Tut arağı, donuz kababı və
Aşotun məktubu
Povest
(Əvvəli ötən sayımızda)
Faxı çadırda
mışıl-mışıl yatırdı. Yuxuda
Ayrikanı gördü. Özü də gördü ki, Ayrika
Ararata yox, dəllək Azadın oğlu Lyonikə ərə
gedib.
Yuxudan oyandı. Və sevindi ki, nə yaxşı o
vaxt Ayrikanı qaçıra bilməyiblər. Yoxsa indi qohum-əqrəbanın,
dost-tanışın üzünə necə baxardı.
Durdu alaçıqdan çıxdı. Bir az təmiz
hava aldı və oturdu alaçığın
qabağındakı taxtanın üstündə və
baxdı Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərinə
tərəf. İndi Var-Yoxdan olmuş Dünyanın Ən
Varlı Şəhərinin ən varlı oğullarından
biri gözləyirdi ki, türklər nə vaxt onlara yardım
gətirəcək.
Və hərdən yardım gətirən türklərə hirslənirdi:
- Ə, bizə yardım lazım döyül ey,
qardaşıxsa, köməy edin qayıdax evimizə-eşiyimizə.
Ev-eşiyi qalmamışdı. Bircə günah
işlətdiyi məscid qalmışdı ki, orda da Aşotun
qohum-əqrəbaları donuz saxlayırdı.
lll
Futbola az qalırda. Faxı gəlib oturdu, televizoru
açdı. Mənasız reklamlar göstərirdilər.
Onun da bu mənasız reklamlardan zəhləsi gedərdi. Tez
kanalı dəyişdi. Yenə Qarabağdan, özü də
Ağdamdan, onun gələcəkdə necə tikiləcəyindən
danışırdılar. Danışanı tanıdı:
- Hə ey, nə vaxt? Nə vaxt, bütün ağdamlılar ölənnən
sonra?!
Bu vaxt danışanı tanıdı və
anasını
çağırdı:
- Mama, ay mama!
Anası əlində bir stəkan çay mətbəxdən
çıxdı. Çayı gətirib qoydu onun
qabağına:
- Nədi, ay bala?
- Tilvizerə bax.
- Baxıram də, nə olub?
- Diqqətlə bax, gör danışan kimdi?
Anası televizora bir az da yaxın gəldi:
- Boyy, sənin ağ saşlarına mən qurban; -
sonra televizoru öpdü; - Mən bilirdim, mən
inanırdım, ona mən dərs demişdim, inanırdım
ki, bir gün böyük yazıçı olacaq. Onu mən
yazıçı eləmişəm.
Faxı:
- Yazıçı eləmisən, amma adam eliyə
bilməmisən. Bu neçə ildə bir dəfə səni
axtarmıyıf ki, məllim, ölmüsən, qalmısan.
- Qınama, yazığın işi-gücü
çoxdu. Bir də özünün də bütün qohum-əqrəbaları
dağılıb çöllərə.
Faxı:
- Mama, gərəh onda mən Ariqanın üstündə
onu əzişdireydim. Sənin xətrinə döymədim.
lll
Aşot xeyli durdu hamamın qabağında, təbii
ki, Ayrika gəlməyəcəkdi. Heç bilmirdi Ayrikanı
da harda axtarsın. Bu vaxt iki əsgər yaxınlaşdı:
- Kimsən? Burda kimi gözləyirsən?
- Aşotam. Bir qız gözlüyürəm.
- Çıx rədd ol get. Görmürsən bu
şəhərdə adam nədi, heç it də qalmayıb, nə qız?
Aşot da bilirdi ki, bu şəhərdə adam
qalmayıb. Onu xatirələri gətirib
çıxarmışdı bura. Onu bura bu tində Faxıyla
Nuruşla birlikdə qaçırmaq istədikləri Ayrika gətirmişdi.
Ayrika isə artıq İspanakertdə Araratla yox, Lyoniklə
yaşayırdı.
lll
Atası çadır şəhərində
Faxını özünün qardaşı qızıyla evləndirmişdi.
