ŞAİQ
ÜÇÜN YANAN SEVGİ ÇIRAQLARI
Bizim evdə də hər gün ətrafına
yığışdığımız, nənəmin cehizi
olan köhnə masa vardı. Böyüyüb yaşa
dolandan, ömrümdəki əziz insanlar bir-bir gedəndən
sonrakı illərdə hər dəfə əlimi o masaya
sürtəndə, elə zənn eləyirdim ki, əlimi nənəmin,
babamın əllərinə toxundururam. Abdulla Şaiqin də
41 il yaşadığı mənzildə elə bir vaxtlar
bizim evdə olana bənzəyən - ocaq rəmzi, ailəni
qovuşduran qocaman masanı görəndə
duyğulandım. 41 il boyunca bu evə kimlər gəlməyib?
Bu ev zamanında Azərbaycanın üstün
ziyalılarını qovuşduran ən məhrəm
ünvanlardanmış və bu masanın arxasında əyləşib
şirin söhbətlər edənlər də ilk onillərini
yaşayan təzə əsrin - XX yüzilin Azərbaycanının
mənəviyyat dünyasının qurucuları imiş. O
danışıqlar uçub gedib, efir boşluqlarında əriyib
itib. Bu masa arxasında Cəfər Cabbarlıyla Abdulla Şaiq
fikir bölüşürdülərsə, Hüseyn Cavidlə
Şaiq keçən günlərin xatirələrini yada
salırdılarsa, yalnız məsləkdaş deyil, həm də
qohum olan Səməd Vurğunla Şaiq dərdləşirdilərsə,
demək, o söhbətlər heç vəchlə təfərrüatları
elə o iki nəfər arasında qalmalı, yalnız
onların özlərinə aid deyil, millətə birbaşa
dəxli olan düşüncələrmiş. O söhbətlərin
ömrü həmin dəqiqələr, həmin saatlar
uzunluğunda olub. Hamısı dünyadakı fani olan hər
şey kimi qeybə çəkilib. Qalan həmin böyüklərin,
o sıradan Abdulla Şaiqin qələmindən
çıxanlardır. O irili-xırdalı əsərlər
ki, hər birinin ömrü Abdulla Şaiqin öz
ömründən qat-qat uzundur və bütün gələcəklər
içərisində də o ömür davam edəcək.
Abdulla Şaiqin qələmindən
çıxmış bayatı səslənişli
sayadan-saya, sadədən-sadə şeirlər var. O
qoşqular Azərbaycan insanının dilinin əzbəridir.
Nəsil-nəsil yurddaşımız o şeirlərlə
dilimizi öyrənib, dilimizin dadı-tamı onların
içərisinə həmin misralarla çöküb.
Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!
Yalqız gəzib dolanma.
Dağa, daşa dırmanma,
Bir qurd çıxsa qarşına,
Sən nə edərsən ona?
Çoban açınca gözün
Qalar iki buynuzun.
Sanki şeir deyil, elə bil bu sətirlər heç
yazılmayıb, birbaşa bu cür doğulub, nazil olub - sakit
arxın, balaca bir çayın suyu kimi dilin ruhunu incitmədən
bu misralar axıb keçir, ürəyimizi
sığallayır.
Abdulla Şaiq millət dərsliyində və xalq
yaddaşında əbədi yerini tutmuş silsilə uşaq
şeirlərini məhz uşaq ədəbiyyatı yaratmaq məqsədilə
doğurmamışdı. Ya elə Mirzə Ələkbər
Sabirin "Uşaq və buz"u, "Cütçü"sü,
Abbas Səhhətin "Ayı və şir"i, "Cücələrim"i,
Rəşid bəy Əfəndiyevin "Durna"sı...
"yaradıcılığımda uşaqlar
üçün də şeirlər olsun" niyyəti ilə
qələmə alınmamışdı, millətinkiləşəcək
belə mənzumələri zərurət, Azərbaycanın
bu cür olmalı olub, olmayan ülgü şeirlərə
ehtiyacı yaratmışdı. Bu şeirlərin misraları
milli kimliyin dürüstlüyünü dəqiq müəyyənləşdirə
bilən cihazlar kimidir (Və hər xalqın belə milli
qanölçən olan şeirləri var, kiminki yoxdursa, gərək
yarada). "Dərsə gedən bir uşaq, Çıxdı
buz üstə qoçaq" deyilincə,
"Çıxdı günəş, doldu cəhan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə"
misraları səslənincə, "Əlbir olub bir ayı
bir şir ilə, Ovladılar dovşanı tədbir ilə"
sətirləri dilə gətirilincə, yaxud "Cücələrim
birər-birər, Suyu görüb yavuq gələr"
sözləri eşidilincə və ya "Ay havada uçan
durna, Bizi qoyub qaçan durna!" qulağımıza dəyincə
ardını davam etdirə biliriksə, bizim Azərbaycan Anadan
süd əmməyimizə şübhə qalmır.
Abdulla Şaiq də, o azman sələfləri kimi,
qarşısına məqsəd qoymamışdı ki,
uşaq ədəbiyyatı yaratsın. Mirzə Ələkbər
Sabir də, Firidun bəy Köçərli də, Abbas Səhhət
də, Rəşid bəy Əfəndiyev də, Abdulla
Şaiq də və neçə-neçə parlaq Azərbaycan
ziyalısı ki, onlar bu dünyaya vəzifə ilə gəlmişdilər,
milləti maarifləndirmək yükün çəkirdilər,
onlar bu əsərləri ona görə yaradırdılar ki,
müəllim idilər, dərs verirdilər, boşluqları
yaxın məsafədən görürdülər və
anlayırdılar ki, bu görülməli işlərə
onlara qədər əncam çəkilməyibsə, onlar da
bunu sonra gələnlərin öhdəsinə
buraxmamalıdırlar və vicdanın hökmü ilə, sevərək
işə girişirdilər.
