Zərafətin təcəssümü
Bu günlərdə Üsküdarda
Bağlarbaşı qoruğunun ərazisində yerləşən
tarixi Abdulməcid Əfəndi köşkündə möhtəşəm
bir sərgiyə qatıldım. Köşkü görəndə
az qala, bura nə üçün gəldiyimi unutmuşdum.
Köşkün bu günə qədər gördüklərimlə
yaxından-uzaqdan əlaqəsi yox idi. Fövqəladə bir
abidədir bura, heç bir köşkə, saraya, qəsrə
bənzəməyən, bambaşqa bir memarlıq vardı
gözlərim önündə.
Köşk Şahzadə Abdulməcid Əfəndinin
yazlıq evi olub. Onun sənətsevərliyi dövrün sənətçilərinin,
ədəbiyyatçılarının, siyasətçilərinin
buraya toplanmasına və köşkdən bir kültür mərkəzi
kimi istifadə edilməsinə səbəb olmuşdu. Hərəm
binaları və əlavə tikilisi yox edilən köşkdən
günümüzə gördüyümüz bu üçmərtəbəli
salamlıq binası qalıb. O da Koç şirkətlər
qrupu tərəfindən sosial müəssisə olaraq istifadə
edilir və qorunur, vaxtaşırı sərgilər təşkil
olunur.
Bağça divarı üzərində çini
pannolarla örtülü giriş qapısı mövcuddur.
Qapıdakı çini kitabədə kufi xəttində
"Allahdan başqa qalib yoxdur" ayəsi yazılıb.
Köşkün qapısı üzərində isə yenə
kufi yazısı ilə "Allah ədaləti,
yaxşılıq etməyi, əqrabaya baxmağı əmr
edir" yazılıb. Dördbucaq və qutu kimi sərt
çıxışları olan köşkü görən
kimi heyrət içində rəfiqəmə baxdım.
Möhtəşəm görüntülü bu bina ilk
baxışda Çin binalarını xatırladır. Daxili
məkanda divar və yerlərdəki çini işləmələr,
çeşmələr, buxarı, divar rəsmi, mərmər
hovuzlu böyük salon, üst qatın pəncərələrindəki
vitrajlar insanı valeh edir.
Göz oxşayan gözəllik
Köşkün 1880-1885-ci illər arasında qədim
Misir Xidivi İsmayıl Paşa tərəfindən ov
üçün tikdirildiyi düşünülür.
İşə bax ki, bu cür möhtəşəm
memarlıq abidəsinin kim tərəfindən ərsəyə
gətirildiyi bəlli deyil. Bəzi qaynaqlarda memarın Aleksandr
Vallauri olduğu yazılır, ancaq bu məsələdə dəqiq
məlumat yoxdur. İsmayıl Paşanın ölümündən
sonra oğullarından Mahmud Hamdi Paşaya qalan köşk
Sultan Abdulhamid tərəfindən bədəli Xəziney-i
Hassadan ödənərək Şahzadə Abdulməcid Əfəndi
üçün satın alınır.
Daha sonra bağın ərazisində inşa edilən
hərəm və əlavə tikili binaları ilə birlikdə
köşk geniş bir əraziyə yayılır. Taxtadan
tikilən həmin binalar təəssüf ki,
günümüzə qədər gəlib
çıxmayıb. Bəzi mənbələrə görə,
Şahzadə Abdulməcid 1896-97, bəzilərinə görə
isə 1900-cü illərdə bu köşkə
köçür. Üç il sonra dizayn dəyişikliyi və
müəyyən toxunuşlar edilir. Bəzi mənbələrə
görə, köşkün əsas qapısı və hər
iki yanında yer alan tarixi divarlar Abdulməcid Əfəndi tərəfindən
dəyişdirilir. Bundan əlavə, köşkün şərq
girişində divardakı "Sevgi Çeşməsi"
adlı mənzərə rəsminin altında isə Abdulməcid
Əfəndinin dizayn etdiyi və Avni Lifijin isə onu divara
işlədiyi yazılır.
Bu köşkdə Abdulməcid çərşənbə
günləri rəsmlər çəkirmiş. 1918-ci ildə
Sultan Vəhdətdinin taxta keçməsi ilə Şahzadə
Abdulməcid vəliəhd elan edilir və Dolmabahçe
sarayına köçür. Yeri gəlmişkən, sarayda
ona məxsus bir-birindən gözəl tablolar sərgilənir.
Köşk 1942-ci ildə Kalkavan ailəsinə
satıldıqdan bir müddət sonra Kazım Taşkənt tərəfindən
alınaraq restavrasiya edilir. II Dünya müharibəsi ərəfəsində
bir müddət əsgərlərin istifadə etdiyi yer olur.
