Dönüş nöqtəsi  

Ya birinci cildin son fəsli

 

Bunlar müasir Azərbaycan tarixinin səhifələridir. Unudulmamalı səhifələri. Vaxt ötdükcə, təbii ki, istənilən hadisənin təfərrüatları yaddan çıxır, haçansa mühüm sayılmış müəyyən ayrıntılar hafizənin alt qatına çökür. Ancaq millətin və yurdun taleyi ilə əlaqədar tarix parçaları irili-xırdalı bütün cizgiləriylə gərək yaxşı bilinə. Çünki tarixin bütün gedişi həm də vaxtaşırı oxşar təkrarlanmalardan ibarətdir, gələcək zamanlarda qarşına çıxan hadisələrə qəfil gözlənilməzliklər kimi baxmamaq, hansı addımı atmaqda tərəddüddə qalmamaqdan ötrü dünəndən yaxşı agah olmaq şərtdir.

Olmuşlardan dərs aldıqca həlledici məqamlarda yanılmaq ehtimallarımız da azalır, uğur imkanlarımız da artır. Tarixdə hər yolun öz ibrətləri var və Azərbaycanın Avropa Şurasındakı həqiqi üzvlüyünün 23 ili başa çatmış yolu da çağdaş tariximiz içərisində ayrıca bir tarixdir. Həmin yolu əvvəlindən bugünə qədər addımlamış, hadisələri yaxın məsafədən seyr etmək fürsəti olmuş bir insan kimi indi bütöv mənzərə də, o bütövün müstəvisində ayrı-ayrı başverənlər də mənə daha aydın görünür. Ona görə düşüncə bölüşməyə, daha sərrast görə bildiyimiz həqiqətlər haqda sabah oxşar cığırlardan keçənlərə yol xəritəsi olası bilgiləri ötürmək də həm borcdur, həm də daxili ehtiyac.

Avropa Şurası Parlament Assambleyasına, bu mötəbər beynəlxalq təşkilatla həqiqi üzv kimi əməkdaşlığa başlamaqçün ilk nümayəndə heyətimiz yola düşəndə ikinci minillik başa çatmış, yeni, XXI əsr və III minillik ilk günlərini yaşayırdı və rəmzi tarixi mənası olan bir gündə yola düşəcəkdik - yanvarın 19-dan 20-nə keçən gecə. O yanvardan 2024-cü ilin yanvarınadək qət edilən yol özlüyündə ayrı bir hekayətdir və həmin qısa olmayan məsafə boyunca axarında olduğumuz hadisələr, qarşılaşdığımız maneələr, qatıldığımız müzakirələr, keçirdiyimiz görüşlər, etdiyimiz çıxışlar, hazırladığımız sənədlər yalnız mənzərəni tamlığı ilə görməyə meydan açmır, həm də müasir siyasət arenasında Azərbaycana bəslənmiş və bəslənən fərqli münasibətlər şəbəkəsinə bütün çalarlarıyla, işıq-kölgələriylə indi vaxtın hündürlüyündən baxaraq təhlillər aparmaq, qənaətlər çıxarmaqçün münasib şərait yaradır. Avropa Şurasındakı Azərbaycan yolu bir örnəkdir və yalnız bu təşkilatda deyil, bütövlükdə beynəlxalq münasibətlər zəminində və üzvü olduğumuz digər bənzər Avropa, Asiya və dünya qurumları çərçivəsində Azərbaycanın necə irəliləməsinin, hədəflərinə çatmaqçün necə mübarizə aparmasının, nələrə nail olmasının, bu gedişatda hansı yaxşı və yaman yanaşmalarla üzləşməsinin güzgüsü  hesab edilə bilər.

2024-cü ilin yanvar günlərində Avropa Şurası və Azərbaycan, Avropa Şurası Parlament Assambleyası və oradakı Azərbaycan nümayəndə heyəti münasibətlərinin mövcud durumu ilə əlaqədar cəmiyyətin ən müxtəlif təbəqələrində səslənmiş və mətbuat səhifələrində sənədləşmiş, yetərincə kəskin qoyulan suallardan biri budur ki, Avropa Şurası bu gün Azərbaycana lazımdırmı? Həmin suala emosiyalardan kənar və diplomatik təmkinin umduğu cavab gərək oradan başlana ki, 23 il əvvəl bu təşkilata daxil olmağımıza gərək vardımı?

