Qarabağ isminin
YİYƏLİK halı
Nədir axı bu yaşadıqlarımız?
İsmini nə qoyaq?! Bu, hansı qəddar isimlərin
hansı eybəcər sifətlərlə bizə
sırıdığı hansı qorxulu feillərdir belə?!
Bu sualları "Səksəkəli qalibiyyət,
"təntənəli məğlubiyyət" adlı
essemdə vermişdim. Özümə və hər kəsə.
Bu cümlələri o zaman qurmuşdum ki,
bütün torpaqlarımızda suverenlik səltənətimiz
hələ qurulmamışdı; ərazilərimiz hələlik
qismən azad olunmuşdu, qələbəmiz hələ ki
yarımçıq idi. Xankəndinə hələ də
Şuşadan baxırdıq. Mən də ötən yay Xankəndinə
Şuşadan bir əsgərin binoklu ilə
baxmışdım.
Uzaqdan, həm də çox yaxındakı... uzaqdan
baxmışdım.
Heç üstündən bir payız keçmədi:
heç yay bitməmiş separatçı xuntanın
payızı gəldi. Daha doğrusu, ordumuz "ikinci erməni
dövləti" kol-kosunun kökünü bir günün
içində qurutdu...
Bəli, ötən yay Xankəndinə uzaqdan
baxırdım. Ancaq indi Bakıda otursam da, Xankəndinə
çox yaxındayam. Daha doğrusu, şəhərin
"içindəyəm"; balaca-böyük - fərq etməz,
bütün ekranlarda Xankəndi var, Şuşa var...
Səsimiz artıq Ağdam, Füzuli şəhərlərinə
çatıb. Kəlbəcərin, Laçının, Ağdərənin dağlarına
da. Xocalının səsinə
səs veririk. Xankəndində səs veririk. Qarabağda,
Şərqi Zəngəzurda seçki keçiririk, səs
veririk.
Çox uzaq tarix deyil: üç il bundan əvvələ
qədər Xankəndində, Qarabağda bizsiz
"seçki" keçirilirdi. Bizsiz, daha doğrusu, bizim əleyhimizə
"səs verilirdi". Bizim əleyhimizə "prezident",
"deputat", "bələdiyyə" "seçirdilər".
Biz də adını "qondarma" qoyurduq,
"qanunsuzdur" deyirdik. Tanımırdıq. Dünya da
tanımırdı və özümüzü bununla ovudurduq.
Ancaq için-için yanıb qovrulurduq, ovulurduq, içimizdə
kül olub sovrulurduq.
Amma indi!
İndi o bizsiz "seçki" keçirənlər,
bizim əleyhimizə "seçilmiş"
"prezident"lər paketlənib, cələklənib gətirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasına.
Mötəbər mənbələrdən aldığım məlumata
görə, hamısı bir nəfər kimi istintaqda
"dil-dil ötür". Arayik Arutyunyan isə, hətta:
"Azərbaycan vətəndaşlığını qəbul
etmək istəyirəm, seçkidə səs vermək istəyirəm"
deyə bülbül kimi cəh-cəh vurmuşdu.
Gəncəyə gecənin yarısı raket atan
seçki qutumuza səs atmaq istəmişdi (ki, istəməz!)
Bütün bu etirafçı Qarabağ
"bülbülləri" - bir düjün saxta
"prezident" oturub AzTV-dən Xankəndindəki əsl
seçkiyə tamaşa edirlər. Ölkənin birinci şəxsi
də Xankəndində səs verib ki, prezidenti necə
seçmək lazım olduğunu dost da, düşmən də
görsün. Bu, axı Qarabağın tarixi boyu ilk
seçkidir. Və möhtəşəm tarixi hadisədir. Bəlkə
hadisələrin içindəyik deyə tam da idrak edə
bilməmişik. Bir daha xatırladım:
bütöv-bütöv müsəlman ölkələrinin
çökdürülüb, işğal edildiyi,
bölüşdürüb paramparça edildiyi bir Dünyada
biz yeganə müsəlman ölkəyik ki, öz ərazimizi
işğaldan azad edə bilmişik. Kiminsə bizə
qarşı vurma, bölmə əməllərinə yol vermədik,
toplandıq və onları öz torpağımızdan
çıxardıq. O miskin Qarabağ "bülbülləri"nin
o şaqraq "müstəqillik" ədəbiyyatına biz
tutarlı artilleriya riyaziyyatı ilə son qoymuşuq.
Kimsə bu sətirləri oxuyub anlar, kimsə qeydsiz
qalar bəlkə, kimsə dodaq büzər. Ancaq gerçək
dəyişməz: bizim SƏSimiz artıq Vətənimizin hər
nöqtəsinə yetir. Damarımızda axan qan bədənimizin
hər kapilyarına, hər hüceyrəsinə qədər
gedib çatır.
Artıq "Qarabağ" isminin adlıq halı da
bizik, yiyəlik halı da, yönlük, təsirlik, yerlik...
halları da.
İşğalçılara da, separatçılara da,
"vasitəçi" adı ilə bölgəyə burun
soxmağa çalışan geopolitik maklerlərə,
geostrateji brokerlərə də başa salmışıq ki,
onlar, olsa-olsa, Qarabağ isminin çıxışlıq
halıdırlar, vəssəlam!
P.S. Bir zaman köhnə, çox köhnəlmiş
zehniyyət major notda belə bir xaric xal vurmuşdu:
"Qarabağlıların səsi var. Getsinlər, muğam
oxusunlar, siyasətə qarışmasınlar".
Bəli, qarabağlıların səsi var. Bu gün
bütün Qarabağın səsi var. Ölkə siyasətində,
dünya siyasətində. Və bu gün o SƏS Xankəndində
ucadan və çox ucada eşidildi.
Artıq bu günün Qarabağına - son üç ilin yekununa "səksəkəli
qalibiyyət" deyə bilmərəm, "təntənəli
qabiliyyət" deyirəm.
Siz nə deyirsiniz-deyin...
Bahəddin HƏZİ
525-ci qəzet .- 2024.- 8
fevral, ¹24.- S.11.