Dünyanın ən
xoşbəxt ilanı
"Mistik olaylar"
silsiləsindən
"...Barış canındakı zəhərli dərdlə,
iyrənmə
özündən, ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür
üzüylə
dünya səndən keçib durulur bəlkə".
(Ramiz Rövşənin "İlan balası"
şeirindən)
...İlanın zəhəri çoxalmışdı
deyə canı ağrıyırdı və bilmirdi nə
etsin, necə etsin ki, ona yük olan, əzab verən zəhərindən
bir az boşaldıb sakitləşsin.
Allah zəhəri ona dar ayaqda özünü qorumaq
üçün vermişdi, hər yoldan ötəni
sancıb öldürmək üçün yox. İşin tərsliyindən
son vaxtlar ona sataşan, quyruğunu tapdalayan, öldürmək
üçün dəyənəklə, yaba ilə qovan da yox
idi ki, bəhanə edib işini görə, ehtiyacını
ödəyə. Bəzən təhqir olunub şans qazanmaq
üçün özünü bilərəkdən
adamların, heyvanların gur olduğu yerlərə verir,
otların arasında ora-bura sürünür, kolların
dibində gizlənirdi. Hətta risk edib həyət-bacalara,
zirzəmilərə, pəyələrə də soxulurdu,
üstünə kütləvi hücumlardan da ehtiyat eləmirdi
- təki canı ona əzab verən bu zəhərdən
qurtaraydı...
İndi kəndin kənarındakı meşədə
veyil-veyil ora-bura sürünür, zəhərini
boşaltmağa girəvə, səbəb axtarırdı.
Dünyanın çox qəribə işləri
vardı. Onlardan biri də adamların ilan görən kimi əllərinə
daş, dəyənək, yaba götürüb hücum
çəkmələri, onu daha əzabla öldürmək
uğrunda yarışa girmələri
idi. Halbuki ilanların dinc insanlara münasibətdə
heç bir düşmənçiliyi-filanı yox idi. Üstəlik,
ilanın zəhərindən hazırlanan neçə-neçə
dərman, cürbəcür məlhəmlər xəstə
insanların şəfa tapmasına, sağalıb ayağa
qalxmasına səbəb olurdu və təkcə elə buna
görə ilan adı çəkiləndə ünvanına
"sağ ol" əvəzinə yalnız "lənət"
oxunması, hamının qəlbində, şüurunda ona
ölüm hökmünün kəsilməsi dünyanın ən
böyük ədalətsizliklərindən biri deyildimi?
Görəsən, adamların ürəyində qorxu
qarışıq bu nifrət nədən yaranmışdı?
Nə üçün onlar ilanlarla dost ola bilmirdilər? Nə
mane olurdu buna? Zəhəri? Üstünə dörd tərəfdən
hücum edilirdisə, canını qurtarmaq üçün o
biçarə ilan nə etməli idi axı?
İlanlar bilsəydilər ki, insanlara etdikləri bu təmənnasız
yaxşılığın mükafatı ölümdür,
o zəhəri-məlhəmi canlarında qoruyub
saxlayardılarmı?
Qəribədir, büllur vazaya sarılmış ilan
bütün dünyada dərdən, azar-bezardan qurtarıb
şəfa tapmağın simvolu sayılırdı, amma real həyatda
hamı qəlbində, dilinin altında bu biçarə
ilanın ünvanına əbədi
bir nifrət, lənət gəzdirirdi...
Meşədə qəribə, amma
darıxdırıcı bir sakitlik, səssizlik vardı.
Baxımsız qaldığından buralar az qala cəngəlliyə
çevrilmiş, kollar, otlar hər yeri basmışdı. Bəlkə
elə buna görə bu tərəflərə gəlib-gedən
demək olar ki, yox idi.
Göyəm kollarının yanından sivişib
palıd ağacına tərəf sürünəndə təxminən
20-25 metr aralıdan keçən kənd yolundan taz qalxdı,
maşın səsi gəldi. Dərhal fırlanaraq
acgözlüklə o tərəfə baxdı -
qırmızı rəngli təzə, bahalı avtomobil
gün işığında az qala güzgü kimi bərq
vururdu. Belə bahalı, təzə maşının
daşlı-kəsəkli yolda, cəngəlliyə
çevrilmiş meşə kənarında peyda olması bir
az müəmmalı idi və təbii ki, heç də
yaxşı şeydən soraq
vermirdi.