Məsələ ondadır ki, bu qurumda həqiqi üzv kimi işə başlamazdan öncə Azərbaycan bir neçə illik namizədlik mərhələsini də adlamışdı və "Amerikanın səsi" radiosunun ölkəmizdəki müxbiri kimi o dövrdə mənə ölkə başçısının bu istiqamətdə keçirdiyi görüşləri də bilavasitə izləmək nəsib olub. Avropa Şurası ekspertləri ilə həmin silsilədən olan növbəti qəbullarından birində unudulmaz Heydər Əliyev uzaq olmayan tarixdən nümunə gətirərək dedi ki, sovet dövründə kommunist partiyasına üzv qəbul edilməkçün sınaq mərhələsi müəyyənləşdirilmişdi, bu, əvvəllər hətta 3 il idi, sonra 2 ilə endirildi, o müddət ərzində üzv olmaq iddialı şəxs namizəd sayılırdı, müxtəlif imtahanlardan, yoxlamalardan keçirdi. Və Ulu öndər yarızarafat-yarıciddi, bir az da xəfif kinayə qarışıq tonda söyləmişdi ki, siz də indi bizi keçmiş kommunist partiyası kimi elə onlar təhər müxtəlif mərhələlərdən keçirirsiniz, əvvəlcə Avropaya hətta coğrafi baxımdan aid olub-olmamağımızdan tutmuş çox istiqamətlərədək araşdırmalar aparırsınız, öncə bizi dəvətli qonaq kimi sıralarınıza daxil edirsiniz, sonra ayrı bir mərhələ, sonra daha başqa nəsə. Biz bu sınaqların hamısına səbirlə dözəcəyik, təşkilata həqiqi üzv olacağıq, çünki bizim tutduğumuz xətt demokratik inkişaf yoludur. Ancaq bir dəfə də artıq bizə - nümayəndə heyətimizin növbəti Strasburq səfərlərindən birindən sonrakı mətbuat üçün qapalı olan görüşümüzdə danışmışdı ki, dövlətlərdən birinin rəhbəri mənə ikimizin arasındakı dostcasına söhbətdə "Avropa Şurasına niyə can atırsınız, biz daxil olmuşuq, heç məmnun da deyilik" söylədi, mən də dərhal "O təşkilat bizə gərəkdir, nə qədər çətin olsa da, qəbul da olunacağıq, orada səmərəli də işləyəcəyik" cavabını verdim.

2001-ci ilin 19 yanvarında Srtasburqa gecə uçuşumuzdan öncə, Qara Yanvarın 11-ci ildönümü günündə ilk nümayəndə heyətimizin başçısı, bugünün Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər bizi qəbul edəndə unudulmaz Heydər Əliyev tövsiyələrini, öyüdlərini verməyə başlarkən o xəbərdarlığı da etmişdi ki, heç də işiniz asan, yolunuz hamar olmayacaq. Ancaq Avropa Şurası bir kürsüdür ki, biz oradan səsimizi Avropaya və dünyaya çatdıra bilərik, bizim ərazilərimizin işğalı, Dağlıq Qarabağ boyda problemimiz, qaçqınlar, məcburi köçkünlər kimi ağır məsələlərimiz var və Avropa Şurası bütün bunlar barədə sözümüzü deməyin ən əlverişli meydanıdır. Ancaq həm də elə işləyin ki, oradakı deputatlar aşkar görsünlər ki, siz həm də Ümumavropa məsələləri ilə bağlı müzakirələrdə fəalsınız, ortaq demokrtaik dəyərlərin ölkəmizdə də bərqərar olmasında maraqlısınız.

