İrəvandakı
dini-mənəvi və tarixi abidəmiz: Göy Məscid
Minillər boyu xalqımızın öz əzəli-əbədi
torpaqlarında qurub-yaratdığı maddi-mənəvi dəyərlərin
böyük tarixi var. Daş kitabələrdən üzü
bu yana, qədim tikililər, möhtəşəm abidələr,
dini məbədgahlar milli varlığımızın, mədəniyyətimizin
zəngin xəzinəsi timsalındadır. Yurd yerlərimizdə
bu gün də mövcud olan abidələrin qalıqları
öz dövrünün tarixini, xalqımızın dərin
mənəviyyatını əks etdirir.
Bu mənada qədim Oğuz ellərindən sayılan
Qərbi Azərbaycanda da xalqımızın yaşam tarixinin,
mədəniyyətinin maddi dəlili olan abidələrimiz, məbədgahlarımız
xatırlandıqca yaddaşımız közərir. Bədnam
erməni qonşularımız, işğalçı Ermənistan
dövləti zaman-zaman bu tikililəri dağıtmaqla həmin
ərazilərdən izimizi itirməyə
çalışıblar. Fəqət unudublar ki, tarixin
yaddaşı etibarlıdır, o heç nəyi unutnur,
özünün daş yaddaşında hifz edir.
Xəyanətkar ermənilər ötən əsrin
sonlarından o yerlərin əsl sakinləri olan
soydaşlarımızı son nəfərinə qədər
qovub çıxarmaqla saysız-hesabsız cinayətlər
törətdilər. Şəhər və kəndlərimizin,
bütün yaşayış məskənlərimizin
adını dəyişdirdilər, o cümlədən, qədim
tikililərimizi, abidələrimizi dağıtdılar. İrəvanda
azərbaycanlıların ibadət yeri olan 8 məsciddən ən
möhtəşəmi -Hüseynəli xan Məscidi (Göy Məscid)
də təcavüzkarlığa məruz qaldı, ötən
əsrin əvvəllərində bir neçə dəfə
(1918, 1955) yandırıldı. Qansız, rəhmsiz
daşnaklar uşaqlara, din xadiminə, alimi-üləmalara
qıydılar, ibadət vaxtı məscidə od vuraraq
yandırdılar... Zaman-zaman başına olmazın müsibətləri
açılan Göy Məscid sonradan başqa məqsədlər
üçün istifadə edildi. Nəhayət, İran
şirkətlərinin yardımı ilə rekonstruksiya olunaraq
beynəlxalq aləmə "Fars məscidi" kimi təqdim
olundu. Deyirəm, bu müqəddəs məbədgah canlı
olsaydı, dil açıb özünün tarixi, elmi-ictimai
taleyindən, şahidi olduğu faciələrdən acı-acı
danışardı...
Müxtəlif vaxtlarda tarixçi alimlərin, tədqiqatçıların
bir sıra abidə və məbədgahlarla yanaşı,
Göy Məscidlədə bağlı araşdırmaları
ortaya çıxıb. Bu sətirlərin müəllifi də
həmin məscidlə bağlı tədqiqat xarakterli
yazı ilə mətbuatda çıxış edib. İndi
mövzuya yenidən qayıtmaqla Hüseynəli xan Məscidinin
tikildiyi tarixdən başlamış, fəaliyyət göstərdiyi
zamanlarda bu məbədgaha edilən maddi, mənəvi
basqılarla bağlı 100 ildən də bir qədər əvvəl
yazılmış mükəmməl bir məqaləyə
diqqət çəkmək, münasibət bildirmək niyyətindəyik.