Faxı isə əmisi qızıyla heç evlənmək
istəmirdi.
Atası:
- Ə, köpəyoğlu, əmiqızıyla əmioğlunun
kəbinini göydə mələhlər kəsif.
Faxı:
- Mələhlərin işi-güjü qurtarıf da,
göydə zaqs idarəsi açıflar.
- Başınnan yekə qələt eləmə.
Və Faxı atasının sözündən
keçə bilməmişdi, göydə kəbinlərini mələklərin
kəsdiyi əmisi qızını almışdı.
Hərdən yatağa girəndə Ayrikanı fikirləşirdi.
Hətta yuxuda bir-iki dəfə bərkdən "Ariqa"
sayıqlamışdı.
Əmisi qızı da onu yuxudan ayıldıb
soruşmuşdu:
- Ariqa kimdi, ə?
- Yuxuda Riqanı görürdüm. Bilirsən də,
mən o şəhəri çox sevirəm.
- Sən Riqa demədin ey, Ariqa dedin.
- Yəni a Riqa də, sən nə gözəl şəhərsən.
lll
Bir neçə gündən sonra Aşot yenə şəhərə gəldi.
Keçəndə gördü ki, Artuşun evini də
dağıdıblar, baxmayaraq ki, üstünə xaç
çəkilmişdi, "Artuşun evi"
yazılmışdı, amma bunun heç bir xeyiri
olmamışdı.
Gəldi gördü ki, Faxıgilin də evini dağıdıblar, nə var
söküb aparıblar. Bərk dilxor oldu.
Getdi komendantın yanına:
- Mən burda pulnan ev almışdım, onu niyə
satdın?
- Vaxtında gəlib pulunu verərdin, mən də
iranlılara satmazdım. Özü də bahalı ev idi,
beş yüz dollar verdilər. Həm də məndən
asılı deyil, rəhbərlik belə bir qərar verib ki,
bu şəhərdə daş-daş üstə
qalmamalıdır. Mən kiməm ki?
Aşot qayıtdı Faxıgilin evinə.
Üzünü qoydu daşlara və ağladı. Sonra da
qayıtdı öz kəndlərinə və anasına dedi:
- Mama, Paxıgilin evini dağıdıflar. Türklər
heş vaxt bunu bizə bağışdameyjax. Ordan tut
arağı gətir, içim, bir az toxtuyum.
lll
Şəhər azad olunandan sonra Faxı
maşınını sürdü getdi evlərini tapmağa.
Əvvəl-əvvəl gəldi günah işlətdiyi məscidə.
Amma içəri girmədi. Məscidin kandarından və
qapısının çərçivəsindən
öpdü, üzünü sürtdü divara, Allaha dua elədi
ki, günahını
bağışlasın.
Sonra məscidə istinad edib öz məhlələrinin
yerini tapmağa çalışdı. Amma alınmadı. Gəldi
Teatrın sağ qalmış girişinin önünə.
Ordan nişan götürdü məhlələrini, amma yenə tapmadı. Küçədəki
polis işçilərindən soruşdu:
- Bazar ha tərəfdədi?
- Qardaş, bazar qalıb ki?!
- Elə dağılmışı ha tərəfdədi?
- Sol küçəylə bir iki yüz metr get,
qarşına çıxacaq.
Nəhayət, çətinliklə olsa da bazarı
tapdı və ordan döndü sağ tərəfə.
Qarşısına ilk çıxan Qırmızı
Nizaminin ayaqqabı dükanı oldu. Əyilmiş dəmir
çərçivələri qalmışdı. Faxı
uşaq olanda bu dükandan Çinin istehsal etdiyi idman
ayaqqabılarını, hansı ki onlara "kitayski sportsmen" deyirdilər,
çox almışdı. Bu ayaqqabının üstündə
həmişə basabas olurdu. Amma Qırmızı Nizami onu
görən kimi deyirdi:
- Ə, bir dayanın, qoy görüm məllimin
oğlu nə istəyir?
- Nizami əmi, bir dənə də maa ver.
- Neçə razmer?
- Otuz yeddi.