Bu, müdrik bir dövlət və siyasət adamının müəyyən etdiyi dəqiq düstur idi və biz Avropa Şurasında olduğumuz vaxt boyunca daim işimizi həmin istiqamətlərdə apardıq. 2001-ci ilin Azərbaycanı ilə 10 il, 20 il sonranın Azərbaycanını tutuşdurarkən fərqli Azərbaycanlar görürük - sovet sistemindən təzəcə ayrılmış, mürəkkəb keçid dönəmini yaşayan gənc müstəqil respublika toparlanaraq qısa vaxt kəsiyində ölkədə demokratik təsisatların oturuşması, insan haqlarının, ifadə azadlığının sahmana salınması səmtində ciddi tərəqqiyə nail oldu, onlarca Ümumavropa konvensiyasına qoşularaq qitənin hüquq məkanı ilə daha sıx tellərlə bağlandıq. Bu nailiyyətlərə nisbətən az bir zaman ərzində çatılmasının ümdə səbəblərindən biri də məhz Avropa Şurasında olmağımız, bu təşkilat qarşısındakı öhdəliklərimiz, demokratiya məktəbi sayılan qurumun səfərbəredici gücü idi. 2000-ci illərin əvvəllərindəki Avropa Şurasındakı çalışmalarımızın və bu qurumun da üzağlığı kimi qəbul ediləsi diqqətəlayiq nəticələrdən biri bütün beynəlxalq təşkilatlar arasında ilk dəfə məhz AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamə oldu. Həmin qətnamə siyasi üslubu ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik  Şurasının daha əvvəl qəbul etdiyi və mütəmadi olaraq istinad etdiyimiz, ərazilərimizin Ermənistan tərəfindən işğalını nişan verən üç məşhur qətnamədən də qüvvətli idi. Əvvələn, 1416 saylı qətnamə ilk dəfə, o BMT qətnamələrindən fərqli olaraq, torpaqlarımızı erməni silahlı birləşmələrinin yox, Ermənistanın zəbt etdiyini göstərirdi, ilk dəfə dünyaya sanballı Avropa təşkilatı tərəfindən Dağlıq Qarabağda separatçı rejimin varlığı bəyan edilirdi, ilk dəfə bir çox Avropa ölkələri deputatlarının səsverməsindən keçərək təsdiqlənmiş qətnamədə ayrıca bənddə vurğulanırdı ki, Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Azərbaycanın Avropa Şurasında olduğu 20 ildən artıq müddətdə ölkəmizin bütün ümdə problemləri ilə bağlı sənədlər hazırlayıb qəbul etdirmişik ki, onların hamısının altında bizimlə həmfikir çıxmış, bizə dəstək göstərmiş onlarca, yüzlərcə tanınmış Avropa siyasətçisinin imzası var. 2001-ci ilin aprelində qəbul edilmiş "Azərbaycanlılara qarşı Ermənistanın törətdiyi soyqırımının tanınması" haqqında yazılı bəyannamədən tutmuş Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanlara görə kompensasiya ödəməli olması haqda tövsiyə üçün təklifə qədər, dünyadakı erməni terror şəbəkəsini ifşa edən, işğal altındakı ərazilərdə narkotiklərin əkilib-becərilməsi, həmin nəzarətsiz torpaqların həm də narkotiklərin tranziti üçün istifadəsi, ekologiyamıza vurulan zərbələr, düşmənin qəsb etdiyi yerlərdə aparılan qeyri-qanuni arxeoloji tədqiqatlar, Ermənistanın Azərbaycana qarşı yürütdüyü kartoqrafik işğal siyasəti, Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarından ta  Güney Azərbaycanında on milyonlarla soydaşımızın ana dilində təhsil almaq haqqına qədər və daha bu qəbildən olan onlarca sənəd AŞPA-da qəbul edilib. O sənədlərin hər biri gələcəkdə müxtəlif hüquqi iddialar qaldırmaq üçün zamanında hazırlanmış əsaslı bünövrə və təkan nöqtəsidir. Sənədləri biz hazırlamışıq, ancaq onları yüzlərlə avropalı deputat da fikrimizə, mövqeyimizə şərik çıxaraq imzalayıb, bizi dəstəkləyib və nəticə etibarilə onlardan hər biri sadəcə Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi bir arayış deyil, 50-yə yaxın Avropa ölkəsini birləşdirən AŞPA-nın sənədi kimi tarixləşib. Bunlar qətiyyən sadə olmayan, ağır çəkili tarixi əməllərdir. Və hər sənədin hazırlanması, imzaların toplanması, o sənədlərin Avropa Şurasının müxtəlif bölmələrində müzakirələrə çıxarılması, nəticələr əldə edilməsi üçün 20 ildən artıq zamanda gərgin, fədakar və əsla asan olmayan əməklər sərf edilib. Hələ mən AŞPA-da hazırladığımız məruzələri, siyasi qruplarda, komitələrdə, plenar iclaslardakı saysız-hesabsız çıxışlarımızı, mübahisələrimizi, bəyanatlarımızı demirəm. 2020-ci ilin noyabrında qüdrətli millət öndəri İlham Əliyevin müstəsna siyasi intellekti və sərkərdəlik istedadı, qurucusu olduğu qadir Azərbaycan Ordusunun rəşadəti, bütün xalqın əzmi ilə qazandığımız misilsiz Zəfərə, torpaqlarımızın 30 ilə yaxın vaxt ərzində düşmən tapdağında qalmasına son qoya bildiksə, həmin məsud günlərə gətirib çıxaran uzun, zəhmətli, mübarizəli yolun həm də 20 il boyunca Avropa Şurasından keçdiyi unudulmamalıdır. Döyüş meydanında qələbəyə çatdıran yolun beynəlxalq diplomatik və hüquqi zəmini illər boyu hazırlanmasaydı, nə qədər möhtəşəm ordu qursaq belə, onun zəfərli yürüşünü qəsdimizə durmuş beynəlxalq güclər hansısa məqamda əngəlləyə, büdrədə, dayandıra bilərdilər. O böyük Zəfər Prezident və Ali Baş Komandan İlham Əliyevin apardığı çoxistiqamətli və uzunmüddətli, görünən və görünməyən incə, ağıllı, uzaqgörən siyasətin və bir-birinə zəncirin halqaları kimi bağlı silsilə tədbirlərinin sayəsində mümkünləşdi. Elə Avropa Şurasında aparılan iş də bilavasitə lap başlanğıcdan İlham Əliyevin müəyyənləşdirdiyi strateji layihə üzrə həmin bütövün ayrılmaz tərkib hissəsi idi.

İndi Avropanın 46 dövlətini bərabərhüquqlu üzv kimi sıralarında birləşdirən Avropa Şurasını yalnız kənardan deyil, içəridən və incəlikləri ilə biz çoxdan tanıyırıq. O ikili standartlar, o sifarişli çıxışlar, o təşkil edilmiş qərəzli həmlələr ki indi haqqında bəhs edirik və bu təşkilatla aramızda yaranmış narazılığın təməlində dayanır, məgər əvvəllər yoxdumu?