Onlar bu şeirləri bilavasitə dərs dedikləri
məktəbdəki uşaqlar üçün
yazmışdılar və fikirlərində bu yox idi ki, sonra
həmin qoşqular bütün Azərbaycan məktəblərində
oxunacaq. Baxırdılar ki, ana dilində uşaqların
anlayıb asanca əzbərləyəcəyi, dillərinə
rahat yatası gözəl şeirlər yoxdur, ona görə
bu əsərləri yaradırdılar. Ancaq müstəsna
olduqlarından, öz dərslərində, öz müəllimlik
fəaliyyətlərində cari istifadə üçün
yaratdıqları şeirlər dönüb olurdu müntəxəbat,
balaca bir məktəbin hüdudlarından kənara
çıxırdı, çevrilirdi gələcəklər
içərisində də yaşayacaq incilərə:
Doğdu günəş qırmızı,
Can, gülüm, can-can.
Topladı oğlan, qızı,
Can, gülüm, can-can.
Hər birimiz bir çiçək,
Can, gülüm, can-can.
Bir bağçanın ulduzu,
Can, gülüm, can-can.
Mən bu şeiri ilk dəfə oxuyanda 6 yaşım
vardı, sonra heç oxumamışam, çünki höccələyə-höccələyə
oxumağa başladığım günlərdən ürəyimə
və yaddaşıma həkk olunub. Və inanıram ki, nəsil-nəsil
başqa azərbaycanılıların ürəyini və
yaddaşını mənimkindən edən həm də eynən
onların da varlığında daşıdığı bu
nəğmə saçan sətirlərdir.
Elə bu şeiri də oxuyanda həmin yaşda idim:
Tülkü qocalmış idi,
Şikardan qalmış idi.
Ov keçmirdi əlinə,
Ət dəymirdi dişinə.
"Biri varmış, biri yoxmuş" kəlmələri
ilə başlayan əski bir nağılın sətirlərinə
oxşayır. Bu cür yazmaq olmur. Belə şeirlər
onları doğurana vəhy kimi gəlib. Millətə vəhy
kimi enərək qismət olanlar həmişə onunla
qalır, millətlə birgə ömrünü yaşamaqda
davam edir və bu da o deməkdir ki, xalqına o türlü
dürləri nəsib etmiş Sabirlər, Səhhətlər,
Firidun bəylər, Rəşid bəylər, Şaiqlər də
yurdları və xalqları var olduqca diri qalacaqlar.
...Nə qədər ki böyük alimimiz Abdulla
Şaiqin yadigarı, akademik Kamal Talıbzadə həyatda idi,
yaşayırdı, sanki Abdulla Şaiq də vaxtca bizə
çox yaxın idi.
Onun xatirələrində, söhbətlərində
vaxtaşırı işıq üzünə
çıxardığı Şaiq kitablarında atası elə
günümüzdəki kimi idi. O çağlar da arxada
qaldı, bizi Şaiqə bağlayan canlı körpülərdən
ən mötəbəri də getdi. Ancaq daha vacib körpü
elə Şaiqin özüdür. Nə qədər ki onun əsərləri
yaşayır, nə qədər ki onun əsərlərində
Azərbaycan dili bütün gücü və şəhd
ü şəkəriylə ürək kimi
çırpınmaqda davam edir, Şaiq də həmişə
dilimizlə və millətimizlə birgə olacaq.
...Şaiqin iş masası. İncilər burada
doğulurmuş, möcüzələr burada
yaranırmış. Masanın üstündə əlyazmaları
- ərəb hürufatı ilə, kirillə, latınla - 3 əlifba
dövrünün saxlancları. Bu 3 dövr bir-birinə
çox yaxındır, amma həm də daxilindəki hadisələr,
tale dəyişən fırtınalar, başqalaşan siyasətlər
baxımından bir-birindən xeyli fərqli epoxalar. Adam
vardı ki, bu 3 dövrün üçünü də
yaşadı, amma axıracan elə ərəb əlifbasında
yazdı. Şaiqin hər yeni çağın təklif etdiyi
əlifbaya uyğunlaşması zahirən sadə dəyişiklik
kimi görünsə də, heç də bunu bir insan
ömründə asanca baş verən əməl saymaq olmaz.
Əlifba həm də vərdişdir, beynin, gözün, qələm
tutan barmaqların yaddaşıdır. Bundan ona keçib
alışmaq üçün özün də içəridən
dəyişməlisən. Şaiqsə dəyişməyə
həm də məcbur idi. Çünki o, müəllim idi.
Əlifba başqalaşırdısa, onun tətbiqi ən əvvəl
məktəbdən başlayırdı. Eləsə, demək,
ən birinci də məhz müəllimlər yeni şəraitə
uyğunlaşmalı idi ki, şagirdləri də yönəldə
bilsin. Amma biri digərini əvəz edən əlifbalar həm
də cəmiyyətin gündəlik həyatına və o cəmiyyəti
yaradan insanların taleyinə birbaşa təsiri olan fərqli
siyasətlər deməkdi. Bir ədib üçün əlifbanı
başqası ilə əvəzləmək çox da
müşküllər vəd etmirdisə də, kəskin
seçilən siyasətlərin dar körpüsü ilə
büdrəmədən irəliləmək hər oğulun
işi deyildi. Onda da ki, hər sözdən söz
çıxaran, sözü yüz yerə yozmağa pərgar
olan şübhəcil əyyamlarda ömür sürəsən.