Xatırladaq ki, Göy Məscid haqqında "Təhvil"
imzası ilə yazılmış məqalənin müəllifi
XX əsrin əvvəllərində İrəvan ədəbi
mühitinin görkəmli nümayəndəsi, şair,
yazıçı-publisist, felyetonçu, "Bürhani-həqiqət"
jurnalının redaktoru və baş yazarı Əli Məhzun
Hacı Zeynalabdinzadə Rəhimovdur. Təhvilin adıçəkilən
jurnalda dərc etdirdiyi bu məqalədə məqsədi
İrəvanda "Göy Məscid"ə sahib
çıxmağa çalışan üzdəniraq ermənilərin
məzkur məscid haqqında uydurduğu yalanları ifşa
etmək olmuşdu. Məqalə "Bürhani-həqiqət"in
1 yanvar 1917-ci ildə dərc edilib. İlk olaraq qeyd etməliyik
ki, Təhvilin məscidlə bağlı yazısında məlumatlar
çoxfaktlıdır.
Məqalənin ilk sətirlərində oxuyuruq: "Həmin
fövqdə basılmış məscid əksi (şəkli)
İrəvanda əski binalardan ədd olunan (hesab edilən)
"Məscidi-came"-"Göy Məscid"in əksidir.
Həmin məscid 1178 səneyi-hicridə bina olunmuşdur. Məscidin
tağında yazılmış həmin misra "Əfkəndə
əksi dər İrəvan məscidül-həram" əbcədi-kəbir
hesabı ilə məscidin tarixi-binasını göstərir.
İrəvan şəhəri hənuz İran
hökumətinin təhti-idarəsində olduğu zaman
1756-cı səneyi-miladidə İrəvanda hakimlik edən Nəcəfqulu
xan Qacarın (Bəzi mənbələrdə Həsənəli
xan Qacar göstərilir - Ş.N.) oğlu Hüseynəli xan tərəfindən
həmin məscid bina olunmuşdur. Lihaza (buna görə) bina
etdirən şəxsin adı ilə "Hüseynəli xan Məscidi"
dəxi təsniyə olunur (adlanır). Deməli ki, Rusiya
hökuməti İrəvanı müsəxxər (zəbt)
etmədən 72 sənə müqəddəm həmin məscid
bina olunubdur. Hal-hazırda yaşayıb durmaqdadır".
Məqalədən iqtibas etdiyimiz bu hissədə
mühüm olan iki məqama diqqət edək. Təhvil məscidin
hicri tarixi ilə 1178-ci ildə inşa edildiyini göstərir.
Ardınca yazır ki, məscidin tağında
yazılmış həmin misra "Əfkəndə əksi
dər İrəvan məscidül-həram" əbcədi-kəbir
hesabı ilə məscidin tarixi-binasını göstərir.
Müəllifin yazdığı kimi, əbcədi-kəbir
hesabı oxunduqda məscidin hicri - 1175, miladi - 1762 ildə
tikildiyi məlum olur. Sözün bu məqamında bəzi mənbələrdə
Göy Məscidin inşası ilə bağlı qeyd
olunmuş tarixlərə nəzər salaq. "İrəvan
necə varsa" (Bakı: 2022) kitabında məscidlə
bağlı məlumat-məqalədə Az.Res. Dövlət
arxivinin 1949-cu ilə aid arxiv sənədinə istinadən
Göy Məscidin 1776-cı ildə inşa olunduğu göstərilir.
Vikipediya məlumatında isə erməni əsilli amerikan
tarixçisi Corc Burnutyana istinadən məscidin 1762-1783-cü
illərdə, M.Arutunyanın araşdırmasına əsasən
bu məbədgahın 1764-1768-ci illərdə tikildiyi qeyd
olunmuşdur (Digər araşdırmalarda isə başqa
faktlarla qarşılaşdıq). Xatırladaq ki, məqalənin
müəllifi Təhvil - Əli Məhzun İrəvanda
doğulmuş, fəaliyyəti, ədəbi
yaradıcılığı bu şəhərlə
(ömrünün son bir neçə ilini Gəncədə
yaşamışdır. Ş.N.) bağlı olmuşdu.
