Cəlil Məmmədquluzadənin
bir məktubunun izi ilə
Böyük ədib Cəlil Məmmədquluzadənin
kitablarına daxil edilməyən bir məktubu onun
Naxçıvan həyatı ilə
bağlılığına dair məlumatımızı zənginləşdirmək
baxımından olduqca əhəmiyyətlidir. "Şərq
qapısı" qəzetinin 30 oktyabr 1930-cu il tarixli 57-ci
nömrəsində "Cəlil Məmmədquluyev"
imzası ilə dərc edilən "Molla Nəsrəddin"in
cavabı" başlıqlı həmin məktubda o,
Danelyandan aldığı teleqrama cavab olaraq yazır:
"Sizin teleqrammanın məzmununa bütünlükdə
şərikəm. Jurnalımızda sizin haqqınızda dərc
olunmuş məqalənin haqsız və mənasızlığına
hər kəsdən artıq bən özüm mütəəssüf
oluram. Redaksiya namından ən səmimi qəlbdən olaraq
sizdən üzr istəyərək təmin edirəm ki, bu
işi hər hansı orqana göndərmiş olsanız belə,
bizim öhdəmizə düşən yalnız öz əfvedilməz
günahımızı boynumuza almaqdır. Redaktor Cəlil Məmmədquluyev".
Maraqlıdır. Danelyan kimdir? Onun teleqramının məzmunu
nədən ibarətdir? C.Məmmədquluzadə və
"Molla Nəsrəddin" jurnalının
redaksiyasının "əfvedilməz günahı" ədədir?
Bu suallara cavab tapmaq üçün əvvəlcə
"Molla Nəsrəddin"in 1930-cu il nömrələrini nəzərdən
keçirdik. 28-ci nömrədə "Bisavad" imzası
ilə dərc olunan "Xəstə müdir" adlı
kiçik bir yazı diqqətimizi cəlb etdi. Yazıda
Naxçıvan Firqə Komitəsi təşkilat şöbə
müdirinin (o vaxt bu vəzifədə Danelyan işləyirdi)
12 gün işə çıxmayaraq evində eyş-işrət
məclisi qurması tənqid olunur. Yazının tam mətni
belədir: "Naxçıvan Firqə Komitəsi təşkilat
şöbə müdiri yoldaş 12 gündür ki, idarənin
qapısını bağlayıb mənzilində istirahətə
məşğuldur. Çünki dostum axşam o qədər
içmişdi ki, başı ağrıyıb idarəyə
gələ bilməmişdi. Evdə ona xidmət edən
qulluqçuların sayı o qədər idi ki, bir-birlərinin
ayağına dolaşırdılar. Zeynəblər, yerinciklər,
əmirlər, həsənlər biri cücə aşı gətirir,
biri qəndab, biri kakao, biri quzu plovu gətirərdi. Bir tərəfdən
də idarə işçiləri işləri gətirib
daklada. Ancaq yoldaş öz işinə məşğuldu. Kim
bu istirahətdən əl çəkər? Bazarda ət,
çörək növbəsinə duran adamı yoxdur ki,
fikir eyləsin".
Bu ifşaedici yazı ilə kifayətlənməyən
məcmuə növbəti nömrəsində Danelyanın
eyş-işrət məclisində karikaturasını
vermişdi. Həmin karikaturada jurnalın 28-ci nömrəsində
gedən "Xəstə müdir" məqaləsində
yazılanlar əyani şəkildə oxuculara
çatdırılır. Karikaturanın
aşağısında yazılıb: "Dostum, bax cücə
supu, yağlı bozbaş, quzu plovu və sərin şərab
da var. Daha könlün nə istəyir? Biz də ki,
qulluğunda varıq".