Qurumuş zoğal ağacının tuşuna
çatanda maşın yoldan çıxıb meşə tərəfə
- bayaqdan başını azca qaldırıb bu mənzərəni
seyr edən ilanın dayandığı səmtə yol
aldı. İlan cəld sürünərək palıd
ağacının gövdəsindəki dar koğuşa girdi
və sonrakı hadisələr
o koğuşun qaranlığında parlayan gözlərinin
qarşısında baş verdi...
Maşın palıd ağacının yanından
keçib bir az aralıda dayandı. Əvvəlcə
sürücü oturan tərəfdəki qapı
açıldı və oradan saçlarını qız kimi
yığıb arxadan bağlamış, gözlərində
qara eynək olan bir oğlan düşdü, dərhal da
qabaqdan keçib sağ tərəfdəki qabaq qapını
açaraq dala çəkildi: kabinada müasir dəbdə,
amma zövqsüz geyinmiş bir qız oturmuşdu.
Dodaqları altında nə isə mızıldayıb sağ
əlini oğlana uzatdı - yəni kömək elə,
düşüm. Oğlan cəld onun əlindən
yapışıb daha çox əmrə oxşayan bu
xahişi yerinə yetirdi. Qız maşından düşəndən
sonra əvvəlcə yaxşıca gərnəşdi, sonra
şalvarının cibindən iri gün eynəyini
çıxarıb taxdı. Paltarları əcaib və səliqəsiz
idi - cins şalvarının cırıq, deşik yerlərindən
saplar sallanırdı, gödəkçəsi isə o qədər
qısa idi ki, içərisinə gün
işığında müxtəlif rənglərə
çalan xırda bahalı daş yerləşdirilmiş
göbəyi çöldə qalmışdı.
Onlar elə maşının yanındaca dayanıb bir
müddət nə barədəsə danışdılar.
Sonra oğlan əlini qızın belinə dolayıb
özünə tərəf çəkdi... və
öpüşüb qurtarandan sonra maşının
arxasına keçib yük yerinin qapısını
açdı, əvvəlcə oradan ağ parçaya
bürünmüş iri və dəyirmi qutu kimi bir şey
çıxarıb yerə qoydu, sonra əyilib bu dəfə
orta ölçülü bir bel götürdü, sağ əlini
uzadıb ağ bağlamanı qaldırdı, qıza
yaxınlaşıb başı ilə irəliyə işarə
edərək nə isə dedi və onlar asta, bir az da oğrun
addımlarla meşənin dərinliyinə yöl aldılar.
İlan dərhal ağacın koğuşundan
çıxıb onların dalınca süründü...
Meşənin nisbətən sıx, kol-kosu bir-birinin
üstünə çıxmış, dar-darısqal yerinə
çatanda dayandılar. Oğlan bellə hündür bir
kolun dibini qazmağa, qız isə cibindən bahalı bir
telefon çıxarıb qurdalamağa başladı.
Oğlanın qazdığı çalanın dərinliyi
30-40 santimetrə çatanda qəfildən hardansa körpə
uşaq qığıltısı, ardınca da uşaq
ağlamağının səsi gəldi. Qız diksindi, nəzərlərini
telefonun ekranından çəkib oğlana, oğlan da
işini dayandırıb karıxmış halda qıza
baxdı və qızın baxışlarını oxuyandan
sonra beli kənara atıb bağlamanın
büründüyü ağ örtüyü açmağa
başladı.
Örtüyün hər qatı açıldıqca
ağlamaq səsi daha ucadan eşidilirdi...
Nəhayət, sonuncu qat da sürüşüb yerə
düşdü və ilan toy-nişan mərasimlərində
içinə şirniyyat yığılan qulplu xonça zənbilinin
içində əllərini, ayaqlarını yelləyə-yelləyə
ağlayan körpəni gördü.
