ÖMRÜ BOYU ALTUNUNU PAYLAYAN
Onun dövründə sərvət toplamağın
cürbəcür çeşidləri vardı. Biri
çoxlu xalı-xalça yığırdı, bir
başqası sürüsünün böyüklüyü,
mal-qarasının çoxluğu ilə varlıydı, bir
ayrısı kağız pula, bir digəri qızıla, ləl-cavahirata
üstünlük verirdi. O, Nikolay dövründə də
yaşadı, Müsavat dönəmində də, sovetin təzə-təzə
ayaq tutan çağlarının vur-tutlu illərindən də
keçdi, müharibə də gördü, bir-birinə bənzəməyən
Stalin, Xruşşov, Brejnev əyyamlarını da
sürdü və həmin dəyişən zəmanələrdə
sabit qalan az şeylərdən birinin insanların əlində-ovcundakılardan
nələrisə dala atmaq, sabahkı gün üçün
var-dövlət cəmləmək ehtirasının
olmasına şahid kəsildi.
O da hamı kimi adam idi, o da insanlara xas bu dəyişməz
həvəsdən yan keçə bilmədi - ömrü
uzunu yığdı. Ancaq aktyor, müğənni
Hüseynağa Hacıbababəyov həyatı uzunu
yığdıqlarını öz son nəfəsinin
çatdığı dəqiqələrədək gizli
saxlayaraq vəsiyyətini sonda edənlərdən olmadı. O
sərvət ki ta cavanlığından toplamağa
başlamışdı, altmışı ötüb
yetmişə yaxınlaşmağa üz qoyduğu
çağlarda qərara aldı ki, nə qədər
sağdır, bu sərvətini bölüşdürsün.
Bəlkə də (bəlkə yox, elə həqiqətən
də) o mirasın bir yerdə, bir əldə olması daha
yaxşıydı. Ancaq nəsə belə istədi ki,
bölüşdürsün, bu sərvət bir neçə əldə
qalsın. Həyatın çətin sınaqları onu
öyrətmişdi ki, ehtiyatı heç vaxt əldən
vermək olmaz, qoy topladıqlarının bir qismi nə səbəbdənsə
itib-batsa da, heç olmazsa obiriləri qalsın. Ona çox əziz
olan xəzinəsinin evdə, ailədə qalmasını
lazım bilmədi, özü sağkən tamam-kamal
paylaşdırıb qurtardı. Evdə də söz deyən
olmadı ki, niyə onlardan bizə heç nə
saxlamırsan. Qınamayın ki, niyə belə etdi. O, sədaqətli
ər, qayğıkeş ata, nəvazişkar baba idi. Amma bu sərvət
ki ömrü boyu toplamışdı və indi həyatının
sonuna doğru başqaları arasında
bölüşdürürdü, sırf onun
özününkü idi və burasını da gözəl
anlayırdı ki, o əllərə ki bu mirası təhvil
verir, orada qədir-qiymətini evdəkilərdən də
yaxşı biləcəklər.
Hüseynağa Hacıbababəyovun həmin mirası
vəzncə yüngül olsa da, sayca çox idi, amma
hamısı köhnə bir qovluğa
sığmışdı. Bilirəm, xəzinə, dəfinə
söhbəti elə məsələdir ki, hər adam o barədə
eşidincə ixtiyarsız qulaqları şəklənir və
istəyir mətləbin sonuna tez çatsın. Mən də
sizi çox üzməyim. Hüseynağa Hacıbababəyovun
yarım əsrdən də bir az artıq müddətə
toplanaraq iri bir qovluğa sığmış, nəhayətdə
üç yerə bölünmüş sərvəti
müxtəlif illərə aid irili-xırdalı qəzet kəsikləri,
fəxri fərmanlar, teleqramlar, məktublar idi. Ömrü boyu
qazandığı ailəsini dolandırmağa elə
başabaş çatmışdı və yığa bildiyi
də bunlar olmuşdu. İndi zaman sovuşandan sonra,
özünün lap çoxdan həyatda olmadığı
günlərdə həmin qəzet kəsikləri
Hüseynağa Hacıbababəyovun yaşadığı illərdəki
xoşbəxt saatlarını, günlərini, aylarını
bir güzgü kimi dəqiq göstərir. Ancaq o
güzgü, elə bil ki, parçalanıb, tikələri
müxtəlif arxivlərə, muzeylərə səpilib. Dənə-dənə
yığıb yan-yana qoyuram ki, ömrün bütöv
xoşbəxtlik mənzərəsi üzə
çıxsın.
Hüseynağanı "Arvad tumanı geyib səhnəyə
çıxmısan" deyə təhqir edirdilər,
ölümlə hədələyirdilər, ancaq o, Leyliliyini
davam etdirirdi və "Səda-yi həqq"də
çıxan iri məqalədəki ona aid bircə cümlə
bütün o təhdidləri, hərbə-zorbaları
onunçün mənasızlaşdırırdı, o bircə
tərifli cümlə ona sadəcə ürək-dirək
vermirdi, teatra olan eşqini qat-qat artırırdı:
"Hüseynağa Hacıbababəyov Leyli rolunda məharətlə
çıxış edərək tamaşaçıları
oxuması və oynaması ilə valeh etdi. Xüsusən
"Xoşdur nə qədr eyləsə yarım cəfa mənə"
qəzəlini elə təsirli oxudu ki, salondakı
tamaşaçılar hönkürtü ilə
ağlaşdılar".
Yaxşı, gənclik uğurlarının şahidi
olan bu qəzet parçasını illərlə ən əziz
yadigar kimi necə saxlamayaydı, onu cavanlığına
qaytaran bu kiçicik yazını tez-tez ilk dəfə
görürmüş kimi oxuyub hər dəfə təzədən
necə fərəhlənməyəydi!
1915-ci ildə Hüseynağanın 17 yaşı
vardı və Abbas Mirzə Şərifzadə Petrovsk, Dərbənd,
Vladiqafqaz və Temirxanşuraya qastrol səfərinə
aparacağı dəstəyə Hüseynağanı da daxil
etmişdi. Hüseynağa orada Əslini çox gözəl
ifa etmişdi, Abbas Mirzə də, digər təcrübəli
səfər yoldaşları da onu xeyli tərifləmişdilər.
Ancaq ən səmimiyyətlə, ən ürəkdən
söylənən sözlər də uçub gedir, balaca
afişasa ki həmin səfər üçün məxsusi
hazırlatdırmışdılar və
Hüseynağanın da adı orada xırdaca hərflərlə
yazılmışdı, nə qədər şirin olsa da,
söylənincə uçub gedən söz kimi deyildi - həmişəlik
qala bilirdi və Hüseynağa da həmin afişanı
köhnə qovluğunda sərvətlərindən biri kimi əzizləyərək
saxlayırdı. İllər boyu yüz dəfələrlə
açılıb baxıldığından qat kəsmiş
o afişa Hüseynağanın nəzərində
ömür teatrının pərdəsi kimi idi.
Çünki hər sözünü, hətta hər
qırışını belə əzbər bildiyi o əski
afişanı hər dəfə qat-qat açanda sanki səhnədəkinə
bənzər bir pərdə ağır-ağır çəkilirdi
və ağrıları, əziyyətləri,
yorğunluqları candan getmiş, hafizədə və ürəkdə
yalnız ən xoş təəssüratları qalmış
ötən günlər, ömür tamaşasının
lövhələri bir-bir göz önündən
keçirdi.