Avropa Şurasında ikili standartları da, lobbi maraqlarına xidmət edənləri də, qərəzkarları da biz artıq 2001-ci ilin aprelindən görməyə başladıq. 2001-ci ilin 25 yanvarında bir neçə gün əvvəl bizi Bakıdan yola salmış unudulmaz Heydər Əliyev artıq özü də Strasburqda idi, AŞPA-nın mərkəzi iqamətgahında - Avropa Evinin qarşısında təntənə ilə Azərbaycan bayrağını ucaltdı, 1949-cu ildə yaradılmış təşkilatın salonunda ilk dəfə ana dilimiz səsləndi, biz rəsmən AŞPA ailəsinə qəbul edildik. Artıq aprel ayından bizim burada çıxış etmək, sənədlər hazırlamaq, səsvermələrə qatılmaq hüququmuz vardı. Elə AŞPA-dakı ilk aprelimizdən də sonra illərcə get-gedə şiddətlənəcək və asta-asta dərinlərə kök atan xərçəng mərəzi kimi bu qurumu içəridən çürüdəcək təmayülləri müşahidə etdik. Əslində heç gizlətmirdilər də. Ancaq bu, hələ balaca bir dəstə di. Getdikcə Avropa Şurası daxilində həmin virus həndəsi silsilə ilə artmağa başlayacaq və son 10 ildə isə təşkilatı sarsıdacaq qədər nəzərəçarpacaq böhrana uğradacaq. Elə yolumuzun əvvəlindən bu qurumda islamofobiyanın həm də Türkiyə və Azərbaycanofobiya çeşidlərini də duyduq, siyasi məhbus dəllallığına başlayanlarla da rastlaşdıq, Qarabağa davamızda bizi əsas məqsədimizdən yayındırmağa hesablanmış tələlərin qurulmasına da şahid kəsildik. Ancaq hər sıxıntı və barılara rəğmən, ardıcıllıqla işimizi görürdük və o zaman AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olan gələcək Prezidentimiz bizə qarşı təşkil edilmiş növbəti hücumlardan birindən sonra dəstəmizin yığıncağında hamını ruhlandıran, daxildən gərilməyə sövq edən sözlər dedi. Söylədi ki, bu, bizim taleyimizdir, buradakı ikili standartlar, nümayişkaranə fərqqoymalar məlumdur. Bu, bizi qətiyyən soyutmamalıdır. Bu labüd gerçəkliyi qəbul edərək işimizi bu rejimə uyğun qurmalı, mübarizəmizi elə bu şəraitdə daha inadla davam etdirməliyik. Yəni Avropa Şurasında 10-15 il əvvəl hələ fraqmentlər, təmayüllər kimi mövcud olan qəbahətlərin son illərdə bulanıq gur axına çevrilməsini, bu qurumu xəstəhal vəziyyətə çatdırmasını Prezident İlham Əliyev həm vaxtilə orada işləmiş, sonra da illərcə fəaliyyətimizi daima diqqətində saxlamış münsif kimi hər kəsdən daha gözəl bilir və özünün də haqlı olaraq bildirdiyi kimi, hansı addımı haçan atmağın lazım gəldiyi ona yaxşı məlumdur.

10 ildən də bir az çoxdur ki, Avropa Şurasında islahatların zəruriliyi haqqında fikir mübadilələri gedir. Hətta bu mövzu bir neçə dəfə Parlament Assambleyasının açıq müzakirələrinə də çıxarılıb. Təəssüflər olsun ki, islahatlar prinsipial qüsurları aradan götürməyə yönəlmədi, kosmetik dəyişikliklərlə yekunlaşdı - hansısa komitələr ləğv edildi, hansılarınınsa adları dəyişdirildi, prosedurlarda xırda texniki əlgəzdirmələr oldu. Vəssalam! Bu təşkilatın əsas azarı olan ikili standartlar, muzdlu deputatlar, ədalətsiz, obyektivlikdən uzaq, həqiqətləri başayaq edən sifarişli məruzələr və çıxışlar, saxtalaşdırılan səsvermələr nəinki azaldı, əksinə, həndəsi silsilə ilə çoxalmağa üz qoydu. Lobbiçilik dünyanın hər yerində, hər beynəlxalq təşkilatda da var və mahiyyətcə burada əcaib olan heç nə yoxdur. Fransa nümayəndə heyətinin tərkibində biz ermənidən daha qart erməni cildində zühur edən deputatları illərcə az görmədik və bu, elə gizlədilməyən, hətta gözəsoxulan tərzdə icra edilirdi ki, hər kəsə əyandı. Təbii ki, ermənidən ötrü canfəşanlıq edənlər bu xidməti erməninin qara qaşına-gözünə, yaxud yaraşıqlı burnuna aşiq olduqları üçün deyil, lobbi tərəfindən maliyyələşdirilmələri ucbatından göstərirdilər. Ancaq Avropa Şurasında, ya digər beynəlxalq təşkilatlarda bizə dost mövqedən çıxış edənləri görüncə əleyhimizə səlib yürüşünə başladıldı, yüz cür böhtanlar atıldı, "kürü diplomatiyası" kimi nağıllar uyduruldu ki, sabah bizə havadarlıq sevdasına düşə biləcəkləri də qorxutsunlar, çəkindirsinlər, biz meydanda tək qalaq.

