Poeziyadan mifik
dünyaya açılan qapılar
VAQİF BAYATLI ODƏR YARADICILIĞI HAQQINDA
DÜŞÜNCƏLƏR
Böyük şair Vaqif Bayatlı Odərin şeirlərindəki
şüurlu və ya ilahi ilhamla işlənmiş mifik motivləri
və qədim təfəkkürün izlərini arxeoloji
qazıntılarda aşkar etdiyimiz keramika, sikkə, yazı
parçalarını araşdırandan sonra özüm
üçün daha aydın anlamağa
başlamışdım. Vaqif Bayatlının şeirlərini
artıq arxeoloji material kimi günümüzdə deyil, sanki
min illər əvvəl yazılmış, sirlərlə
mübhəm bir tapıntı olaraq görürdüm. Onun əllərində,
gözlərində, sözlərində İncildə deyilən
başlanğıcda var olan sözün
qırıntılarını, Turi Sinada enən
işığın, İbrahim Xəlilullahı yandırmayan
nura dönən narın işartısını, hürufilərin
üz cizgilərindən, hərflərdən çıxardıqları
anlamları sezirdim. Vaqif Bayatlının şeirlərində
sanki heç bir hərf əbəs yerə işlənməyib,
min bir qıfılla kilidlənmiş qədim
çağlardan süzülüb gələn bilgilər gizlənib.
Bu yaxınlarda 75 yaşı tamamlanan böyük şair
haqqında bu sözləri yazmağı, yüzillər sonra
torpağın altından çıxan qızıl
külçənin parıltısını
paylaşmağı borc bildim.
Platonik eşqə adını verən, Şərqdə
çox yaxşı bilinən Platonun (Əflatunun)
"Simpozium" əsərini oxuyanda Vaqif Bayatlı Odərin
şeirləri ilə aşkar təfəkkür eyniliyi diqqətimi
çəkmişdi. Bu əsər Platonun intellektual və bədii
gücünün zirvəsində olduğu bir dövrdə
yazılmış ən xüsusi, mühüm və təsirli
dialoqlardan biridir. İlahi eşq, romantik sevgi ilə birlikdə
sivilizasiya tarixində dörd böyük sevgi nəzəriyyəsindən
biri olan Platon sevgisi dialoqun əsas mövzusudur. Platon bu əsərində
Vaqif Bayatlının "yupyumru eşq ilə" şeiri ilə
olduqca səsləşən bir əfsanə nəql etməkdədir.
Platon eşqi, ilahi sevgini qədim zamanlarda
keçirmiş kimi ifadə etdiyi bu əfsanədə
kişi və qadın cinslərinin vəhdəti olan qeyri-adi
bir cinsin tarixini danışmaqdadır: "Bu cinsdən olan
insanlar donqar, dörd əl və ayağa sahib, iki fərqli səmtə
baxan üzü, dörd qulağı olan varlıqlardı. Bu
insanlar yerimək, yüyürmək istədiklərində
akrobatlar kimi fırlana-fırlana, təkər kimi dönərək
hərəkət edirdilər. Günəş, Ay və
Dünya kimi bu insanlar da dönə-dönə dairəvi hərəkət
edirdilər. Sonsuz kibrə qapılan bu insanlar bir-birlərindən,
bu möhtəşəm birlikdəlikdən güc alaraq
tanrılara meydan oxumağa, göylərə
çıxıb onlarla savaşmağa can atdılar. Bundan
hiddətlənən tanrı Zevs digər tanrıları da
toplayıb bir çarə axtarmağa başladı. Uzun
müddət məşvərət edən tanrılar
insanların daima var olacağı, amma əvvəlki kimi
güclü olmayacaqları bir çıxış yolu
tapdılar. Bu insanların hər birini ikiyə ayıraraq
onları gücsüzləşdirən Zevs insanları pərən-pərən
salmaq yolunu seçdi. Canlı halda ikiyə ayrılan bu
insanlar bir-birlərindən ötrü darıxmağa
başladılar. Qucaqlaşaraq, tək bir canlı olaraq yenidən
yaşaya bilməyi ümid edirdilər. O gündən insanlar
öz yarılarından ötrü darıxırlar".
Vaqif Bayatlı Odər "Yupyumru bir eşq ilə"
şeirində bilərək və ya bilməyərək bu qədim
hekayətin izlərini daşıyan bir əsər ortaya
çıxarıb. Bir müsahibəsində eşqi yupyumru təsvir
etməsinin səbəbini sorduqlarında planetləri misal
göstərərək, eşqin ideal şəklinin dairəvi,
yupyumru ola biləcəyini söyləyən şairin dili,
ruhu özünün, sözü, ilhamı Əflatunmuş
kimi görünürdü.
Sevir kimsə kimsəni,
Bir kimsənin üstünə
gəl, mən də sevim səni
yupyumru, yepyeni bir eşq ilə
yenə sənin üstünə.
Gör, sevgi üstə sevgimi
eşq eşqdən baş alan kimi,
eşq eşqi daşıran kimi,
Allah da aşıran kimi
hər ləçəyi ləçəyin,
gülü gülün üstünə,
göyü göyün, ayı ayın,
günü günün üstünə.
Ruhu, cismi, üzvləri ayrılan, bir-birini arzulayan
insanlar ancaq yupyumru bir eşqi diləyə bilərdilər. Bəlkə
də böyük şair Vaqif Bayatlının ruhu
Əflatunun ruhundan ayrılıb, minillər keçsə də,
eyni ruhdan, eyni dildən çıxmış kimi səslənən
bu sözlər beləcə ortaya çıxıb.