"Sərvətlər" qovluğundakı bir
başqa "inci" də qayıtmaz gəncliyi geriyə
döndərə bilən idi. Xəsis qəzet xəbəri
ki, Üzeyir Hacıbəylinin rəhbərliyi ilə opera heyəti
Gəncə və Tiflisə qastrol səfərinə gedəcək.
Heç o xəbərdə Hüseynağanın adı da
yoxdur. Amma həmin xırdaca yazı onunla həmsöhbət
ola, 18 yaşındaykən yaşadığı sevincin
sonrakı çox 18 illərdə səngiməyəcək həyəcan
və qürurunu təzələyə bilirdi. Hüseynağa
haqqında çoxdan eşitdiyi Cəlil Məmmədquluzadəni
Tiflisdə ilk dəfə görüb tanış olmuşdu -
"Molla Nəsrəddin"in redaksiyasında
"Ölülər"i oxuyurmuşlar. Elə oradaca məsləhət
olur ki, Hüseyn Ərəblinski pyesi Bakıda göstərmək
üçün hazırlasın.
O qısa xəbərə baxınca
Hüseynağanın "yaddaş kinomexaniki"
başlayırmış ömür lentini fırlatmağa,
anlar içində Tiflisdən qayıdırmış
Bakıya, danışırmış ki, bir qızmar yay
günü idi, "İsmailiyyə"nin yanında
Mirzağa Əliyevlə rastlaşdım, Mirzə Cəlilin
Bakıya gəldiyini, "Ölülər"in
rollarının bölünəcəyini xəbər verdi.
Söyləyirmiş ki, axşam getdim Mirzə Cəlilin
görüşünə, "İslamiyyə"
mehmanxanasında yığışmışdılar - məclisə
Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov,
Üzeyir bəy, Abdulla Şaiq, Sarabski, daha neçə
tanınmış gəlmişdi.
Nağıl edirmiş ki, o gün bu da qət edildi ki,
"Ölülər"in ilk tamaşasında Kefli İskəndər
Mirzağaya, Şeyx Nəsrullah Əliqulu Qəmküsara, Kəblə
Fatma Yunis Nərimanova, Nazlı surəti də mənə
verilsin.
Bir kağız qırığı yaddaşı belə
tərpədə, düşüncədə bu qədər
nurlu simaları canlandıra, keçmiş günlərin bəxtiyarlığını
an-an yenidən yaşada bilirdisə, əlbəttə ki,
Hüseynağa Hacıbababəyov o cür tikə-paraları
inci də saymaqda, zinət də hesab etməkdə haqlı
idi.
Ancaq "Ölülər" söhbətinin
ardı bir para dəqiqləşdirmələrlə bir
başqa qəzetdə də qalıb. 1967-ci il dekabrın son
günlərində "Bakı" axşam qəzeti elə
Mirzə Cəlilə yaraşan bir görüş
keçirir. Redaksiyaya yaddaşında Mirzə Cəlilli xatirələri
daşıyanları dəvət ediblərmiş və
ayın 27-də bütöv bir səhifədə həmin
söhbət də verilir, o şahid qonaqların birgə
çəkilmiş şəkli də - Mustafa Mərdanov,
Süleyman Məlikov, Məmmədəli Nasir, Sona Hacıyeva,
Ələkbər Hüseynzadə, rəssamlar İsmayıl
Axundov, Qəzənfər Xalıqov, ədəbiyyatçı,
teatrşünas alimlərdən Cəfər Cəfərov,
Abbas Zamanov, Əziz Mirəhmədov da buradadırlar. Elə dəyirmi
masadakı söhbətləri yönəldən də
onlardır.
"Müasirləri Mirzə Cəlil haqqında"
adlı həmin səhifədə ən birinci
Hüseynağa Hacıbababəyov danışır. İlk
tamaşa gününün bu təfərrüatını da
xəbər verir ki, birinci cərgədə Bakı
qoçuları əyləşmişdilər. Hamımız
narahat idik, həm həyəcanlıydıq, həm də
qorxu vardı canımızda ki, bunlar axırda bir
qanqaraçılıq salmasa yaxşıdır. Ancaq
tamaşa bitəndə hamı vəcdə gələrək
ayağa qalxmışdı, elə gurultulu alqış qopdu
ki, deyəsən, camaatın bu qırımı
qoçuları da nəsə şuluq salmaqdan çəkindirdi.
Tamaşaçılar Mirzə Cəlili kəsilmək bilməyən
alqışlarıyla dəfələrlə səhnəyə
gətirdilər. Qoçulardan bizə dəyib-dolaşan
olmadı.
Əziz Mirəhmədov soruşur ki, məşqləriniz
çoxmu çəkdi, tamaşanı nə müddətə
hazırladınız?
"Tez hazırladıq, hamı öz rolu üzərində
çox həvəslə işləyirdi. Cəmi 20-25 gün
ancaq çəkdi". O yandan Cəfər müəllim xəbər
alır ki, Cəlil Məmmədquluzadə məşqlərə
gəlirdimi?
"Bəli, beş-altı dəfə gəldi, məşqlərimizdə
iştirak edirdi, hər dəfə xeyirli məsləhətlər,
göstərişlər verirdi".
Əziz Mirəhmədov dübarə soruşur ki,
"Ölülər"in bu ilk iki tamaşasının
ikisində də tamaşaçı çox idimi?
Hacıbababəyov deyir ki, birinci tamaşada adam nisbətən
az idi, əksəriyyəti də ziyalılardı. Ancaq ikincidə
Tağıyev teatrı ağzınadək dolu idi. Bunu da əlavə
edir ki, Tiflisdən xanəndə Seyid Şuşinskini də dəvət
etmişdilər, pərdələr arasındakı fasilələrdə
oxuyurdu. Canlı şahidlər, işin içində olub sərrast
suallar verə bilmək budur - vaxtında belə suallar verilməsəydi,
şahidlər gerçəkləri olduğu kimi
açılamasaydılar, bu ayrıntıları haradan bilərdik?!
Əziz Mirəhmədov Hacıbababəyovdan sorur ki, deyirlər,
üçüncü tamaşada sonda tamaşaçılar nə
qədər alqışlasalar, müəllifi dəvət etsələr
də, Mirzə Cəlil səhnəyə
çıxmayıb, elan ediblər ki, bəs Məmmədquluzadə
xəstədir. Hacıbababəyov həmin qaranlıq mətləbə
də aydınlıq gətirir: "Mirzə Cəlil təvazökarlıqdan
səhnəyə çıxmadı".
1967-ci ilin qurtaracağında bu etirafını edəndə
Hüseynağa Hacıbababəyov yarım əsrdən
artıq səhnə təcrübəsi olan,
alqışların hər növünü görmüş
sənətkar idi, amma "Ölülər"in birinci
tamaşası gününü anaraq, 1916-cı ildə
qalmış həmin qərib axşama qayıdaraq təsdiqləyirdi:
"Mən bütün səhnə fəaliyyətim ərzində
belə gurultu qoparan tamaşa, belə alqışları az
görmüşəm".