Oğlan zənbilin içindən kiçik bir
balış çıxardı və əyilib
uşağın üzünə basmaq istəyəndə
uşaq qəfildən bərkdən qıyya çəkdi.
O səs elə bil ilanın başından, dişlərinin zəhər
yığılmış dibindən keçib quyruğundan
çıxdı: ilan gördü
ki, oğlan uşağı boğub qazdığı
çalada basdırmaq istəyir və
ilanlığını nümayiş etdirmək
üçün bundan yaxşı şans ola bilməz!
Sıçrayıb ayaqları çalanın müxtəlif
tərəflərində olan oğlanın
paçasının arasından necə çaldısa,
oğlan heç qışqırmağa da macal tapmadı,
dizləri üstə çalaya yıxılıb
çabalamağa başladı.
Bircə anın içindəcə dişlərini
yumşaq ətdən çıxarıb qıvrılaraq bu dəfə
qızın açıq göbəyinə ox kimi
sancıldı və zəhərinin ən qatı hissəsini
səxavətlə ora boşaltdı.
Telefonu əlindən düşən qızın rəngi
qapqara qaraldı və o sürüşüb söykəndiyi
ağacın dibinə yıxıldı.
İlan sürünərək zənbilin yanına gəldi,
quyruğu üstə qalxıb zəhmli gözlərini
uşağa dikdi.
Uşaq ağlamağını kəsmişdi və
xoşbəxt-xoşbəxt ilana baxırdı.
Sonra ilan yerə sərilərək geriyə -
qırmızı maşının dayandığı tərəfə
süründü. Maşına çatanda bir müddət hərəkətsiz
qaldı, sonra qəfildən açıq pəncərədən
içəri keçib sükanın üstünə
çıxdı. Səs düyməsinə toxunanda qəribə
bir səs haray salıb buradakı darıxdırıcı
sakitliyi pozan kimi ilan gövdəsini düyməyə daha
möhkəm sıxaraq hərəkətsiz dayandı.
Ara verməyən siqnal səsinə evdən, həyətdən
çölə çıxan kənd sakinlərindən bir
neçəsi - əksəriyyəti cavanlar idi - dabanlarına
tüpürüb maşına tərəf
götürüldü - əgər maşın
çöllük-biyabanda dayanmadan siqnal verirdisə, deməli,
nə isə olmuşdu.
Sonrakı hadisələr onların gözləri
qarşısında baş versə də, nağıl, əfsanə
süjetinə daha çox bənzəyirdi.
Adamlar maşına çatanda siqnal kəsildi, amma
kabinadan adam yox, pəncərədən yekə bir ilan
çıxdı, elə maşının yanındaca
quyruğu üstə dikəlib mələrtiyə bənzər
səs çıxardı.
Özünə gələn cavanlar ilanın
başını əzmək üçün əyilib
daş, ağac götürməyə
hazırlaşırdılar ki, özünü təzəcə yetirən nisbətən
yaşlı bir kişi irəli sıçrayıb
çığırdı:
- Yox, lazım deyil, dayanın, toxunmayın ona! Burda nə
isə bir iş var.
İlan elə bil onun dediklərini başa
düşdü, kişi sözünü bitirən kimi elə
quyruğu üstə sürünə-sürünə bayaq
uşağı qoyub gəldiyi səmtə yön aldı.
- İlahi, özün bilən məsləhətdir
- deyə yaşlı kişi
salavat çevirdi. - Haydı, ardımca...
...Onlar hadisə yerinə çataçatda ilan elə
bil qəfildən əriyib havaya qarışaraq yoxa
çıxdı.
Gələnlər gördükləri mənzərədən
işin nə yerdə olduğunu başa düşdülər
və bir anlığa donub qaldılar.
Xonça zənbilindəki uşaq isə yuxuya gedib
mışıl-mışıl yatırdı.
Bayaqkı yaşlı kişi irəli yeridi, titrəyən
əlləri ilə körpəni qaldırıb
qucağına aldı və sonrakı sözləri gözlərindən
yaş tökülə-tökülə dedi:
- Qüdrətinə, lütfünə
şükür, İlahi.
Nə yaxşı ki, varsan... varsan...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2024.- 2 fevral, ¹20.- S.11.