100 yaşlı sənət ocağının kitabxanası   

 

Ötən il 100 illik yubileyini geniş şəkildə qeyd edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. Şərqdə ilk teatr təhsili olan məktəb eyni zamanda Qafqaz və Orta Asiya xalqlarının mədəni inkişafında, teatr sənətinin professional mərhələyə keçməsində əvəzsiz xidmətlər göstərib.

Dövrün sosial-mədəni və ictimai-siyasi tələbi ilə yaradılmış Teatr Məktəbi, şübhəsiz ki, kitabxanasız fəaliyyət göstərə bilməzdi. 1924-cü ildə Azərbaycan Maarif Komissarlığı Məktəbin kitabxanasının təşkil olunmasını təxirəsalınmaz vəzifə hesab edib və 1925-ci ildə bu təhsil ocağında kitabxana fəaliyyətə başlayıb. Kitabxana fondu ayrı-ayrı şəxslərin hədiyyə etdiyi bədii ədəbiyyat, dərs vəsaitləri və oxunmuş mühazirə mətnlərinin hesabına getdikcə zənginləşib və tələbələrin keçirilən mövzuları mənimsəməsinə müsbət təsir göstərib. Xüsusilə, tədrisə cəlb olunmuş görkəmli sənətkarların şəxsi kitab kolleksiyalarından bağışladıqları kitablar, bu gün də kitabxananın nadir nəşrlər fondunda mühafizə olunur.

Özünəməxsus tarixi ənənələri ilə formalaşmış Bakı Teatr Məktəbinin əsasında 1945-ci ildə Teatr İnstitutu yaradılması kitabxananın inkişafına da mühüm təsir göstərib. 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmış bu təhsil ocağında ötən illər ərzində kitabxana fondunu ali təhsil müəssisəsinin tədris və elmi profilinə uyğun komplektləşdirmək üçün lazım olan bütün metodik və təşkilati tədbirlərdən istifadə edilib. Kitab fondunun yeni nəşrlərlə komplektləşdirilməsi sahəsində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini verib, fond ilbəil təkmilləşərək həm kəmiyyət, həm də keyfiyyətcə zənginləşib.

1960-1980-ci illərdə kitabxananın fəaliyyətinin əsas istiqaməti İnstitutun professor-müəllim və tələbə heyətinə kitabxana xidmətinin təşkilinə yönəldilmişdir. Oxuculara xidmət sahəsində böyük təcrübəsi olan kitabxananın kollektivi ənənəvi kitabxana xidmətinin bütün üsullarından istifadə etməklə zamanın tələbinə əsasən oxuculara xidmət prosesində baş verən yeni iş üsullarından da uğurla istifadə etməyə başlamışlar. Həmçinin, kitabxananın fakültələr və kafedralarla əlaqəsi xidmət işinin daha məqsədyönlü etməyə, böyük elmi potensiala malik professor-müəllim heyəti, yüksək bilikli, intellektual səviyyəli tələbə kontingentinin sorğularının vaxtında və səmərəli ödənilməsinə səbəb olmuşdur. Kitabxananın xidmət sahəsində işləyən kitabxanaçı və biblioqrafların tələbələrlə fərdi iş aparmasına, kitabxanadan istifadə qaydalarının, əlifba və sistemli kataloq və kartotekalardan ədəbiyyat seçməyin forma və üsullarının onlara aşılanmasına xüsusi diqqət yetirməsi də bu sahədə onun zəngin təcrübəsindən xəbər verir.

1991-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutu universitet statusu qazanmış, respublikamızda Bakı Dövlət Universitetindən sonra bu statusu əldə edən ilk ali təhsil ocağı olmuşdur. Şübhəsiz ki, qazanılan nailiyyətlər, yəni universitetin mədəniyyət sahələrini kompleks şəkildə əhatə etməsi, çoxprofilli ixtisas şəbəkəsinin yaradılması ona universitet statusunun verilməsi üçün ciddi hüquqi əsas yaratmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) kimi fəaliyyətini davam etdirən təhsil müəssisəsində mədəniyyətin müxtəlif istiqamətləri üzrə kadr hazırlığının həyata keçirildiyi Kulturologiya fakültəsində illər ötdükcə müasir tələblərə cavab verən kafedralar yaradılmışdır. Fakültədə Muzey, arxiv işi və abidələrin mühafizəsi, Kitabxanaçılıq və informasiya fəaliyyəti, Sosial iş, Sosiologiya, Turizm bələdçisi və Turizm işinin təşkili ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır.