İndi Azərbaycana qarşı Avropa Şurasında qısqırdılanların ən ehtiraslılarından olan Frank Şvabenin ölkəsinin parlamentində erməni lobbiçiliyi etməsi, başqa sözlə, onların adamı olması bəlli faktdır. Ona görə də həm Türkiyə, həm Azərbaycan əleyhinə o və onun kimilər daim gen-bol istifadə edilirlər.

2020-nin sonlarından, möhtəşəm Zəfərimizi çalandan sonra biz Avropa Şurasında ritorikamızı xeyli dəyişdik. Əslində orada mütəmadi Azərbaycan-Ermənistan deyişmələri əksəriyyəti yormuşdu. Torpaqlarımızı azadlığa çıxarandan sonrakı AŞPA toplantılarında biz ermənilərin isterikalı çıxışlarına artıq qalib ölkənin təmsilçiləri kimi daha səbirli cavab verməyə, məhz özümüzü qaliblər kimi ağır aparmağa, bununla da prinsipcə qarşı tərəfi daha artıq yandırmağa başladıq. Çalışdıq ki, 2021-2022-ci illərdəki siyasi qrup, komitə iclaslarında, AŞPA sessiyalarında Ümumavropa problemləri ilə müzakirələrə daha tez-tez qatılaq. Fəqət Qarabağ zəfərimizim od qoyduğu qüvvələr Avropa Şurasını hər ötən günlə daha çox iflic vəziyyətinə salmağa başlayan və cinayət səciyyəli üsullardan yararlanaraq əleyhimizə bir-birinin ardınca arzuolunmaz hərəkətlər etməyə girişdilər. 2023-cü ildə daha da şitəndilər - hər sessiyada Azərbaycanla bağlı qərəzli məruzələr gündəliyə salınmaqdan əlavə Assambleyada da müxtəlif Azərbaycanazidd əlavə toplantılar təşkil edilməyə başlandı. Və Parisdən basılan düymənin təsiriylə elə xam xəyala da düşmüşdülər ki, bu təhdidləri, sıxma-boğmaları, tənqidləri artırmaqla Azərbaycanı ürəklərindən keçən hansısa naxoş niyyətlərin gerçəkləşməsindən ötrü nələrəsə vadar edə biləcəklər. Ancaq unudurdular ki, Azərbaycan dövlətinin Prezident İlham Əliyev kimi qətiyyətli, cəsur, lazımi anda ən sərt addımları ataraq özündən xoşgüman istənilən rəqibini mumlatmağı, yerində oturtmağı ustalıqla bacaran lideri var. Gərək unutmayaydılar! Axı Avropa Şurasının yaddaşında Prezident İlham Əliyevin bir ara bu quruma rəhbərlik etmiş və Azərbaycana kin bəsləyən Ən Brasörlə bir sürü onabənzəri Strasburqda, Assambleya iclaslarının keçirildiyi zalda 2014-cü ilin iyununda 1 saatın içərisində zəkasının qüdrəti ilə sözün əsl mənasında necə darmadağın etməsinin göynərtisi hələ soyumamalıydı.  Anlamalıydılar ki, bu minvalla onların Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin sərt üzü ilə qarşılaşmaları qaçılmazdır.

Adətən Avropa Şurasına üzv dövlətlər prezident, parlament, bələdiyyə seçkiləri, referendumlarda digər beynəlxalq təşkilatlarla yanaşı, AŞPA-ya da seçkiləri müşahidə etməkçün dəvət göndərirlər. Bu, üzv dövlətlərin Avropa Şurası qarşısında mütləq yerinə yetirilməli öhdəliklərindən deyil, sadəcə bir ənənədir. Ancaq Azərbaycan Zəfərimizdən sonrakı dönəmdə ölkəmizə qarşı AŞPA-nın getdikcə quduzlaşan tərpənişlərinə məntiqi cavab olaraq 2024-cü ilfevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə adətən müşahidə missiyaları arasında həmişə ifrat kəskinliyi ilə seçilən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan tutmuş bir çox digər beynəlxalq təşkilatlaradək çox heyətləri dəvət etsə də, AŞPA-nı bu siyahıya salmadı. Söz yox, üzv dövlətin belə münasibəti Avropa Şurasında şok effekti oyatmaya bilməzdi. Başladılar dil tökməyə, Azərbaycanı təşkilata qarşı elə təşkilatın özünün bais olduğu bu etinasız qərardan daşındırmaqçün çıxış yolları aramağa. 2024-cü ilin yanvarında baş tutacaq qış sessiyasında əslində vaxt və ardıcıllıq cədvəli üzrə Azərbaycanın monitorinqi üzrə məruzə də müzakirəyə çıxarılmalı idi. Lakin AŞPA-dakı yazılmamış qaydalara uyğun olaraq, seçki keçirilən ölkə ilə bağlı hər hansı müzakirə gündəliyə daxil edilmir və həmin səbəbdən də o məruzənin müzakirəsi saxlanmışdı yaz sessiyasına. Sessiyanın başlanmasına 1 gün qalmış Assambleyanın səlahiyyət müddəti bitməkdə olan rəhbəri şəxsi yazışma təriqi ilə nümayəndə heyətinə xahişlə müraciət etdi ki, adətən prezident seçkilərinə AŞPA-dan 25-30 nəfərlik müşahidə qrupu gedir, dəvət etmirsiniz, yaxşı, heç olmazsa ikicə nəfər ölkə üzrə məruzəçini çağırın, onlar gəlsin, yoxsa ki, təşkilatımız üçün heç yaxşı çıxmır, ATƏT dəvət olunur, biz qalmışıq qıraqda. Bunu da əlavə edirdi ki, bilirsiniz, Fransada seçki ərəfəsində erməni icmasının təsir imkanları artır, odur ki, indi sizə Fransanın bəslədiyi münasibətə çox fikir verməyin.

