Siyasi olimpin zirvəsində  

 

Mənə çox maraqlı və bəzən hətta əziz kitablarımın evdəki kitab rəflərində ayrıca yeri olur. Onların içərisində təkrar-təkrar oxuduğum, yenidən vərəqlədiyim kitablar var. Lap bu günlərdə, bəlkə elə indiki günlərimiz üçün də çox aktual olan bir kitaba yenidən nəzər saldım. "Siyasi olimpə doğru". Nə az, nə çox, düz 20 il bundan əvvəl - 2003-cü ildə Azərbaycan Tərcümə Mərkəzinin nəşridir. Redaktoru Rəşad Məcid, ön sözün müəllifi Rafael Hüseynov.

Nəşrin anonsunda da deyildiyi kimi, kitabda "1998-2003-cü illərdə "525-ci qəzet"də dərc olunan, siyasi xadim İlham Əliyevin fəaliyyətindən bəhs edən məqalələr, analitik materiallar və şərhlər toplanıb". Mən elə o vaxt - 2003-cü ildə bu kitab haqqında geniş bir rəy yazmışdım. Bəs bu kitaba yenidən qayıtmağımın səbəbi nə oldu? Burada bir neçə mühüm səbəb var: Birincisi, kitabın həsr olunduğu mövzu: İlham Əliyevin siyasi olimpə gedən yolu; ikincisi, mənə də çox doğma olan bir mətbuat nümunəsinin - "525-ci qəzet" in hələ 1998-2003-cü illərdəki uzaqgörənliyi - kitabda toplanan yazıların hamısının o zamankı "İlham müəllimin" siyasi olimpə mütləq çatacağını ifadə edən uzaqgörənliyi; üçüncüsü, fevralın 7-də həyata keçirilən növbədənkənar prezident seçkiləri ətrafında düşüncələr.

Özünün tipoloji xarakterinə görə müstəqil qəzetlər sistemində mükəmməl yeri olan "525-ci qəzet" media mühitində hadisələrə obyektiv jurnalist yanaşması ilə yüksək ictimai rəy formalaşdırıb. Belə bir qəzetin o zaman ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevin illər boyu keçəcəyi siyasi və dövlətçilik yolu ilə bağlı media proqnozları və bu proqnozların mütləq reallaşacağına oxucu inamı yaratması yüksək qiymətləndirilə bilər. Məqalələr toplusunun redaktoru Rəşad Məcid 1998-ci il oktyabrın 29-da "525-ci qəzet"də İlham Əliyevlə geniş bir müsahibəni xatırladır və İ.Əliyevin bu müsahibədə dediyi "Neft bizim üçün məqsəd yox, vasitə olmalıdır" kimi uzaqgörən bir fikrini başlığa çıxarması və bu müsahibənin müxalif düşərgədə yaratdığı pessimizmi maraqlı detallarla yada salır. R.Məcid hələ o zaman müstəqil politoloqların İlham Əliyev haqqında "525"dəki çıxışlarının necə yüksək qarşılandığını da xüsusi vurğulayırdı.

Kitabda toplanan yazıların hamısında İlham Əliyevin "siyasi olimpə" gedən yolunun mütləq şəkildə uğurlu olacağı qeyd olunur. Və 1998-ci il oktyabrın 29-da ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevdən alınan müsahibə ilə başlanan bu toplunun səhifələri 2003-cü il ortyabrın 7-də qəzetin baş redaktoru Rəşad Məciddən alınan müsahibə ilə bitir. O zaman İlham Əliyevin siyasi gücünə etinasız, qərəzli yanaşan bəzilərinə bu müsahibə mükəmməl və əsaslı bir cavabdır. Rəşad Məcid "525"in jurnalisti İlhamə Qasımlının prezidentliyə namizəd İlham Əliyevlə bağlı hərtərəfli suallarına hərtərəfli cavabları ilə bütün mübahisələrə son qoymuşdu.