...1944-cü il iyunun 26-da Tehranda rusca
çıxmış "Novosti dnya" adlı qəzetdən
öz imzası ilə dərc edilmiş məqaləni də
ömrün bir ayrı fəslinin - İrana üç
aylıq qastrol səfərlərinin nişanəsi kimi
saxlayıb (qəzetin o tarixədək çıxmış
ümumi sayından belə anlaşılır ki, bu, gündəlik
qəzetmiş, yəqin, 1942-ci ildən İrandakı sovet
kontingenti xətti ilə buraxılırmış) və orada
yazır ki, "Mən böyük məsuliyyət hissi ilə
bizə dost olan ölkədə - İranda yeni
tamaşaçılar qarşısında
çıxış edirəm. Kollektivimizin vəzifəsi
İran xalqına Azərbaycan incəsənətinin nailiyyətlərini
nümayiş etdirməkdir".
Başqa adam üçün bu, xüsusi hisslər
oyatmayacaq adicə bir qəzet məqaləsidir, ancaq
Hüseynağa bu əl boyda məqaləsini qəzetdən kəsərək
bir sərvət parçası kimi illərcə ona görə
qoruyurdu ki, həmin yazı sənətkarı sonralar
yalnız 1944-cü ilin yayına deyil, daha əvvəlki illərə,
İranda şəhər-şəhər dolaşaraq konsertlər,
tamaşalar göstərdikləri başqa çağlara da
apara bilirdi. İrana birinci dəfə 1917-ci ildə
Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Nurməmməd Məmmədov,
Mustafa Mərdanov və digərləri ilə səfərə
çıxmışdı, Ənzəli və Rəştdə
olmuşdular, həm operalardan, musiqili komediyalardan parçalar
göstərmişdilər, həm konsertlər vermişdilər.
Ancaq 5 il sonra İrana, həmin Rəştə, Ənzəliyə,
oradan da Qəzvinə gedib konsertlər vermək
Hüseynağaya bir də nəsib oldu. Həm də 1922-ci ildəki
səfər daha hansısa səhnə xadiminin təşəbbüsü
deyildi. Onları İrana dövlət əliylə
yollamışdılar. Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsi onu, Məmmədtağı Bağırovu, bir də
artist Hüseyn Xəlilovu İran qastroluna "Aclara
yardım" kampaniyası çərçivəsində
göndərmişdi ki, verilən konsertlərdən toplanan
pullar kasıb əhalinin nəfinə sərf edilsin. Nəzərdə
tutulubmuş ki, Azərbaycandan gələn heyət Tehrana da
getsin, bizimkilər ümidliymiş ki, daha çox vəsait də
elə orada toplanar. Ancaq Tehrana getməkçün heyət
icazəni İrandakı İngiltərə konsulxanasından
almalıymış, onlarsa Şura Azərbaycanından olanlara
icazə sənədləri verməkdən imtina edirlər.
Üstündən xeyli müddət sovuşandan sonra hər
halda Hüseynağaya Tehrandakı səhnələrdə
çıxış etmək də qismət olur. Yadigar qəzetini
saxladığı həmin 1944-cü ildə daha
İrandakı hansısa şəhərə getməyə
yasaq yoxdu. Bu qastrollar İrandakı sovet ordu hissələrinə
mədəni xidmət məqsədi ilə təşkil
edilmişdi və ora SSRİ-dən gedənlərin
böyük hissəsi də Azərbaycandan olanlardı.
Əvvəlki gəlişlərində olan kimi, Rəştə,
Ənzəliyə, Qəzvinə, üstəlik, Astaraya,
Ərdəbilə, Pəhləviyə də gedirlər, amma
bu dəfə həm də Tehrana yetişirlər, burada bir
yox, üç uğurlu konsert verirlər. "Vətən
yolunda" qəzetinin 1944-cü il iyulun 24-də
çıxmış sayında ayrıca bir səhifə Azərbaycan
musiqiçilərinin İranda bir-birindən təntənəli
keçən konsertlərinə və sənətkarların
Təbrizə gəlişinə həsr edilmişdi. Həmin
səhifədə Azərbaycan musiqiçilərindən təkcə
Hüseynağanın şəkli verilib. Mərkəzdə Azərbaycan
sənətçiləri heyətinin bədii rəhbəri
Əfrasiyab Bədəlbəyli ilə müsahibə yer
alır. Yuxarıda ümumi başlıq: "Sovet Azərbaycanı
artistləri Təbrizdə". Bədəlbəyli ilə
müsahibənin sağında-solunda Azərbaycan artistlərinin
Təbrizə gəlməsi ilə əlaqədar müxtəlif
rəylər yer alır. Onlardan biri məşhur İran xanəndəsi,
əslən azərbaycanlı olan Əbülhəsən xan
Azər İqbal Soltanın salamlamasıdır. Daha sonra Təbrizin
Firdovsi adına teatr heyətinin təmsilçilərinin,
şair Əli Fitrətin və bir neçə
başqasının təbrikləri, Qulam Məmmədlinin
"Təbrizdə birinci konsert" adlı məqaləsi gəlir.
Əfrasiyab Bədəlbəyli müsahibəsində söyləyirdi
ki, "dəstəmiz bəzi yerlərdə açıq
meydanda tamaşa vermişdir. Bu tamaşalar sırasında Pəhləvi
şəhər bağında və Ərdəbil nahiyəsindəki
Nəmin kəndində verdiyimiz konsertləri xüsusilə
göstərmək olar. Bu kənddəki
tamaşaçılar içərisində hələ
ömründə teatr və konsert görməyən adamlar da
az deyildi. Buranın əhalisi dəstəmizin onların kəndində
dayanıb konsert verməsindən olduqca razı
qalmışdır. Dəstəmiz bugündən etibarən Təbriz
şəhərində öz konsertlərinə
başlayır. Təbriz əhalisi bu konsertlərdə Azərbaycanın
məşhur sənətkarlarından Xan Şuşalı,
Hüseynağa Hacıbababəyov, Qəmər xanım Almaszadə,
Sona Mustafazadə, Əlövsət Sadıqov, Ağababa
Bünyadzadə, Sara xanım Qədimova, Zəhra xanım Rəhimzadə
və başqa artistlərin, musiqiçilərin, habelə rəqs
və sazçalan qızlar dəstələrinin
çıxışlarına tamaşa edəcəkdir".
Təbrizdəki ilk konsertdən sonra yazdığı
məqaləsində Qulam Məmmədli sənətkarlarımızın
hər çıxışının sürəkli
alqışlarla qarşılandığını,
ifaçıları təkrar-təkrar səhnəyə
qaytardıqlarını yazır və Hüseynağa
Hacıbababəyovu seçdirərək onun adını digərlərindən
daha əvvəldə çəkir.
1944-cü ilin yayı idi, hələ İkinci
Dünya müharibəsi tam şiddəti ilə cərəyan
edirdi, aləm od içindəydi, cəbhələrdən hər
gün ölüm-itim soraqları gəlirdi, ancaq İran
müharibədən kənarda idi və daha mühümü
- istiqlala doğru aparan gedişat günü-gündən daha
mütəşəkkil olmağa doğru irəliləyirdi. Və
Güneyi şəhər-şəhər, kənd-kənd
dolaşaraq yüksək sənət göstərən, onlara
ruh verən Quzeyli sənətçilər əslində
yalnız nəcib mədəni missiyanı yerinə yetirmir, həm
də Təbrizdə bir il sonra ucalacaq azadlıq
bayrağına doğru gedən yola işıq səpirdilər.