Sonra uzun müddət boş qalır. 1987-88-ci illərdə
yenidən restavrasiya edilir. Daha sonra Koç Şirkətləri
qrupu tərəfindən alınır.
Keçmişdən bu günə...
Sərgiyə gəldikdə isə Sadberk Xanım
Muzeyi tərəfindən Üsküdardakı Abdulməcid
Əfəndi köşkündə açılan "Mazidən
Atiyə zərafət: Osmanlı İmparatorluğunun son
dönəmində və Cümhuriyyətin ilk illərində
qadın qiyafətləri" adlı sərgidə XIX əsrdə
şəhərli qadınların Avropa modasının təqib
olunması ilə başlayan, Cümhuriyyətin elan edilməsilə
sürətlənən yeni modanın qadın rollarını
necə dəyişdiyini görə bilərik. Sərgi, sadəcə
qadınların geyimlərini deyil, yaşadıqları
çevrəni də tanıtmağa çalışır.
Eyni zamanda Lətifə xanım, Mevhibə İnönü və
Afət İnanın geyimləri ilk dəfə burada birlikdə
sərgilənir. Sərginin ən ecazkar və insanı sehrləyən
yanı isə Atatürk üçün xüsusi bir
bölümün olmağı, geyimlərinin burada göstərilməsidir.
Atatürkün geyimlərinə baxdıqca, öz-özünə
düşünürsən, İlahi, insan necə bu qədər
zövqlü ola bilər.
Bir də dəhşətə gəlirsən, dünənə
qədər içi dolu olan bu geyimlər indi içi
boşdur. Ölüm gerçəkliyi bir daha ən sərt
şəkildə üzünə çırpılır. Yekə-yekə
danışmaqların, öyünmələrin, mənəm-mənəmliyin
nə qədər boş, lazımsız, mənasız
olduğunu istehza ilə düşünürsən. Kimik
axı, dünən gəldik, hər an gedəcək fanilərik
də!
Qeyd edim ki, Atatürk bölməsində geyimlərdən
əlavə Ömer M.Koç Kolleksiyasından imzalı
fotolarla bərabər, Sadberk Xanım Muzeyi və Rahmi Koç
Muzey kolleksiyalarında qorunan aksesuarlar və özəl əşyalar
da sərgilənir.
Sərgidə Birinci Dünya müharibəsinin
yaratdığı yoxsulluqlar və atəşkəs dönəmi
boyu paytaxtın işğalının təsiri ilə şəhərli
qadın geyimlərinin məruz qaldığı dəyişiklik
ilə Cümhuriyyətin paytaxtı Ankarada rəsmi dəvətlərdə,
ziyafətlərdə geyinilən geyimlər də yer alır.
Dəyişimin ilk addımı
Tənzimatın 1839-cu il elanına qədər
keçən əsrlərdə Osmanlı qadın qiyafətlərində
radikal dəyişiklik olmadı. Zəngin Osmanlı
qadınlarının geyimləri qiymətli parçalardan
tikilirdi. İmperatorluğun ilk paytaxtı Bursa Bizans dönəmindən
etibarən ipək istehsalının mərkəzi olmuşdu.
Yeri gəlmişkən, şəhər XIV əsrdə
dünyanın ən önəmli ipək bazarları
arasındaydı. Ancaq XVII əsrin ortalarında qərbin
parça istehsalı qarşısında gücünü
itirdi. Parisin modanın mərkəzinə çevrildiyi və
saray xanımlarının Paris model və istehsal
parçalarına üstünlük verdikləri bir dönəmdə
III Səlimin Üsküdarda fransız parçalarına bənzər
ipək istehsalının başlanmasına qərar verir.
Yenilikçi padşahlar mənimsədikləri həyat tərzi
və geyimlərin fərqliliyinə görə camaatın və
yeniçərilərin reaksiyalarından çəkindikləri
üçün ilk qurban etdikləri qadınların geyim
özgürlüyü olur. III Səlim və II Mahmud kimi
padşahların zamanında qadınların qiyafətlərinə
qaydalar tətbiq edirlər. Nə var ki, moda fərman dinləmirdi.
Bəzən üç, bəzən beş il sonra, bəzən
də eyni il təkrar fərman verilirdi. Heç bir müdaxilə
Lalə Dövrü və III Səlim dövründə yeni
geyimlərin yayılmasını əngəlləyə bilmədi.
Qərbləşmə dönəmi
Osmanlı Sarayı əsrlər boyu sənəti və
modanı idarə edən, yönləndirən mərkəz
idi. Günümüzə gəlib çatan geyimlərin
sayı çox az olması ilə saraylı xanımların
geyimlərinin Qərb təsirinə girdiyi prosesi sənədləşdirən
ən önəmli qaynaqlar XVIII əsrin sonlarından etibarən
tutulmağa başlanan dərzi dəftərləri idi.
