Ədəbi
köşk: Nə var, nə yox?
Redaksiyaya ünvanlanan məktublar xəbər verir ki, ədəbi
köşkümüzün hər növbəti
buraxılışını həvəslə gözləyənlərin
sayı az deyil. Bu həvəs bizim üçün stimuldur. Həftə
ərzində o qədər hadisə baş verir ki,
hamısını bir boxçaya sığdırmaqda çətinlik
çəkirik. Sonra dönüb baxırıq ki, yox, kəmiyyət
bizi aldada bilər. Ələnəndə keyfiyyətli
materialların elə də çox olmadığını
görürük...
"525"
***
İllər sonra hansı daşlar yerində oturdu?
Bu yaxınlarda Xalq şairi Sabir Rüstəmxanlı
tanınmış qələm adamı Məmməd
İsmayılı ziyarət edib. Həmin ziyarət əsnasında
bir neçə mətləb barədə həmsöhbət
olan şairlərin video-görüntüləri sosial şəbəkələrdə
paylaşıldı. Həmin söhbətləri maraqla izləməmək
mümkün deyil. Hər iki həmsöhbət olduqca səmimi
və rahat idilər. Məmməd İsmayılın bəzi
fikirləri xüsusən diqqət cəlb etdi: "...Bəzən
gecələr düşünürəm, deyirəm ki, filan
şeyi niyə eləməliydim? Qardaş, bax,
Yazıçılar Birliyinin qurultayıdır hə...
Anarın sənə nə pisliyi keçib? Səni nümayəndə
kimi Tükiyədən dəvət edib, gəlmisən. Gəlmisən,
burda da poeziya ilə bağlı məruzələrdə geninə-boluna
təriflənirsən, salam verirlər, salam alırlar,
"orda oturma, burda otur", deyirlər. Sən durub-dururkən
Yazıçılar qurultayında Anarı tənqid edirsən..."
Xalq yazıçısı Anarın bu söhbətə
münasibəti yubanmadı və Məmməd
İsmayılın dediklərini cəsarət nümunəsi
kimi təqdir etdi: "Söhbət əsnasında Məmməd
bəzi məsələlərdə düz hərəkət
etmədiyini etiraf edir. Mənə də, Məmmədə də
səmimi münasibət bəsləməyən aravuranlar
tapılacaq ki, bu etirafı zəiflik, təslimçilik kimi qələmə
verməyə çalışacaqlar. Amma mənim qəti
fikrimcə, bu etiraf ilk növbədə
böyüklüyün və əsl cəsarətin örnəyidir..."
***
"Tövbə, əttövbə xəta rahinə
getdiklərimə,
Bilib etdiklərimə, bilməyib etdiklərimə"
İndi "super qəhrəman" olmaq arzusu ilə
çıxışlar edən qələm adamlarının
sayı, az qala, Azərbaycan Yazıçılar Birliyinin
üzvlərinin sayına çatıb. Şair Elşad Barat
da bu sırada yerini alıb. Keçən ayın əvvəli
feysbukda paylaşmışdı ki, "idarə heyətinin
üzvü olduğum Azərbaycan Yazıçılar Birliyi
ləğv olunmalı, yeni bir nizamlı, ədalətli qurum
yaradılmalıdır".
Amma ötən günlərdə yayılan
yazısı E.Baratın da hər zaman açıq bildiyi
tövbə qapısına pənah gətirdiyindən xəbər
verdi. O, "Ədəbiyyat qəzeti"ndə AYB sədri
Anar müəllim barədə "Azərbaycan ədəbiyyatının
ağsaqqalı" sərlövhəli yazısı ilə
günahlarını yumağa çalışdı.
Statusundakı fikirlərin mahiyyəti barədə ətraflı
yazmaq əvəzinə, Xalq yazıçısı Anarı tənqid
edən gənc qələm adamlarını hədəf
seçdi. Maraqlı
manevrdır, ümidvarıq ki, nə vaxtsa tövbə
qapısı E.Baratın üzünə biryolluq
bağlanmaz...
***
Həmid Herisçinin "o dünyadakı
görüşləri"
Bu yaxınlarda qızılcaya yoluxan 63 yaşlı
şair, yazıçı Həmid Herisçinin vəziyyəti
ilk günlərdə ağır olaraq qiymətləndirildi.
Sözsüz ki, əksəriyyətimiz çox narahat olduq.
Sevinirik ki, o bu xəstəliyə qalib gəldi. Şairə
möhkəm cansağlığı arzu edirik!