Lakin Azərbaycan sözünü demişdi və mövqeyindən çəkilmək fikri də yoxdu. Vəziyyəti belə görəndə AŞPA rəhbərliyi öz qəbul edilmiş qaydalarının da xilafına hərəkət edərək qış sessiyasının birinci iş günündə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqi məsələsinin mübahisələndirilməsi mövzusunu səsverməyə çıxarmağa qərar verdi.

Yanvarın 22-də səhər erkən AŞPA-nın Büro iclası keçirilmiş, bu məsələ müzakirə edilmişdi. Plenar iclas günortadan sonra başlanacaqdı, hələliksə siyasi qrupların toplantıları gedirdi və bu məsələ mənim üzvü olduğum Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupunda da qoyulmuşdu. Həmin yığıncaqda çıxış edərək bunları dedim: "Avropa Şurasında bu sessiyanın lap başlanğıcından mövcud qaydaların ziddinə olaraq, həm də bəzi prosedurları təhrif edərək Azərbaycan nümayəndə heyətinə təzyiq göstərmək cəhdləri müşahidə edilməkdədir. Belə qərəzli münasibət təsadüfi deyildir. Az əvvəl AŞPA-nın Bürosunun toplantısında Azərbaycanın bu qurumdakı səlahiyyətlərinin mübahisələndirilməsi məsələsi qaldırılıb. Bunu onunla izah etmək istəyiblər ki, guya Azərbaycan Avropa Şurası ilə kifayət qədər fəal əməkdaşlıq etmək istəmir, hansısa məruzəçi respublikaya gələ bilməyib, Avropa Şurası missiyası Azərbaycanda keçiriləcək seçkilərə dəvət edilməyib. Bu və bu qəbil iradların heç biri tənqidə dözmür və əsaslı deyildir. Azərbaycanın hər hansı beynəlxalq qurumu, o cümlədən, Avropa Şurasını seçkilərə dəvət etmək məcburiyyəti yoxdur. Azərbaycanda fevral ayında keçiriləcək növbədənkənar prezident seçkilərinə ən müxtəlif beynəlxalq təşkilatlardan çoxsaylı müşahidə qrupları dəvət edilib. Ancaq Avropa Şurası niyə başqa qurumlardan fərqli olaraq onun dəvət edilməməsinin səbəbləri haqqında, məncə, özü düşünməlidir. Səbəb məhz indiyədək aparılmış xətt, ikili standartlarla yanaşma, qeyri-obyektiv münasibət, müxtəlif qərəzli addımlar olmuşdur. Ancaq açıq söyləmək lazımdır ki, əslində bütün bunlar bəhanədir. Azərbaycana qarşı indi göstərilən təzyiqin səbəbi tamam başqadır. Səbəb - Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərini, nəhayət ki, azad etməsidir, səbəb - müəyyən qüvvələrin Azərbaycanın Qarabağ zəfərini həzm edə bilməməsidir. Təəssüflər olsun ki, Fransa belə qüvvələrin ən çox canfəşanlıq edənlərindəndir. Uzun müddət ATƏT-in Minsk qrupunda Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməsində həmsədrlərdən biri olmuş Fransa bu gün qarşıda dayanan sülh razılaşmasını əngəlləməyə cidd-cəhdlər edir. Fransa dövlət səviyyəsində Ermənistanı münaqişəni yenidən başlamağa təşviq edir, bu ölkəni silahlandırmaqla Cənubi Qafqazda yeni təhlükələrə meydan açmaq istəyir.

Azərbaycan burada deyilənlərin əksinə olaraq, Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Bu yaxınlarda Avropa Şurasının Baş katibi və Avropa Şurası İnsan haqları komissarı Azərbaycanda səfərdə olmuş, yüksəksəviyyəli görüşlər keçirmişlər. Əməkdaşlığın bundan bariz örnəyi ola bilərmi? Əlbəttə ki, bir daha təkrar edirik, bunlar zahiri səbəblər kimi göstərilsə də, əsas səbəb kənar qüvvələrin, ilk növbədə Fransanın təsiri ilə Azərbaycana bacardıqca şiddətli təzyiq göstərməkdir. Lakin bu, əsla düz yol deyil və biz belə münasibəti rədd edirik. Avropa Şurası bir dialoq platformasıdır. Lakin burada qərəzli məqsədlərlə əslində Avropa Şurasının özünə, bir təşkilat olaraqonun fəlsəfəsinə zərbə vurulur".