Müstəqilliyin bərpasından sonrakı dövrdən etibarən ADMİU-nun kitabxanası özünün uzun illərdən bəri yaradıb formalaşdırdığı təcrübəsini və ənənələrini da-ha da zənginləşdirmiş, qarşıya qoyulmuş yeni vəzifələrə, Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin müstəqil, milli dəyərlərlə inkişafına, təhsil islahatlarına, Azərbaycançılıq məfkurəsinə və dövlətçiliyin möhkəmlənməsinin təbliğinə xidmət edir. Bu dövrdə, xüsusilə 1997-ci ildə universitetin yeni binaya köçürülməsindən sonra kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxanaya ayrılan maliyyə vəsaitinin artırılması sahəsində keçid dövrünün çətinliyinə baxmayaraq, mühüm işlər görülməyə başlanmışdır.

Mövcud iqtisadi çətinliklərə baxmayaraq, kitabxana fondunun komplektləşdirilməsinə ayrılan vəsait ilbəil artırılmış, yeni kitabların, o cümlədən, xarici dildə nəşrlərin alınmasına şərait yaradılmışdır. Bu ədəbiyyat içərisində dərsliklər, dərs vəsaitləri ilə yanaşı, elmin müxtəlif sahələrinə dair qiymətli elmi nəşrlər, elmi-tədqiqat əsərləri, monoqrafiyalar mühüm yer tutmuşdur. Kitabxanaya daxil olan kitablar içərisində pulsuz məcburi nüsxələr, hədiyyələr və mübadilə yolu ilə daxil olan kitablar da az olmamışdır. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan Ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi və respublika kitabxanalarına pulsuz çatdırılması da Mərkəzin fəaliyyətində mühüm rol oynamışdır.

XXI əsrin informasiya texnologiyalarının sürətli inkişafı, müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsini təmin etmək məqsədilə kitabxana 2014-cü ildən Kitabxana-informasiya mərkəzinə çevrilmişdir. Onun fəaliyyətinin əsas iş istiqamətləri "İRBİS-64" Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) vasitəsilə sənəd-informasiya resursları fondunun profilə uyğun çap və elektron nəşrlərlə komplektləşdirilməsi, elmi sistemləşdirilməsi, kitabxana proseslərinin kompüterləşdirilməsi, elmi-tədqiqat işlərinin analitik biblioqrafik-informasiya təminatı, fonddan istifadənin təşkili; elmi-kütləvi tədbirlərin keçirilməsi və kitabxanaşünaslıq üzrə elmi-tədqiqatların aparılmasından ibarətdir.

Mədəniyyət və incəsənətin müxtəlif istiqamətlərini (teatr, kino, televiziya, rəssamlıq, musiqi və kulturologiya) özündə əks etdirən unikal və zəngin ixtisaslaşmış fondunun ümumi həcmi 51987 nüsxə sənəd-informasiya resursu - Azərbaycan və bir çox dillərdə kitab, albom, kataloq, jurnal, avtoreferat, dissertasiya, not və elektron nəşrlərdən ibarətdir. Mərkəzin fondunda 1900-1940-cı illərin çapı olan teatr və rəssamlıq sahəsini əhatə edən 192 adda nadir və qiymətli nəşr mühafizə olunur. Bu nəşrlərdən 36 nüsxə kitab Mədəniyyət Nazirliyi tərəfindən dövlətin milli-mədəni sərvətlər reyestrinə "Azərbaycanın kitab abidələri"nə daxil edilmişdir.

Mərkəzin müasir vəziyyəti və çoxfunksiyalı fəaliyyəti mədəniyyət və incəsənət sahələrində elm və təhsilin informasiya potensialının optimallaşdırılması, müəllim-tələbə heyətinə, alim və mütəxəssislərə göstərilən kitabxana-biblioqrafiya və informasiya xidmətinin modernləşdirilməsi, beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində yeni hədəflərə çatmağa imkan verir. Son dövrlərdə Azərbaycanın qlobal informasiya məkanına sürətli inteqrasiyası və informasiya cəmiyyəti quruculuğunun nəticəsi olaraq elektron dövlətin yaradılması, elektron elmin təşəkkülü, intellektual mülkiyyət və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılır. Respublikamızda elektron kitabxanalar və ümumilikdə müasir kitabxana-informasiya mühitinin formalaşması sahəsində nəzərə çarpacaq uğurlar əldə edilmişdir. Mərkəzdə qlobal təcrübə və standartlara inteqrasiya məsələlərində müasir kitabxana idarəetmə sistemləri əsasında rəqəmsal kitabxananın formalaşdırılması və inkişafı istiqamətində mühüm layihələr reallaşdırılır.