Onda da ki, bütün başqa əngəllərdən
savayı, şura hökumətinin qəddar düşmən
saydıqları sırasında doğma qardaşın ola,
onda da ki, sovet hökumətinin "xalq düşməni"
ilə damğalayıb güllələdiklərinin bir
çoxu sənin sirdaşın, evinin daimi qonaqları
olmuş ola.
Bu gedişatda yaşamaq, hətta üstəlik,
yazıb-yaratmağı davam etdirmək, adam arasına
çıxardığın hər sətrini əvvəlcə
yüz dəfə öz içərində senzuradan
keçirmək, danışdığın hər
sözü də söyləməzdən qabaq çək-çevir
etmək gündəlik çəkilən məşəqqət
idi. Ayrı yol yox idi, qismətinlə barışmalı və
bu şəraitdə də gözəlliklər yaratmalı
idin.
...Şaiqi Şaiq eləyən Allahın bəxş
etdiyi fitri istedaddan savayı, həm də zəhmətkeşliyi
idi. Özünün sözləridir ki, ilk gəncliyində
bir ara el ədəbiyyatını, xalq söyləmələrini,
nağılları, ata sözlərini, tapmacaları,
sayaçı sözləri yığmağa
başlayıbmış və günlərin birində ürəyindən
keçir ki, buranın camaatından bir az uzaqda yaranmış
şifahi xalq ədəbiyyatımızı da buralara
yaxınlaşdırsın. Qərara alır ki,
başlasın Cənubi Azərbaycan nağılları
toplamağa. Ancaq necə? Artıq ixtiyar çağlarında
xatırlayırdı ki, evimizin yanındakı tində əslən
cənubdan olan hamballar oturardılar. Bir gün
yaxınlaşdım, hamballarla tanış oldum və
gördüm ki, hərəsi xeyli nağıl bilir. Evdə
anamla danışdım, bir neçə gün dalbadal onlar
üçün yaxşı yeməklər bişirtdirdim.
Bir-bir onları dəvət eləyirdim evimizə, əvvəlcə
yaxşıca yedirib-içirdirdim, sonra da dəftəri
qoyurdum qarşıma, qələmi götürürdüm,
hamballardan rica eləyirdim ki, bildikləri nağılları
söyləsinlər, onlar danışırdılar, mən də
yazırdım.
Şaiqin doğurduqları ona görə içəridən
böyük oldu, ona görə millətin döşünə
yatdı, ona görə dumduru el sözünün bənzəri
kimi qavranıldı ki, birbaşa xalq sözünün
bulağından su içmişdi. Ona görə Şaiq bu
ucalığa dikələ bildi ki, lazım gələndə
hambaldan da öyrənməyi özünə əskiklik
saymadı.
Cavanlığından el ədəbiyyatına meyl eləməsinin,
nağılları, dastanları, el sözlərini əzizləyə-əzizləyə
toplamasının ona bağışladığı bir
ayrı keyfiyyət də oldu. Nağılları bilinməz
zamanların içərisində el ağsaqqalları, el
ağbirçəkləri doğurmuşdu.
Abdulla Şaiq də qərblilərin məşhur Hans
Xristian Anderseni, Şarl Perrosu, Qrimm qardaşları, Astrid
Lindqreni, Redyard Kiplinqi kimi yeni zamanın Azərbaycan
nağıllarını yaratdı. Abdulla Şaiqin bizə
yadigar qoyub getdiyi kitabları vərəqləyirsən. Bu əsərlərdə
artıq zərbülməsələ, qanadlı ifadələrə,
atalar sözlərinə çevrilmiş sıra-sıra kəlamlarla
rastlaşırsan. Abdulla Şaiq böyük
yazıçı idi, böyük şair idi, böyük tərcüməçi
idi, böyük müəllim idi. Bunlar hamısı öz
yerində. Ancaq varlığı ilə, qələmi ilə
və nurlu görünüşü ilə o həm də bir
el ağsaqqalı, el müdriki idi. Bircə dəqiqəlik
canlı səsi və təsviri qalıb, məktəblilərin
arasındadır, danışır, uşaqlara elə
onların doğma babası kimi müraciət edir:
"Əziz balalarım! Sizinlə hər dəfə
görüşəndə cavanlaşıram, mənə
qüvvət gəlir. Odur ki, sizin üçün
yazıb-yaratmaqdan doymuram. Qocalığıma baxmayaraq, mən
indi də sizin üçün əsərlər yazıram.
Bu yaxınlarda "Köhnə dünya" adlı yeni əsərimi
yazıb qurtarmışam. Mən əminəm ki, siz vətənimizin
ən qabaqcıl vətəndaşları olacaq, mən də
sizin bu xoşbəxt həyatınızı əks etdirən
əsərlər yazacağam. Yaxşı oxuyun. Ancaq oxumaq və
çalışmaqla xalqa, vətənə layiq insan olmaq
olar".
Şaiqin indi muzeyə çevrilmiş mənzili bir
vaxtlar daim qonaqlarla dolu olanda indi orada bir rəfə qoyulmuş
naxışlı kuzə içi dolu halda tez-tez masaya gələrdi.
Bu kuzəni 1940-cı illərdə Abdulla Şaiqə
gürcü dostları bağışlamışdılar.
Kuzəni Şaiqin evində görən dostu rəssam Əzim
Əzimzadə isə xeyli baxandan sonra zarafatla "gəl bu
kuzəni azərbaycanlılaşdıraq" deyə əl
atmışdı fırçaya. Ondan bu kuzənin
üstündəki naxışlar yadigar qalıb, bir də
Şaiqin həmin əsnada yazdığı və kuzənin
üstünə qonan iki bənd şeir - biri kuzənin, digəri,
o biri üzündə olan iki Xəyyamanə dördlük.