İrandakı üç aylıq qastroldan sonra
Bakıya qayıdan sənətçilərimiz çox
keçmədən Təbrizdə Milli Hökumətin elan
edilməsindən xəbər tutaraq sevinəcək, 1 illik
müstəqillikdən sonra istibdadın yenə tüğyan
etməsinə qəlbən kədərlənəcək,
irticanın hökmü ilə sərhədlərin ən sərt
şəkildə "quşkeçməz" olduğu onillərdə
Təbriz və civarındakı, Maku, Xoy, Ərdəbildəki
konsertlərini, tamaşalarını, oralarda, Güneyin kəndlərində,
qəsəbələrində tuş düşdükləri
təsvirəgəlməz coşqu ilə, necə doğma
qarşılanmalarını xiffətlə yad edəcəklər.
O səfər əsnasındakı konsertlərdə
Hüseynağanı xalq mahnıları, muğamlar oxuyarkən
müşayiət etmiş ustad Bəhram Mansurov yada
salırdı bakılı Seyidin - vaxtilə, XX yüzilin əvvəllərində
ən məşhur xanəndələrdən olmuş, sonra
neftxudaya çevrilərək dövlətlənmiş,
oxumağın daşını atmış Seyid Mirbabayevlə
görüşlərini. Deyir, konsertlərimizdən birindən
sonra özü yaxınlaşıb tanışlıq
vermişdi, mən deyəndə ki, valınızdan bizim evdə
var, kövrəlmişdi. Çox söhbətlər edəndən
sonra Seyid Mirbabayev bunu da söyləyibmiş ki, maşallah,
yaxşı cavanlar yetişib, sizin Hüseynağanın
oxumaqlarına qulaq asdım, həddən ziyadə bəyəndim,
həm muğamı yaxşı oxuyur, o biri tərəfdən
də müasir əsərləri, romansları eyni məharətlə
çatdıra bilir.
...Hüseynağa Tehrandakı konsertlərindən
birində bağışlanmış üstü
yazılı-naxışlı dolçanı - şahın hədiyyəsini
çox sevərmiş, evində həmin dolçanı
gözə tez görünən yerdə qoyubmuş və
qonaqları gələndə adətən söhbəti
dolandırıb dolçanın üstünə gətirər,
oradan da şirin xatirələri yaddan çıxmayan İran
səfərlərinin hekayətlərinə keçər, ləzzətlə
söylərmiş.
Sənətkarın nəvəsi, Xalq artisti Salman Qəmbərov
deyir ki, babamın o dolçanı necə sevdiyini, nə təhər
əziz xatirə hesab etdiyini bildiyimizdən biz də
qayğı ilə saxlayırıq, indi məndədir, sonra
da nəticəsinə - öz oğluma verəcəyəm ki,
babamızdan nişanə kimi o saxlasın (1944-cü il iyulun
24-də çıxmış "Vətən yolunda" qəzetində,
Əfrasiyab Bədəlbəyli ilə müsahibədə o hədiyyənin
Hüseynağaya verildiyi günün təfsilatı əksini
tapıb: həmin günəcən edilən
çıxışların içərisində
Tehrandakı üç konsertin xüsusən fərqləndiyini
qeyd edən Bədəlbəyli sadalayır: "Konsertlərdən
birincisi oradakı sovet icması, ikincisi Tehrandakı diplomatik
korpus üçün təşkil edildi.
Üçüncü konsertimiz Şimranda İran şahənşahı
Məhəmməd Rza şahın sarayında olmuşdur.
İranda verdiyimiz bütün konsertlər kimi, bu 3 konsert də
böyük müvəffəqiyyətlə keçmişdir.
İran şahının sarayındakı konsertə şah
özü, mələkə Fevziyyə xanım, şahın
bacısı və İran dövlətinin bütün
böyük adamları tamaşa etmiş və çox məmnun
qalmışlar. Konsertdən sonra şah artistlərimizin
hamısı ilə tanış olmuş və onlara hədiyyələr
vermişdir").
...O qəzet kəsikləri ki Hacıbababəyov
onları göz bəbəyi tək qoruyurdu, onlar həm də
bu insanın sənət yolunda çəkdiyi zəhmətlərin
ağırlığını nişan verən bir tərəzi
kimi idi. O yazılarda bir ömrə sığan sənətin
və xidmətin coğrafiyası vardı. Yalnız paytaxtda,
rahat səhnələrdə çıxış etməmişdi
ki! Azərbaycanı əsrinin onuncu illərindən
başlayaraq qarış-qarış gəzib-dolaşmışdı,
sözün hər mənasında daşlı-kəsəkli
yollardan keçmişdi və daşıdığı titula
tam uyğun əsl xalq artisti - millətin sənətçisi
olmuşdu. Bu məqalə əyalət qəzetindən -
"Şərq qapısı"ndandır. Kəsikdə
"Hüseynağa Hacıbabayev Naxçıvanda"
adlı məqalənin (soyadı yanlış yazmadım.
"Bəy"i qəzet ixtisara salıb) hansı ildə,
hansı gündə dərc edilməsi göstərilməyib,
elə yazı müəllifinin adı da bircə hərflə
nişan verilib: "T". Həm də bu məqalə
artıq baş tutmuş konsert haqqında deyil, Hacıbababəyovun
edəcəyi çıxışların ərəfəsində
yazılıb. Yazıya aktyor-müğənninin şəkli
də əlavə edilib və görünüşündən
1920-ci illərin sonlarının Hüseynağasıdır:
"Bakı türk opera aktyorları içərisində ən
yaxşı premyerlərdən biri Hüseynağa
Hacıbabayev öz yoldaşları ilə dünən
Naxçıvana gəlmişdir. O, yaxşı sənətkarlıqdan
başqa, Şərq klassik havalarının texnikasını
bilir. Hüseynağa Naxçıvanda olduğu müddətdə
verəcəyi konsertlərdə türk operalarından
parçalar oxuyacaqdır. Onun məharəti Şərq
muğamlarının əsl mənasını yeni musiqi
texnikası olan not sisteminə yaxınlaşdırmaqdadır.
Bundan başqa, Hüseynağa el mahnısının
bütün sadəliyini, canlılığını öz səsinin
texnikasında əks etdirir. Konsertdə solist-konsertmeyster
Feldman, ən yaxşı tarist Lazar və qeyriləri
iştirak edir".
...Yolunun əvvəlində Hüseynağa dəfələrlə
Əhməd Bədəlbəyliylə eyni tamaşalarda
çıxış etmişdi, çətin sınaqlardan əl-ələ
keçmişdilər. Ona görə də onillər sonra
Əhməd bəyin qardaşoğlusu Əfrasiyab Bədəlbəylinin
onun haqqında yazdığı məqalə onunçün
bütün başqa yazılardan daha məhrəm idi. Kəsib
saxladığı həmin məqaləni hər dəfə
oxuyanda Əhməd bəyin də səsini eşitmiş kimi
olurdu. Əfrasiyab Bədəlbəylinin "Ədəbiyyat və
incəsənət" qəzetinin 1968-ci il 10 fevral sayında
dərc edilmiş o məqaləsində belə sətirlər
vardı: "Müslüm Maqomayev Hüseynağanın
çox zil (tenor-altino) və eyni zamanda olduqca məlahətli,
tembr baxımından son dərəcə gözəl və
ürəklərə yol tapan səsini nəzərə
alaraq, operasının, demək olar ki, bütün tonal
planını məhz bu məharətli aktyorun səsindəki
diapazon ilə əlaqədar surətdə qurmalı
olmuşdur. Biz opera teatrımızın tarixində Məcnun
obrazından danışdıqda əgər Sarabskinin
yaratdığı obrazı üstün tuturuqsa, Şah
İsmayıl dedikdə Hüseynağa Hacıbababəyovun
yaratdığı Şah İsmayılı təsəvvürümüzdə
canlandırırıq". Bu, əsla sadə qiymətləndirmə
sayılmaz. Çünki bu qiyməti verən hal əhlidir,
mahir bilicidir və Hüseynağadan qeyri bütün
yaxşı Şah İsmayıllara da peşəkarlıqla bələd
bir sərrafdır.