Lakin jurnalın 1930-cu il 30-cu nömrəsində dərc
olunan "Təhqiqat nəticəsi" başlıqlı məlumatda
gözlənilmədən həmin yazıdakı faktlar və
bu faktlar əsasında çəkilən karikaturanın
doğru olmadığı bildirilir: "Məcmuəmizin
28-ci nömrəsində dərc olunmuş "Xəstə
müdir" sərlövhəli məqalə və 29-cu
nömrəmizdə "Müdir xəstədir"
başlıqlı şəkil təhqiqat nəticəsində
doğru çıxmadı. Bu barədə günahkarlar qanunən
məsuliyyətə cəlb olunacaqlar".
Heç vaxt ağa qara deməyən "Molla Nəsrəddin"in
bu məsələyə münasibətindəki
"ehtiyatsızlığının" səbəbini
müəyyən etmək üçün digər mənbələrə
də müraciət etdik. Nəhayət, AMEA M.Füzuli
adına Əlyazmalar İnstitutunda C.Məmmədquluzadənin
şəxsi arxivindən tapdığımız 8 nəfər
naxçıvanlı müxbirin imzaladığı bir məktub
kimin haqlı, kimin haqsız olduğunu sübut etdi. Məktubun
tam mətni belədir: "28 nömrəli jurnalınızda
"Bisavad" imzası ilə "Xəstə müdir"
sərlövhəli məqaləni biz aşağıda imza edən
firqə qəzeti ("Şərq qapısı" qəzeti
nəzərdə tutulur - F.X.) müxbirləri təsdiq edərək
məlum etməliyik ki, Naxçıvan ölkəsində
müxbirləri təqib etmək işləri sizə
aşkardır. Hansını ki, təsdiq etdi mərkəzi qəzetlər
və Zaqafqaziya Kontrol Komisyonu və müxbir təqibçilərini
də məsuliyyətə almaq qərarını
çıxarıb, bu haqda Naxçıvan işçilərinə
acıq gələrək 5-7 oktyabrda
çağırılmış müxbirlər
konfransında həmin məqaləni yazan müxbiri məsuliyyətə
cəlb etmək istəyirlər. Onun üçün də
komisyon ayrılmışdı ki, bu işi təhqiqat etmək
ilə bərabər ali idarələr vasitəsilə
müxbirin imzasını tələb etməyə
çalışırlar. Onun üçün də biz
xahiş edirik onun imzasını heç bir təşkilata
verməməli və gizlin saxlamalı. Çünki məqaləni
yalana çıxarmağa çalışırlar.
1.M.Ə.Əsədullazadə, 2.R.Babayof, 3.N.Əlizadə,
4.M.Ə.Seyidof, 5.X.Abasof, 6.K.Tağıyof, 7.İ.İmanzadə,
8.N.Hacılı.
Naxçıvan, Arasda. 7/X-1930".
Məktubda yazılanların doğru və etibarlı
olmasını aşağıdakı faktlar təsdiq edir:
Əvvəla, məktuba imza atanların birincisi
M.Ə.Əsədullazadə Azərbaycanın
Naxçıvanda inanılmış mətbuat müvəkkili
idi. Şübhəsiz ki, yalan məlumata imza atmaq onun
nüfuzuna və vəzifə məsuliyyətinə uyğun olan bir iş deyildi.
İkincisi, məktubda yazıldığı kimi
keçən əsrin 30-cu illərində Naxçıvanda
müxbirlərin təqibi az qala bir hərəkat
halını almışdı. 1930-cu il 5-7 oktyabrda
keçirilən IV Naxçıvan müxbirlər
konfransına aid "Şərq qapısı" qəzetində
dərc edilən materiallarda daha ətraflı və dəqiq məlumatlar
vardır. Qəzetin 10 oktyabr
1930-cu il tarixli nömrəsində dərc olunan bir məqalədən
aydın olur ki, Zaqafqaziya Dairə Kontrol Komissiyasının sədri
İ.Yakovlevin iştirak etdiyi bu konfransda çıxış
edən yerli müxbirlərdən İ.Xudiyev, M.Seyidov,
Ə.Ağayev, A.Hatəmov, H.Əlizadə, X.Abbasov, Q.İskəndərov,
İ.İmanzadə, M.Tarverdiyev və başqaları belə
bir fikri təsdiq etmişlər ki: "Müxbirlərə
canlı rəhbərlik olunmaması üzündən onlar
çox təqiblərə uğrayırlar... Şəxsi tənqidi
boğan və müxbirləri həyasızcasına təqib
edən məsul işçilər vardır".