Heç şübhəsiz, o da İrəvanın sakini kimi
Göy məscidi ziyarət etmiş, məbədgahın
gözqamaşdıran gözəlliyindən,
daş-divarlarına, tavanına həkk olunmuş memarlıq
incilərindən heyrətlənmiş, orada ibadət
etmiş, məscidin inşası ilə bağlı
tağında yazılmış misranı oxumuş, onun "əbcədi-kəbir
hesabı ilə" tarixini görmüşdü. Fikrimizcə,
Göy məscidin tağında bina olunduğu tarixi səhih məxəz
hesab etmək doğru olar.
Məqalədə məscidin inşası ilə
bağlı yazdığı fikrin ardınca müəllifin
bir qeydində isə yanlışlığa yol verdiyi diqqətimizi
çəkdi. Deyir, Rusiya hökuməti İrəvanı
müsəxxər (zəbt, işğal) etmədən 72 sənə
müqəddəm həmin məscid bina olunubdur. Hal-hazırda
yaşayıb durmaqdadır". Məqalənin
yazıldığı tarix və "Bürhani-həqiqət"də
dərc olunması 1917-ci ildi. Çar Rusiyasının İrəvan
qalasını işğal etməsi, İrəvan
xanlığının süqutu isə 1927-ci ildə baş
verib. Ə.Məhzun 10 il sonra yaşanılan tarix haqqında
necə məlumat verə bilərdi, bax bu fakt qəribə və
anlaşılmaz səslənir.
Məqalə müəllifi Təhvil bundan sonra əsas
mətləbə keçərək, bir erməni
müxbirinin məscidlə bağlı cəfəng, uydurma
fikirlərindən narahatlığını bildirir. İrəvanın
azərbaycanlı ziyalısının narahatlığı əbəs
deyildi. Çünki həmin dövrdə Rusiyada böyüməkdə
olan siyasi hadisələrin inqilab dalğası Zaqafqaziyaya da gəlib
çatmışdı. Bu siyasi mübarizələrdən
öz məqsədləri üçün istifadə edən
haylar da hər yerdə olduğu kimi, İrəvanda da
ixtişaşlar törədərək azərbaycanlıları
sıxışdırıb, evlərindən didərgin
salmağa, onların yerini Türkiyədən gəlmiş
ermənilərin zəbt etməsinə nail olmuşdular. Qədim
yurd yerlərimizdə təzə-təzə məskunlaşdıqlarına
baxmayaraq, şəhər və kəndlərimizin, qəsəbələrimizin
adlarını dəyişir, tarixi-mədəni abidələrimizə
qarşı qəsdlərə başlayırdılar.
Görün, erməni müxbiri bizim "Göy məscid"
haqqında nələr uydurubmuş. Təhvil yazırdı:
"Solntse Rossii" jurnalının 279-cu nömrəsində
həmin məcmuənin xüsusi müsəvviri (rəssamı)
"Ter-yan"ın Bədayei-sənayeyindən (İncəsənət
abidəsi) hesab olunaraq həmin İrəvan məscidinin
fövqdəki qərar ilə əksi basılaraq "Van məscidi"
adlanmışdır.
"Solntse Rossii" jurnalının həmin hərbi
müxbir və müsəvviri "Ter-yan" qonşunun
bişmiş toyuğu güldürəcək belə müsəvvirliyi
həmin məcmueyi-mətinənin dəxi nə qədər
"doğruçu olduğuna", qarelərinə"ter-yan"lardan
alınmış "ən müvəssəq" (doğru)
xəbərlər oxutdurduğuna və eynindən
alınmış (həmin məscid kimi) fotoqraf əksləri
tamaşa etdirdiyinə şübhə buraxmayır".
