Antoni ilə
Kleopatranın gur məhəbbətinin faciəli sonluğu
(Əvvəli ötən şənbə
sayımızda)
Oktavian isə öz çadırını tərk
etdikdən sonra bir qədər ətrafda gəzişib, hələ
qaranlıqda gəmilərinin yanına getdi və yolda
eşşəyi qovan adamla qarşılaşdı və ondan
adını soruşduqda. bu adam cavab verdi ki, onun adı
"Uğurlu"dur, eşşəyin adı isə
"Qalib"dir. Sonralar Oktavian qalib gəldiyi yerdə gəmilərinin
burnunun rəmzini və onlar arasında bu adamın və onun
eşşəyinin tuncdan heykəlini qoydurdu. O,
donanmasının qalan hissəsini də yoxladıqdan sonra
sağ cinaha yollanmaq üçün qayığına oturub
getdi və düşmənin gəmilərinin qarşıda hələ
lövbərdə dayandığını gördü.
Günorta vaxtı dənizdən meh əsdi və Antoninin
adamları düşməni belə uzun müddət gözləməkdən
yorulub, özlərinin iri və hündür gəmilərində
irəliləməyə başladılar. Oktavian onların hərəkətə
gəlməsindən olduqca sevindi və əmr etdi ki, onun
öz sağ eskadrası geri çəkilsin, onun planı
bundan ibarət idi ki, ətrafda, ancaq ətrafda üzmək
lazımdır ki, onun yüngül və yaxşı idarə
olunan qaleraları düşmənin nəhəng gəmilərinə
hücum edə bilsin. Antoninin gəmilərinin
ölçüsü və adamların azlığı gəmilərin
ləng hərəkət etməsinə səbəb olurdu və
onlar çətin idarə olunurdu. Antoninin gəmiləri
onların iri korpusuna görə sürətlə hərəkət
edə bilmədiyindən səmərəli zərbə vura
bilmirdi, digər tərəfdən Oktavian Antoninin gəmiləri
ilə toqquşmağa cəsarət etmirdi, çünki onun
gəmiləri möhkəm kütləyə malik idi və
mislə örtülmüşdü. Bu gəmilər həm də
dəmir boltlarla birləşdirilmiş iri taxtalardan
qayrılmışdı və Oktavianın gəmilərinin
burnunu asanlıqla dağıda bilərdi. Buna görə də
dəniz döyüşü quruda gedən döyüşə
bənzəyirdi, hücum və müdafiə, istehkam
qurulmuş, möhkəmləndirilmiş yerdə
aparılırdı. Ona görə də Oktavianın
üç-dörd gəmisi Antoninin bir gəmisinə
mızraq, cürbəcür od vasitələrini atmaqla onu sıxışdırırdı.
Antoninin adamları isə katapultdan istifadə edirdilər.
Oktavianın mahir sərkərdəsi Mark Aqrippa öz
komandanlığı altında olan eskadra ilə düşməninin
flanqının böyründən ötüb-keçdi, digər
sərkərdə onun hərəkətini müşahidə
etməli, Aqrippa bunu həyata keçirdikdə və bir həyəcan
doğuran hadisə baş versə, flanqla düşmənin
orta eskadrasının əlaqəsini kəsməli idi.
Xoşbəxtlikdən, bu gün elə bir həlledici hadisə
baş vermirdi, döyüş bərabər gedirdi, lakin qəflətən
Kleopatra özünün qalan altmış gəmisininin yelkənlərini
qaldırtdırıb dənizdə üzərək
qaçmağa başladı və bu vaxt o, mövqe tutmuş
gəmilərin arasından keçib-gedirdi. Onlar arxada iri gəmiləri
yerləşdirmişdilər və bu sıra pozulduqda hər
şey qatmaqarışıq düşdü. Düşmən
onların üzüb uzaqlaşdığını
gördükdə heyrətə gəlmişdi. Arxadan əsən
külək isə həmin gəmiləri Peloponnes
yarımadasına tərəf qovurdu. Bu vaxt Antoni bütün
dünyaya göstərdi ki, öz ağlı və hərəkətləri
ilə bundan sonra heç də özünü komandan və
ya adi bir adam kimi apara bilməyəcəkdir. Bu vaxt ikinci, daha
gözlənilməz və birbaşa bədbəxtliyə
aparan hadisə baş verdi. O, bir daha bu həqiqəti təsdiq
etdi ki, onun bədənində aşiq ruhu yaşayır, bu ruh
hər şeyi, hətta onun ağlını da məhv etməyə,
kor qoymağa qadirdir. Onun dünyasının ən
böyük ölçüsü bu gözəl qadından,
Kleopatradan ibarət olduğuna görə, Antoni onsuz
özü üçün həyatın mümkün
olmayacağı qənaətinə gəlmişdi. Elə bil
ki, bu qadının uzaqlaşması və ya ondan
ayrılması həyat günəşinin sönməsi demək
idi. Qoca adamın ölümündən daha təbii bir
şey olmadığı kimi, bu ad-sanlı sərkərdə
üçün isə varlıq yalnız Kleopatra ilə bir
yerdə olduqda təbii hal kimi görünürdü və
onsuz gecən günləri o, təbiətin ona qarşı ən
böyük ədalətsizliyi və cəzası hesab edirdi.