Ayaqqabını alıb sinəsinə sıxar və
sevinə-sevinə gedərdi evlərinə. Futbol oynayanda sinif
yoldaşları ona həsədlə baxardılar ki,
"kitayski sportsmen" geyinib.
O vaxtlar butsi hələ dəbə düşməmişdi.
Nizami özü də həmin bu "kitayski sportsmen"dən
geyinib "Qarabağ" komandasında hücumçu
oynayırdı.
Bir az irəli getdi, sol tərəfdə
dağılmış evlərin birinin hasarının üstündə xaç şəkli
çəkilmişdi. O dəqiqə bildi ki, bu, Artuşun evi
olub. Deməli, onların evinə az qalırdı. Təxminən
əlli metr sonra yenə sol tərəfdə
üstünə xaç çəkilmiş
dağılmış bir hasar qarşısına
çıxdı. Hasarı dağıtsalar da, bir hissəsi
dururdu, üstünə nəsə yazmışdılar,
qar-yağış yazını demək olar ki, pozmuşdu.
Əlləri ilə hasarı təmizlədi, yalnız
bunları oxuya bildi: "şotun e...". Həyətlərini
tapmışdı. Girdi həyətə. Evlərinin bircə
özülü qalmışdı. Ağacların
hamısını da kəsmişdilər. Bütün həyətdə
yabanı turş nar bitmişdi. Paçallanmış narlardan
birini üzdü, iki yerə
böldü və bir parçasını soxdu ağzına.
Ömründə belə şirin nar yeməmişdi. Üst-başını da batırdı.
Sonra daşların birinin üstündə oturub anasına zəng
elədi:
- Mama...
- Haycan.
- Mama, həyətimizdəyəm. - dedi və
başladı hönkür-hönkür ağlamağa.
Anası da telefonun o biri başında
ağlayırdı. Anasının ağlamasını
eşitməmək üçün telefonu
söndürdü. Sonra bu evin ev vaxtını xatırlamağa
çalışdı. Xatirələr
qarışırdı bir-birinə. Bir-iki saat oturandan sonra iki-üç dənə
də nar üzüb qoydu ciblərinə və həyətdən çıxıb yenidən
qayıtdı Teatrın qarşısına. Teatrla üzbəüz
Nizami küçəsi yerləşirdi.
Kino Fazilin dağılmış kinoteatrının
qabağından keçdi və başladı Nizami
küçəsi ilə üzüyuxarı getməyə.
Üç tin sonra bu küçədən sola dönəndə
Şərab zavodu ilə üzbəüz Ayrikagilin evi idi.
Şərab zavodunu sökmüşdülər. Amma
hasarı çay daşından tikildiyindən ona dəyməmişdilər.
Döndü məşhur Məşədi Abbas küçəsinə.
Amma küçə yox idi. Ortasını qazıb su xəttini,
kanalizasiya kəmərini bütün küçə boyu
söküb aparmışdılar. Hər yerə də dəmir
tor çəpər çəkmişdilər.
Görünür, özləri üçün
pay-pürüş eləmişdilər. Naib həkimin evini
sökmüşdülər, amma taxtadan bir daxma tikmişdilər.
Damından da soba turbası çıxmışdı.
Görünür, şəhər azad olunanacan bu it damında
yaşayan olubmuş.
Çətinliklə, qorxa-qorxa yeriyirdi. Çünki
demişdilər ki, şəhər hələ minadan tam təmizlənməyib. Addımlarını ehtiyatla ata-ata
gəlib Ayrikagilin evini tapdı və oturdu dağılmış hasarın
üstündə. Ayrikanın fikri onu apardı...
...O Ayrikanı fikirləşəndə artıq
neçə il idi Ayrika İspanakertdən köçüb
Lyoniklə Kislovodskidə yaşayırdı. Yaşı
altmışı haqlamışdı. Əvvəlki gözəl-göyçək
Ayrikadan heç nə qalmamışdı. Cındırı
çıxmışdı və Lyonikin özünə
oxşayırdı. Və bu otuz ildə bircə dəfə də
Faxını yadına salmamışdı. Onun yadında olan
bircə Ararat idi...
