Çaparaq notlar   

 

"Görəsən Stalin  Feyxtvangeri dolayıb, yoxsa suala səmimi cavab verib?"

Stalin mütaliə etməyi çox sevir, yazıçılarla ünsiyyətdən imtina etmirdi. Görünür, tiranların da öz müsbət səciyyəli hobbiləri olur.

Dünyaca məşhur alman yazıçısı Lion Feyxtvanger Adolf Hitler hakimiyyətə gələn zaman  vətənindən qovulmuş, əvvəlcə Fransada, sonra ABŞ-da  emiqrasiya həyatı yaşamışdır. 1936-cı ilin sonlarında Moskvaya gələrkən o, Stalinlə görüşmüş və bu zaman "ellər atasından"  soruşmuşdu: "Cənab Baş katib, nə üçün bütün küçələrdən və eyvanlardan bığlı bir adamın hədsiz dərəcədə nəhəng portretləri asılıb?"

Stalinin qısa cavabı belə olub: "Onlar axmaqdırlar. Bizim aramızda elə adamlar var ki, öz sədaqətlərini bildirmək üçün dəridən-qabıqdan çıxırlar. Amma əslində bir nəfər yaltaqlanan axmaq, yüz nəfər düşməndən daha artıq zərər vurur".

Rusiyanın tarixçi və sosioloqları çoxdan bəri bu cavab ətrafında baş sındırır və cavab əvəzinə sual verirlər: "Görəsən, Baş katib yazıçısı Lion Feyxtvangeri dolayıb, yoxsa suala səmimi cavab verib?"

P.S. Yeri gəlmişkən, Lion Feyxtvangerin bir çox əsərləri dilimizə tərcümə olunub. Xüsusilə onun "Qəribə adamın müdrikliyi, yaxud Jan Jak Russonun ölümü və ölməzliyi" əsəri çox məşhurdur. Qəribədir ki, mən bu qalın sənədli romanı hələ ibtidai sinifdə oxuyarkən mütaliə etmişəm...

Dostoyevski və Turgenevin "davası"...

Bəzən "böyük" adamların da "xırda" hərəkətləri olur.

İki məşhur rus yazıçısı - Dostoyevski ilə Turgenev qədər dünyada bir-birinə nifrət edən başqa adam təsəvvür etmək çətin məsələdir. Bunun səbəbləri kifayət qədər çox idi. Əvvəllər hər iki yazıçının bir-biri ilə münasibəti yaxşı olub.

Amma zaman keçdikcə...

1846-cı ildə nəşr edilən Fedor Mixayloviçin "Bədbəxt adamlar"  kitabı cəmiyyət tərəfindən rəğbətlə qarşılandı. Həmin əsəri, hətta, Birinci Nikolay da bəyənmişdi. Az sonra Dostoyevskinin "Oxşarlar" əsəri işıq üzü gördü. Belinski gənc Dostoyevskinin əsərini oxuyandan sonra onu "gələcəyin dahisi" adlandırmışdı. Və elə həmin vaxtlar Turgenev (Nekrasovla birgə) bu barədə bir həcv (epiqramma) də yazmışdı. Həmin həcvdə onlar öz həmkarlarının xəstəliyinə də (Dostoyevskidə ürəkgetməsi vardı, epilepsiyaya mübtəla olmuşdu -F.M.) işarə vurmuşdular. Bundan bərk inciyən, üstəlik də, hədsiz dərəcədə ruspərəst və İsa Məsih dəlisi olan "Cinayət və cəza"nın müəllifi də dinc durmamışdı. O da  öz növbəsində "Ərəfə"nin müəllifini Qərbpərəstlikdə ittiham etmiş və demişdi: "Yaxşı olar ki,  Turgenev bir teleskop alıb Rusiyaya uzaqdan tamaşa eləsin".

Amma tale onları bir neçə dəfə "yaxınlaşdırmışdı". Belə ki, "İqrok"un ("Qumarbaz"ın) müəllifi bir dəfə Almaniyada o vaxt kurort və kazinolar şəhəri hesab edilən Visbadendə özünün olan-qalan pulunu və arvadının az-çox pula gedən bəzək əşyalarını uduzandan sonra naəlac qalıb "Dvoryan ocağı"nın müəllifinə müraciət etməli olmuşdu

 

Dostoyevski yazıçı həmkarından beş taler pul istəmişdi ("Sizi narahat etdiyim üçün üzr istəyirəm. Hərəkətimdən utanıram, xəcalət çəkirəm. Amma məcburam. Adam batanda nə etməlidir?")

Bu, həm Turgenev, həm də o vaxt üçün o qədər də böyük məbləğ deyildi - 3 manatlıq alman gümüş pulu idi. Amma necə deyərlər, "düşmən" qapıya gəlmişdi. Turgenev "dostuna" cəmi beş taler vermiş və onlar "mehribanlıqla" ayrılmışdılar.