Elə bil ki, o, bu qadının bir hissəsi kimi
doğulmuşdu, qadın uzaqlaşdıqda hissə onunla bir
yerdə deyilsə, məhv olmuş kimi
görünürdü. Ona görə də bu aşiq onunla
bir yerdə buranı tərk etməli, getməli idi. Bu səbəbdən
Antoni Kleopatranın gəmisinin üzüb
uzaqlaşmasını görəndə, onun üçün
vuruşan və öz həyatını ona həsr edən
adamların hamısını taleyin ümidinə ataraq, tərk
etdi, bir qaleranın göyərtəsinə oturaraq,
Kleopatranın arxasınca yollandı. Beləliklə, onun
darmadağın olunması başlandı və
bütünlükdə sonunun başlanğıcı qoyuldu.
Onun könlündəki aşiqlik hərarəti hər şeyi
yandırıb sıradan çıxardı, onun
ağlını almaqla böyük bir ordunun düşmənə
təslim olmasına və özünün
biabırçı məğlubiyyətinə şərait
yaratdı. Hər şeyə qalib gələn məhəbbət
onun əlindən təkcə dəniz döyüşündəki
qələbəni deyil, həm də çox güman ki,
böyük bir dünya dövlətinin
hökmranlığını çıxardı. Hannibal iradəsizlik
göstərib, Romaya hücum etmədi və gecikdi, sonra isə
özünün və ölkəsinin məhvinə səbəb
oldu, Antoni isə bir andaca ağılsız qərara gələrək
döyüş səhnəsini tərk edən məşuqəsinin
arxasınca yollandı və beləliklə, onun şərəfli
həyat səhnəsinin pərdəsi birdəfəlik
salındı. Aktsidə uzaqlaşan Kleopatra ilə onun
arxasınca üzən Antoninin gəmisi arasındakı məsafə
iki sevgilinin vur-tut birillik ömrünə, Oktavianın isə
üç ildən sonra təltif edildiyi və qəbul etdiyi
Avqust adı altında Roma imperiyasına 45 il müddətində
hökmranlıq etməsinə bərabər oldu.
Fransız filosofu Blez Paskalın yazdığı kimi,
Kleopatranın burnunun ucu bir az gödək olsaydı, indi
dünyanın sifəti başqa cür görünərdi. 55
yaşlı Antoni isə özünü, eşqə
düşmüş yeniyetmə kimi dəlisov, daha doğrusu,
səfeh kimi aparmasaydı, dünya, yəqin ki, başqa bir
inkişaf yolunu tuta bilərdi, ən azı, Qərblə
Şərqin yaxınlığı, təması və
bir-birinə nüfuz etməsi daha güclü ola bilərdi.
Lakin tarix feilin lazım formasını sevmədiyindən,
baş vermiş hadisələri sonradan dəyişmək,
onları olduğundan fərqli fərziyyələndirmək və
bu əsasda gecikmiş, vaxtı ötmüş fantastik planlar
cızmaq sadəlövhlükdür,
ağılsızlıqdır. Yüz qırx gəmisi yanan,
öz taleyi və ölkəsi üçün qorxu hissi
keçirən Kleopatranın, hətta əvvəlcədən
də qaçmaq qərarına gəlməsinə haqq
qazandırmaq mümkün olmasa da, buna izah tapmaq olar. Ancaq
böyük təcrübəyə malik olan sərkərdənin
döyüşü atıb, öz məşuqəsinin
arxasınca qaçmasını heç nə ilə izah etmək
mümkün deyil, əgər bu məşuqə əsir
düşsəydi, düşmənin əlinə keçsəydi,
yenə məhəbbət naminə Antoninin bu addımına
müəyyən rəng vermək olardı. Məşuqəsinin
arxasına düşüb, böyük dəniz qüvvələrini,
habelə quru qoşunlarını başsız qoymaq, bədbəxtlik
girdabına sürükləmək, təkcə
biabırçı bir addım olmayıb, onun yolunda həlak
olanlara qarşı ən dəhşətli xəyanət, əfv
edilməsi mümkün olmayan ağır cinayət idi.