...Fikirləşməkdən yoruldu və qalxıb
qayıtdı məscidin qabağına ki,
maşınını götürsün. Ürəyi bərk
siqaret istədi. Polislərdən soruşdu:
- Qardaş, siqaretiniz olmaz?
Tərs kimi polislərin heç biri siqaret çəkən
deyildi.Leytenant sıravi bir polisə üzünü tutub dedi:
- Ayə, qaç Gopanın budkasından qardaşa bir
siqaret al gətir.
Zarafat Faxının çox xoşuna gəldi.
Güldü və leytenantı basdı bağrına:
- Mən son illər bunnan şirin zarafat eşitməmişdim.
- dedi və oturdu maşınına, şəhərdən
çıxdı.
lll
Ağdərədə bayrağımız
qaldırılandan sonra oturdu maşına və sürdü
Aşotgilin kəndinə. Girdi kəndə. Yolun
qırağında Nikolaydanqalma Ağdam nömrəli
"QAZ-53" maşın vardı. Qapıları yox idi,
oturacağı
cırıq-cırıq, təkərləri də
boşalmışdı və cırılmışdı.
Keçdi, qabağına donuz sürüsü
çıxdı, az qaldı maşınını əzələr.
Arxalarınca da arıq və axsaq bir yabı gəlirdi.
Sağ tərəfdəki evlər
yandırılmışdı,
dağıdılmışdı. Bəlli idi ki, vaxtilə həmin
evlərdə azərbaycanlılar yaşayıb. Sol tərəfdəki
evlərin hamısı yerində
idi. Düzdür, cındırlarından cin
hürkürdü, elə bil ki, neçə illər burda
adam yaşamamışdı. Pəncərələrinin
rəngləri bozarmışdı, şüşələri
də qırıq-qırıqıydı, damların
çoxu da çökmüşdü.
Bu vaxt qabağına polislər çıxdı. Maşını saxladılar.
Əvvəl sənədlərini
yoxladılar, sonra soruşdular:
- Ay yoldaş, xeyirdimi?
- Burda bir dosdumun evi var, gəlmişəm ora
baxmağa.
- Kənddə heç kim qalmayıb. Beş-altı nəfər
mitili çıxmış haxçıx, bir-iki nəfər
də mitili çıxmış harsın var. Kim var ki axtarasan?
- Heş kimi axtarmıram, sadəcə, dosdumun evinə
dəyəjəm.
Sağollaşıb ayrıldılar. Gəldi kilsəni
keçdi, döndü sola və axtardığı evi
tapdı.
Bu kənddə bir kilsə və bir məscid
vardı. Məscidi dağıtmışdılar, kilsə isə
yerində dururdu. Məscidi hələ sovet hökuməti
vaxtı anbar eləmişdilər. Açarı da kolxozun
anbardarının cibində olardı. Özü də bu məscidin
minbəri də yoxuydu.
Məscidi necə tikmişdilərsə qumbaralarla
partlada bilməmişdilər. Sonra tankvuran raketlə vurub
dağıtmışdılar.
Ermənilər isə daha ağıllı tərpənmişdilər
və kilsəni kəndin kitabxanasına çevirmişdilər.
İçinə də ermənicə, bir az da azərbaycanca kitablar
yığmışdılar. Hər gün ermənilər bu
kitabxanaya gəlirdilər,
xüsusilə də bazar günləri. Kitab oxumağa
yox, kilsənin divarında rəsmlə
həkk edilmiş çarmıxa çəkilmiş
İsanın önündə dua edərdilər, şam
yandırardılar. Sonra kitabxananın müdiri hökumət
görməsin deyə şamları söndürərdi. Amma
Həzrət İsa onların dualarını eşidirdi, ya eşitmirdi, bunu bilmirəm.
Hökumətin dağıladağıl vaxtında
kilsədəki Azərbaycan kitablarını əvvəl-əvvəl
yandırmaq istəmişdilər, sahə müvəkkili
qoymamışdı:
- Ay camaat, sonra bizə faşist deyəcəklər
ki, kitabları yandırmışıq. Aparın tökün
çaya.
