Qəhrəmanlar məhəlləsinin sakini

 

Hər dəfə şəhidlər barəsində yazanda  mən də şəhid oluram. Mən də Qarabağ uğrunda canımdan keçirəm. Şəhid olan qəhrəmanlar bir dəfə Vətən uğrunda köçürlər bu dünyadan. Ancaq  onları xatırlayanlar, onlardan sonra yaşayanlar min dəfə ölürlər...

Göz yaşlarımı tuta bilmirəm. Şəhid olan evlərə gedir xəyalım. Şəhid anasını canlandırıram gözlərimin önündə. Qara bağlayıram, yas tuturam,  göz yaşlarım selə-suya dönür. Həmişəki kimi demək istəyirəm ki, köçən oğullarımız, şəhidlərimiz hamımızın oğludur, hamımızın yaxınıdır, hamımızın doğmasıdır. Könül gözlərimizlə ağladıqlarımızdır, qürur yerimiz, fəxr etdiklərimizdir onlar...

Qürur duyduğumuz oğullardan biri də Şahmuraz Hümbətzadədir. 1998-ci ildə Bərdə rayonunun Cəyirli kəndində dünyaya göz açan Şahmurazın  kiçikliyindən qəlbində Vətən sevgisi baş qaldırıb. Bu ruhda böyüyüb. Hələ Aprel döyüşlərində əsgərlərimizin, general Polad Həşimovun göstərdikləri  igidliklərdən həvəslənən igid,  sentyabrın 27-də başlanan müharibəyə könüllü yazılır. Döyüş tarixi Suqovuşandan başlayır. Onun qəhrəmanlıq tarixi birinci gündən qaldı  yaddaşlarda. İlk gündən döyüşdüyü taborun hörmətini qazanan qəhrəman Şahmuraz bir çox əhəmiyyətli postların alınmasında canla-başla iştirak etdi.

Başqalarından seçilən igid əsgər  dostlarına tezliklə torpaqlarımızın azad olunacağından söhbət açırmış: "Qarabağ azad olacaq, bura bir daha düşmən ayağı dəyməyəcək. Biz Polad Həşimovun, Mübariz İbrahimovun ardıcıllarıyıq. Qoymarıq Vətənimiz varvarların əlində qalsın. Bizim kimi əsgərləri, oğulları olan bir ölkənin torpaqları başqalarının tapdağı altında ola bilməz".

Ağdərə və Suqovuşanda gedən  döyüşlərdə həmişə irəlidə gedən  Şahmuraz Hümbətzadə 2020-ci il oktyabrın 23-də şəhidlik zirvəsinə yüksəldi. Qorxmaz oğul, igid əsgər əbədi olaraq gözlərini yumdu. Həmin tarixdən qara bağladı anası, qonum-qonşusu, yaxınları, doğmaları.

Bərdənin Fəxri xiyabanında əbədi məskən saldı. Qəhrəmanlar məhəlləsində, igidlər şəhərində onun da bir mənzili oldu. Seçilmişlərin məskunlaşdığı yerdə məskunlaşdı Şahmuraz. Burdakılar başqalarına bənzəməzlər, başqalarıyla müqayisə edilməzlər. Onların şəhərində ancaq igidlər, cəsurlar uyuyurlar. Əbədiyyətə qovuşurlar, nağıllaşırlar, əfsanələşirlər...

Hər gün bu şəhərciyi ziyarət edən bir qadın var: Şahmurazın anası Cəmilə xanım. Hər gün yeganə övladının görüşünə gəlir, onunla söhbət edir, onunla dərdləşir. Olanları, baş verənləri danışır oğluna. Yüngülləşir, təsəlli tapır. Cəmilə xanımı bu görüş, bu söhbət yaşadır.

Ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda  döyüş əməliyyatlarına qatılan və hərbi  hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərəkən şəhid olan Şahmuraz Əyyub oğlu Hümbətzadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif  olunub.

 

Səni təkcə anan Cəmilə xanım deyil,

 biz də unutmadıq, unutmarıq igid oğul!

 

Ulduz QASIM

Yazıçı-publisist, Moskva

525-ci qəzet.- 2024.- 22 fevral, ¹34.- S.15.