Bu kuzənin xamırı alınmış el
bağından,
Bəlkə də o yapılmış gözəllər
torpağından.
Bu torpaqlar altında yaqut dodaqlar yatır.
O nəfəsi duyuram kuzənin dodağından.
Əsl nişapurlu ustadın rübailəri
havasındadır. Axı Xəyyam da deyirdi dünyada heç
şey itmir, o kuzə ki ondan şərab içirik, o kuzə
ki onun qulpundan tutmuşuq, o da bəlkə haçansa bir
gözəlin qollarıymış və belə kuzələr
ölüb getmiş, yerlə bir olmuş nəsil-nəsil
insanların torpaqlarından yaranıb.
Xəyyam - "Dünən bir dulusçunun
emalatxanasına getmişdim, orada susmuş və danışan
iki min kuzə gördüm" deyirdi və xəbər
verirdi ki, qəfilcə həmin kuzələrdən biri insan
kimi nitqə gələrək kuzədüzəldənin, kuzəsatanın,
kuzəalanın harada olmasını soruşdu. Dil
açıb danışan kuzənun çatdırmaq istədiyi
mətləb bu idi ki, harada olmalarını soruşduğu o
adamlar haçansa torpaq üstündə yaşayıblar,
sonra torpağın altına gedərək özləri də
torpağa çevriliblər və günlərin birində həmin
gildən kuzələr yapılıb. Beləcə,
sıra-sıra düzülmüş bu kuzələr əslində
bir zamanlar ömür sürmüş insanlar deməkdir. Elə
Abdulla Şaiq də kuzənin bu üzündəki
dördlüyündə Xəyyam deyəni bir başqa tərzdə
söyləyib. Çevirirəm kuzənin o biri
üzünü. Orada da başqa bir dördlük, tam
Şaiqanə deyiliş:
Dünyada bəxtiyardır əkdiyini biçənlər,
Bu həyat səhnəsindən vicdan ilə keçənlər.
Biz hər zaman içərkən keçmişi yad
eylədik,
Bizi də yad eyləsin bizdən sonra içənlər.
1946-cı ildə yazıb bu şeirləri Abdulla
Şaiq. Təbii, haradasa çap olunmaq üçün yox,
elə bu kuzənin üstündə qalmaq üçün.
İndi təsəvvür edirəm ki, bu evdəki məclislərdə,
o məclislərə ki, Azərbaycanın sinəsi sözlə
dolu olan qaymaqları toplaşardı, şərabla
dolub-boşalan bu kuzə masa üstündə qaldıqca hər
dəfə istər-istəməz nəzərlər bu
misralara da sataşırmış, bu dördlüklər də
dönə-dönə ucadan səslənirmiş, bəlkə
hansısa növbəti sağlıqlarçün
körpüyə dönürmüş.
Şərab gəlirmiş-gedirmiş, o məclisləri
bəzəyən kuzə öz ömrünü
yaşayırmış. Kuzələri, piyalələri, badələri
yaşadan onların içərisinə tökülən
mayedir - sudur, meydir, şərabdır. Çoxdandır ki,
Şaiqin həmin kuzəsinə mey tökülmür, ancaq
kuzə yaşayır. İndi kuzəni yaşadan, ona dirilik
verən üstündəki Şaiq misralarıdır.
...Cavan yaşından klassikə çevrilmiş
Abdulla Şaiq klassik irslə çox bağlı idi. 1939-cu
ildə Azərbaycan böyük bayramın astanasında idi.
1941-ci ildə dahi azərbaycanlı Nizami Gəncəvinin 800
yaşı tamam olacaqdı. Bu münasibətlə Azərbaycanda
artıq yubiley hazırlıqları gedirdi. O, çərçivədə
qərara alınmışdı ki, "Xəmsə"yə
daxil olan beş məsnəvi ana dilimizə tərcümə
edilsin. Bu işə Azərbaycanın oçağkı ədəbi
meydanda ən öndə olan şairlərini cəlb eləmişdilər.
İlk növbədə Səməd Vurğunu, Rəsul
Rzanı, Süleyman Rüstəmi və digərlərini. Təbii
ki, yada düşənlərin ən birincisi elə Abdulla
Şaiq idi. Abdulla Şaiqi o tərcüməçilər
arasında üstün eləyən bir keyfiyyət də ondan
ibarət idi ki, o, farscanı mükəmməl bilirdi. Abdulla
Şaiqə "İsgəndərnamə"dən
"Şərəfnamə" hissəsini tərcümə
etməyi tapşırdılar və tərcümələr
içərisində hamıdan əvvəl
yekunlaşdırılan da elə Şaiqinki oldu - artıq
1940-cı ildə onun "İsgəndərnamə"si
işıq üzü görmüşdü. Ancaq digər
Nizami tərcüməçilərindən fərqli olaraq,
Şaiq həm də peşəkar müəllim idi və
üz tutduğu istənilən sahədə, istənilən
işdə müəllimlik damarı hərəkətə gəlirdi
və sövq-təbii olaraq hər işə bir az
hündürdən baxır, müəllim miqyasları ilə
yanaşırdı. Nizamiyə münasibətdə də qənaəti
bu idi ki, biz əgər Nizaminin əsərlərini ədəbi
dövriyyəyə artıq yeni bir zaman içərisində
təzədən qaytarırıqsa, onun xalqa çatması
yolunda da genişmiqyaslı tədbirlərə əl
atmalıyıq. Xalq deyəndə isə ən əvvəl
Abdulla Şaiqin nəzərində canlanan sabah bu xalqın
önündə gedəcək nəsillər, millətin gələcəyi
olan uşaqlar, gənclik idi. Onlar ona görə Nizami
poemalarından və artıq yalnız "İsgəndərnamə"dən
də deyil, bütün "Xəmsə"dən
ayrı-ayrı süjetləri seçərək onların əsasında
uşaqlarçün əsərlər yazmağa
başladı. Öncə "Sehrli üzük",
ardınca "Zalım padşah və əkinçi",
bundan sonra "Sultan Səncər və qarı" adlı əsərlərini
yazdı. Bunların hər biri balaca poema sayıla bilərdi.