Və Əfrasiyab Bədəlbəylinin bu dəyərləndirməsi
də çox əhəmiyyətlidir ki, diqqəti
Hüseynağa Hacıbababəyovun ayrı bir vacib milli xidmətinə
- əcnəbi dillərdəki operaların ana dilimizdə səslənməsinin
təşəbbüskarları və ilk
icraçıları cərgəsində yer almasına
yönəldir: "Azəri və qardaş sovet xalqları
vokal musiqi əsərlərindən ibarət zəngin konsert
repertuarına malik olan H.Hacıbababəyov rus və Qərbi
Avropa klassik opera əsərlərinin teatrımızda azəri
dilində tamaşaya qoyulması işində də səylə
çalışmış və bu təşəbbüsün
əsl ilhamçısı olmuşdur. 1930-31-ci illər
mövsümündə "Yevgeni Onegin" operasında
Lenski (duel səhnəsi), 1943-cü ildə "Seviliya bərbəri"
operasında qraf Almavivo kimi opera partiyaları Hüseynağa
yaradıcılığının parlaq səhifələridir"
(Amma elə həmin dövrdə - 1936-cı ildə
Hüseynağa Hacıbababəyovun bu istiqamətdə daha bir
uğurlu işi olmuşdu, Bizenin "İnci axtaranlar"
operasında Nadirin partiyasını teatrın yanında yeni təşkil
edilmiş opera studiyasında bacarıqla ifa etmişdi).
...Hüseynağa Hacıbababəyov aktyor idi,
müğənni idi və sadəcə söz olaraq deyil, elə
gerçəkdən də səhnə onun həyatının
mənası idi.
Və səhnə həyatı ərzində də o
qədər sevinclər yaşamışdı ki,
özünü bəxtəvər, ömür-gündən
yarımış hesab etməyə haqqı vardı. Lakin
peşə nə qədər sevimli olsa da, həyat heç də
yalnız işdən ibarət deyil - güzəran da var, ailə
də, şəxsi qayğılar da. Hüseynağa
Hacıbababəyov özünü xoşbəxt
saydığı teatrdan kənarda illər boyu çox
sıxıntılarla da az üzləşmədi. İllah da
1930-cu illərdə, siyasi repressiyaların tüğyan etdiyi
tuthatutlar dönəmində. O dövrdə Hüseynağa
Hacıbababəyovun içərisində daim həbs olunmaq,
sürgünə göndərilmək hürküsü
çırpınırdı. Səbəbsiz də deyildi.
Əvvələn, bəy nəslindən idi. Amma daha artıq,
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində onun əmisi
Mehdi bəy Hacıbababəyov (1871-1925) Azərbaycan Milli
Şurasının "İstiqlal Bəyannaməsi"nə
imza atan 26 üzvündən biri, Məclis-i Məbusanın -
ilk milli parlamentimizin üzvü olmuşdu. Köhnə
cümhuriyyətçilərsə sovetin nəzərində ən
qəddar düşmənlərdilər.
Hüseynağanın bacanağı Sultanməcid Əfəndiyev
(1866-1938) də həmçinin Azərbaycan Xalq Cümhuriyyəti
dönəmində parlamentdə "İttihad"
partiyasını təmsil etmiş, Məclis-i Məbusanın
ikinci müavini vəzifəsini daşımışdı və
adının üstündə də artıq "xalq
düşməni" damğası olanlardan idi - 1938-ci ilin 23
martında güllələnmişdi. Beləcə, çevrə
lap daralmışdı, kabus qədəm-qədəm
Hüseynağaya doğru gəlməkdəydi. Bəlkə də
1938-də Moskvada keçirilən Azərbaycan ədəbiyyatı
və incəsənəti ongünlüyünə aparılmasaydı,
ömrünün son nöqtəsi elə həmin il
qoyulanlardan olacaqdı.
Qızı Suğra xanım danışırdı
ki, XX əsrin əvvəlinin dağıdıcı
Şamaxı zəlzələsindən sonra
Hüseynağagilin, demək olar ki, bütün qohum-əqrəbası
Bakıya köçmüşdü - bacısı,
qardaşı, onların uşaqları. Hüseynağa da, digər
qohumlar da 1920-1930-cu illərdə daim narahat idilər,
çünki həbs, sürgün təhlükəsinin
göz ilə qaş arasında olduğunu bir an belə beyinlərindən
qova bilmirdilər. Suğra xanım bunu da söyləyirdi ki,
atası səhnədə nə qədər güclü olsa
da, həyatda fağır adamdı, haqqını tələb
edən deyildi, əvəzində anası Şeyda xanım
ötkəm qadınmış, lazım gələndə
hökmlə hər qapını döyməyə
hazırmış.
"Anam bir gün gəlib görür ki, atam
çox həyəcanlı halda yır-yığış
edir, adətən səfərlərə çıxanda
götürdüyü balaca çamadanına qalın alt
geyimi, yun corablar, isti pal-paltar toplayır. Soruşur ki, nə əlhaydasan?
Atam da qayıdır ki, Şeyda, vəziyyət heç
yaxşı deyil, məni Xalq Maarif Komissarlığına, rəislərin
yanına çağırırlar. Adətən elə bu
cür olur, əvvəl onlar çağırırlar, sonra da
NKVD-dən adamın ardınca gəlirlər. Bunları da
indidən yığıram ki, sürgünə göndərib-eləsələr,
dar macalda nəsə yadımdan çıxmasın. Anam onu
sakitləşdirir ki, özünü ələ al, səni, yəqin
ki, xeyir işdən ötrü, yaxşı xəbər verməkçün
çağırırlar. Bu gün gedib oralarda hay-küy
salmışam, çünki xəbər tutmuşdum ki, sənin
adını Moskvaya, dekadaya aparılanların siyahısına
salmaq istəmirlər, hədə-qorxu gəldim ki, sənin
xidmətlərin, Azərbaycanın birinci inqilabi operasında
baş rol oynamağın haqqında Kremlə, Stalinə
yazıb şikayət edəcəyəm ki, burada Hacıbababəyovu
sıxışdırırlar. Məni sakitləşdirdilər
ki, sənin adın Moskvaya, ongünlüyə gedənlərin
siyahısında olacaq".