Məruzəçi M.Əsədullazadə isə bəzi
müxbirlərin öz təqiblərinə dair verdikləri məlumatlara
cavab olaraq qəti şəkildə bildirmişdir:
"Müxbir təqibçiləri həmişə proletar cəzasına
mübtəla ediləcəklər".
Deyilənlərdən belə nəticə
çıxarmaq olar: "Bisavad" imzalı müəllif vəzifəsinə
məhəl qoymadan Danelyanı tənqid etdiyi
üçün təqibə məruz qalıb; səkkiz nəfər
müxbirin imzaladığı 7 oktyabr 1930-cu il tarixli məktubla
vaxtında tanış ola bilməyən C.Məmmədquluzadə
Danelyanın daha əvvəl göndərdiyi və indi mətni
əlimizdə olmayan teleqramına inanmış və redaksiya
adından ondan üzr istəyib; əslində "öz əfvedilməz
günahı" üçün üzr istəmək
Danelyanın öhdəsinə düşürdü; vaxtilə
baş vermiş bu əhvalat xalqımızın məkrli
düşməni olan ermənilərin riyakarlığı, əxlaqsızlığı
və nankorluğundan xəbər verən minlərcə məlumat
və faktlardan yalnız biridir.
Bir neçə kəlmə də "Xəstə
müdir" məqaləsinin müəllifi haqqında. Qeyd
etdiyimiz kimi, bu yazı "Bisavad" gizli imzası ilə dərc
olunub. "Bisavad" kimdir? Elmi ədəbiyyatdan məlumdur
ki, Azərbaycan miqyasında bu imza ilə
"İrşad" qəzetində Üzeyir Hacıbəyov,
"Molla Nəsrəddin" və "Zənbur"
jurnallarında isə Həsən Mirzəyev müxtəlif məqalələr
dərc etdirmişlər. Lakin "Molla Nəsrəddin"də
çap olunan "Xəstə müdir"
yazısını nə Ü.Hacıbəyova, nə də
H.Mirzəyevə aid etmək olar. Çünki adıçəkilən
yazıda söhbət Naxçıvanda baş verən əhvalatlardan
gedir. İkinci bir tərəfdən C.Məmmədquluzadəyə
göndərilən teleqramda məhz naxçıvanlı
müxbirlər ondan "Bisavad" imzasının kimə məxsus
olduğunu "heç bir təşkilata verməməsini"
və "gizli saxlamasını" xahiş etmişdilər.
Deməli, "Xəstə müdir" yazısının
müəllifinin Naxçıvanda yaşayan müəlliflərdən
olması şübhəsizdir.
Bu imzanın kimə məxsus olduğunu müəyyənləşdirmək
üçün bir çox mənbəyə müraciət
etməli olduq. Nəhayət, bəhs etdiyimiz dövrdə
Naxçıvanda müxbir kimi fəaliyyət göstərən,
5-7 oktyabr 1930-cu ildə keçirilən IV Naxçıvan
müxbirlər konfransının iştirakçısı,
sonralar isə yazıçı-jurnalist kimi məşhurlaşan
Məmmədəli Tarverdiyevin bizə verdiyi yazılı məlumat
bu məsələyə aydınlıq gətirdi. Həmin məlumatın
kiçik bir hissəsinə nəzər salmaqla o vaxt
Naxçıvanda fəaliyyət göstərən digər
müxbirlərin gizli imzaları haqqında da təsəvvür
əldə etmək mümkündür: "Bəzi
müxbirlər tənqidi yazılarına görə ciddi təqib
olunurdular. Bunlardan Xəlil Məhərrəmovu, Musa Məmmədovu,
Qədim Qədimovu Noraşen rayonundan; Məmmədəli
Əsədullazadəni, Əkbər Abbasovu, Məmməd
Əkbərovu Naxçıvan şəhərindən; Manaf
Xudiyevi Şahbuz rayonundan və başqalarını göstərmək
olar.