Media tariximizə düşmüş bu kitab Rafael Hüseynovun "Onu vaxt çağırır" sərlövhəli ön sözü ilə gənc siyasətçi İlham Əliyevin "olimpə doğru" başlanan yolunun hələ o zaman aydın görünən cizgilərini maraqlı bir siyasi-politoloji esse formatında təsvir edir. Bu yol XXI əsrin ilk illərindən başlayır və heç vaxt dayanmadan, usanmadan sürətlə davam edir. Və müəllif İlham Əliyevi yalnız Heydər Əliyevin varisi kimi anlayanlara üzünü tutaraq deyir: "İlham Əliyev yalnız bir fərd olaraq, övlad olaraq, yeganə oğul olaraq Prezident Heydər Əliyevin varisidir. Əslində isə o, daha böyük mənada VARİSdir. O, Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin, Azərbaycanın müstəqil və ardıcıl dövlətçilik siyasətinin, cümhuriyyətimizin ilk qurulduğu illərdən başlanan istiqlal irsini yaşatmaq və artırmaq yolunun  varisidir". Müəllif qətiyyətlə və böyük hərflərlə "İlham Əliyevi VAXT yetişdirib" deyir.

Rafael Hüseynov İlham Əliyevin hələ o zaman Avropa Şurasındakı qətiyyətini və bu qətiyyətlə Ermənistanın işğalçı dövlət olduğunu təkzibedilməz faktlarla şuranın qərarlarına necə saldırdığını qürurla yaddaşlara köçürür. Ön sözün sonunda müəllifin belə bir nidası hər kəsdə o zamanın sabahına güclü bir ümid yaratmışdı: "Azərbaycanın tarixində ilhamlı bir dövr başlanır! İlhamlı! Həm böyük həriflə İlhamlı, həm də kiçik hərflə ilhamlı"!

Ön sözün müəllifinə bu qətiyyət çox mənbədən gələ bilərdi. Amma yəqin ki, hər şeydən əvvəl, ön söz yazmaq üçün diqqətlə oxuduğu bu kitabda İlham Əliyev haqqında təqdim olunan yazılar da əsas inam mənbəyi olmuşdu.

Hələ 20 il bundan əvvəl İlham Əliyevin siyasi olimpə doğru necə addımladığını "525"in cəmi beş ildə oxuculara təqdim etdiyi 108 təhlili yazılarında öz əksini tapmışdı. Mən bu yazıda "Siyasi olimpə doğru" məqalələr toplusundakı 108 yazını təhlil etmək niyyətində deyiləm. Ona görə ki, "525-ci qəzet"in və 20 il bundan əvvəl nəşr edilmiş bu kitabın oxucuları həmin yazıları yaxşı xatırlayırlar. Burda söhbət daha çox ondan gedir ki, Vətənə, onun gələcəyinə xidmət yolu seçmiş "525" kimi qəzet nümunəsi öz səhifələri ilə tarix yaratdı. Hələ o zaman İlham Əliyevin siyasi, diplomatik istedadını, beynəlxalq media nümayəndələrinin hər biri ilə onun öz dilində danışmasını, siyasi platformalardakı məntiqini dərindən hiss edən jurnalistlərimiz Azərbaycanın sabahı üçün İlham Əliyevin nələr edə biləcəyini öz yazılarında - xəbərdən tutmuş analitik publisistikayadək bütün janr və formatlarda peşəkarlıqla ifadə edirdilər. 2003-cü il prezident seçkilərində ölkə rəhbəri seçilən İlham Əliyev 2008, 2013, 2018-ci illərin seçkilərində də ümumxalq səsini qazandı. Hər seçkidən sonra sabahkı Azərbaycan naminə daha uğurlu planlara imza atan İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsini özünün ən müqəddəs vəzifəsi kimi görürdü. Onun regionlarda qaçqın və köçkünlərlə hər görüşündə bir nidası daha çox yadda qalırdı: "Azərbaycan özünün bir qarış torpağını da Ermənistana verməyəcək!" Bu nidanın reallaşması üçün İlham Əliyev ölkənin iqtisadi gücünü təmin etdi, ordumuzun qüdrətini yüksəltdi, öz diplomatik bacarığı ilə Azərbaycana dost və tərəfdaş dövlət sistemi yaratdı, qardaşı Rəcəb Tayyib Ərdoğanın Türkiyəsi başda olmaqla, Türk Dövlətləri Birliyinin Türk Dövlətləri Təşkilatına transferi təşəbbüsünü irəli sürdü və belə bir Təşkilat yarandı. İlham Əliyev gənclərin Vətən sevgisi ilə böyüməsini təmin etdi, xalq və hakimiyyət birliyinə nail oldu, bütöv bir xalqın, millətinin sevgisini qazandı və bütün bunların fonunda 44 günlük Vətən müharibəsi ilə düşməni diz çökdürdü. Azərbaycan cəmi 23 saatlıq bir antiterror əməliyyatı ilə tarixi torpaqlarının tam sahibi oldu.

İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti Azərbaycanı tarixdə heç vaxt görünməmiş bir ölkəyə, bir dövlətə çevirdi. Bütün bunlar milli media sistemində jurnalistlərimizin peşəkar qələmində - ənənəvi mətbuatımızda, teleradio efirində, internet saytlarında... öz əksini tapdı və tapmaqdadır.

Mən bu fikirlərdən sonra bu yazını doğuran məqsədimə qayıdıram: Media platformaları sistemində ən etibarlı və tariximiz üçün arxivlərdə qalacaq qəzet, kitab formatını heç vaxt unutmaq olmaz. Necə ki, mən 20 il bundan əvvəl nəşr edilmiş "Siyasi olimpə doğru" məqalələr toplusunu yenidən vərəqləyirəm, Prezident İlham Əliyevin ondan əvvəlki 5 illik siyasi fəaliyyətinin əsas konturlarını yenidən xatırlayıram, "525"in bu mövzuda  materialları ilə Prezidentimizin fəal ömür yolunun bir daha ziyarətçisi oluram və eləcə də, "525" öz səhifələrində mövcud olan yazılarla Azərbaycanın ən yeni tarixinin yaradıcısı İlham Əliyevin geridə qalan 20 illik fəaliyyətini bir daha yaddaşlara köçürmək üçün də yeni bir kitab formatında - yəqin ki, bir neçə cilddə - ortaya qoymalıdır. Bugünkü, sabahkı və gələcək nəsillər üçün "Siyasi olimpə doğru" kitabının yeni cildləri "Siyasi olimpin zirvəsində" mahiyyətini daşıyacaq. Mən bu kitabların nəşr olunacağına çox inanıram. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində bütöv bir xalq, bütöv bir millət seçki qutusu qarşısında böyük ümid və böyük sevgi ilə siyasi olimpdə yerini çoxdan tutmuş İlham Əliyevə səs verdi. Xalqın bu səsi Azərbaycanın sabahına ünvanlanan müqəddəs bir addımdan doğdu. Bu addım hardan başladı - bunu bir daha "525"in tarix yaratmış səhifələrinin kitab nəşrində də görəcəyik.

İlham Əliyev fevralın 7-dən başlayan yeni rəhbərlik çağında inkişaf yolumuzun yeni xəritəsinə imza atdı. Və özünün yaratdığı ən yeni tariximizin ən yüksək inkişafını bundan sonra da təmin edəcək. Bizim "525-ci qəzet"imiz isə həmin ən yeni tarixin 20 ildən bu yana yön almış salnaməsini qəzet səhifəsindən götürüb kitab formatında yeni cildlərlə bizə təqdim edəcək.

 

Cahangir MƏMMƏDLİ

BDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

525-ci qəzet.-   2024.- 15 fevral, ¹29.- S.7.