Sən cəsur döyüşçüm, mən əsir yurdun

 

Sən cəsur döyüşçüm, mən əsir yurdun,

Bir Turan arzulu türküm, boz qurdum.

O taylı, bu taylı Xudafərinim,

Qoynuna tələsən Təbriz hayqırtım...

 

Ayrı qitələrdə həsrət yanğısı,

Dərviş səbrindəki təklik ağrısı.

Mövlanəm, üləmam, sufim, zahidim,

Eşqə təsəvvüfüm, Tanrı çağrısı...

 

Bu şəhid ruhumun azad şəhəri,

Sən Laçın sabahım, Şuşa səhərim...

Köksü səcdəgahım, ocağım, pirim,

Acı taleyimin xoşbəxt zühuru...

 

Gəl, sənsiz vəhşətdə xaraba ruhum,

Qiyamət ömrümün İsrafil suru...

 

lll

 

Yenə həsrətə qurub vaxtı hava limanı,

Duzlu yağışlar axır göyün bomboz səthindən.

Təyyarə qanadından asılıbdır ürəyim,

Yolu kəsib dayanıb ruhum-hava xəttində.

 

Son dəfə saçlarımı sərib çiyninin üstə,

Titrəyir dodaqlarım boynunun bir ucunda.

Qopduqca əllərindən darıxır barmaqlarım,

Tələsən bir bilet də sıxılır buz ovcunda...

 

Gözümün bəbəyində bulanır son görüntün,

Yenə məndən qoparır səni hava limanı...

Arxanca su çiləyir buludlar baxışımdan,

Kirpiklərim dizəcən gözlərimdə çırmanıb...

 

Sən gedəndə bu şəhər çəkilir öz küncünə,

Yer dağılıb tökülür ayağımın altında.

Ya uçmağı öyrətsin, ya səni geri versin,

Rəhm salsın qəlbinə Tanrı o pilotun da...

Qayıt bu zəhlətökən, bu darıxan vaxtımda...

 

 

Daş düşsün başına...

 

Kədər qatarlanıb hava xəttində,

Ruhum bir təyyarə qanadı üstə.

Yenə həsrətimi möhür vururlar,

Eh... yorğun bir pasport sənədi üstə.

 

İndi xatirələr çox yüksəklikdə,

Göyün səs-küyündən batır qulağı.

Xəyalım göy donlu stüardessa,

Yalnızlıq - uzanan uçuş zolağı.

 

De, necə yuxuya verim göz yaşın,

Bu yalqız ömrümü necə qurtarım

Getmə deyəcəkdim, dilim qurudu,

Daş düşsün başına ayrılıqların.

lll

Sən

çilə otağımda

yuxusuz gozlərimin

xəyalına diz çökdüyü

zikrim...

Mən

Günlərlə özümə çəkiləndərbədər...

Laməkan ruhumun

qoynundur evi,

sən

səcdələr boyu

sevginə ac ruhumu

təslim etdiyim

fikrim...

Sən

gecələdiyim xaraba

dünyamın

ən böyük imarəti,

eşqinə dərviş

könlümün hərarəti...

Xəyalını qoydum xurcunuma,

diyarbədiyar nə xarabələr

dolaşaraq,

Səyyah arzularım

əlimdə əsa,

sənə qovuşmaq üçün

buludları aşaraq...Sənə tələsirəm,

səssiz pıçıltıları dodağımda

nəğməyə dönən göz yaşlarıyla,

duaların ovcundan

daşaraq...

Gəl,

viranə ruhumun

verdiyi

bu İlahi eşq savaşının agahı ol,

Gəl, səbrimə məlhəm,divanə duyğularımın

xanəgahı ol...

Gəl!!!

 

lll

 

Mən yorğun yolların

sinəsi üstündə

həsrətini qucaqlayan

tənha bir

yer adamı,

gözlərimdəki bayram sabahı

yalnızlığıdır

səni özləmək.

Duyğularım

minarələrdən dağılan

səcdə çağırışına

tələsən

səs qədər həssas,

al saçlarımı,

qoynunun ən rahat bir

küncündən as.

Hər gün

azan səsini

ilahi bir eşqlə gözləmək kimidir,

səni gözləmək,

cismimdə

nə hiss varsa

sevginlə şifrələnib...

Bütün dinləri

yanıma alıb

sən gələn yollara diz çökmüşəm,

gözlərinə təzimdəyəm,

mən

Allahın yuxusuz gözündəyəm...

 

lll

 

Bir səhəringöz qapaqlarında

yumuluram,

Asıram

özümü gecənin kirpiklərindən...

Heykəlim

təklikdən yonulmuş,

Önümə əklil qoyurlar.

Sosial şəbəkədə

divar şəklim qapqara fonda,

Şeirlərimin rəngi ağarmış,

bəyaz bir donda.

Telefonumda son sevgi mesajı

yoxluğuna yazılmış,

Sətirlərimin gözlərinin

nuru azalmış.

Dünən gecə

sahildəki qumsalda

can verirmiş

adımın baş hərfi,

dalğaların ayağı altda.

Ömrün yorğun düşüb

əqrəbləri saatda...

Yosun tutmuş yuxulu gözlərimi

işığa qapayıram,

həsrətini

ovutmaq üçün bu sabah

birdən milyardacan sayıram...

 

İndi köksün yerinə

saçlarımı torpağa sərmişəm,

Az öncə TV-də dedilər,

ölmüşəm,

Sən də izn vermisən...

Bilməmişəm...

 

Aysel Xanlarqızı Səfərli

525-ci qəzet .-  2024.- 23 fevral, ¹35.- S.15.