Sadə dillə yazılmışdı. Nizaminin
misralarındakı gerçəkləri artıq duru, saf, həm
də yeni nəslin asudəcə qəbul edəcəyi
üslubda və dildə gününün oxucularına, ən
əvvəlsə, söz yox ki, yeniyetmələrə təqdim
etdi. Ancaq Nizami təşəbbüslərini bununla da
bitmiş hesab etmədi. 1946-cı ildə onun qələmindən
çıxan "Fitnə" pyesi Gənc
Tamaşaçılar Teatrında tamaşaya qoyuldu. 1945-ci ildə
isə Şaiq daha bir Nizami soraqlı əsərini
bitirmişdi - "Nüşabə". Onu da "İsgəndərnamə"nin
motivləri əsasında araya-ərsəyə gətirmişdi.
O dövrdə Nizami ilə görülən böyük
işlərin hamısı dövlət sifarişi idi. Tərcümələr
də, bizim və digər respublikalardan olan alimlərin tədqiqat
əsərləri də, rəsmlər, heykəllər, bəstələr
də. Şaiqin etdiklərinin sifarişçisi isə onun
öz qəlbi idi, qələmə almışdı.
Şaiqin "Nüşabə"si artıq nə
uşaqlar, nə yeniyetmələr, nə gənclər
üçün idi. Yəni gənclərə də, yeniyetmələrə
də, uşaqlara da bu əsərin aidiyyəti vardı, amma
bu, artıq böyüklər üçün
yazılmış əsərdi və 1946-cı ildə Dram
Teatrı pyesin məşqlərinə başladı. İki əsas
surəti iki ulduz yaradacaqdı - Nüşabə rolunda Mərziyyə
Davudova, İsgəndəri isə Rza Əfqanlı oynamalı
idi. Amma tamaşada digər böyük
aktyorlarımızın iştirakı da nəzərdə
tutulurdu. Heyətdə Mirzağa Əliyev, Ələsgər
Ələkbərov, Ağasadıq Gəraybəyli və digər
görkəmli sənətkarlar yer alırdı. Əsər
1946-cı ilin iyununda səhnəyə çıxdı və
Azərbaycanın mədəni həyatında ciddi əks-səda
doğurdu, respublikanın teatr həyatının bayramı
kimi qarşılandı. Ancaq Abdulla Şaiqin
yazdığı "Nüşabə" təkanını
Nizami Gəncəvinin "İsgəndərnamə"sindən
alırdısa da, pyesdə Şaiqin özünün vətənpərvərlik
duyğularını, vətənçi
baxışlarını əks etdirən geniş üfüq
vardı.
Babalardan süzüldü saf qanımız,
Nə qədər var həyatımız,
canımız.
Qəlbimizdir bölünməyən Vətənim,
O mənimdir, o mənimdir, o mənim.
"Nüşabə" pyesi vətən eşqi ilə
daşan və şahidlərin xatırlamasınca, o
tamaşaları seyr eləyənləri vəcdə gətirən
bu misralarla bitirdi. Başqa bir şairin dilində, qələmində
bu misralar bəlkə elə adi vətənpərvər
sözlər kimi səslənərdi. Ancaq Şaiqin qələmində,
dilində bu misraların mənası büsbütün dəyişirdi,
siyasi məna çalarları kəsb edirdi. Şaiqin qəhrəmanları
səhnədən onun diliylə "Bölünməyən
Vətənim" deyirdi və "vətənim" səslənirdi.
O çağlarda - bütün sovet onillərində "vətən"
deyəndə Azərbaycan nəzərdə tutulmurdu ki! Vətən
rəsmən Sovet İttifaqı idi! Rəsmi yazılarda,
kitablarda harada "vətən" yazırdınsa, SSRİ nəzərdə
tutulurdu. Hətta xatirimə gəlir ki, lap çox sonralar,
1970-ci illərin əvvəllərində tələbə ikən
Azərbaycan Radiosunun Xarici verilişlər redaksiyasında
Güney Azərbaycan üçün hazırlanan bir proqramda
çıxışçının dilindən
yazdığım mətndə Quzey Azərbaycanı
düşünərək "Vətənim" deyimini
işlətmişdim, heç senzora çatmamış
redaksiyadaca redaktor bu ifadənin üstündən xətt
çəkərək "Sovet Azərbaycanı"
yazdı, "qayda belədir" dedi.
Ancaq Abdulla Şaiq "Vətənim" söyləyərək
elə Azərbaycanı, "Bölünməyən Vətənim"
deyərək otaylı-butaylı Azərbaycanı
düşünürdü və səhnədəki qəhrəmanlarının
dili ilə tamaşaçısını da bu cür
düşünməyə dəvət edirdi.
