Bizi böyüdən
səs
ŞƏMİSTAN ƏLİZAMANLININ 65 İLLİK
YUBİLEYİNƏ...
Səhərlər saat səkkizə beş dəqiqə
qalmış məktəbimizin önündə
sıra-sıra düzülüb növbə ilə sinif
otaqlarına qalxırdıq. Həyətdə gözlədiyimiz
vaxt Şəmistan Əlizamanlının mahnıları səsgücləndiricilər
vasitəsilə dörd bir tərəfi başına
götürürdü. Həmin mahnıların sədaları
altında siniflərə doluşan corma-cocuqların,
danışanda bəyənmədiyiniz həmin "Z" nəslinin
xəmiri Şəmistan Əlizamanlının səsi ilə
yoğuruldu. Həmin sıralarda gözləyən
uşaqların bəziləri bığ yeri tərləyib,
könül verib könül alan laçın vaxtlarında
sıralarımızdan əskildilər, torpağa
qarışıb Vətən oldular...
Barıt qoxulu yollar mənim uşaqlıq dostum, sinif
yoldaşım İlqarı birdəfəlik aparanda Şəmistan
Əlizamanlının səsi ağı kimi qulağımda
cingildədi. Onun səsi ilə böyüyən, məktəbə
yollanan uşaqların sırasında bizim İlqarımız
da var idi; gözləri mavi, sarışın, qızların
sevimlisi, igid, qorxmaz, dəliqanlı İlqar... İlqar təzə-təzə
şəhid olan vaxtlar Şəmistan Əlizamanlının
ifasını eşidəndə hiddətlənirdim. Deyirdim,
bizi bu sevgiyə mübtəla edən birinci səs Şəmistan
Əlizamanlının səsi olub. O səsi eşitməsəydik,
o sözləri dərk etməsəydik, İlqar da o yolu
seçməzdi, şəhid olmazdı... Yox, yaxşı
ki... sınmadıq, vicdanımızla üz-üzə dayananda
utanmadıq... Amma hərdən düşünürəm,
barıt qoxulu o yollar İlqarı nə vaxt geri qaytarar?
Çağırır Vətən,
çağırır ana... Şəmistan Əlizamanlı Vətən
azanı, şahidlik - şəhidlik azanı oxuyan kişidir,
müstəqillik tariximizin milli müəzzinidir. "Hayyə
ələ xayril əməl!" deyib "Ən xeyirli əmələ
tələsin!" nidasını əyan edir müqəddəs
çağırış. Şəmistan Əlizamanlı elə
bir vaxtda, elə bir vəziyyətdə
"Çağırır Vətən,
çağırır ana... Səcdəgahdır, qibləgahdır
üçrəngli türk bayrağı" deyib bizləri
haraylayırdı ki, bu çağırışa hay verib sinəmizi
sipər etmək ən xeyirli əməl idi, biz bu əmələ
tələsə bildik...
Haqq yolundan dönmədik azadlığa yetmək
üçün... Şəmistan Əlizamanlı səsi ilə
bizim nəsil cavanlara vətənə necə xidmət etməli,
nə cür minnətdarlıq bildirməli, hansı vəziyyətdə
qətiyyət göstərməli olduğumuzu izah etdi, bir
növ, tərbiyələndirdi, sabaha, dar günə
hazırladı. Boynumuza döyürdü ki, "O xan
sarayında bir çiçəkli qız bəkliyor bizlərdən
Zəfər, Bismillah!" Şəmistan Əlizamanlı hərbi
anddan əvvəl lap uşaq olanda bizə and
içdirmişdi ki, yağılardan qisas alıb sevgili
bayrağı qaldıracağıq... Şəmistan
Əlizamanlı "Əsgər Vətən əmanəti,
od əmanəti" deyib analara-atalara təsəlli idi. Bu illər
ərzində onun səsi bütün əsgərlərin
qaraçuxası oldu. Şəmistan Əlizamanlının
ifaları sinəsini sipər edənlərin zümzüməsinə
çevrildi...
Şəmistan Əlizamanlının səsi mənim
də içimdən keçdi, mən də o səsin ehtiva
etdiyi taleyi yaşadım... Əsgərlik vaxtı onun
"Möhkəm dayan!" nidası bütün çətin
zamanlarda mənə mənəvi güc verib. Şəmistan
Əlizamanlının səsi dizimizin taqəti, biləyimizin
qüvvəsi olub. Birgünlük lokal antiterror tədbirləri
zamanı Laçın meşələrində olanda da həmin
səsi o ağacların koğuşundan eşitdim, havadan,
torpaqdan hiss elədim, qızınmaq üçün qurulan
ocağın istisi kimi canıma cift oldu... Əsgərlikdə
olanda tez-tez Şəmistan Əlizamanlının
mahnılarına qulaq asırdıq, uşaqlar ondan söhbət
salırdı. Ürəklə deyirdim ki, mən o kişi ilə
canlı görüşmüşəm, bir masada əyləşib
çay içmişəm... Elə heyrətlə məni
süzürdülər ki... Şəmistan müəllimlə
tanışlıq heyranlıq, xoşbəxtlik nişanələrindəndir...
Şəmistan Əlizamanlıdan danışanda
şair Şahin Musaoğlunu da yada salmağı vacib bilirəm.
Şahin Musaoğlunun bir neçə şeiri Şəmistan
Əlizamanlı bəstəsi, nəfəsi ilə dillər əzbərinə
çevrilib. "İgid əsgər, möhkəm dayan",
"Cənab leytenant" kifayətdir ki, sözlə musiqinin
vəhdətinə, bu vəhdətin heç nəyə bənzəməyən
ab-havasına vurğun olasan... Şahin Musaoğlu təbib kimi
şairdir, şair kimi təbib...
Şəmistan Əlizamanlının ifalarında həmişə
ümid işığı olub, o heç vaxt qaramata
bürünməyib, bədbin olmayıb, qanayan yaraları bir
az da göynətməyib. Həmişə oxuyub ki,
yaxşı olacaq, qalib gələcəyik, Günəş
çıxacaq... Bizi məğlubiyyət ruhundan,
havasından xilas edən nəsnələr içində
Şəmistan Əlizamanlının da səsi var... Onun səsi
Azərbaycanın 30 ilinin səsidir, milli taleyə, mübarizəyə
çevrilən səsdir. Şəmistan
Əlizamanlının səsi yeganə səsdir ki, onu
gözlə görə bilirsən. Onun ifası mücərrədliyi
əyaniləşdirən nəğmədir, elegiyadır,
rekviemdir, marşdır!
65 illik yubileyiniz mübarək, milli ruhumuzun nəğməli
tərcümanı - Şəmistan Əlizamanlı!
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 10 fevral, №26.- S.11.