Kleopatra məşuqunun onun arxasınca gəldiyini
başa düşdükdə, ona siqnal verdi ki,
çariçanın gəmisinin göyərtəsinə
keçsin. Gəlib çatan kimi Antoni qadının gəmisinə
qalxdı. Lakin məşuqəsini görmədən o, irəli
gedib, heç bir söz demədən gəminin burnunda təkcə
oturdu və başını əllərinin arasına
alıb, düşünməyə başladı. Bu vaxt onu təqib
edən Oktavianın bir neçə gəmisi
göründü. Antoni gəminin burnundan durub, onların
birindən soruşdu ki, onu təqib edən kimdir? Həmin adam
cavab verdi ki, "mən Lacarın oğlu Evrikləm və
atamın ölümünə görə silahla intiqam almaq
istəyirəm". Lacar vaxtilə soyğunçuluq
üstündə ittiham edilmiş və Antoninin göstərişi
ilə onun boynu vurulmuşdu. Lakin Evrikl Antoniyə hücum edə
bilmədi və bütün gücü ilə digər admiral
qalerasına həmlə etdi. Evrikl üzüb gedəndən
sonra Antoni öz əvvəlki vəziyyətinə
qayıtdı və sakitcə oturdu. Üç gün o,
Kleopatraya qarşı hirsinə görə, yaxud da onu məzəmmət
etmək üçün bu vəziyyətdə qaldı,
axırda isə onlar Tenarusa gəlib çıxdılar. Bu
vaxt onun bir neçə dostu və yük gəmiləri onun
yanına gəlməyə başladı, onlar onun
darmadağın edilmiş donanması barədə xəbər
gətirdilər. Lakin onların gümanına görə.
piyada qoşunları əvvəlki yerlərində möhkəm
dayanmışdı. Antoni Kanidiyə xəbər göndərdi
ki, ordusu ilə birlikdə sürətlə Makedoniyadan
keçib, Asiyaya girsin, özü isə
planlaşdırdı ki, Tenarusdan Afrikaya keçsin. Bunun
üçün o, özünün böyük məbləğdə
pul və böyük dəyərdə olan qızıl və
gümüş doldurulmuş qablar olan bir ticarət gəmisini
öz dostlarına verdi ki, həm özünün təhlükəsizliyini
sübut etsin və həm də onları pay sahibi kimi öz
işlərinə cəlb etsin. Bu qızıl və
gümüş çar sarayının kolleksiyasına məxsus
idi. Dostları onun bu mərhəmətindən göz
yaşları ilə imtina etdilər. O, dostları ilə
çox mehriban davranırdı və xahiş etdi ki, onu tərk
etsinlər.
Lakin döyüş səhnəsində gedən
böyük işlərin yanında bunlar əhəmiyyətsiz
tədbirlər idi və dağılmış binanın
fasadını kosmetik təmir etmək cəhdinə bənzəyirdi.