XXI əsrin bərpa edilmiş müstəqillik
dövründə doğularaq böyümüş
insanlarını bu yozumlar təəccübləndirə də
bilər ki, belə deyişlərdə qeyri-adi olan nə var
ki? Tam qeyri-adi idi və hətta o illərdə Şaiqin bu
cür riskli misraları yazmasının vəd etdiyi təhlükələr
də vardı. Şaiq onsuz da adı "qara
siyahılar"da keçən, daimi xəfiyyə nəzarətində
olan şəxs idi. Onun hər yeni əsərinə, hər
sözünə yalnız nəzarətçi redaktorlar, ədəbiyyatçılar
kimi yox, həm də bu deyişlərdən başqa iylər,
ayrı rənglər, ayrı məntiqlər tutmağa mail
çekist gözləri, qulaqları, burunları ilə
yanaşırdılar. Ancaq Şaiq açıqda siyasətdən
nə qədər çox uzaq dursa da, siyasi müzakirələrə
qətiyyən qarışmasa, əksinə, belə söhbətlərin
düşdüyü yığıncaqlardan kəlmə kəsmədən
tələsik aralansa da, ürək dinc dayanmırdı, məqam
yetişincə könlündəki vətənlə, millətlə
bağlı ümdə istəkləri misralara çevirirdi,
insanlara ötürürdü. Səbəb yenə odur ki,
müəllim idi. Bilirdi ki, insanlar bu əsərlərdən həm
də vətəni sevməyi, həm də vətəni necə
sevməyi, həm də vətənə necə xidmət etməyi
öyrənir, yurdu və özlərini daha dərindən
tanımağa başlayırlar.
Abdulla Şaiq məktəb adamı idi, ancaq vaxt
ötdükcə həm də oldu teatr adamı. Azərbaycan
Milli Teatrının da, Gənc Tamaşaçılar
Teatrının da, Kukla Teatrının da səhnələri
illərcə Şaiqin əsərləri ilə bəzəndi.
Şaiq məktəbdə sonacan deyib
qurtarmadıqlarını, kitablarında axıracan ifadə
etmədiklərini teatr səhnələrində qoyulan
tamaşalarla insanlara çatdırırdı. Onun aləmində
səhnə də bir ayrı dərs otağı, teatr da bir
başqa və daha tez təsir edə bilən məktəbdi.
Abdulla Şaiqin saysız şagirdlərindən biri də
görkəmli yazıçımız Mehdi Hüseyn idi və
illər sonra o, ustadının dərslərini xatırlayanda
ilk ağlına gələn birinci dərs və sonra
Şaiqin bütün dərslərinin gedişində təkrarlanan
mənzərə olmuşdu. Yazırdı ki, Şaiq girdi sinfə,
başladı danışmağa, hamımız sanki sehrlənmişdik.
O danışırdı, biz də yazırdıq, içəridə
elə sakitlik vardı ki, kağızın üstündə
gəzən qələmin səsi də eşidilirdi.
Şaiqin əsərlərinin Azərbaycan
teatrlarında tamaşalarında da həmişə belə
olurdu. Zaldakıların hamısı
böyüklü-kiçikli qulaq kəsilirdi. Bu anlarda
onların hamısı Şaiqin dünyasında olurdu. İstəmirdilər
ki, hər hansı bir kənar səs onları o ülvi, o əsrarəngiz
aləmdən ayırsın.
...Azərbaycan teatrının beşiyi başında
dayananlardan olmuş Nəcəf bəy Vəzirov adama uzaq tarix
kimi gəlir. Lakin Şaiqin xatirələri bir
böyüdücü şüşə kimi onu sanki gətirib
qoyur gözümüzün qarşısında. Şaiq yada
salır ki, 1909-cu il idi, Nijni Kladbişenski küçəsi
ilə başıaşağı gedirdim, fikirli idim, birdən
kimsə arxadan yapışdı qolumdan, çevrildim,
gördüm Nəcəf bəy Vəzirov. Şaiq dəqiqləşdirir
ki, Nəcəf bəyi mən Bakıya gəldiyim vaxtlardan -
XX əsrin lap əvvəllərindən tanıyırdım,
müxtəlif qəzetlərdə onun "Dərviş"
imzası ilə felyetonları dərc edilirdi, mənə də,
oxuyanların hamısına da xoş təsir
bağışlayırdı, onun danışığı
da elə yazısı kimi sadə, şirin idi. Yeni əsr
başlanırdı, mətbuat həyatı kimi, teatr həyatı
da qaynayırdı. Nəcəf bəy Vəzirovun
"Yağışdan çıxdıq, yağmura
düşdük", "Daldan atılan daş topuğa dəyər"
komediyaları camaatın çox xoşuna gəlirdi. O şuxluq,
o məzə ki həmin komediyalarda vardı, elə Nəcəf
bəy Vəzirovun danışığında da hiss olunurdu.
Şaiqin xatırlamasınca, Nəcəf bəy ona adətən
nəvazişlə "şair bala" deyə müraciət
edərmiş və elə həmin gün Nijni Kladbişenski
küçəsində rastlaşarkən də ənənəvi
"şair bala" əzizləməsi ilə başlayaraq
qayıdır ki, sənin anan Mehri xanım mənim həyat
yoldaşım Xurşid xanımın ürəyinə
çox yatır. İstəyirəm ki, bu yayı bir yerdə
istirahət eləyək, bunu evdə söylə, gör anan
nə deyir.
