Vətən
sevdalısı
"Mənim Vətən xəstəliyim var, Allah
şəfa verməsin" - dediyi bu sözlər
çoxlarının dilində əzbər olanda Əli hələ
məktəbliydi.
Vətən xəstəsiydi Əli - dərmanı
işğal altında olan torpaqlarımızın
azadlığıydı.
Əli Rahin oğlu Seyidov 1999-cu il iyulun 11-də Bakıda anadan
olmuşdu. 2006-2017-ci illərdə Rixard Zorge adına 90
nömrəli məktəbdə oxumuşdu. Uşaqlıqdan
idmanla məşğul olurdu. Müxtəlif idman
yarışlarında iştirak edən Əli 15 qızıl,
6 gümüş, 3 bürünc medal qazanmışdı. Məşqçiləri,
yaxın dostları ona çox güvənir, idmandan
ayrılacağını güman etmirdilər. Ancaq Əli hərbçi
olmaqda qərarlıydı.
Orta təhsilini başa vurub sənədlərini Hərbi
Akademiyaya verir. Qəbul oluna bilməsə də, fikrindən
dönmür. 2018-ci ildə həqiqi hərbi xidmətə
yollanır. Goranboyda Ballı Qayada xidmətə
başlayır. Xidmət zamanı da müxtəlif təşəkkürnamələrə
layiq görülür. Bütün tapşırıqları
yerinə yetirərkən birinci olduğundan
"Yırtıcı" ləqəbi ilə müddətli
hərbi xidmətini başa vuran Əli ailəsinin yanına
MAXE olmaq qərarı ilə qayıdır.
"Məsləhətləşərdik həmişə.
Hərbçi olmağına da etiraz etmədim. Özüm də
hərbə maraq göstərmişəm, hərbçi olmaq
istəmişəm, arzumu reallaşdıra bilmədim. Ona
görə Əlinin hərbçi olmasına sevindim əslində.
O, Hərbi Akademiyaya imtahan verdi. 2 balını azaltdılar.
Əli ruhdan düşmədi, "onsuz da mən hərbçi
olacağam" dedi. Uşaqlıqda
geyimlərinə bayraq tikdirərdi. Vətənpərvər
ruhda böyüyürdü Əli.
"Torpaqlarımızı azad edəcəyəm, 22
yaşında məni hamı tanıyacaq" deyirdi. Elə də
oldu. İndi onu hamı tanıyır" - deyir
övladlarına həm ana, həm də ata olan Lalə
xanım.
Qardaşı Məhəmməd Seyidov: "İdmanda
uğurları çox idi. Kinqboksla,
üzgüçülük və futbolla da məşğul
olurdu. İştirak etdiyi bütün yarışlarda fərqlənirdi.
Əli yorulmaq bilmirdi. Məşqçilərimiz idmanda
qalmasını istəyirdi. İdmanı sevən, bu qədər
uğurları olan biri üçün idmandan ayrılmaq
çətindi əslində. Əli ayrıldı. Hərbini
seçdi. Onun üçün Vətən birinci idi. Həqiqi
hərbi xidmətdə olanda artıq diqqət çəkmişdi,
qaçışda, qol gücündə, silahı
söküb-yığmaqda birinci olurdu. Müddətdən
artıq hərbi xidmətə də özü qərar verdi.
Ən böyük arzusu torpaqlarımızın
azadlığı uğrunda vuruşmaq idi".
Əli savaşa XTQ-nin kəşfiyyatçısı
kimi qatıldı. 21 düşmən postunun məhv edilməsində
cəsurluğu, qəhrəmanlığı ilə fərqləndi.
"Suqovuşanın fatehi" oldu.
Döyüş yoldaşı Nicat Mirəliyevin söylədikləri:
"Hərbiyə gələndən seçilib Əli.
Döyüşlərdə də çox igidlik göstərdi.
Neçə dəfə əlbəyaxa döyüşlər
oldu. Əli elə çevik, elə cəld idi ki, bircə dəfə
də geri çəkilmədi, məğlub olmadı, qəhrəmanlıq
simvolu olan Mübariz İbrahimovun postunda da, düşmən təxribatlarının
qarşısının alınmasında da igidlik göstərdi".
Vətən müharibəsi qazisi Sərxan
Yolçuyev: "Əli kimi oğullar qələbə
qazandırdı bizə. Elə cəsur, elə qorxmaz idi ki...
Şəhidlik hamıya nəsib olmur. Torpaqlarımızın
azadlığı yolunda şəhid olmaq hər birimiz
üçün müqəddəs idi. Əminəm ki,
Əlinin də, bütün şəhidlərin də ruhu
şaddır, çünki hər biri qələbəyə
inanırdı, qalib olacağımıza əmin idi".
