Tarın dil açan telləri

MAHİR TARZƏN VƏ DƏYƏRLİ ALİM ƏKRƏM MƏMMƏDLİNİN 80 YAŞINA DOST SÖZÜ

 

Hər dəfə Əkrəm Məmmədlini dinləyəndə qüdrətli şairimiz Mikayıl Müşfiqin "Oxu, tar" şeirini xatırlayıram. Əkrəm bəy tar çalanda ürək çırpıntıları muğamlarımızın sirli-sehrli ab-havasında ahəstəcə duyulur, sanki bu ecazkar ifa ilə yer göyə bülənd olur. O, tar çalarkən elə bil bütün dünya bu usta ifaçını dinləyərək feyz almaq üçün müqtədir sənətkarımıza qulaq asır. Sehrli barmaqlarından yüksələn ilahi musiqiləri dinləmək əsl xoşbəxtlikdir. Əkrəm bəyin çalğısının mahiyyəti sıxıntılardan, qəmdən, kədərdən bir anda çıxmaqdır, müşküllərdən qurtuluş yoludur, xilas halıdır. Əkrəm bəyin fantaziyalarla zəngin çalğısı "Orta Mahur"un, "Çahargah"ın timsalında əfsanəvi ifaçılığın ekstaz anıdır.

Əkrəm bəy tələbələrə dərs deyir, öyüd verir, haqqa doğru, işıqlı sabaha, nurlu aləmə getmək üçün imdadlarına yetişib doğru yol göstərir. Bu əsrarəngiz ifaçılıq məziyyətləri tellərdən süzülüb gələn ürəyin bəhrəsidir. O, şairin dediyi kimi, çox mətləblərlə fikrini izhar edərək bizləri qandırır, haqqın kəramətini bizə andırır. Əkrəm bəyin sənətinin mahiyyətinin gizli məqamları onun ifaçılığında pünhan qalmaqdadır. Dil-dil ötən tarda zühur edən fikirlər təzə-tərdir, yenidir, heyrətamizdir, mübarəkdir. Onun rəvan çalğısı təşnə könlümüzə su səpir bir qədər...

Bu ecazkar ifadan əsla doymaq olmur. Çünki Əkrəm bəyin tar dünyasına qovuşan çalğısında min bir məna yatır. Bu ifaya heyrət etməmək mümkündürmü? Əsla! O, bu ilhamlı çalğısı ilə çox ürək qalaları aldı, neçə-neçə insanın könül dünyasını fəth etdi.

Nə gözəl deyiblər: "Sənətkaram, sənətkara aşiqəm". Nə yaxşı ki, Odlar Diyarı adlanan Azərbaycanımızın Əkrəm bəy kimi övladı var, tar adlı alətin etibarlı sahibi, Mirzə Sadıq Əsədoğlu sənətinin sadiq varisi var. Tarda ifası zamanı bu fikirləri mənə sanki diktə edən müqtədir sənətkarın adıdır Əkrəm Məmmədli... Geniş ifa imkanlarının nəticəsidir ki, onu dinləyənlər gah xəyalən rəssamlaşır, gah heykəltaraş olur, bəzi durumlarda isə şair qılıfında poetik misralara bələnmiş şeirlər qoşur. Bax bu incə nüanslar Əkrəm bəyin çalğısının mahiyyətinin aşkar anonsudur. Onun mizrabının gümüş tellərə hər toxunuşu Məcnunun Leyliyə qovuşma anıdır elə bil. Sarı telə mizrabın ahəstəcə sığal çəkib oxşaması isə vüsalın baş tutmaması anlamına gəlir mənim aləmimdə.

Əkrəm bəyin ifasındakı əlvan çalarlarla dinlədiyimiz "Rast" muğamının bir adı da Ana Vətən ola bilər. Bu çalğı tar adlı ecazkar alətin vasitəsilə Qarabağ Zəfərinin müjdəsini verir. Bu ifa xalqın sevincinə qarışır. Sevincin, xoşbəxtliyin ifadəsi Əkrəm bəyin çalğısının mənası, məziyyətidir. Əkrəm bəy özü də bundan xəbərsizdir. Çünki tarla qaynayıb-qarışır, tar Əkrəmə, Əkrəm tara bir məcrada birləşir, sehrli səslər dünyasında qeyb olur o, durna qatarlı melodiyalar uçuşunda fərqli məmləkətlərə ruhən səfər edir. Bu əsrarəngiz çalğı "Şahnaz" muğamında bir başqa möhtəşəmlik, əzəmət qazanır.