Şaiq bunu da əlavə edir ki, biz Nəcəf bəy
Vəzirovgillə qonşuluqda, üzbəüz binalarda
yaşayırdıq, axşam evə gələndə Nəcəf
bəyin sözlərini evdə anama çatdırdım, o da
məmnuniyyətlə razılıq verdi və 1909-cu ilin
yayında Dağıstandakı Daşlaqar yaylağına yola
düşdük, Nəcəf bəy Vəzirovun ailəsi idi,
müəllim Əlicabbar Orucəliyevin külfəti, bir də
biz. Səfalı Daşlaqarda olduğumuz vaxtda Nəcəf bəy
bizə bir qonaqlıq da verdi - yaxşı plov
asılmışdı, dağların qoynunda əyləşmişdik,
gendən çayın şırıltısı gəlirdi, ətrafdakı
meşənin yaşıllığı, başı
dumanlı dağların füsunkarlığı insanı
heyran qoyurdu, plov çəkilib gəldi süfrəyə, Nəcəf
bəy qədəhi qaldırdı, üzünü tutdu mənə
ki, şair bala, elə bu dağların qoynunda sən bir
sağlıq de, özü də şeirlə de ki,
yadımızda qalsın.
O nəsil insanların, o millət seçmələrinin
nəinki bir-birləriylə məhrəm söhbətləri,
hətta badə qaldırıb dedikləri sağlıqlara da
həmişə bir şairanəlik, tarixdə qalmaq haqqı
olmaq keyfiyyəti xasmış və həmin dağlar
qoynundakı məclisdə Şaiqin Nəcəf bəyin
şərəfinə bədahətən söylədiyi 4
misra da unudulmamalı söz yadigarları qəbilindəndir.
Dağların saf havası, yaşılın yüz cür
çaları ilə göz oxşayan meşələr,
çayın musiqi kimi səslənən ahəngdar
axışı, dağların mavi-bəyaz dumanda itən zirvələri,
illər sonra Şaiqin etiraf etdiyi kimi, onu elə vəcdə gətirir
ki, sözlərini şeirlə demək barədə Nəcəf
bəyin ona etdiyi qəfil təklifdən tutulub-eləmir, elə
dərhal söyləyir:
Heyranam Daşlaqarın dağlığına,
Meşə-ormanlarına, bağlığına.
Baxınız bir plovun ağlığına,
İçəyin Nəcəf bəyin
sağlığına.
Gülüşürlər, Nəcəf bəy
qucaqlayıb Şaiqi öpür və həmin dağlar
qoynunda deyə-gülə keçən ziyafəti
bütün anlarıyla ömrü boyu unutmayan Şaiq Nəcəf
bəylə bağlı xatirəsində buna da diqqət
yönəldirdi ki, Vəzirov həmişə şux,
çöhrəsindən təbəssüm əskik olmayan
insan idi, ancaq "Müsibət-i Fəxrəddin"i görəndə
onu da düşündüm ki, komediyalar müəllifi, həmişə
çöhrəsi təbəssümlü, dilindən məzəli
söz əskik olmayan bu kişinin içərisində həm
də dərin bir kədər, millət ağrıları
varmış.
Abdulla Şaiqin Nəcəf bəy Vəzirova şeir
həsr etməsi bircə o yaylaq qonaqlığı ilə
bitməmişdi. Ustad haqqında Şaiq ikinci şeir də
yazmışdı. Amma bu dəfə daha bədahətən və
zarafatla yox. 1913-cü il noyabr ayının 15-də Bakıda Nəcəf
bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyinə
həsr edilmiş məclis keçiriləcəkdi. Abdulla
Şaiq o vaxt Balaxanıdakı qız məktəbində də
dərs deyirmiş. Məktəbin müdiriyyəti Şaiqə
sifariş edir ki, bu yubiley münasibətilə Nəcəf bəyə
həsr olunmuş şeir yazsın. Və özü də sədaqətli
maarifpərvər olan Abdulla Şaiq böyük maarifçi Nəcəf
bəy Vəzirova onun gerçəkdən də layiq
olduğu təsirli misralar həsr edir:
Bu millət üçün geniş,
parlaq, sən aydın bir cığır
açdın,
O yollarda işıqlardan çiçəklər,
pöhrələr saçdın.
Və Şaiq artıq yaşlaşmış Nəcəf
bəylə son görüşünü də yaddan
çıxarmamışdı. Deyir, "Kommunist" qəzeti
redaksiyasına getmişdim, o vaxt "Kommunist" qəzetinə
Məmməd Səid Ordubadi rəhbərlik edirdi, onunla məni
Şəfiqə xanım Əfəndizadə tanış eləmişdi.
Girdim otağa. Məmməd Səid Ordubadi əyləşmişdi,
Nəcəf bəy Vəzirov da orada idi, Əbdürrəhim bəy
Haqverdiyev də gəlmişdi. Söhbət əsnasında
birdən Ordubadi masasının üstündəki zəngi
basdı, katibə içəri girdi, Səid əfəndi
üz tutaraq dedi ki, sən o arxivin açarını gətir
bura. Katibə təəccüb içərisində
soruşanda ki, Səid əfəndi, hansı arxivin, Nəcəf
bəy qımışdı, çünki Ordubadinin işarəsini
göydə tutmuşdu, bizə müraciətlə dedi ki,
bilirsiniz Səid əfəndi hansı arxivin
açarını deyir? Oturmuşuq burada, hamımız arxiv
adamıyıq. Mən də, Əbdürrəhim bəy də,
elə Səid əfəndinin özü də, bizdən cavan
olmasına baxmayaraq, elə Şaiq də. Səid əfəndi
başqa arxivin yox, katibədən tarix arxivinin
açarını istəyir.