Bu da ermənilərin ağlına batmışdı.
Azərbaycanca olan kitabları yükləmişdilər bir
"QAZ-51"ə, aparıb tökmüşdülər
Xaçın çayına.
Ermənicə olan kitabları da vermişdilər kənddəki
məktəbin kitabxanasına. Ondan sonra bu kilsədən dini məqsədlər
üçün istifadə
edirdilər. Ölənlərini də bu kilsədən
götürərdilər. Kilsəni də bir az səliqə-səhmana
salmışdılar.
Kilsə Şahbulağın kubik daşlarından tikilsə də, üstünə
yazmışdılar ki, guya bu kilsənin dörd yüz ildən
çox yaşı var. Ən savadsız arxeoloq bunu sübut
edə bilərdi. Amma Azərbaycanın ən görkəmli
arxeoloqları bunu Avropaya sübut edə bilmirdi.
Axtardığı evi tapdı. Həyətin
qabağında tırtılı dağılmış bir
traktor vardı, yəqin haçansa gətirmişdilər ki,
Aşot bu traktora əl gəzdirsin.
Maşını traktorun yanında saxlayıb
düşüb girdi həyətə. Həyət elə
onun gördüyü həyət
idi, təkcə səliqə-səhmanı
qaçmışdı. Evin qabağında taxtadan uzun bir masa vardı, hər
iki tərəfində də yenə taxtadan düzəldilmiş
uzun oturacaqlar. Bu masa ona çox tanış idi. Bu masada Susanna
onlara çox süfrə açmışdı.
Evin qapısı açıq idi, keçdi içəri.
Ortada bir odun sobası vardı, otağın küncündə
də odun qalaqları.
Gözünə ilk sataşan divardakı xalça oldu.
Faxının nənəsi öz əlləri ilə
toxumuşdu bu xalçanı və anasına cehiz vermişdi.
Anası da onu evin baş divarından asmışdı. Sonra
da nemeslərlə müharibədə həlak olmuş
babasının əsgər paltarında çərçivəyə
salınmış bir böyük şəklini asmışdı.
İndi həmin xalça yenə divardan asılmışdı, amma
üstündəki şəkil dəyişmişdi. İki əsgər
şəkli qara lentə alınıb xalçanın
üstünə vurulmuşdu. İkisi də cavan idi. Şəkildən görünürdü ki, biri
zabitdi, biri əsgər.
İstədi ki, şəkilləri
çıxarıb atsın, xalçanı da
götürsün. Xeyli dayanıb baxdı, baxdı. Əsgər
şəkilləri onu kövrəltdi. Aşotun ikinci oğlunu
görməmişdi. Böyük oğlu da doğulanda bir qoç gətirib bu
həyətdə qurban kəsmişdi və demişdi ki, mən
bunu qurban kəsirəm, içki ola bilməz. Bir müddət
xalçanın üstündəki qara lentli əsgər
şəkillərinə baxdı-baxdı və fikrindən vaz keçdi.
Küncdəki televizor da ona tanış gəldi. Bu
televizorun bir küncünə Rəmişin
yapışqanlı şəklini
vurmuşdu, şəkli qoparsalar da, qırmızı
gitarasının qolu və barmaqları yerində idi.
Atası bu rəngli televizoru 1982-ci ildə Dünya
çempionatı
başlamamışdan bir az əvvəl
almışdı. Finalda İtaliya Braziliyaya qələbə
qolunu vuranda kişi hirsindən
televizoru götürüb pəncərədən atmaq istəmişdi, amma Aşot
qoymamışdı:
- Mamed əmi, tilvizerin nə günahı?
Ondan sonra futbol xəstəsi olan atası hirsindən
uzun müddət başqa oyunlara da baxmamışdı.
Gəldi Rəmişin gitarasının qolunu və
barmaqlarını da qoparıb qoydu pasportunun içinə.
Həyətdə səs-küy eşitdi.
Çıxdı bayıra. Dörd-beş əsgər, bir nəfər
də zabit durmuşdu həyətin ortasında.