Xəstəxanadan çıxandan sonra "Şərq"
qəzetinə verdiyi müsahibədə xəstələndiyi
ilk dövrlərdə ölümün astanasında
olduğunu deyib: "Bizim kimi insanların, böyük
insanların, kimin ki, Əzrayılla dialoqu var, deməli,
ölümlə dialoqu var. Bu, bir şkaladır. Necə ki
ildırım şkalası var, 12 ballıq. Ölüm
şkalası da belədir. Hansısa dərəcəyə
çatırsan. Rəhmətə getmiş çox
adamları gördüm. Elə bil, bir albom idi, qarşımda
vərəqlənirdi... Düşünürəm; niyə mən
ölümdən qayıtdım?.. Mən ölümə tam
hazır idim... İnanın, səmimi deyirəm... Cəhənnəmin
qapısı idi ora. Niyə görə qaytardılar?.. Mənə
belə gəlir ki ictimaiyyət istəmədi, mən
ölüm..."
O dünyadan gəldiyini deyən Həmid Herisçi,
görəsən, orada kimlərlə
qarşılaşıb?.
***
Şairsən, otur şair yerində!
Ötən gün Pərvin Abdullayev adlı feysbuk
istifadəçisinin bir statusunu oxudum. Tamamilə ayrı sahədə
çalışan bir şəxsin gözü ilə mənzərəyə
tamaşa edin. Ayrı bir şərhə ehtiyac yoxdur. O
yazır: "Şairlərin, yazıçıların,
ümumiyyətlə, ədəbiyyat və incəsənət
adamlarının ailə-məişət mövzularında
tok-şoularda ekspert-məsləhətçi qismində
çıxış etmələri onların karyeralarına
maddi yöndən xeyir gətirsə də, mənəvi
yöndən böyük bir zərbə vurur. İllərin sənətçisi
gah dizi üstə çökür, kiməsə yalvarır,
kimisə barışdırır, şairlər
şeiriyyatın, ədəbiyyatın ağır
yükünü aqressiv, qərəzli
çıxışları ilə, tamamilə etik qaydalardan kənar
hərəkətləri ilə, etdikləri bazar söhbətləri
ilə yüngülləşdirib puç edirlər... Yəni
şeirə, incəsənət hörmətlə yanaşan
birinin baxış bucağı, məncə, belə
olmalıdır. Pula, reklama görə illərlə əldə
olunan hörməti ayaqlar altına atmaq elə öz işinə
hörmətsiz yanaşmaq deməkdir. Demək ki, bu işi bir
o qədər də sevməyiblər... Çox təəssüf".
Bu işi o qədər də sevməyiblər! Məsələ
budur...
***
Əlisəmid - Kürə bənzəyən nəğmə...
Fevralın 8-i tanınmış şair, istedadlı qələm
adamı Əlisəmid Kürün 70 yaşı tamam oldu.
Onun haqqında çox gözəl sözlər
yazıldı, ithaf olunan şeirlər paylaşıldı.
Rüstəm Behrudi, Azad Qaradərəli, Etimad
Başkeçid, Şərif Ağayar, Qismət Rüstəmov,
Rəbiqə Nazimqızı və başqa tanınmış
ədəbiyyat nümayəndələri xoş sözlər
yazdılar. Əlisəmid Kür bu sevgiyə və diqqətə
layiq şairlərdəndir.
Cavanşir Yusiflinin paylaşımı isə
xüsusilə təsirli idi: "Əli Kərim "Kür,
sənə bənzəyən nəğməm
olaydı..." deyirdi, Əlisəmid həmin o nəğmədir.
Nəğmə oxuduğumuz şeirlərin ən munis
qatındadır, bir gün uşaq əlindən qaçan
çərpələng kimi havaya uçacaq. Onda biləcəyik
azadlıq nədir. İndi bu sözün qarşısında
hamı susur. Hər bir şair söz, sənət
dünyasında bir iqlim qurşağıdır, hər bir
şair bir fəsildir, ayrıca bir materikdir və sair. Əlisəmid
bizim poeziyada məcrasına sığmayan yeganə
çaydır. Şairlər var, sularına gül atılan dəniz
kimidir - Müşfiq. Şairlər var, oxuyanda misraların
arasıyla zirvələrdə ağaran həsrət bəllənir
- Məmməd Araz. Şairlər var, özgə dildə
yazanda da Təbriz qoxuyur - Şəhriyar. Əlisəmidin
şeirlərində rəng, qoxu, ətir... dünyaya
gözünü açdığı ilkin formadadır. Onun
mətləbini bu rənglər, bu qoxular bəlli edir, nəinki
sözlər".
***
Bu qədər Füzuli bizim üçün çox
olar...
Yubileyi ərəfəsində Məhəmməd
Füzulini məzarda rahat uyumağa imkan vermirlər. Nə
işiniz var o kişi ilə? Təzə söz dəb
düşüb... Təzə yox, elə əvvəllər də
tez-tez deyirlərmiş: "Filankəs
dövrümüzün Füzulisidir!" Özü də elə
rahatlıqla hökm verirlər ki, tükləri də tərpənmir.