İndiki buludlar beləcə gəlmir,
İndiki yağışlar beləcə
yağmır...
Onun şeirlərini oxuyanda mənə elə gəlir
ki, Vaqif Bayatlı minillərdir darıxır, özü
üçün, sözü üçün göz
yaşı tökür.
Ay ürək, ay baş, ay bədən,
əl çəkin, əl çəkin, məndən,
ancaq canım açanda,
canım uçanda bilirəm.
Bu şeirlərdə ustad Vaqif Bayatlı Odər bədənə,
qəfəsə sığışdırılmış qədim
bilgələrin ruhunu, ilhamını daşıyır. Bilmədiyi,
bəlkə də heç adını da eşitmədiyi ellərdə,
məmləkətlərdə yaşamış insanların
sözlərinin tərcümanı kimi çıxış
edir.
Vaqif Bayatı Odərin "dünya söndükcə
sən görünürsən, ilahi" şeiri mənim
üçün tam başqa mənalar ifadə edir. Qədim
mifik mətnlərdə Günəş həmişə
göyün dördüncü qatında təsəvvür
edilir. Günəşin quşları (məsələn,
Simurğ, Feniks) kimi anılan quşlarla da məhz merac edən
peyğəmbərlər bu göydə
qarşılaşmışdı. Günəşin 4-cü
göydə ilişib qalması eynilə Hz.İsanın
çarmıxa çəkiləndə əllərindən
mıxlandığı kimi sancaqla asimana pərçimləndiyi
mifologiyadan bilinir. Maraqlıdır ki, Günəşlə
eyni xüsusiyyətləri daşıyan Məsihin də səmavi
məkanı məhz göyüzünün 4-cü
qatıdır. Məsihin çarmıxa çəkildiyi
ağacın 4-cü göydəki müqəddəs həyat
ağacının toxumundan əmələ gəldiyi rəvayət
olunur. Xristian təfəkkürünə görə uzun
ömür yaşayan Hz.Adəm ölümü hiss etdikdə
övladlarından birini fani, ruhani olmayan insanların çata
biləcəyi ən uzaq məkan olan dördüncü ərşə
göndərərək məsləhət almasını istəyir.
Mələklər onun oğluna əbədi həyat
ağacının toxumlarından verir və Adəm peyğəmbər
ölümündən əvvəl bu toxumları dilinin
altında saxlayır. Adəmin günahları sadəcə
onun soyundan gələcək bir Məsihlə təmizlənəcəyi
üçün Hz.İsanı Adəm peyğəmbərin
dilindən cücərən bu ağacdan yonulmuş
çarmıxa çəkirlər. Onun qanı isə əcdadının
dəfn olunduğu yerə tökülür. Beləliklə,
Adəm peyğəmbərin günahları
bağışlanır. Yəni o çarmıx özü
belə əsas mənası ilə 4-cü göylə,
Günəş səması ilə əlaqəlidir. Günəşin
divan ədəbiyyatındakı təsvirləri həmişə
ayaqyalın, sərgərdan, dayanmadan hərəkətdə
olan insan kimi xarakterizə olunur. Özündə Günəşin
xüsusiyyətlərini ehtiva edən Məcnun da hər zaman
belə xatırlanır. Günəş göyündə
çarmıxa çəkilib Günəş quşları
kimi dövrə vuran Vaqif Bayatlı elə sözün
özü qədər qədim mifik təfəkkürdəki
bu az bilinən motivləri ilahi vəchlə, böyük yetənəklə
yazıb.
Min ildi, milyon ildi
Göylərdə ayaqyalın
Sənə sarı qaçıram,
ayaqlarım sevinir,
yolum sevinir, Allah,
Hər gün sənin göyünə
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, ancaq sevgin var
bütün kainat boyu
qanrılan, qanı daman
qollarımın gözündə,
bəs nədən əzab gəzir
qolumu dəlib keçən
mismarların üzündə?!
Min ağrıyla, əzabla
Necə qıvrılır onlar,
Heç ağrı yoxdu mənə,
quş kimiyəm, İlahi,
yenə uçuram sənə,
Qolumdakı mismarlar
yalvarırlar ağrıdan,
yalvarırlar əzabdan,
Xilas elə onları,
Xilas elə, İlahi.
Vaqif Bayatlı Odərin başqa bir ruhdaşı,
sözdaşı Füzuli göylər vəaşiqin
iztirabını belə təsvir edir:
Tut gözün, ey dudi-dil, çərxin ki, dövrin
tərk edib
Qalmasın heyrətdə çeşmi-gövhərəfşanım
görüb.
(Ey ürəyimin ağrısı, göz
yaşlarına hakim ol ki, cəvahirat saçan gözlərimi
gördükdə göylər hərəkətini
dayandırmasın, heyrətdən donmasın.)
Deməli, bu hekayətdə aşiqlər sadəcə
insani olaraq deyil, eyni zamanda göydə bir-birləriylə
qovuşa bilməyən Günəş və Ayın insani
olaraq təsviridir. Vaqif Bayatlının şeirlərindəki
bu mifik təfəkkür onu irfan şairlərinin,
böyük bilgələrin mənəvi və ruhani varisi
olduğunu bir daha təsdiqləyir.
Amin NAMAZLI
Süleyman Dəmirəl Universitetinin tələbəsi
525-ci qəzet.- 2024.- 15 fevral, ¹29.- S.8.