İkinci Qarabağ savaşının qazisi Xəzər
Əliyev: "Hərbi xidmətdə bir yerdə olmuşuq.
Bütün təlimlərdə, tapşırıqların
yerinə yetirilməsində birinci olardı. XTQ-ə
keçmək elə də asan deyil. Əli ən çətin
sınaqlardan da çıxdı. Əsl kəşfiyyatçı
idi. Müharibədən əvvəl Ağdamda sərhəddə
xidmətdə idik. İşğalda olan torpaqları hər
gün görürdük. Bu, çox ağır idi. Elə
deyirdi ki, biz o yerlərə belə uzaqdan baxa bilmərik,
mütləq torpaqları azad etməliyik".
Arzusuna çatdı Əli. Torpaqların
azadlığı uğruna savaşın qələbə
sevincini daddı. Tərtər-Suqovuşan uğrunda
döyüşlərdə əlçatmaz zirvəyə
ucaldı.
Əli Seyidov 2020-ci il oktyabrın 10-da Bülbülə
Şəhidlər xiyabanında dəfn olunub, "Vətən
uğrunda", "Suqovuşanın azadlığına
görə", "Ağdamın azadlığı
uğrunda", "Cəsur döyüşçü",
"Döyüşlərdə fərqləndiyinə görə"
medalları ilə təltif edilib.
Sinif rəhbəri Maqsud Mirzəyevin yaddaşında
Qarabağ hadisələrinin müzakirəsi zamanı həmişə "Torpaqlarımızı
müharibə yolu ilə ala bilərik" deyən Əli məsuliyyətli,
çalışqan, nümunəvi şagird kimi qalıb.
...Anasına "Validəm, sultanım" deyər,
sevib oxşayar, doğum günündə təbrik etməyi
unutmazdı. Ölümündən sonra da fərqli oldu.
"Gözəl gözlü anam, cənnətim, Validə
sultanım, ad günün mübarək. Bağışla
ana, yanında ola bilmirəm, amma ruhum hər zaman
yanındadır. Səsini eşidib, qoxunu duyuram anam. Gözlərin
ağlamasın, təbəssümün solmasın, həmişə
olduğu kimi möhkəm dayan, anam. Bilirəm, yoxluğum
dözülməzdi, gözlərin hər yanda məni
axtarır, inan ki, yerim gözəldi. Əziz oğlun
Əli".
May ayının 5-i Lalə
xanımın doğum günüdür. 2021-ci ilin mayında
da hər il onu təbrik edən oğlundan məktub aldı.
Ana çaşıb qaldı. Fırfıra kimi yerində
fırlandı. Qapıya qaçdı, küçəyə
çıxdı. Oğlunu harayladı. Səsi kəndin o
başına getdi, gah da içinə doldu: Əliii, Əliii,
hardasan?
"Şəhadətindən 7 ay sonra mayın 5-də
aldım bu məktubu. Elə bildim özü də gəlib,
sağdır. Dəli kimi axtardım onu. Nə baş verdiyini
anlamadım. Demə, məktubu dostuna göndərib,
"Şəhid olsam, bu məktubu anama
çatdırarsan" deyib. Kimin ağlına gələr?
Yaralandığını, xəstəxanada olduğunu, məndən
gizlətdiyini düşündüm. Nələr çəkdim
bir bilsəniz. Neçə gün özümə gələ
bilmədim. Şəhidliyə hazır imiş oğlum.
"Mübariz İbrahimov kimi qəhrəman olacağam"
deyərdi. Arzusuna çatdı. Çətindir, amma
oğlumla qürur duyuram. O, mənim həsrət dolu
qürurumdur. Azərbaycan uğruna, vətən uğruna
şəhid oldu. Əli bütün şəhidlərdir,
bütün şəhidlər də Əlidir mənim
üçün" - deyir Əlinin anası Lalə
xanım.
Son dəfə geyindiyi köynəyini hər gün
bağrına basan ananın sözlərini unutmuram:
"Ağırdır. Yoxluğundan varmış kimi
danışmaq çətindir mənə. Yoxdur. Amma həm də
hər yerdədir Əli".
...Həqiqi hərbi xidmətinin andiçmə mərasimində
təşəkkürnamə ilə birlikdə ona verilən
bayrağı öz əlləri ilə asıb
qapılarından Əli. O bayraq indi də dalğalanır
igidimizin yaşadığı
evin qarşısında. Nə qədər ki Əlilər
doğulur, böyüyür, yaşayır bu yurdda, Vətən
bayrağı beləcə qürurla dalğalanacaq.
Kamalə ABİYEVA
525-ci qəzet.- 2024.- 22 fevral, ¹34.- S.15.