1938-ci il dekadasında Şeyda xanımın dediyi həmin
ilk inqilabi operamız - Müslüm Maqomayev "Nərgiz"inin
uğurlu nümayişi, Hüseynağa Hacıbababəyovun həmin
əsərdə baş rollardan birini ifa etməsi, sovet
paytaxtından Bakıya ordenlə təltif edilərək
qayıtması, Xalq artisti fəxri adına layiq görülməsi
sonralar üzləşə biləcəyi çox bəlaların
düyününü qırır, bu məsud səfər bir
çox mənada onun taleyini dəyişir (Sovet
İttifaqının və ilk növbədə Azərbaycanın
ədəbi-mədəni həyatında əlamətdar hadisəyə
çevrilən 1938-ci il Ongünlüyündə Hacıbababəyov
yeni "Nərgiz" operası ilə yanaşı, Reynqold
Qliyerin "Şahsənəm"ində də baş rolda
idi, Qəribi oynayırdı və "Sovetskoe iskusstvo" qəzeti
2 aprel sayındakı yazısında ondan "Azərbaycan
operasının "çox böyük" -
"krupneyşiy" - aktyoru kimi söz açır, 8 aprel
sayında isə Qəribini belə öyürdü: "Qəribin
partiyasını ifa edən Hüseynağa Hacıbababəyov
aşıqların deyişməsi səhnəsində
ustalığı, zəngin texnikası, improvizələrinin
poetik zərifliyi ilə parlaq idi").
Hadisələrin xoş gedişi ömür-gündə
nəyisə müsbətə doğru dəyişə bilir,
səhnədə başqalaşmaq, dəyişmək də
Hüseynağanın öz peşəsi idi. Amma nəsli-şəcərəni
ki dəyişə, pozub təzədən yaza bilməzdi. Odur
ki, işləri nə qədər avand getsə də, daxilindəki
təşviş özünü əvvəllərdəki
kimi qabarıq büruzə verməsə də, hər halda elə
sonrakı dövrdə də yerli-dibli itib-getmədi,
hansısa gecələrdən birində çekistlərin
qara maşınının onun da evinin qarşısında
dayanacağının vahiməsi Hacıbababəyovu
axıracan tərk etmədi. Bunu həyat yoldaşı
Şeydaya, o da Hüseynağadan sonra qızı Suğraya
söyləyibmiş: "Stalin dövründə tutulub
sonradan bəraət alan başqa siyasilərə baxmayın,
bizim nəslin adı Cümhuriyyətlə
bağlıdır, belələriylə sovet hökumətinin
ayrı hesabı var".
Arası kəsilməyən səksəkələr,
qara-qura fikirlərin beynini hey gəmirməsi
Hüseynağanı içəridən üzürdü,
canını zəiflədirdi - şəkər xəstəliyinə
tutulmuşdu. 1961-ci ildə Hüseynağa Hacıbababəyov
elə şəkər xəstəliyinin ucbatından da
teatrdan ayrılası oldu. Səsi hələ yerində idi və
axıracan da onunla qaldı. Amma səhhət böhranları
ona iki-üç saatlıq tamaşalara çıxmağa
imkan vermirdi.
Reynqold Qliyerin "Şahsənəm"i ilə
Müslüm Maqomayevin "Nərgiz"inə
Hüseynağa Hacıbababəyov minnətdar idi,
çünki birincisindəki baş rol ifasından sonra o
çağlarçün çox hörmətli və
yolaçan olan Əməkdar, ikincisindən sonra isə Xalq
artisti adını qazanmışdı. Ancaq bu yeni operalar da
Hacıbababəyova ikiqat minnətdar olmalı idi,
çünki hər ikisinin hədəfi müasir milli əsər
olmaq, Avropa bəstəçilik texnikası ilə xalq musiqi
irsinə bağlılığı qoruyub saxlamaq idi və o
çağlarda hələ opera teatrı gerçəkliyimizdə
Şərq və Qərb oxuma üslublarını eyni peşəkarlıqla
varlığında birləşdirən, eyni məharətlə
həm vokalı, həm muğam boğazını və xalq
nəfəsini özündə qovuşduran aktyor-müğənnilər
az idi də demək doğru çıxmır - elə yox
kimi idi - o çağın ifaçılar mənzərəsini
xəyala gətirərkən bu baxımdan Bülbüllə
Hüseynağadan qeyrisinin adını tam inamla çəkmək
olmur.
"Nərgiz"in Bakıda ilk təqdiminin musiqi həyatımızın
əlamətdar hadisələrindən birinə çevrilməsinin
növbəti təsdiqi bu idi ki, respublikanın bir nömrəli
qəzeti "Kommunist" 1936-cı il yanvarın 11-də
premyeraya "Opera sənətimizə qiymətli bir hədiyyə"
adlı bütöv səhifə həsr etmişdi: ən
başda üç baş rolun ifaçısının -
Əməkdar artist Hüseynağa Hacıbababəyovun
Əlyar, gənc aktrisa Aliyə Terequlovanın Nərgiz,
Əməkdar artist Məmmədtağı Bağırovun
Ağalar bəy rollarında fotoları, mərkəzdə
Qubad Qasımov və Şəmsəddin Abbasovun "Nərgiz"
sərlövhəli geniş məqaləsi, sağda-solda səhnəmizə
yeni gələn əsərə şair Səməd
Vurğun, bəstəkar Üzeyir Hacıbəyli, professor
Y.İsmayılzadə, dirijor Klibson, mühəndis Ceyran
Qarayeva kimi seçilmişlərin münasibəti. Üzeyir
bəy bu əsəri "Opera sənətimizdə
dönüşün başlanğıcı", Vurğunsa
"Opera tariximizə yeni bir səhifə əlavə edən",
"İlk dəfə olaraq türk
qadınlığının mübariz bir obrazını verən
bədii bir yaradıcılıq məhsulu"
adlandırırdı.
Qəzet müxtəlif zümrələri təmsil edən
şəxsiyyətlərin fikrini bu cür sərgiləməklə
yeni operanın ümumxalq hadisəsi olması
düşüncəsini bir daha önə çəkirdi. Məqalə
müəllifləri yeni operanın məziyyətlərini ətraflı
təhlil edəndən sonra gəlirlər ayrı-ayrı
ifaçıların üstünə. Hüseynağa
Hacıbababəyovun ifası haqda bu qənaətdə idilər:
"Əməkdar artist Hacıbababəyov Əlyar rolunda sərbəst
falsetdən vaz keçməyə məcbur olub oxuma nömrələrinin
çətinliyinə baxmayaraq, bütün orkestronun ümumi
səslənməsində bacarıq və istedad göstərdi.
Onun lirik-tenor səsi bəzən çox qəşəng ahəngilə
dinləyicinin qulağına gözəl bir avaz ilə
çatırdı".
Üzeyir bəyin o səhifədə dərc
edilmiş rəyi sonralar sanki nəzərdən qaçaraq əsərləri
külliyyatına daxil edilməmişdir. Halbuki bu balaca
yazıda onun baxışları yalnız "Nərgiz"lə
məhdudlaşmamış, dahi bəstəkar və nəzəriyyəçi
Azərbaycan simfonizminin, opera sənətimizin strateji
inkişaf yolunun dəqiq düsturunu bəyan etmiş, öz
yaradıcılığında sadiq qaldığı
ülgünün musiqimizin gələcək təbii yüksəlişlərinin
ana xətti kimi götürülməsinə riayətin
vacibliyini vurğulamışdır. Əslinə qalsa,
Üzeyir bəyin bu dəyərləndirməsi fəlsəfəsi
etibarilə elə Hüseynağa Hacıbababəyovun
bütün yaradıcılığına verilən qiymət
kimi qavranıla bilər.