Millətə taleyin bəxşişi olan belə
parlaq şəxsiyyətlər tarixin arxivində, zamanın
yaddaşında, vaxt muzeyində həmişə yaşayan
surətlərdir. O arxivə açarı gərək millət
paslanmağa qoymaya. Tarix arxivinin qapısı gərək
mütəmadi açıla ki, o misilsizlərin səsi də
bugünümüzdən daha çox eşidilə. Şaiqin
xalqa bir xidməti də bu olub ki, bizə tarix arxivinin
qapısının qıfılına düşən açarı
da əmanət edib. Ömrünün sonlarına doğru o,
XIX yüzilin axırlarından ta XX yüzilin ortalarınadək
olan dövrdə ömründən keçmiş insanlar və
hadisələr haqqında yaddaşlarını qələmə
alaraq zəmanəsinin gerçəkçi güzgüsü
sayıla biləcək xatirələr salnaməsi yaratdı.
Bu açarla tarix qapısına yaxınlaşınca
ömür-gününə yaxşı bələd
olduğun xeyli tanış simanı bir ayrı cilvədə
görürsən.
...O film hələ çəkilməyib, ancaq həmin
film gərək çəkilə və Azərbaycanda hər
insan da gərək o filmə tamaşa edə. Böyük
müəllim haqqındakı filmə! Azərbaycanda hər
ailənin yaxşı müəllimə ehtiyacı var. Hər
ailədən, hər nəsildən sıra-sıra uşaqlar
məktəbə gedir, kitab oxuyur, dərs öyrənir.
Sabahımız onlardır, bu yurdu və milləti irəli
aparmaq vəzifəsi onların çiynindədir. Ona görə
məktəbimiz gərək güclü ola. Məktəbimizin
güclü olması üçünsə gərək
müəllimlərimiz qabil ola.
Şaiq sıradan olan müəllim deyildi,
böyük müəllim idi və o cür müəllimlər
haqqında hər insana dərs olacaq hekayətlər də ibrət
götürməkçün gərək daim qulaqlarda səslənə,
göz önündə ola.
1923-cü il dekabr ayının 27-də, o gün ki
Şaiqin müəllimlik fəaliyyətinin 20 ili bayram ediləcəkdi,
onun müxtəlif yaş nəsillərindən olan şagirdlərinin
ən seçmələri yollanırlar Şaiqin evinə -
Yuxarı Dağlıq, indiki Şaiq küçəsinə.
O mülkdə ki, Şaiqi Şaiq eləyən illərin
hamısını ustad orada yaşamışdı. Şaiq
enir aşağı, şagirdləri icazə vermirlər ki,
o, Yuxarı Dağlıq küçəsindən -
yaşadığı evdən İstiqlaliyyət küçəsinə
- tədbirin keçirildiyi məkanadək olan məsafəni
piyada getsin. Onu alırlar çiyinlərinə. İndiki
İqtisad Universitetinin, vaxtilə Bakı Dövlət
Universitetinin yerləşdiyi o bina ki, orada Şaiqin nümunə
məktəbi vardı, yubilyarı gətirirlər ora.
Şaiqi şagirdlərinin çiyinlərinə qaldıran
sadəcə yubilyara sonsuz ehtiram deyildi - o uşaqların hər
biri Şaiqə övlad məhəbbəti bəsləyirdi.
Azərbaycanda ilk dəfə müəllim şərəfinə
keçirilən həmin yubiley mərasiminin davam etdiyi dəqiqələrdə
bir qanqaraçılıq da yaranır. Qəfildən elektrik
kəsilir, işıqlar sönür, zal qaranlığa qərq
olur. O gün, 1923-cü ilin 27 dekabrında o zalda toplaşanlar
Azərbaycanın üzdə olan simaları idi. Yüksək
dövlət, hökumət vəzifəsi tutanlardan
tanınmış ədiblərə, alimlərə, müəllimlərə
qədər. Və onların əksəriyyətinin də
müəllimi elə Şaiq özü olmuşdu.
İşıqlar sönüb. Neyləməli? Heç kim
heç bir göstəriş verə bilmir. Şagirdləri
qalxırlar ayağa. Şagirdləri - yalnız gənclər,
yeniyetmələr yox, nisbətən yaşlılar - Şaiqin
10, 15, 20 il əvvəl dərs dedikləri də ayağa
qalxırlar, tərk edirlər zalı. Yollanırlar
İçərişəhər tərəfə. Onların
bir çoxu elə qala divarlarının arasında
yaşayırdılar. Çox keçmir, hərə evindən
bir çıraq gətirir, zalın eninə-uzununa divarlar boyu
onlarla neft lampası düzülür. Çıraqlar
yanırdı, indi zal əvvəlkindən də
işıqlı idi, hər zaman olduğundan və
olacağından qat-qat nurlu idi və ilk dəfə idi adi neft
lampalarının yanması bu qədər insanı qəhərləndirirdi...
Bu, millət naminə yaşamışların, millət
adına təmənnasız xidmət göstərmişlərin
iqbalıdır. Abdulla Şaiqin və Şaiq olmaq mərtəbəsinə
ucala bilən hər azərbaycanlının qismətində əslində
o çıraqlar var.
Sən millət üçün yanmısansa, hətta
kimlərsə bunu görmək istəməsə, gizlətməyə,
ört-basdır etməyə çalışsa belə, qəm
yemə, əmin ol ki, o əməklər heç zaman
unudulmayacaq, çəkdiyin zəhmətlər heç vaxt
qaranlığa qərq olmayacaq. Elin çırağı da həmişə
sənin adının, əməllərinin üzərinə
şəfəqini səpəcək. Sübutu -
yaratdıqları və munis surəti həmişə
işıq içərisində yaşayan Abdulla Şaiq;
örnəyi - 1923-cü ilin bir qış gecəsində
İçərişəhərdən qaranlıq
çökmüş zala axışaraq oranı
gündüzə döndərmiş neft lampalarının
sevgi qatarı...
17 fevral 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 21
fevral, ¹33.- S.10-11;12.