Bu təqiblər müxbirləri ehtiyatlı
olmağa, gizli imzalarla çıxış etməyə məcbur
edirdi. Məsələn, Əkbər Abbasov - "Bisavad",
Xəlil Abbasov - "Fikirli", Məmməd Əkbərov -
"Zəki", Məmmədəli Tarverdiyev -
"İstedadlı", "Hüseynoğlu", Qədim Qədimov
- "Sədərəkli", Musa Məmmədov - "Kəndli"
kimi gizli imzalarla çıxış edirdilər".
Beləliklə, aydın olur ki, "Xəstə
müdir" məqaləsinin sonuna qoyulan "Bisavad"
imzası naxçıvanda yaşayan müxbir Əkbər
Abbasova aiddir. Mənbələrin verdiyi məlumata görə,
o, həqiqətən "Şərq qapısı" qəzetinin
ilk müxbirlərindən olub. Lakin 1930-cu illərdən sonra
onun imzası həmin qəzetin səhifələrində bir
daha görünməyib. Maraqlıdır. Əkbər Abbasov
kimdir?
Araşdırmalar nəticəsində həmin
dövrdə Naxçıvanda yaşayan Əkbər Abbas
oğlu Abbasov adlı bir şəxs haqqında məlumatlar əldə
etmişik. Naxçıvan MRDA-da saxlanılan şəxsi
işindən məlum olur ki, o, 1897-cu ildə
Naxçıvanda anadan olub. 1916-1919-cu illərdə Culfa-Təbriz
dəmir yolunda fəhləlik edib. 1918-1920-ci illərdə
Naxçıvana hücum edən təcavüzkarlara
qarşı igidliklə vuruşan Ə.Abbasov hökumət tərəfindən
xüsusi tapşırıqla Təbrizə göndərilib,
orada qafqazlı mühacirlərə yardım işlərinin
təşkili ilə məşğul olub. 1921-ci ildə
İranda həbs olunub, azad olunduqdan sonra 1922-ci ildə
Naxçıvana qayıdıb, ömrünün sonunadək
burada Maarif Komissarlığı, Həmkarlar İttifaqı və
Kommunal Təsərrüfat Trestində bir sıra məsul vəzifələrdə
çalışıb, 1967-ci ildə isə 70 yaşında
vəfat edib.
1934-cü ildə ona "Naxçıvan MSSR-nin
Qırmızı partizanı" adı verilmişdi. Bu haqda
"Ədəbiyyat qəzeti"nin 1935-ci il 13 yanvar tarixli
nömrəsində yığcam məlumat vardır.
"Molla Nəsrəddin" jurnalının Təbrizdə
çıxan 8-ci nömrəsində
isə Ə.Abbasovun qafqazlı mühacirlərlə
bağlı apardığı işlər haqqında bəhs
olunur.
Əldə olan sənədlərin heç birində
Əkbər Abbas oğlu Abbasovun "Şərq
qapısı" qəzetinin müxbiri olması haqqında məlumata
rast gəlməsək də, çox böyük ehtimalla belə
nəticəyə gəlirik ki, 1930-cu ildə "Bisavad" imzası
ilə "Molla Nəsrəddin" jurnalına məqalə
göndərən Əkbər Abbasovun özüdür.
Nəticə olaraq belə qənaətə gəlmək
olar ki, "Xəstə müdir" məqaləsi, onunla
bağlı karikaturanın dərc olunması "Molla Nəsrəddin"
jurnalı və onun redaktoru C.Məmmədquluzadənin
mübariz ruhunu, hansı şəraitdə olursa-olsun
yaramazlıqlara qarşı
barışmazlığını təsdiq edən ibrətli
bir nümunədir.
Fərman XƏLİLOV
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun
baş direktoru, filologiya üzrə elmlər doktoru
525-ci qəzet.- 2024.- 2 fevral, ¹20.- S.12.