Ustad yadigarları:
görüşlər, söhbətlər, xatirələr
Görkəmli xanəndə, unudulmaz şəxsiyyət
Əlibaba Məmmədovun ruhuna dərin ehtiramla
(Əvvəli ötən sayımızda)
Əlibaba Məmmədov istedadı, zəhmətsevərliyi,
yaradıcılıq potensialının zənginliyi sayəsində,
xanəndəlikdən əlavə, bir çox sevimli mahnı
və təsniflərin müəllifi oldu. Mahnı
yazmağının bir səbəbini də belə ifadə
edirdi: "Günlərin birində Quludan (xanəndə Qulu
Əsgərov - Ə.Q.) bəstələdiyi "Bəyənmir
məni" mahnısını istədim. Vermədi. Dedi ki, hələ
hazır deyil. Onun mənə qarşı olan hərəkəti
müqabilində özümə söz verdim ki, mahnı bəstələyim.
Bu işdə vaxtilə göyərti satıb
aldığım, çalmağı özüm öyrəndiyim
tar mənə kömək oldu. Tarda özümü
müşayiət edib mahnılar bəstələməyə
başladım. Çox keçmədi ki, xalq mahnısı
adı altında öz bəstələrimi ifa etdim. Onda
senzura vardı. Bəstəkarlıq təhsilimiz
olmadığından adımızı çəkməyə
qoymurdular".
Əlibaba müəllim məşhur "Dəşti"
muğamının ifasını necə ərsəyə gətirdiyini
belə xatırlayırdı:
"Radioda İran musiqisinə qulaq asırdım.
Diktor növbəti musiqini - "Dəşti"ni elan etdi.
Musiqi məni məndən eləmişdi. Əmim Güləhməd
deyərdi ki, Seyid Şuşinskinin toy-düyünlərdə
"Dəşti"ni oxumasını dinləmişəm.
Artıq Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə
daxil olmuşdum, Seyid Şuşinskidən - Ağadan dərs
alırdım. Ertəsi gün dərsə gələndə
girəvəyə salıb ustaddan xahiş etdim ki, mənə
"Dəşti" muğamını öyrətsin. Bu
muğam tədris proqramında olmadığından əvvəlcə
boyun qaçırdıb, nəm-nüm elədi, "bu hardan
ağlına gəlib?" - deyə soruşdu. Cavab verdim ki,
dostunuz Güləhməd əmi "Dəşti"ni sizdən
eşidib və üstəlik, dünən radioda dinləmişəm.
"Yaxşı eləyib eşitmisən. Bu muğamı bizdə
oxuyan yoxdur. Farslarda əsas muğam sayıldığından
çox gözəl ifa edirlər. Sənlik deyil" - deyən,
ustadımdan xahiş elədim ki, çox yox, bircə dəfə
onu mənə oxusun. Əl çəkmədiyimi
görüb, üzünü müşayiətçi tarzənə
tutaraq dedi: "Kamil (Əməkdar mədəniyyət
işçisi, tazən Kamil Əhmədov. O, 20 ildən
çox tarzən-müşayiətçi kimi A.Zeynallı
adına Bakı Orta İxtisas Musiqi Məktəbində Seyid
Şuşinski ilə birgə çalışıb -
Ə.Q.), o pərdəni tut görüm..."
Uçmağa qanad axtarırdım. Ağa mənə
"Dəşti" oxuyurdu. Sizi inandırıram, dərsdən
çıxıb evə gələnə qədər yolboyu
gah zümzümə edir, gah da fitlə muğamı
çalırdım ki, yaddaşımda qalsın. Evə
çatan kimi maqnitofonu işə salıb, "Dəşti"ni
lentə aldım. Sonradan aylarla onun üzərində işlədim.
Muğama "Zəminxarə", "Şah Xətai" və
"Bidad" şöbələrini əlavə edib, onu dəstgah
şəklinə saldım. Seyid Əzimin "Qəmindən
qönçətək dil qanə döndü" mətləli
qəzəlini təsnif kimi, iki qəzəlini isə muğam
yerində oxudum. Muğamın kadensiyasında oxuduğum təsnif
də özümündür. Sonralar bir çox xanəndələrimiz
də bu muğamdan bəhrələndilər. Ustadım
Ağanın ruhu şad olsun. "Dəşti"ni ona ithaf
etmişəm".
Ustad kimdən, nədən danışıb söhbət
açırdısa, onun danışdıqlarını, xatirələrini
keçdiyi fənn kimi qəbul edərdik. Cəsarətlə
deyə bilərəm ki, xalq musiqisini, muğam və qəzəlliyyatı
həmyaşıdları və sonra yetişən xanəndələr
arasında onun qədər doğru-düzgün bilən
çox az sənətkar var. O, əsl muğam
ensiklopediyası idi.