Əkrəm Məmmədli, əslində, tar çalğısı iləhər dəfə, kəşf olunmamış neçə-neçə bəşəri bir novatorluğa imza atır. Onun ifası insan övladının bu dünyaya gəlişinin, haqq dünyasına yolçuluğunun qəmli dastanı, nisgilli hekayətidir. Bu çalğı doymazlıq hissi oyadır, dinlədikcə hey dinləmək istəyirsən. Tar Əkrəmdən doymur. Əkrəm bəy də tarından heç usanmır. İfa həvəsi sellənib axır. Uzaq qalmaq mümkünmüdür bu ecazkar ifadan? Əsla! Çünki bu çalğı onun bədii-texniki ifaçılığının geniş imkanlarında özü boyda bir dünyanı yaşadır. Alim, bəstəkar xislətli tarzənimiz tarın əsl bilicisidir. Xalq mahnılarımızın, qədim təsniflərimizin, tarixi mahiyyətli yallılarımızın, ulu rəqslərimizin, dəramədlərimizin, rəng və diringələrimizin ifa prosesində dinləyicilərin ürəyindən, könlündən keçənləri duyur.

Tarın canı onu mükəmməl səsləndirməyi bacaran Əkrəm Məmmədli adlı kamil, sənət dünyasında püxtələşmiş azman sənətkarın mübarək əllərindədir. Ömrü boyu tara qarşı dürüst olub. Buna görə də Əkrəm bəy tar üçün etibarlılıq timsalıdır. Milli musiqimizi pərdə-pərdə yaşadan, bəyaz, sarı, bəm tellərdə səsləndirən, ecazkar mizrablarla həyat verərək canlandıran, sənətinə sahib çıxan tarzənmizə eşq olsun.

Onun möhtəşəm ifasını dinləyənlər özləri üçün doğru mətləblər çıxarmağı bacaran tələbkar dinləyicilərdir. Əkrəm Məmmədli bu imtahanlardan hər zaman üzüağ çıxır. O, fəlsəfi mətləbləri bir ifada uğurla, professional tərzdə qovuşduraraq dinləyiciyə çatdıran sənətkardır. Bu şairanə, poetikliyə bələnmiş çalğı ərənlərimizin ilahi səsinin, gur nəfəsinin tarda səslənən ecazkar sədasıdır. Duyub bilənlər üçün bu ifada şeir də var, nəsr də.

Qələmə aldığı neçə-neçə sanballı elmi əsəri - "Azərbaycan muğamları", "Naxçıvan - Şərur el yallıları" (Kənan Məmmədli ilə ortaq), "Tar üçün qamma və oppedçiolar", "Tar üçün etüdlər" -bizə, dünyaya böyük töhfədir.

80 illiyi ilə əlamətdar olan 2024-cü ildə Əkrəm bəyin bizi yeni-yeni bəstələrlə, ifalarla, gözəl əsərlərlə sevindirəcəyinə ürəkdən inanıram. Bu inamla da ona möhkəm cansağlığı arzulayıram.

Tanrının nəzərində tarınla hər zaman qoşa dayanasan, dəyərli Əkrəm bəy! Tarımızın onun şəxsinə, ifasına, mahir barmaqlarına çox ehtiyacı var hələ. Bir əlindən tar, digər əlindən qələm, ürəyindən isə bəstələyəcəyi musiqilər heç əskik olmasın əvəzsiz sənətkarımızın! Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, folklorşünas, musiqişünas, bir çox dərsliklərin, musiqişünaslıq üzrə elmi kitabların müəllifi, ən əsası, tar ifaçılığının ustad pedaqoqu olan dəyərli Əkrəm Məmmədli adı sənət səmalarında hər zaman parlayacaq!

 

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV

Sənətşünaslıq elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi

525-ci qəzet.-   2024.- 15 fevral, ¹29.- S.9.