Zabit:
- Vətəndaş, siz kimsiz və burda nə gəzirsiz?
Xahiş edirəm, sənədlərinizi verin baxaq.
Çıxarıb sənədlərini verdi zabitə:
- İcazəm var. Bu ev də mənim dostumun evidi. Maraq üçün gəlmişəm.
Və oturdu həyətdəki masanın arxasında.
Zabit:
- Ermənidən adama dost olar?
- Vaxtilə olub də.
Bu vaxt hindən beli əyilmiş bir qoca qarı
çıxdı. Əli ilə tumanının
balağını tutmuşdu, bir əlində də iki dənə yumurta vardı. Başını
qaldırıb bir əsgərləri süzdü və
yavaş-yavaş gəlib oturdu zabitin yanında və diqqətlə
Faxıya baxdı, baxdı. Təbii ki, Faxı əvvəlki Faxı deyildi,
üzü qırışmışdı, saçı da
ağarmışdı, amma gözləri həmin gözlər idi. Baxdı,
baxdı sonra əlindəki
yumurtaları qoydu masanın üstünə, qalxdı və
gəldi Faxının
yanına, boynunu qucaqladı:
- Paxı, bala, sənsən.
Zabit də, əsgərlər də çaşıb
qaldılar.
Faxı da onun boynunu qucaqladı:
- Hə, mənəm, Süsən xala.
Qarı başladı ağlamağa:
- Astvaza inandığım kimi inanırdım ki, gəlif
məni tapajaxsan. Nəvələrim yeddi-səkkiz il qavax
Füzulidə, o zəhrimar təpədə
öldürülənnən sonra it oğlu onların
yasını verif arvadını da vurdu qoltuğuna
çıxıf getdi Rusiyaya. Mən
də qaldım burda tək. Hamı qaçıf gedif. Kənddə
mənim kimi mitili çıxmış beş-altı nəfər
adam qalıf. İki-üç il bunnan əvvəl gəlmişdi.
İstiyirdi məni də aparsın, getmədim. Dedim mən nəvələrimi
burda qoyuf heş yana getmərəm. Allah bu müharibəni
çıxaranın tifağını dağıtsın. Nejə
ki dağıtdı. Sizin xalçanı, tilvizeri gətirəndə
də söymüşdüm
ki, əlin necə gəldi? O da dedi ki, mama, müharibədən sonra qaytarıf verəjəm
özdərinə, istəmədim
ayrı adama qismət olsun. Yaxşı ki gəlmisən,
tilvizer boş şeydi, onsuz da işıq yoxdu ki açam.
Amma xalçanızı götür apar.
- Lazım deyil, Süsən xala. Onun üstündə nəvələriyin
şəkilləri asılıf.
Qarı yenidən Faxının boynunu qucaqlayıb başladı
ağlamağa. Sonra
üzünü tutdu zabitə və dedi:
- Sağ olsunlar, çörəyimi, suyumu verirlər.
Günorta, axşam da yeməyimi.
Zabit başını yelləyib dedi:
- Kefdəyik ey, işimiz-gücümüz bunlara qulluq
eləməkdi. Çayını ver, qəndini ver,
günorta, axşam yeməyini
ver. Mənim heç öz anama
belə qulluq etməyə vaxtım olmayıb. Hələ
ayda da bir-iki dəfə həyətdəki hamamını qalayırıq girib
çimir. Yaxşı ki, demir
gəlin belimi sürtün.
Qarı:
- Cavan vaxtım olsaydı, belimi sürtməkdən ötəri
özünü öldürərdin.
Hamı gülüşdü.
Zabit:
- Deyəsən, cavan vaxtı belini sürtən çox olub.
Qarı:
- Ehh, o qədər.
Qarı üzünü tutdu Faxıya:
- Paxı, bala, mən bü gün-sabahlığam, sənnən
bircə xayışım var, bu evdə yediyin çörəyin
xətrinə, mən öləndə ortalıxda qoyma,
donuzdar basıf yeyəjək. Kilsənin arxasındakı qəbirsanlığa
girən kimi sol tərəfdə nəvələrimin qəbri var, ikisini də qara lentə
almışam, məni apar onnarın
yanında basdır.