Şübhə etmirik ki, həmin dövrdə xain,
fitnəkar ermənilərin azərbaycanlılara qarşı
törətdiyi cinayətlərin, şəhər və kəndlərimizin
yandırıldığı, mal-mülklərimizə edilən
basqıların tüğyan etdiyi bir zamanda Əli Məhzunun
haylardan çəkinmədən, qorxmadan, doğru olanı mətnlərində
cəsarətlə aşkara çıxarması,
yazıçının milli təəssübkeşlik
hissinin, azərbaycançılıq yanğısının
təcəssümü idi. Oxuyuruq:
"Əcəba! "Ter-yan" qonşunun atkritkalar
üzərində basılıb bütün Qafqaz və
Rusiyada nəşr olunmuş şu İrəvan məscidi
fotoqrafının "Van məscidi" deyə "Solntse
Rossii"nın sütununda ənzari-ümumun (camaatın)
tamaşasına qoyması ümumrusiya əhalisini, daha
doğrusu, Rusiya müsəlmanlarını kor hesab etmək
deyil də bəs nədir? Zənnimcə, "Ter-yan"
qomşu "Vanı" yuxusunda belə görməmiş
ki, İrəvanın əvvəlki hecasını bəl edərək
(udaraq) Van yazmışdır".
Ter-yanın həyasızlığı o dərəcəyə
çatıbmış ki, "Hüseynəli xan Məscidi"nin
şəklini "Van məscidi" kimi təbliğ etməklə
azərbaycanlıların mədəni-tarıxi abidəsini,
dini məbədgahını mənəvi unutqanlığa məhkum
etməyə çalışırmış. Şübhəsiz,
bu işlər daşnaksütun partiyasının qəddarlıq
və hiyləgərliklə müşayiət olunan
planlarının tərkib hissəsi imiş.
Yeri gəlmişkən, həmin 1917-18-ci illərdə
hayların "Böyük Ermənistan" yaratmaq məqsədilə
apardığı iyrənc siyasətin təsiri altında xəstə
təfəkkürlü millətin huya getməsi, xəyanətlərə
əl atması, yurdlarımızda törətdikləri cinayətlər
barədə İrəvan ziyalıları Bakı mətbuatında
həqiqəti əks etdirən məqalələrlə sos
qaldırırdılar.
Haqqında bəhs etdiyimiz "Hüseynəli xan Məscidi"nin
son sətirlərinə diqqət edək: "Oqonyok"
jurnalının 12-ci nömrəsində dəxi Tiflisdə
Vorontsov küçəsi başındakı
meydançanın əksi "Ərzurumda bazar meydanı"
adı ilə basılmışdır. Hər halda həmin mətin
məcmuələrin necə bir doğruçu müsəvvirləri
olduğuna hər kəs "hökm edə" bilər".
Göründüyü kimi, Hüseynəli xan Məscidi
çox ağır, məşəqqətli bir tale
yaşayıb. 4 minarədən 3-ü
dağıdılıb, divarlarında, tağındakı
yazılar onun inşası tarixini, daha başqa bilgiləri,
ümumən izimizi itirmək məqsədilə silinərək
yox edilib. Amma tarix qalıb. İrəvan xanlığına məxsus
olan hər şey - xəritələr, qədim fotolar, toponimlər,
görkəmli şəxsiyyətlərimizin həyat-yaşam
salnamələri tarixi sənədlərdə yaşayır.
Bu gün Qərbi Azərbaycana ləyaqətli
qayıdışımızı gerçəkləşdirməkdən
ötrü ucalan səsimiz beynəlxalq aləmdə əks-səda
verir. Zaman gələcək, biz dədə-baba
torpaqlarımızdan olan Qərbi Azərbaycana da
qayıdacağıq. Yəqin, oyerlərin torpağı,
daşı, qayası, buz bulaqları da doğma sakinlərindən
ötrü qəribsəyib. O yerlərə
dönüşümüzdə sönmüş
ocaqlarımızı yenidən alışdıracaq,
Hüseynəli xan Məscidində - yəni günbəzində,
tağında, tavanında göy rənglərin çox
işləndiyi Göy Məsciddə Uca Yaradana
şükranlıqla ibadət edəcəyik.
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.- 3 fevral, №21.- S.23.