Əlibaba müəllim XIX əsrdə
yaşamış Səttar, Hacı Hüsüdən yeri gəldikcə
söhbət açar, onların muğam məktəblərini,
yaratdıqlarını dilə gətirərdi. XX əsrin əvvəllərində
də fəaliyyət göstərmiş Cabbar
Qaryağdıoğludan, Keçəçi oğlu Məhəmməd,
Məşədi Məmməd Fərzəliyev, Məşədi
Cəmil Əmirov, Seyid Şuşinskidən dərs vaxtı
söz salar, onların oxu tərzlərindən nümunələr
səsləndirərdi. Kimin hansı dəstgahı yüksək
ustalıqla oxumasını deyərdi. Hətta onlardan sitat gətirib
oxuduqları muğamların şöbələrini eynilə
onlar kimi, ancaq pəs səslə biz tələbələrə
ifa edərdi. Xan əmidən (Xana sənətdaşları
yüksək hörmət və sayğı mənasında
"Əmi" deyə müraciət edərdilər. Xandan sonra
bu titulu Əlibaba Məmmədov qazanmışdı -
Ə.Q.) söhbət düşəndə: "Onun
"Şahnaz"ı başqa bir aləmdir", - deyərdi.
Yaxud "Xan əmi kimi "Mirzə Hüseyn segahı"na
birnəfəsə ayaq verən ikinci xanəndəyə hələ
rast gəlməmişəm", - deyimi də Əlibaba
müəllimə məxsusdur.
Dərsdə musiqi ilə yanaşı, bir çox
başqa mətləblərdən də söhbət
açardı. Belə anlarda o, xanəndə kimi deyil, siyasətçi
təsiri bağışlayardı. Söhbət əsnasında
ona dedim ki, siz bir çox siyasətçilərdən siyasəti
daha yaxşı bilirsiniz. Gülüb dedi: "Keçmiş
əyyamlarda padşahlar sarayda nədim saxlayardılar. Onlardan
nücum, fəlsəfə, fiqh, poeziya və digər sahələri
bilmək, o cümlədən, hazırcavablıq, yumor tələb
olunurdu. Bəzən ovqatları təlx olan, əhvalı
pozulan şahı onlar ələ alıb, güldürməli,
necə deyərlər, qəm dəryasından
uzaqlaşdırıb, sarayda əhvalı yüksəltməliydilər.
Bu, nədimdən həm də böyük cəsarət tələb
edərdi. Kiçik bir səhvə görə
başını itirmək qorxusu vardı. Xanəndə də
belədir. İfaçının işi təkcə oxumaqla
bitmir. O, ədəb-ərkanlı davranmalı, peşəsini
dərindən bilməli, məclislərdə, konsertlərdə
ab-havanı tutmalı, artıq-əskik hərəkətlərə
yol verməməli, hərtərəfli sənətkar
olmalıdır. Dediyim psixoloq sözü sizi
çaşdırmasın. Baxın, toyxanalarda, dövlət tədbirlərində
müxtəlif xasiyyətli adamlara tuş olursan. Əsasən
toy-düyünlərdə bəs qədər içib
üstünə gələn sərxoşu ram etməkdən
ötrü onun dilini bilməli və onunla özü kimi rəftar
etməlisən. Yoxsa bu yerdə ona "Tarixi-Nadir"dən
söhbət açıb başına ağıl qoysan,
mütləq dava-mərəkə qopmalıdı. Təkcə
Abşeron kəndləri deyil, rayonlarımızın əksəriyyətində
toy məclisləri aparmışam. Bakı və ətraf kəndlərdə
ola bilər ki, verilən sifarişi oxuya bilməyəsən.
Onda deyəcəklər ki, bildiyindən oxu. Ya da ifan
xoşlarına gəlməsə, üzünə vurmazlar. Sadəcə,
o kəndin toylarına qapın bağlanacaqdı. Rayonlarda isə
tamam tərsinədir. Gəlib, qabağına beş manat qoyub
deyirlər ki, "Ana ürəyi" oxu. Deyəndə ki, ay
oğul, mənə elə bir adam göstər ki, sevdiyi
qıza görə anasının sinəsini yarıb, ürəyini
çıxartsın. Bunu vaxtı ilə ermənilər bizə
sırıyıblar. Məkrli siyasətləri bu olub ki, vəhşi,
qaniçən xalq kimi bizi dünyaya tanıtdırsınlar.