Əsgərlərin biri mızıldandı:
- Səndə bu sifət var, hələ bir iyirmi il də
yaşayacaqsan.
Faxı:
- Sən heş ölməyə tələsmə,
Aşot özü gəlif səni basdırar...
...Aşot həmin vaxt vağzalda azərbaycanlıların
yükünü daşıyırdı, amma day heç kimdən
"Sən haralısan? Ağdamlı Faxını
tanıyırsanmı?" deyə soruşmurdu...
...Qarı:
- Aşot özündə elə sifət qoyup ki, bir də
geri qayıtsın.
Faxı qalxdı ayağa:
- Yaxşı, Süsən xala, gedirəm, yenə gələjəm.
- Gəl, saa qurvan olum, məni tək qoyma. Astvaz necə
qarğıyıbsa, ölə də bilmirəm.
Faxı əsgərlərlə birlikdə həyətdən çıxmaq istəyəndə
Qarı arxadan səsləndi:
- Bala, xalça qaldı, aparmırsan?
- Yox, qoy qalsın. Ayrı vaxt apararam.
Həyətdən çıxdılar. Faxı
maşına oturmamışdan
qabaq zabitə dedi:
- Qardaş, saallah, bundan muğayat ol.
Zabit:
- Qəribə adamsan ey.
Faxı maşını sürdü Kəngərlidəki
kafeyə. İki toyuq soyutması
elətdirdi, bir qazan da bozbaş bişirtdirdi, yanına
da təzə xiyar-pomidor, soğan-kartof qoydurdu, bir az da
çay-qənd götürdü və yenidən
qayıtdı geri. Postda həmin zabitə dedi:
- Qardaş, xahiş edirəm, bunnarı ver həmin arvada.
Zabit yenə başını buladı və əsgərlərdən
birinə dedi:
- Ə, bunu apar ver o haxçıxa.
Faxı evə girən kimi anası soruşdu:
- Noldu, tafdın Aşotu?
- İndiyə Aşot qalar? Amma anası kənddəydi,
dururmuş, görüşdüm.
Anası:
- Bunnar nə dəyyus adamlardı, ə, anaların
qoyuf qaçıflar.
***
Səhər-səhər qatardan tökülənlərin
demək olar ki, yetmiş-səksən faizi azərbaycanlı
olurdu, beş-altı nəfəri
qazax, qalanları da rus. O da dərhal azərbaycanlıların
yükünü yığırdı arabasına və
birinci sözü də bu olurdu:
- Qardaş, haralısan?
- Gəncəli.
- Ağdamlıları tanıyırsan?
- Hə, dostlarım var.
- Faxını tanıyırsan? Aqropromda aqronom
işliyirdi. Qəşəh də tar çalırdı.
Adamlardan Paxını yox, Faxını soruşurdu.
- Yox, tanımıram.
Başqa səhər yenə bir azərbaycanlı müştəri tapırdı və
yenə soruşurdu:
- Qardaş, haralısan?
Bəzən kobud cavab alırdı:
- Ə, nə götüyün borcuna?..
- Qardaş, haralısan?
- Bərdəli.
- Qarabağlısan dana.
- Hə.
- Ağdamlı Faxını tanımırsan? Aqropromda
aqronomuydu. Qəşəh də tar çalırdı.
- Yox, mən bir ağdamlı Fəxrəddin
tanıyıram, o da indi Bərdədə yaşayır, deyəsən,
dəli həkimidi. Bir dənə də jurnalist Fəxrəddin
Hacıbəylini.
- Onun adı Fəxrəddin deyil ey, Fərhaddı.
- Fərhad müəllimi hamı tanıyır,
Şur ansamblının rəhbəridi.
- O Fərhad məllimi yox, mən dediyim aqronomdu.
- Qardaş, tanımıram, səhər-səhər zəhləmi
tökmə.
Bəzən qabağına ağdamlı da
çıxırdı, onlar da tanımırdı.