Bu gün internetin xidmət şəbəkələrinin genişliyi sosial-mədəni fəaliyyət sahəsi olan kitabxananın da elektronlaşdırılmasını zərurətə çevirmişdir. Təqdirəlayiqdir ki, Mərkəzin oxucularla daha operativ əlaqə qurulması və elektron kitablardan istifadənin təminatı istiqamətdəki fəaliyyəti nümunəvi sayılır. Hazırda Mərkəzin "Rəqəmsal kitabxana" modeli 3 istiqamətdə inkişaf etdirilir: onlayn tədris resursları; virtual kitabxana (calameo.com); elektron resursların (pdf) zənginləşdirilməsi. Bu model əsasında oxuculara virtual xidmət göstərilir. ADMİU-nun 21 kafedrası və MBA proqramı çərçivəsində hazırlanmış onlayn tədris resurslarından ibarət rəqəmsal verilənlər bazasında oxucular Kitabxana-İnformasiya Mərkəzinin İnternet səhifəsinə daxil olmaqla istifadə edirlər. EDUMAN platformasında "müəllim kabineti" və "tələbə kabineti" vasitəsilə onlayn tədris resurslarına birbaşa keçid təmin olunmuşdur. Oxucuların onlayn tədris resurslarından operativ istifadəsini təmin etmək məqsədilə 8 bənddən ibarət "Kitabxana-İnformasiya Mərkəzi üzrə istifadəçi təlimatı" hazırlanaraq saytda yerləşdirilmişdir.

Mərkəz tərəfindən interaktiv nəşrlər yaratmaq üçün ən mükəmməl xidmətlərdən biri olan "Calameo.com" portalında virtual kitabxana təşkil edilmişdir.

ADMİU-nun rəsmi internet saytında Kitabxana-İnformasiya Mərkəzinin xüsusi veb səhifəsi fəaliyyət göstərir. Bu səhifə özündə müxtəlif fəaliyyət istiqamətlərini əks etdirən: "Elektron kataloq", "Tədris nəşrləri", "Nadir kitablar", "Onlayn xidmət", "Bizim nəşrlər", "Elektron məlumat bazaları" bölmələrində informasiya ehtiyatlarını istifadəçilərə təqdim edir. İnternet səhifəsinin xüsusi "Virtual sərgi" hissəsində fonda daxil olan yeni sənəd-informasiya resursları annotasiya ilə birlikdə oxucuların diqqətinə çatdırılır. Mərkəzin fəaliyyəti ilə bağlı ADMİU-nun saytında, Facebook, Instagram, Linkedin və Youtube sosial media platformalarında müntəzəm olaraq xəbərlər paylaşılır və həyata keçirilən layihələr işıqlandırılır.

Qeyd olunan bütün müsbət məqamlar bir daha təsdiq edir ki, 100 illik fəaliyyəti dövründə ADMİU-da kitabxanaçılıq və informasiya fəaliyyəti zəngin tarixi inkişaf yolu keçmişdir. Profilə uyğun sənəd-informasiya resurslarına malik fondun formalaşması, kitabxana-biblioqrafiya və informasiya xidmətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlər, universitetin bütün fəaliyyəti dövründə əldə etdiyi mühüm elmi-mədəni nailiyyətlərdən birini təşkil edir. Bu gün Kitabxana-informasiya mərkəzi informasiya cəmiyyətinin kitabxanaların qarşısında müəyyən etdiyi tələblərə tam cavab verir. Kitabxana-informasiya fəaliyyətinin yaxşılaşdırılması, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, oxucuların informasiya təminatının artırılması, eləcə də, kitabxananın dünya informasiya məkanına daxil olmasının təmin edilməsi ilə bağlı vəzifələr müvəffəqiyyətlə icra olunur. Sevindirici haldır ki, elektron kataloq və rəqəmsal kitabxana şəbəkəsinin inkişafı ilə bağlı müasir informasiya texnologiyalarının istifadə göstəricisinə görə ölkəmizin ali təhsil müəssisələri kitabxanaları arasında qabaqcıl mövqedə dayanır. ADMİU-nun Kitabxana-informasiya mərkəzi bundan sonra da innovasiya fəaliyyəti ilə mədəniyyət və incəsənət sahələrində elm və təhsilin informasiya potensialının optimallaşdırılması, professor-müəllim heyətinə, tələbələrə, alim və mütəxəssislərə göstərilən kitabxana-biblioqrafiya və informasiya xidmətinin modernləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmindədir.

 

Tamilla ƏSGƏROVA

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzinin müdiri

525-ci qəzet.- 2024.- 2 fevral, ¹20.- S.10.