Bu çıxışımı təsadüfən tam halda iqtibas gətirmirəm. Çünki iş elə gətirdi ki, Avropa Şurası tribunasından bu sessiyada mövqeyimizi ifadə etmək fürsəti tək mənə nəsib oldu. Az sonra başlanan plenar iclasda nümayəndə heyətimizin daha iki üzvünün adı çıxışa yazılanların siyahısında idi. Lakin qoyulmuş vaxt məhdudiyyəti üzündən onuncu çıxışçıdan sonra müzakirələr dayandırıldı və yalnız mən sözümüzü deyə bildim. Qış sessiyasının birinci iş günündə Daimi Komitə və Büronun İnkişaf Hesabatı adlı əsas məruzənin müzakirələrindəki çıxışımda bir daha AŞPA-nı tənqid atəşinə tutaraq bütün bunları üzlərinə qarşı söylədim. Ağızdan çıxan hər söz də stenoqramlaşdı, tarixləşdi və Avropa Şurasının saytına həmişəlik qalmaqçün əlavə edildi: "Avropa Şurası üçün xüsusi tarixi mənası olan yeni il başlanır və bu il böyük yolun 75-ci ildönümü qeyd ediləcək. Belə əlamətdar tarixi mərhələlərdə isəhəm dünənə, həm sabaha baxmaq zəruriyyəti yaranır. İstər İnkişafHesabatı kimi mühüm təqdimatlarda olsun, istərsə də Assambleya adından qəbul edilən hər hansı qərarda. İnsan ömründə 75 yaş müdriklik həddidir. Bir təşkilat üçünsə bu yaş qəbul etdiyi hər qərarı yüz dəfə ölçüb, bir dəfə biçmək mərhələsi, nəhayət ki, ikili standartlardan, qərəzdən, sifarişli addımlardan birdəfəlik imtina etmək məqamıdır. XX əsrin sonlarında Avropa Şurasını Cənubi Qafqaza doğru genişləndirmək qərarı verəndə bu təşkilat son dərəcə düzgün hərəkət etmişdi. Ancaq bu gün müəyyən qüvvələrin, ilk növbədə Fransanın birbaşa təsiri ilə Azərbaycana qarşı burada aparılan siyasət həm təəccüb, həm narahatlıq, həm ciddi etiraz doğurur. Azərbaycan müasir tarixinin ən ağır problemini həll edib, ərazilərinin 20 faizinin 30 ilə yaxın davam etmiş işğalına son qoyub. Qəribədir ki, illərlə bu münaqişənin həll edilməsində ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi əsas münsiflərdən sayılmış Fransa bu gün bitmiş münaqişənin yenidən qızışdırılmasına ən səylə çalışandır. Bağlanması yaxın olan sülh müqaviləsinin qarşısını almaq üçün durmadan cəhdlər edir, Ermənistanı silahlandırmaq təşəbbüslərini qətiyyən gizlətməyərək dövlət səviyyəsində şiddətlə bəyan edir. Həm də yalnız sözdə yox, konkret addımlar da atmaqla. Bu gün əsassız bəhanələr gətirərək Azərbaycanı guya Avropa Şurası ilə əməkdaşlıqdan yayınmaqda ittiham etmək həvəsinə düşənlər özləri də yaxşı anlayırlar ki, əsl səbəb bu deyil, başqadır. Bu zahiri görüntünün ardında Azərbaycanın Qarabağ zəfərini həzm edə bilməmək gücsüzlüyü dayanır. Bu xətti ən canfəşanlıqla yürüdən isə Fransadır. Elə indi buradakı təzyiqli tərpənişlərin də kökü Parisdən gəlir. Bizim dəyər verdiyimiz  bu təşkilatda prosedurları və qəlibləşmiş qaydaları pozaraq nümayəndə heyətinə qarşı hər hansı məhdudiyyətlər tətbiq etmək həvəsinə düşənlər, mahiyyətcə Azərbaycana qarşı hərəkət edənlər gərək bir mühüm tarixi həqiqəti unutmasınlar. 1990-cı ilin yanvarında sovet ordusunun hərbi birləşmələri Azərbaycana hücum edib kütləvi qırğınlar törətdilər. Məqsəd Azərbaycan insanını qorxutmaq, onun azadlıq, suverenlik yolunda mübarizələrinə birdəfəlik son qoymaq idi. Nəticə əksinə oldu və SSRİ-nin dağılması Kremlin Bakıya bu hücumundan başlandı. Biz heç istəməzdik ki, səmərəli əməkdaşlıq etdiyimiz Avropa Şurası ayrı-ayrı qüvvələrin təhriki ilə Azərbaycana qarşı başladığı qərəzli hücumlar nəticəsində eyni acı taleyi yaşasın. Avropa Şurasını daha qüvvətli etmək üçün indi daha çox yollar axtarmaq lazım ikən təşkilatı içəridən parçalamaq, onun gələcəyi üçün təhlükələr yaratmaq əsla arzulanan deyil. Elə zənn edilməsin ki, hamı sadəlövhdür, məkrli xətt tutanlar hamıdan ağıllıdır. Bütün örtülü və açıq əməllər gendənyetərincə aydın görünür, hansı küləklərin haralardan əsdiyi də bizə çox yaxşı bəllidir! Bu gün Azərbaycanın qarşısında böyük üfüqlər vardır. Onun səsini heç bir qüvvə ala bilməz. Nə burada, Avropa Şurasında, nə buradan kənarda.