Üstündən uzun illər keçmişdi. Hərə
dağılmışdı
ölkənin bir yerinə.
Amma o yorulmurdu. Bir səhər bəxti gətirdi.
Qatardan ağ saçlı bir
kişi düşdü, onu tanıdı. Kislovodskiyə gələndən
peyk antenayla yalnız Azərbaycanı izləyirdi. Bu ağ saçlı
kişini də televizorda
çox görmüşdü. Və həmişə də
Ağdamdan danışırdı. Tez onun
çantalarını yığdı arabaya, birinci sualı
da bu oldu:
- Qardaş, sən ağdamlısan?
- Hə, nədi ki?
- Mən də ağdamlıyam.
- Ağdamlı hamballıq eləməz.
- Mən erməniyəm ey.
Ağsaçlı kişi Kislovodskidə ermənilərlə
tez-tez rastlaşırdı. Amma bu erməni o ermənilərdən
azərbaycanca təmiz danışırdı. Həm də
maraqlısı o idi ki ağdamlıydı.
- İstiyirsən saa ucuz, rahat bir ev tapım?
- Sağ ol, sanatoriyada qalacam.
- Hansında?
- Nəyinə lazımdı?
- Soruşuram dana.
- Ürək sanatoriyasında.
- İstiyirsən heş taksiyə minmə,
yaxındı, söhbət eliyə-eliyə gedəh.
- Nə söhbət eləyəcəyik?
- Ötənlərdən, Ağdamdan.
- Ə, nemes, Ağdam qalıb ki? Darmadağın eləmisiniz.
- Onu dağıdanları Allahın qəzəbinə
tuş gəlsin. Vallah, mənim günahım yoxdu, mən fəhlə
babayam.
Nə isə, gəlib çatdılar sanatoriyaya.
Çantaları boşaltdı və sonra yazıq-yazıq
dedi:
- Olar, axşam gəlim bir stəkan çay içəy?
Bir dərdim var, məni öldürür, onu sənə
danışım bəlkə köməy edə bildin.
- Nə deyirəm, gəlirsən gəl də.
Axşam Ağsaçlı kişi oturmuşdu həyətdə,
gördü ki, erməni əlində konyak gəldi.
- Əlindəki nədi, ə?
- Gəncə konyakı. Gəncədəki
dosdarım göndərir hərdən. Dur düşəy
bağın içində yaxşı bir kafe var, orda bala-bala
vuruf ötənnəri xatırlayax.
- Mənim sənlə bağlı
xatırlamağa heç nəyim
yoxdu.
Erməni əl çəkmədi:
- Mənim var. Sənlə də bağlı var,
Ağdamdakı dosdarımla da.
- Yaxşı, onda gedək Starıy Bakuya.
- Yox, yox, ora çox bahalıdı.
- Qorxma, şotu mən verəcəm.
- Yox, gedəy mən dediyim kafeyə.
- Yəqin ora ermənilərindi?
- Hə, Bakı ermənisidi, canlara dəyən
oğlandı. Özü də ölür zemlyaklarına
qulluğ eləməydən ötəri.
- Nə deyirəm, gedək.
Gəldilər kafeyə. Küncdəki
stolların birində əyləşdilər.
Ofisiantlar gəlib tez süfrəni dəyişdilər. Orta
yaşlı, dolu bədənli bir nəfər yaxınlaşdı:
- Qardaş, xoş gəlmisən?
Erməni:
- Tanış ol, buranın xozeyinidi.
- Narahat olmayın, özüm sizə qulluq edəcəm.
Stolun üstünü doldurdular.
...Pivəxanada bərk mübahisə gedirdi. Mübahisə
edənlər də Qarabağdan qaçıb gələn ermənilər
idi.
- Müharibə qurtarsaydı qayıdıb gedərdik
xarabamıza.
- Bizimkilər deyir beş rayonu qaytarıb verəcəklər.
- Beş yox, yeddi.
(Ardı var)
Aqil ABBAS
525-ci qəzet.- 2024.- 10 fevral, ¹26.- S.20-21.