşdırılması
sahəsində görülən işlər, təhsilin idarəolunmasında,
dünyanın ən qabaqcıl təlim üsullarının
və texnologiyalarının təhsil sahəsinə gətirilməsi
sahəsində əldə edilən uğurlar məmnunluq
doğurur. Hazırda təhsilin keyfiyyətinin daha da
yaxşılaşdırılması və onun idarəolunmasının
yenidən qurulması işləri uğurla həyata
keçirilir. Bütün yuxarıda adları qeyd edilən
iş və peşə keyfiyyətinin daha da
yaxşılaşdırılması üçün lazımi
addımlar atılır.
Prezident İlham Əliyev təhsil sahəsindəki
nailiyyətlərə xüsusi diqqət yetirərək deyib:
"Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin
əsasında məhz müəllimin zəhməti və
gündəlik fəaliyyəti durur". Cənab Prezident
bütün sahələr üzrə Azərbaycanın
iqtisadi-sosial inkişafını təhsilin və tərbiyənin
inkişaf sürətində görür və əsas diqqəti
bu strateji sahəyə cəlb etməyin zəruruliyini
vurğulayır. Dövlət başçısı Azərbaycanın
mövcud inkişaf strategiyasında təhsilin vəzifələrini
bu şəkildə açıqlayır: "Strategiya
qarşıdakı dövr üçün milli təhsil
sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini
müəyyən edərək sizin qarşınızda
xalqımızın gələcəyi naminə həyatı əhəmiyyətli
yeni vəzifələr qoyur. Onun tələbi surətlə
moderniləşən ölkəmizdə təhsil sisteminin
insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin
keyfiyyət göstəricilərinin ən yüksək səviyəyə
çatdırılmasının və bütün pillələrində
köklü dönüş yaradılmasının, həmçinin
müəllimin səmərəli fəaliyyətinin dünya
standartlarına uyğun təşkilinin təmin
olunmasından ibarətdir".
2020-ci ildə 44 günlük Vətən müharibəsində
30 illik düşmən əsarəti altında olan
torpaqlarımız xalq-iqtidar-ordu üçlüyünün
dəmir yumruq kimi birləşməsi nəticəsində
tamamilə işğaldan azad olundu. Həmin şanlı zəfərimiz
son dövrdə gənc əsgər və zabitlərimizin vətənə
məhəbbət və torpağa sevgi ruhunda təlim-tərbiyə
almasında müəllimlərimizin rolunun və nüfuzunun
xeyli artmasına parlaq sübutdur.
Müəllim öz sahəsində ən azı 10 il
işlədikdən sonra bu peşəyə tam mənada yiyələnə
bilər. Ona görə də işlədiyi məktəbdə,
yaşadığı kənddə, rayonda və ya şəhərdə
hörmət, nüfuz qazanması üçün xeyli vaxt tələb
olunur. Müəllimin normal nüfuz qazanması
üçün onun kifayət qədər psixoloji
hazırlığı olmalıdır. Çünki müəllimlik
ən böyük psixoloji güc, çox səbirli,
dözümlü yanaşma tələb edən 5 həssas
peşədən biri, bəlkə də, birimcisidir.
Son zamanlar guya cəmiyyətimizdə müəllim
nüfuzunun xeyli aşağı düşdüyü barədə
fikirlər səslənir. Mən bu fikirlə
razılaşmır, onu əsaslı saymıram. Bu mövzuda
hazırkı dövrün şərtlərini nəzərə
almadan mülahizə yürütmək olmaz. İndi dünya,
demək olar ki, hər gün dəyişilir, yenilənir,
günbəgün fərqli məlumatlar, cürbəcür
müasir texnologiyalar, qabaqcıl yanaşmalar, yeni təlim
üsulları ortaya qoyulur. Bütün bunlar da müəllimlik
anlayışına yeni münasibət tələb edir. Ona
görə də müəllim-şagird münasibətləri
indi əvvəlki dövrlərdəki qədər qapalı,
məsafəli deyil. Ancaq peşəkar müəllimlərə
yenə də dərin hörmət bəslənilir, onlar indi
də öz nüfuzlarını qoruyub saxlayırlar. Nə qədər
ki, öyrətmə və öyrənmə prosesi vəhdət
halında davam edəcək, müəllim nüfuzu, müəllim
şəxsiyyəti hər zaman gərəkli və dəyərli
qalacaq.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet.- 2024.- 15 fevral, ¹29.- S.15.