Etirazını bildirib, mən belə məzmunlu uydurmaları
oxumuram deyəndə "daha bura nə işə gəlmisən"
deyib, qanlı-qanlı üzünə baxacaqlar.
Ağsaqqaları işə qarışmasa, adamı vurub
şil-küt edərlər".
Kənardan baxanlar bəzən bizə bəxtəvərin
bəxtəvəri deyirlər. Heç kimin ağlına gəlmir
ki, çörək qazanmaqdan ötrü ağlagəlməz
olaylarla rastlaşırıq, bəzən ölümlə əlbəyaxa
oluruq.
Nəhayət, xatirələr aləmindən
uzaqlaşan ustad:
- Məmmədbağır icazəlidi, toyu var (biz
axşam şöbəsində təhsil alırdıq -
Ə.Q.) - dedi. - Ona görə, Sidqi müəllim, əvvəlcə
Əkrəm "Rast" oxusun.
Güman edirəm ki, bu
dərsdə onu təhvil verəcək. O, "Rast" dəstgahını,
dediyi kimi, bura qəbul olmamışdan Bakir Haşımovun dərnəyində
öyrənib. Bakir də yaxşı oxuyandı. Zilxandı.
Təəssüf ki, hələ ona fəxri ad verməyiblər.
Bu kişi opera səhnəsində neçə-neçə
obrazlara imza atıb. Xan əmidən sonra özünəməxsus
bir "Şahnaz" oxuyub..
Əlibaba müəllim dalğın görünsə
də, bilirdim ki, oxuduğum "Rast"a diqqətlə qulaq
asır. Arada barmaqlarını masaya döyəcləyirdi.
Sanki ritm tuturdu. Dəstgahın "Pəncgah" şöbəsini
oxuyub, növbəti şöbəyə -"Rak"a
keçdim. Bir-iki ağız oxumuşdum ki, ifamı saxladı.
- Əkrəm, maşallah, səsin rezin kimidir. Hara
dartırsan, gedir. Bu səs məndə olsaydı, göydə
uçan quşu saxlayardım (bunu Əlibaba müəllim
sonralar haqqımda yazdığı xatirəsində də
qeyd edəcəkdi - Ə.Q.) Amma oxumağında lənglik
var. Ustadım Ağa da ləng oxuyan idi. Amma onun
qabağında hər oxuyan cürət edib ağzını
açmazdı. Muğamın da özünəxas ritmi var. Yəqin
ki, fikir verirdin, barmağımı arada masaya vururdum. "Pəncgah"a
qədər əla oxudun. Əhsən! "Rak"da ritmi tuta
bilmədin. Bax, oxuduğumu təkrar elə...
Əlibaba müəllimin pəsdən oxuduğunu zildə
təkrar elədim
- Sağ ol! Bu başqa məsələ. İndi də
keç kadensiyaya, oxumağını bitir...
Düz beş il ustadı dinləyib ondan dərs
aldıq. Qətiyyətlə deyə bilərəm ki,
Əlibaba Məmmədov təkcə xanəndə deyildi.
Avtobioqrafiyasında oxuyuruq: "Musiqişünas alim, professor,
görkəmli mədəniyyət xadimi, ictimai xadim,
"Şöhrət","Şərəf" və
"İstiqlal" ordenli..." Bunlar onun aldığı
mükafatların tam siyahısı deyil. Yazılanların
siyahısına bunları da əlavə etməyi özümə
borc bilirəm: əruzun, poeziyanın sərrafı, həm də
şair!
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü və
qayğısı nəticəsində, Azərbaycanın xanəndəlik
mədəniyyətinin inciləri sayılan Cabbar
Qaryağdıoğlu, Keçəçi Məhəmməd,
Malıbəyli Həmid, Şirin Axundov, Mirseyid Mirbabayev və
başqalarının ötən əsrin əvvəllərində
Polşada, Riqa və Kiyevdə vala yazılmış
ifaları texniki səbəbli xışıltıdan təmizləyib
disklərə köçürüldü. Bu, xanəndəlik
sənətinə, klassiklərə verilən ən
böyük töhfə və qiymət idi. 2015-ci ildə Heydər
Əliyev Fondu ustad Əlibaba Məmmədovun 85 illik yubileyi ilə
əlaqədar onun həyat və
yaradıcılığına həsr edilən nəfis musiqi
albomu nəşr etdirdi. Bu da Ə.Məmmədova dövlətimizin
verdiyi dəyərin daha bir bariz nümunəsi oldu.
(Ardı var)
Əkrəm QAFLANOĞLU
525-ci qəzet .- 2024.- 21
fevral, ¹33.- S.15.