O boyda üç dildə yazılmış qızıldan
qiymətli divanlar da gedir işinin dalınca.
Növcavan yoldaşlardan İlkin Öz təzə
yazarlardandır... Təzə olduğu bu cümlələrindən
də bilinir: "...Füzuli poeziyasına məxsus nisgil,
ağrı, qəm-kədər motivləri Salamın qələminə
də sirayət etdiyini düşünürəm. Vaxtilə
Füzuli öz bəxtsizliyindən gileylənirdi: "Fələklər
yandı ahimdən, muradım şəmi yanmazmı?" Salam
Sarvan isə bunu belə ifadə edir: "Üzü
dönük baxtın üzü bəridi... yaş yorğun
gözlərin axan təridi". Məncə, Salam Sarvan...
modernist şeirdə isə öz dövrünün
Füzulisidir...”
Bu cümlələr İlkin dostumuzun təsəvvüf
ədəbiyyatından, vəhdəti-vücutdan bixəbərliyinin
nəticəsidir. Təkcə Füzulinin sitat gətirdiyi qəzəlinin
məna qatlarının açılışından xəbəri
olsaydı, belə naqis müqayisə aparmazdı. Salam
Sarvanın yaxşı şair olmasını qeyd etməkdən
ötrü Füzuli ilə müqayisə vacib deyil. Salam elə
Salam kimi, öz yerində, öz mərtəbəsində
yaxşıdır. Əminəm ki, İlkin Özün bu
yazısı Salam Sarvanın da ürəyincə olmayıb.
...Dövrümüzün nə qədər
"Füzulisi" olarmış? Bu qədər çox
deyilmi?!
***
Platonun dəhşətli "kruqu"
Sağlam qütbləşmə, düzgün rəqabət
aparacaq cəbhələrin yaranması həmişə ədəbiyyatın
xeyrinə olub. Təəssüf ki, biz bu istiqamətdə
uğurlu ola bilmirik. Tural Cəfərli tanış mənzərə
ilə bağlı yumoristik paylaşım edib: "Kruq"
anlayışı həmişə olub. Hələ qədim
yunan filosoflarının da öz "kruqu" olub. Sokratın
kruqu, deyilənə görə, içkiyə meyilli olsa da,
nümayəndələri istedadlı hesab olunub. Zenonun öz
kruqu olub, o, ancaq öz kruqundan olan dostlarının fikirlərini
bəyənirmiş. Platonun kruqu isə lap dəhşət
olub. Ancaq özlərindən danışır, özlərini
tərifləyirlərmiş. Axırda da bir-birini bəyənməyib,
bir gedən kimi o biriləri arxasınca
danışırlarmış. Bu mənzərə hardansa
tanış gəlir, amma heç cür yadıma sala bilmirəm".
***
Təzə nə var?
Yazıçı Səfər
Alışarlının povestlərindən ibarət
kitabı işıq üzü görüb. Kitab Kəramət
Böyükçölün "Kerazon" nəşriyyatı
tərəfindən çap olunub. Yeni nəşrin təqdimatı
fevralın 17-si, saat 12:00-da "Kerazon" kitab evində
keçiriləcək. Müəllifi yeni kitabı münasibəti
ilə təbrik edirik!
***
Professor Səlahəddin Xəlilovun Rəvan Cavidlə
bağlı paylaşımı maraqla qarşılanıb. O,
Rəvan Cavidin "İstanbulu ən gözəl İstanbulun
özü danışar" cümləsini qeyd edib və
ardınca fikirlərini genişləndirib: "Mən Cavid fəlsəfəsindən
5 kitab yazmışam və Hüseyn Caviddən çox
iqtibaslar gətirmişəm. Heç olmasa 5 söz də gənc
Caviddən, həmişəyaşar cavidliyimizdən, gələcəyimizin
təmsilçilərindən yazmaq istəyirəm. Amma bu 5
söz sənin yazdığındır. Mən
sözümü ya şərhdə yazacağam, ya da
ayrıca bir məqalədə. Gənclərimiz bizi oxumasa da,
biz onları oxumalıyıq, yoxsa, nəsillər arasında
rabitə itər".
Bu rabitəni qoruyub saxlamağa çalışanlara
böyük təşəkkür düşür...
***
"MİMTA" yayımları dünyada ən
çox oxunan kitabların siyahısını paylaşıb.
Çarlz Dikkensin "İki şəhərin
nağılı", Antuan de Sent-Ekzüperinin "Balaca
Şahzadə", Aqata Kristinin "On zənci balası",
Dan Braunun "Da Vinçi şifrəsi", Napoleon Hillin
"Düşün və varlan" adlı əsərləri
həmin siyahıda yer alıb.
Hazırladı:Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 10 fevral, ¹26.- S.13.