Di gəl ki, aradan az keçməmiş Dostoyevski öz həmkarını, onun yaradıcılığını yenə, həmişə olduğu kimi, orda-burda gözdən salmaq üçün aşkar və gizli "təbliğat" aparırdı. Keçmiş dostunun "qərbyönlülüyü", "dələduz" almanlara rəğbət bəsləməsi onu açmırdı. Turgenev hirslənib ona demişdi: "Almanlar haqda ağzınıza gələni danışmayın. Siz bununla məni də təhqir etmiş olursunuz. Mən özümü artıq rus yox, alman hesab edirəm".

Aradan on il keçəndən sonra Turgenev əsəbiləşib verdiyi pulu tələb etdi və aldı da.

Hər iki yazıçı ömürlərinin sonunacan küsülü qaldılar. Daim Turgenevi təhqiramiz ifadələrlə "xatırlayan" Dostoyevski bir dostuna göndərdiyi məktubda belə yazmışdı: "Tugenev cındır adamdır, mən onu əvvəldən sevməmişəm". ("Turqenev - drənnoy çelovek, ə i prejde eqo ne löbil...")

Bax belə.

P.S. O vaxt Turgenev Qərbdə və Rusiyada daha çox sevilirdi. Sonralar Dostoyevskinin şöhrəti onu üstələməyə başladı.

P.P.S. Yeri gəlmişkən, hər iki yazıçı türk kökənlidir. Dostoyevskinin ulu babası Aslan Murza (Mirzə) və Turgenevin ulu babası Mirzə Turgen Qızıl Ordanın nüfuzlu adamları olub. Yeri gəlmişkən, mənim bu barədə, yəni onların tarixi qohumluq əlaqəsi ilə bağlı araşdırmam var.

...Hərdən düşünürəm: bəlkə hər kəsdə belə "xırdaçılıqlar" olur?..

 

YAZININ KVİNTESSENSİYASI

 

1. "Okean" necə yarandı?

Adətən hər bir bədii yazının qələmə alınmasında hansısa bir təkanın rolu olur. Bu, daxili təkan da ola bilər, xarici təkan da... Həmin problem adətən yaradıcılıq psixologiyası kimi tədqiq edilir. Bu da təbiidir. Axı bəzən yazıçının öz əsərini yazarkən keçirdiyi hissləri psixoloqlar tədqiq etməyə çalışırlar. Amma hesab edirəm ki, bəzi yazıçılar bu sahədə heç də psixoloqdan geri qalmırlar. Məsələn, Konstantin Paustovskinin bir çox əsərləri buna yaxşı nümunə ola bilər. Belə ki, yazıçı qələmə aldığı bir çox qeydlərində öz əsərlərinin meydana gəlmə səbəblərini, yazı prosesini elə dəqiqliklə təsvir edir ki, bu sənədli qeydlər bədii yazı qədər maraq doğurur. Amma onu da unutmaq olmaz ki, bədii əsər, xüsusən hekayə oçerk deyildir...

"Okean" adlı bir hekayəm var. Çoxdan yazılıb. Sənədli yazı deyil. Amma bu yazının qələmə alınmasında bir hadisə "təkanverici" rol oynayıb.

Hərbi xidmətdən geri dönərkən Uzaq Şərq şəhərlərindən birində vağzalda bilet alarkən bir gənc xanım məndən şəhərdəki hansısa ünvanı soruşdu. Çiynimi çəkib bilmədiyimi dedim. Xanım gülümsəyib dedi ki, yəqin Siz də mənim kimi gəlməsiz. Ötəri-eksklüziv dialoqdan belə məlum oldu ki, bu gənc xanım tibb texnikumuna qəbul olub, əslən Sakit okeanın ortasında yerləşən ada-şəhərdən, daha dəqiq desəm, Saxalindən gəlib bu yerlərə... Qatarın yola düşməsinə hələ çox qalırdı.

Yaxından tanış olduq. Mən öz adımı dedim. O da özünü təqdim etdi:

- Almira.

Söhbət əsnasında belə məlum oldu ki, bu gənc xanımın soyadı Yunusovadır. Doğrusu, elə bildim ki, azərbaycanlıdır. Amma o, kökən rus olduğunu bildirdi.

Vağzaldan çıxıb şəhərə sarı üz tutduq. Lopa-lopa qar yağırdı. Ağ şuba və ağ çəkmə geymiş Almiranın bəyaz sifətinə qonan qar dənələri ulduz qırıntıları kimi parlayırdı. Bu anlarda Almira zərif, bəmbəyaz Qar qıza bənzəyirdi. Sadəcə olaraq o, qocaman Şaxta babanın yox, yanındakı hərbi geyimli gəncin qoluna girmişdi.

Biz isti kafelərdən birinə daxil olub nəsə sifariş verdik.

...Sonralar bu təəssürat hekayəyə çevrildi.