Üzeyir bəy Müslüm bəyin "Nərgiz"inin
başlıca məziyyətlərindən birini yeni yazı
texnikası və milliliyin nisbətinə ehtiyatla yanaşmaqda
görür və prinsipial hesab etdiyi bu məsələ barədə
belə düşünürdü: "Avropa musiqi
yazısı texnikasının kompozitor tərəfindən
ehtiyatla tətbiq olunduğunu da təqdir etmək
lazımdır; çünki bəzi hallarda belə yazı
öz yeniliyi və mürəkkəbliyi nəticəsində
dinləyicilərimizə çata bilməz (məsələn,
Qliyerin "Şahsənəm" operasındakı kvinto
kibi).
"Nərgiz" operasının şura opera sənətində
milli forma problemini həll edib-etmədiyi məsələsi
mübahisəli sayılmalıdır. Güman etmək olar
ki, kompozitor Maqomayevin (həmçinin Qliyerin) zənnincə, xalq
melodiyalarının alınması və onların əsl
şəklində operanın musiqi tərtibinə
salınması operanın milli formada görünməsinə
kömək edər. Bu məsələdə mən başqa
fikirdəyəm; məncə, incəsənətdə milli
forma ancaq kompozitorun sərbəst yaradıcılıq
fantaziyası ilə ifadə olunmalıdır. Avropa musiqi
yazısının məlum üsullarını tətbiq etmək
yolu ilə kompozitorun fantaziyası əsl xalq musiqi
yaradıcılığının bədii əsaslarını
genişlətməli və dərinləşdirməlidir. Belə
olan surətdə kompozitorun yaradıcılığı
anlaşıqlı və internasional əhəmiyyətə
malik olmaq etibarilə milli məhdudiyyətdən sərbəst
olar".
Başqa sözlə, Üzeyir bəyin umduğu
iqtibasçılıqdan qaçmaq, el musiqisindən
aldığın sitatı öz əsərində dırnaq
arasında verməmək, yeni yazı texnikasının ruhunda
əritmək idi. Yəni bəstəçilikdəki
milliliyin Üzeyir bəyin təqdir etdiyi müstəvisindən
nəzər salanda Qara Qarayev örnəyinin məhz onun istədiyi
olduğu təsdiqlənir: həm bütün dünyanın
qəbul etdiyi kimi beynəlmiləl, həm də
damarlarında milli qan axan bəstə. Üzeyir bəy
müasir Azərbaycan bəstəçiliyinin gələcəyini
belə təsəvvür edirdi və 1930-1940-cı illərdə
opera mühitimizdə Hüseynağa Hacıbababəyovun da qəlbəyatan
üstünlüklərindən biri və ən
başlıcası məhz Üzeyir bəyin
ehtiyatlandığı bu ölçünü həssas
ustalıqla qoruya bilməsi idi.
Və yazı elə gətirdi ki, Üzeyir bəyin təqdir
və təbliğ etdiyi, Hüseynağa Hacıbababəyovun
öz sənət müqəddəratını
bağladığı həmin yolla irəliləmək onun nəvəsinin
də taleyinə çevrildi. Hüseynağa Hacıbababəyov
agah olsaydı ki, onun bir zamanlar əlindən yapışaraq Bülbül
adına musiqi məktəbinin direktoru, hələ atası
Ağalar bəylə yaxın olduğu Nazim Əliverdibəyovun
yanına apardığı nəvəsi Salman Qəmbərov,
gün gələcək ki, Azərbaycanın ən
tanınmış cazmenlərindən biri kimi şöhrətlənəcək,
babası kimi Xalq artisti adına layiq görüləcək, -
çox məsud olardı.
Salman qonağımdır, keçib royalın
arxasına, nəsə çalmasını istəyirəm,
"Evləri var xana-xana"nı çalır. O köhnəlməz
el nəğməsini ki, babası təkrarsız bəzəklər
vuraraq oxuyardı. Bu bəlli havanı Salman büsbütün
ayrı biçimdə, caz improvizələriylə süsləyərək
çalır. Bu, həm də dəyişən vaxtdır!..
"Babam 1972-ci ildə dünyasını dəyişəndə
13 yaşım vardı. Lap kiçik vaxtlarımdan babagilin
Operanın yanındakı evinə getməyi
xoşlayardım. Babamın gözəl oyuncaq kolleksiyası
vardı, ancaq nə qədər istəsəm də, mənə
icazə verməzdi ki, oyuncaqları evə aparım. Deyərdi
ki, gəl bizə, oyna, qoy burada qalsın, onda salamat qalar,
sındırmazsan, onsuz da bunların hamısı gec-tez səninkidir.
Mənim ağlım musiqi kəsən vaxtlarda artıq babam
teatrda işləmirdi. Bacım Nailə evdə piano
çalanda baba biganə qala bilməzdi, həvəsə gələrdi,
"filan havanı başla" deyərdi, başlardı
oxumağa. Babamın iki qızı, hərəsindən
dörd nəvəsi vardı. Şəkər xəstəliyi
olduğundan hər gün bulvara gəzməyə
çıxardı, ona görə soruşardıq nə vaxt
evdə olacaq, onlara o saatlarda gedərdik. Bulvarda da onların
öz yerləri vardı - "Bahar" kinoteatrının
arxasında, fəvvarələrin yanında bir yer vardı ki,
artistlər ora toplaşar, söhbət edərdilər. Nənəm
deyərdi ki, hansı saatda gələk, o saatda da anamız bizi
aparardı. Uşaq olsam da, babanın dəfni indiki kimi
yadımdadır. Məşhur aktyorlarımız, müğənnilərimiz
- həm Opera, həm Dram Teatrının artistləri gəlmişdilər.
Babam qəşəng geyinməyi xoşlayırdı. Elə
bil artistlər də bunu nəzərə alıb onunla vida mərasiminə
tamaşaya, teatra gedirmiş kimi, səhnədə
çıxışı olan kimi səliqə ilə,
zövqlə geyinib gəlmişdilər - çoxusu smokinqdə,
kostyumda, qalstuk əvəzinə boynu papyonlu..."
Hüseynağa Hacıbababəyovun 70 yaşı tamam
olanda o, artıq 10 ilə yaxın idi ki, səhnədə
deyildi, ancaq ona göndərilən təbrik teleqramları sənətkarı
riqqətə gətirməyə bilməzdi, çünki
sanki bu heyran sözlər karyerasını davam etdirməkdə,
fəaliyyətdə olan bir sənətkar haqqında idi.
Maestro belə yazırdı: "Əziz dostum
Hüseynağa! Sizin parlaq yaradıcılığınızın
işığı və yaratdığınız misilsiz surətlər
uzun illər boyu xalqımıza böyük sevinclər bəxş
edib, siz Azərbaycan musiqili teatrının tarixinə
coşqun duyğulu səhifə yazmısınız. Sizin
ecazkar altinonuz (Hacıbababəyovun səsi doğrudan da
möcüzəli, az rast gəlinən və tenorun ultra
çeşidi sayılan, kiçik oktavanın "mi"si
ilə ikinci oktavanın "mi"si hüdudunda cövlan edən,
kişilər arasında ən incə və ən çevik
səs tellərinə sahib nadir müğənnilərə
xas olan tenor-altino idi - R.H.) musiqimizin ümumi harmoniyasında səslənməkdə
davam edir. Sizin nəcib əməyiniz və ilhamlı
yaradıcılığınız qarşısında təzim
edirəm. Sizi sevən - Niyazi". O füsunkar oxu illər
ötsə də, Səid Rüstəmovçün də səslənməkdə
davam edirdi: "Əzizim Hüseynağa! Sənin məharətini
səhnəmizdə görən, gözəl, məlahətli
səsini dinləyən, səni böyük həyəcanla
alqışlayanlardan biri də mən olmuşam. Sənin
insanı valeh edən gözəl, məlahətli səsin hələ
də qulağımızdadır".