Azərbaycan dövlətlərlə də, beynəlxalq təşkilatlarla da münasibətlərini qarşılıqlı ehtiram əsasında qurur və onunla təzyiq dili ilə danışmağı əsla qəbul etməz. Azərbaycana qarşı qatı qərəzli siyasət aparan indiki Fransa rəhbərliyi əslində böyük ölçüdə Fransanın dövlət maraqlarının əleyhinə işləyir. Onların təhriki ilə Avropa Şurasında Azərbaycana qarşı qurulan istehza doğuran oyun da eyni şəkildə birbaşa bu təşkilatın indisi və gələcəyinə zərbədir. Belə arzuolunmaz əməllərin sonunda bumeranq effektinin dayandığı heç vaxt unudulmasın!"

Həftənin birinci günü Azərbaycanın Avropa Şurasındakı səlahiyyətlərinin mübahisələndirilməsi məsələsinin araşdırılıb xüsusi məruzə hazırlanmasından ötrü əsasnaməyə müvafiq olaraq 24 saat vaxt verilmişdi. Bu o demək idi ki, həmin məruzə Assambleyada müzakirəyə sessiyanın üçüncü iş günündə - yanvarın 24-də çıxarılacaq. Avropa Şurasının 75 illik tarixi ərzində bir neçə dəfə olmuşdu ki, müəyyən obyektiv və subyektiv səbəblərlə hansısa nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə əlaqədar qərar qəbul edilsin. Lakin Avropa Şurasının 75 illik tarixi boyunca belə hadisə olmamışdı ki, hər hansı nümayəndə heyəti ona qarşı göstərilən ədalətsiz, haqsız münasibətə görə bu təşkilatdakı fəaliyyətini dayandırsın. Azərbaycan məsələsinin qondarma müzakirəyə çıxarılmasından bir gün öncə - yanvarın 23-də 6 nəfərlik nümayəndə heyətimiz tam tərkibdə Parlament Assambleyasında mətbuat təmsilçilərinin qarşısında əsaslandırılmış bəyanatımızı səsləndirərək Avropa Şurasındakı fəaliyyətlərimizi qeyri-müəyyən vaxta qədər dayandırdığımızı bəyan etdi.

Ertəsi gün isə Avropa Şurası topuğa dəyən daşını daldan atacaq, bizim tərk etdiyimiz binada Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqi məsələsini özlərinin deyib-eşitdiyi əldəqayırma müzakirəyə çıxaracaq. AŞPA-nın 324 həqiqi üzvü var. Onların böyük əksəriyyəti həmin gün heç o iclas zalına getməyəcək. Əslində bu da vicdanlı avropalı deputatların bir yığın avantüristin törətməyə çalışdığı fitnəkarlığa cavabı idi. Həmin sənədi 70 səslə qəbul ediblər. 324 üzv və 70 əleyhdar - özünüz müqayisə edin, özünüz nəticə çıxarın. Avropa Şurasındakı parçalanma və çatvermənin göstəricisi olan təşəbbüslər də özünü çox gözlətmədi. Serbiya nümayəndə heyətinin bütün üzvlərinin imzası ilə AŞPA sədrinin adına Azərbaycana qarşı atılmış bu addıma etiraz edən və biabırçı qərarı ləğv etməyə çağıran məktub göndərildi.

İflas adətən belə başlayır. Sabah oxşar müraciətləri edənlərin sırası sıxlaşanda 75 illik yol keçmiş, Avropada və dünyada İkinci Dünya savaşından sonrakı enişli-yoxuşlu dönəmdə demokratiya qruruculuğuna xeyli töhfələr vermiş və zamanında qiymətli olmuş bir təşkilatı belə dəyərsizləşdirmişlərin, miskin kökə salmışların halı necə olacaq?!

...Üzvlüyünə qəbul olunduğum ilk günündən ta bəyanat verdiyimiz günəcən sıralarında fasiləsiz və məhsuldar çalışdığımAvropa Surasındakı yolumuz haqqında neçə illərdir ki, kitab üzərində işləyirəm. O kitabın birinci cildinin son fəsli bitdi. Avropa Şurasındakı Azərbaycan haqqındakı kitabın ikinci cildi də başlana bilər. Bu, Avropa Şurasının yanlış qərarlarından və xəttindən əl çəkərək, nəhayət ki, düz yola gəlməsindən asılıdır.

Bu gün Avropa Şurasının Azərbaycana ehtiyacı Avropa Şurasının Azərbaycana lazım olmasından daha çoxdur.

 

6 fevral 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .-  2024.- 8 fevral, ¹24.- S.6-7.