"Okean" hekayəsində gənc xanım qəhrəmanın ad-familiyası olduğu kimi saxlanılıb... Hekayədə finala yaxın səhnə belə təsvir olunub:

"Sarvan vaqona qalxıb kip örtülmüş pəncərənin donmuş şüşələri arxasından qıza əl etməyə başladı. İndi onun ürəyinə ağır bir kədər çökmüşdü; bu kədər hissi ona, nədənsə, vaxtsız yağan qarı xatırladırdı. Sarvan əvvəlcədən duyurdu ki, qızla bu təsadüfi görüş onun yaddaşından heç vaxt silinməyəcək... Yox, bu, məhəbbət deyildi. Bu, ötəri bir hiss də deyildi. Bəs nə idi görəsən?

Bayırın qaranlığında qızın tutqun silueti zorla seçilirdi...

Qatar yola düşdü..."

Yeri gəlmişkən, sonralar bu hekayə rus, ingilis, fars və özbək dillərinə tərcümə edilib Kanada, Rusiya, Özbəkistan və İranda nəşr olundu.

2. "Alın yazısı" necə yazıldı?

Səksəninci illərin sonlarında qəfildən xəstələndim. Nitqimdə ləngimə baş vermişdi. Məni Əhmədlidəki "nevroloji" xəstəxanaya apardılar. Səliqə-sahmanlı bir yerdi. Bizim palatada dörd nəfər kişi vardı. Deyir-gülür, zarafat edirdik. Saşa adlı "Kamaz" şoferi, sağlam rus "mujiki" çoxlu lətifələr bilirdi.

Qonşu palatada qadınlar müalicə olunurdu. Mən arada dəhlizin başındakı darısqal arakəsməyə (xəstə və həkimlərin qeyri-rəsmi "papiros çəkmək üçün" hesab etdikləri yerə) çəkilib siqaret tüstülədirdim. Bir dəfə gənc, yaraşıqlı, qədd-qamətli bir xanım mənə yaxınlaşıb dilucu salamlaşdı.

- Salam. Olar?

Görəsən, nəyin "olarını" xahiş edirdi?

Ani olaraq anladım ki, yəqin siqaret xahiş edir. Qutunu ona uzatdım. O, bir qədər tərəddüd edib dedi:

- Təşəkkür edirəm. Özümdə siqaret var. Soruşuram ki, burada siqaret çəkmək olar?

Ətrafa boylanıb dedim:

- Məncə, olar. Adətən, adamlar burada çəkirlər. Budur, qab da siqaretlə doludur.

Qadın bir də təşəkkür edib, cibindən "öz qutusunu" çıxartdı. Zərif, uzun, ilik kimi ağ barmaqlarının arasında sıxdığı siqaret giləsini alışdırıb dərindən qullab vurdu. Ətirli siqaretin tüstüsü bir müddət onun başının üstündə halay vuraraq "donub qalırdı". Arada qadın alnına tökülmüş qara-parlaq saçlarını əli ilə yuxarıya sarı "atanda" başının üstündə "donub qalmış" tüstü halayı da ətrafa yayılırdı.

Sonrakı günlər söhbət əsnasında məlum oldu ki, mənim "siqaret yoldaşım" ali məktəb müəlliməsidir. Yaxınlarda başında əməliyyat olunacağını gözləyirdi. Zahirən sağlam və xoşbəxt görünən bu gözəl xanım hiss olunurdu ki, öz taleyindən heç də razı deyil.

 

- Mən əməliyyatdan sağ çıxmayacam...

Bir neçə gündən sonra həyətdə ağlaşma, hay-küy eşitdim. Kiminsə öldüyünü dedilər.

Ağ xalatlı tibb işçiləri iri xərəyin qulpundan yapışıb həyətə sarı tələsirdilər.

 

Sonralar mən qələmə alacağım "Alın yazısı" adlı hekayədə həmin mənzərəni belə təsvir edəcəkdim: "Xərəyi qapının ağzına çıxartdılar. Ağ xalatlı adamlar mələfəyə bükülmüş meyiti qucaqlarına götürüb "təcili yardım" maşınının arxa qapısına yaxınlaşanda külək mələfənin bir ucunu azacıq qaldırdı. O, qadının qırxılmış ağımsov başını gördü. Qadının üzü sakit idi. Ona elə gəldi ki, qadının dodağında gülüşə, istehzaya bənzər tanış bir təbəssüm donub qalıb. Görəsən, qadın kimə gülürdü? Öz ölümünə, yoxsa yaşanmış (bəlkə də yaşanmamış) ömrünə?

 

Maşının qapısı şaqqıltı ilə örtüldü.

Xəstəxananın həyətinə sükut çökdü..."

Bax, "Alın yazısı" hekayəsi belə yarandı.

 

Firuz MUSTAFA

525-ci qəzet .-  2024.- 8 fevral, ¹24.- S.13.