Aktsidə isə Antoninin donanması Oktaviana xeyli müqavimət
göstərdikdən və ağır dəniz təlatümünün
vurduğu çoxlu ziyandan sonra günorta vaxtı artıq
vuruşmaqdan imtina edərək, həmin yerdən
uzaqlaşmağa başladı. Donanmanın itkisi
öldürülmüş beş min adamdan və
Oktavianın özünün dediyi kimi, ələ
keçirdikləri üç yüz gəmidən ibarət
idi. Ancaq çox az adam Antoninin qaçmağını
bilirdi. Bu xəbəri eşidən adamlar da ilk dəfə
bunu mümkün olmayan bir şey kimi qəbul edir, heç
cür inana bilmirdilər. Axı bu generalın sahildə
bütöv on doqquz legionu və on iki min nəfərlik
süvari dəstəsi var idi. Axı sərkərdə belə
bir qüvvəni atıb qaça bilməzdi. Həm də o,
dəfələrlə xeyirli və bəd bəxti sınaqdan
çıxarmışdı, keçirdiyi yüzlərlə
müharibədə və döyüşdə vəziyyətin
dəyişilməsinə öyrənmişdi. Onun əsgərləri
isə öz arzularından və gözlədiklərindən
imtina etmirdilər və öz aləmlərində güman
edirdilər ki, fəaliyyəti ilə o, böyük zəkasını
göstərəcək. Bundan başqa, onlar özlərini
bütünlüklə əmin etmişdilər ki, o, ciddi bir
məsələyə görə qaçmışdır və
onlar yeddi gün təxəyyüllə yaşadılar, bu
vaxt hətta Oktavianın onlara xəbər göndərməsi
barədə də heç bir təsəvvürə malik
deyildilər. Lakin nəhayət, onlara komandanlıq edən
Kanidinin gecə düşərgədən
qaçdığını və bütün zabitlərin
onları tərk etdiyini gördükdə, onlar da öz
yollarını tapdılar və özlərini qalibə təslim
etdilər.
Oktavian təkcə Aktsidəki qələbəsi ilə
deyil, bu uğuru müşayiət edən və Antoniyə bədbəxtlik
gətirən digər hadisələrə də sevinə bilərdi.
Antoni İudeya çarı İrodun bir neçə legion və
kaqorta ilə birlikdə Oktavianın tərəfinə
keçməsi xəbərini aldı, digər çarlar və
şahzadələr də bu qaydada ondan qaçırdılar.
İndi Misirdən başqa Antoniyə heç nə
qalmamışdı. Lakin bunların hamısı elə bil
ki, heç də onu narahat etmirdi. Timoneum adlanan
yaşayış yerini tərk edən kimi o, Kleopatra tərəfindən
sarayda qəbul edildi və bütün Aleksandriya yenidən
qonaqlıqlar, eyş-işrət və hədiyyələr
yoluna düşdü. Yuli Sezarla Kleopatranın oğlu olan
Sezarion bir gənc kimi qeyd olundu, Antoninin Fulviyadan olan oğlu
Antill isə al rəngdə olan xələt aldı.
Bunların şərəfinə bütün Aleksandriya şəhəri
bayram edirdi və bir neçə günü yeyib içməkdə
keçirdi. Onlar özləri "müstəsna qurmanlar"
cəmiyyətini dağıdıb, onun yerinə yenisini
yaratdılar. Bu dəbdəbəsinin, əhəmiyyətinə
görə əvvəlkindən heç də
aşağı olmayan cəmiyyət - "Birlikdə ölənlərin"
cəmiyyəti adlandı. Bu cəmiyyətin üzvlərinin
hamısı Antoni ilə Kleopatraya sədaqət naminə,
onlarla birlikdə öləcəklərini söyləyirdilər,
hazırkı dövrü isə ancaq şənliklərdə
və mütəmadi olaraq davam edən ziyafətlərdə
keçirirdilər. Lakin Kleopatra müxtəlif zəhərli
maddələr kolleksiyası düzəltməklə də məşğul
idi. Buna diqqət yetirirdi ki, istifadə edilən vaxt bu maddələrdən
hansı daha ağrısız olacaq. O, bu zəhərləri ölümə
məhkum edilmiş adamların üzərində sınaqdan
keçirirdi. Lakin tez təsir edən zəhərin daim kəskin
ağrı verdiyini və az ağrılı zəhərin ləng
təsir etdiyini öyrəndikdən sonra o, zəhərli
heyvanları sınaqdan keçirməyə başladı və
öz gözləri ilə bir həşəratın digərini
necə çaldığını müşahidə edirdi.
Bu, onun gündəlik məşğuliyyətinə
çevrilmişdi və özünü azacıq onunla qane
edirdi ki, heç bir şey çalmaqda asp - gürzə
ilanı ilə müqayisə edilə bilməz. Bu ilan vuranda
adam konvulsiya və iniltisiz ağır yuxuya dalır, adamın
üzündə kiçik tər damcıları əmələ
gəlir, hisslər itir, xəstə heç bir ağrı
hiss etmir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 10 fevral, ¹26.- S.22.