Sultanların Peradakı dərzilərin ən yaxşı
müştəriləri olduqları, işləməli
parçaların burada hazırlandığı, geyimlərin
bərpası, düzəldilməsi, sökülərək
başqa geyimə çevrildiyi saray arxivindəki qəbzlər
və ödəməyə dair sənədlərdən
öyrənilib. Fransız sənətçi Antonio Melling III
Səlimin bacısı Xədicə Sultan üçün
geyimlər, şallar, inci işləməli paltarlar tikməsi
qərb zövqünə olan marağın göstəricidir.
Topqapı Sarayı tərk edilib, Dolmabahçe,
Çırağan, Ulduz kimi barok, rokoko üslubunda tikilən
saraylarda yaşamaq da dəyişimin səbəblərindəndir.
Başda xanım sultanlar olmaqla, modern xanımlar geyimlərini
dövrün Avropa moda dərgilərindən seçdikləri
modellərdən sifariş edir və ya Qərbdən gələn
parçalardan hazırlatmağa üstünlük verirdilər.
Bəzən öz paltarlarının üstündə
ölçüləri biçib dərziyə göndərir,
getməklərinə belə gərək qalmırdı. Ailə
qurub öz saraylarında yaşayan padşah qızları
geyimlərini İstanbuldakı dərzilərə tikdirmək
bir yana qalsın, Paris kimi moda mərkəzlərindən də
sifariş verirdilər. Saray və ətrafındakı
xanımlar arasında başlayan Qərb tərzi geyim
modası, Tənzimatla birlikdə yayıldı. Yenə həmin
dönəmdə Krım savaşına görə
İstanbulda vəzifəli ingilis və fransız ailələrinin
gəlməyi də modaya təsir elədi. Sultan Abdulaziz,
Napoleon və Yevgeniya şərəfinə verilən dəvətə
başda Pertevniyalı Sultan olmaqla bütün saray
qadınları qatılmışdı. Dəvətdə
iştirak edən validə sultanın avropasayağı
geyindiyini, baş örtüyünü
açmadığını da sərgidə göstərilən
qaynaqlarda oxuyuruq. Ümumiyyətlə, sarayın yaşlı
qadınları milli geyim tərzlərini qoruduqları halda, gənc
qadınlar 1875-ci ildən etibarən tamamilə yeni moda ilə
geyinməyə başlamışdılar. II Abdulhəmidin
qızı Ayşə Sultan xatirələrində qeyd edir ki,
bəzi saray sakinləri və yaşlı qadınlar
alışdıqları geyim tərzindən əsla vaz
keçmirdilər.
Özəl gün qiyafətlərinə gəldikdə
isə bu tərz, fransız və
qərb təhsilinin Osmanlıda yayğınlaşması ilə
başladı. Fransız izi artıq iqtisadi, təhsil, musiqi və
geyim sektoruna qədər gündəlik yaşamda özünü
daha aydın şəkildə bəlli edirdi. Qapalı
qapılar arxasında yaşayan qadınlar isə modanı
fransız musiqi müəllimləri vasitəsi ilə təqib
edirdilər. Sultan Abdulməcidin Fransa vurğunu olması və
qızlarına bu bəyənməni yansıdan toylar etməyi
ilə fransız modası paytaxtdan başlayaraq bütün
Osmanlıya yayıldı. Cümhuriyyət dönəmində
qadınların yaşam tərzləri, geyimləri yenə
sabit qalmadı. Tarix dəyişdikcə moda, tərz, rənglər
dəyişdi. Hər şey dəyişir. Nə qədər
qadağalar olsa da, nə qədər əmrlər verilib, fərmanlar
imzalansa da.
Bu sərgidən bir daha anladım ki, nə boyda
gücün olursa olsun, dünyanın gedişatının
qarşısını, axan həyatın önünü kəsmək
mümkün deyil. Bircə dənə sərgi ilə bu həqiqəti
bütün gerçəkliyi ilə gözlər önünə
sərir. Dünya budur, belə gəlib, belə də gedəcək,
biz olsaq da, olmasaq da. Hər şey dəyir və dəyişəcək,
fərqi yoxdur, yaxşıya, yoxsa pisə doğru.
Yaxşı və pis olduğu isə dönəmin
insanlarına görə dəyişir. Bəlkə də hər
kəs üçün pis olan, başqası
üçün yaxşıdır. Bu da müzakirəlik məsələdir.
Türkan TURAN
525-ci qəzet.- 2024.- 3 fevral, ¹21.- S.19.