Səhnədaşı Həqiqət Rzayeva isə
Hacıbababəyovun 70 yaşı tamam olanda təbrik
"teleqramı"nı 1968-ci il fevralın 8-də
işıq üzü görmüş "Bakinski
raboçi" qəzetinin səhifələrindən
"göndərmişdi" və Leylisi, Əslisi, Şahsənəmi...
olduğu, musiqili teatrımızın "canlı tarixi"
adlandırdığı həmkarının səsinin
gözəlliyi haqqında yaraşan uca qiyməti verə bilməkçün
30 il əvvələ qayıdır, 1938-ci ildə Sovet
İttifaqının milyonlarla tirajla çıxan, iki ən əsas
qəzetindən biri olan "İzvestiya"da getmiş məqalədəki
bu fikri yada salırdı: "Məgər dinləyiciləri
öz vokal texnikası ilə valeh edən
muğamatçı Hacıbababəyov dünyanın ən
yaxşı müğənnilərinə tay olan istedad
deyilmi?!"
...O çağlarda ki - 1930-40-50-lərdə
Hüseynağa Hacıbababəyov hələ səhnədə
idi, hələ Azərbaycan insanının həyatını
televiziya kanalları doldurmamışdı, o zamanlar elə
Opera Teatrı özü hamını başına
yığmağa qadir sevimli bir "telekanal" idi, Dram
Teatrı bir başqa, Musiqili Komediya Teatrı bir ayrı,
Dövlət Filarmoniyası bir özgə! İnsanlar o
zamanlar teatrla, səhnə ilə, sənətlə daha
çox bağlı idilər. Aktyorlar, müğənnilər,
sənətkarlar şəhərin küçələrinə
çıxanda insanlar onları üzdən
tanıyırdılar, salam verirdilər, köhnə
tanışları, yaxınları, doğmaları təki
hal-əhval tuturdular. Və bu aktyorlara, müğənnilərə,
çalğıçılara, ömrünü sənətə
həsr eləmiş fədailərə ehtiramla salam verənlərin
əksəriyyəti heç onları şəxsən
tanımırdı. Amma bu insanlar onların
hamısının ömrünün bir parçası idi.
Və elə həmin indi xeyli uzaqlarda qalmış
1960-cı illərdə, 1970-lərin əvvəllərində
axşamlar Sahil bağına gəzintiyə çıxan
Hüseynağa Hacıbababəyovu üzdən tanıyan
çoxları olurdu. Bəziləri salamlaşıb
keçirdi, kimlərsə dayanırdı, söhbətləşirdi.
Və həmin anlarda Hüseynağa Hacıbababəyov bəxtiyar
idi. Səhnədən ayrılmışdı, amma bu mehriban təmasları
gördükcə hiss edirdi ki, onu unutmayıblar, teatrdan
çıxsa da, insanların ürəyindən
çıxmayıb. Bu, Hüseynağanı fərəhləndirirdi,
ona güc verirdi, yaşamaq eşqini qüvvətləndirirdi.
Ancaq aman bilməyən zaman suları dayanmaz axarı ilə
Hüseynağa Hacıbababəyovu da, onun
çağdaşlarını da apardı. Hətta
Hüseynağa Hacıbababəyovu səhnədə
görmüş cavan insanların əksəriyyəti də artıq
həyatda yoxdur. Lakin bu millət yolunda, sənətimizin tərəqqisi
naminə ən çətin zamanlar içərisində
usanmadan zəhmətlər çəkmiş belə insanlar gərək
unudulmasın axı. Nəsillər dəyişə bilər,
bu, təbiidir, həyatın qaçılmaz qanunudur. Amma o
insanlar ki bu millətin tarixində izi var, qatışıq əyyamlarda,
bu xalqın sənətinin yüksəlişləri yolunda can
qoyublar, onlar gərək yaddaşın alt qatlarına
çökməsin. Millət kimi güclü olmağın
yolu etibarlı yaddaşa bağlıdır. Milli hafizəsi
olmayan toplum parkinson azarına mübtəla olmuş, əsən-titrəyən,
getdikcə tükənən, kimliyini belə unudan vücud
kimidir.
Hüseynağa Hacıbababəyov adı və parlaq
izi bu millətin minnətdar övladlarının yadında həmişə
yaşamalı olan unudulmaz fədailərdəndir. Tanıyaq,
tanıdaq, sevək, yaşadaq!
...Hüseynağa Hacıbababəyov varlı adam idi. Nə
qədər zəngin olduğunu özü də bilirdi, əsl
sərraflar da bundan hali idilər. Ömrü boyu üstündə
altun daşıyana "varlı" deməyəsən, nə
deyəsən?! Adam var qızılı-cəvahiratı
yığıb üstündə oturur, zərrəsini kimsəyə
qıymır. Hüseynağaya altun Allahın bəxşişi
idi, o da ömrü boyu həmin altunu səvaxətlə
paylaşmaqdan doymadı. Dərininə getməmişəm
ki, "altino" sözü ilə bizim "altun" kəlməsinin
arasında kökcə hansısa bağlantı varmı, amma
mahiyyətcə onların bir-birinə qohum qədər
yaxınlığına şəkk yoxdur. Altunluq altino səsin
cövhərindədir və bu çəkidə sərvəti
74 illik ömrü boyunca köksündə gəzdirmək
Hüseynağaya Tanrının lütfü idi. Belə
dövlətli olsa da, dolanışıq sarıdan miyana bir
ömür sürdü. Evi ona ömrü boyu elə öz
yaşadığı mənzili kimi doğma olmuş
Operanın lap yaxınlığındaydı, 63 yaşına
çatar-çatmaz təqaüdə çıxsa da, hər
gündüzü köhnə həmkarları ilə birgə
keçirdi, axşamları, gecələri isə ötən
günlərin hər biri onunçün təzədən
yaşanmağa başlayırdı. Köhnə qovluğu
açırdı, qalırdı sərvəti ilə
baş-başa, olurdu xoşbəxtlərin xoşbəxti. O sərvətin
- Hüseynağa Hacıbababəyovun sərgüzəştli
və şərəfli ömür güzgüsünün
ayrı düşmüş tikələrini bir yerə
toplamağa çalışdım ki, bu əziz surət
bugünün insanlarına həm bütöv
görünsün, həm də nəfəsini duyacaq qədər
yovuq gəlsin.
Hüseynağa Hacıbababəyov ömrün son illərində
sənətinin və artıq özü-özünün həkimiydi,
daim insulin iynəsi yanında idi. İki dəfə koma vəziyyətinə
də düşmüşdü. Üçüncüsü
axşam gəzintisi zamanı Sahil bağında baş verir -
bir zamanlar babası, memar Qasım bəy Hacıbababəyovun təməlini
qoyduğu dənizkənarı bulvarda.
Şəkər səsli müğənnini "şəkər"
aparır...
28 yanvar 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 3 fevral, ¹21.- S.16-17-18.