Çaparaq notlar  

 

 

"Qatilin portretinə əlavə cizgilər"

Mən həm Salatın Əsgərovanı, həm də onun qatili Arno Mkrtçyanı tanıyırdim

Dünyanın qəribə təsadüfləri olur...

Jurnalist Salatın Əsgərovanı indi respublikamızda tanımayan adam çətin tapılar. Amma çox-çox təəssüflər olsun ki, bu tanışlıq əsasən onun ölümündən sonra baş verdi. Daha doğrusu, sağlığında onu təkcə "Molodyoj Azerbaydjana" qəzetinin oxucuları və 5-10 nəfər yaxın adamı tanıyırdısa, artıq bu gün "Salatın" sözünün özü qorxmazlıq simvolunu çevrilib. Mən Salatının onunla yaxın ünsiyyətdə olan həmkarlarından deyiləm. Amma onunla tanış idik. Vaxtilə əməkdaşlıq etdiyim "Azərbaycan gəncləri" qəzeti redaksiyasına yolum düşəndə həmin qəzetlə eyni mərtəbədə yerləşən digər bir mətbuat orqanının - "Molodyojka"nın tanış jurnalistlərilə də hal-əhval tuturam. Arabir beton pillələrin qovşağında, liftdə, dəhlizdə rastlaşdığım Salatınla da salamlaşar, hal-əhvalını soruşardım. Ən çoxsa vaxtilə mənim də əməkdaşlıq etdiyim "Azərbaycan gəncləri" qəzeti redaksiyasının yerləşdiyi 8-ci mərtəbədə... Uşaq kimi qəribə gülüşü, boğuq səslə danışmağı vardı Salatının. Hərdən əlindəki nazik siqaret dənəsini zərif barmaqları ilə sığayaraq hansısa maraqlı hadisə barədəsə bir-iki cümlə deyib harasa tələsərdi. Mənim Salatınla olan bu cür qısa, ötəri salam-kəlam və yazılarından yadda qalan bəzi kiçik epizodlar istisna olunmaqla, onun barəsində indi geniş söhbət açmaq və ya xatirə yazmaq üçün elə bir əsasım yoxdur.

Dediyim odur ki, mənim söhbətim Salatın haqqında deyil, lakin həm də Salatın haqqındadır. Daha doğrusu, Salatının qatili haqqında. Doğrudan da qəribə təsadüfləri olur bu dünyanın...

Salatınla ünsiyyətim bir qədər ötəri, "atüstü" olsa da, onun qatilini nisbətən yaxşı tanıyıram. Arno Mkrtçyan vaxtilə mənimlə eyni polkun eyni rotasında, lap elə eyni vzvodunda əsgəri xidmətdə olub. Uzaq Şərqin qvardiya tank polklarının birində bütöv bir rota yalnız alitəhsilli əsgərlərdən ibarət idi. Hərəmiz bir respublikadan, bir vilayətdən gəlmişdik. Rotada rus da vardı, latış da, gürcü də... Bizimlə birgə üç erməni də xidmət edirdi. Hamısı da Azərbaycandan, Dağlıq Qarabağdan idi. Hər üçü azərbaycanlı uşaqlarla oturub-dururdu. Robert Bağıryan, Arno Mkrtçyan və Rafael (familiyası səhv etmirəmsə, Allahverdiyan idi). Hər üçü ixtisasca pedaqoq idi. Robert tarixçi, Arno fizik, Rafael riyaziyyatçı...

Mən ətraflı xatirə yazmaq niyyətində deyiləm. Amma bugünkü qatilin, dünənki əsgərin portretinə müəyyən cizgilər, ştrixlər əlavə etmək pis olmazdı. Erməni əsgərləri arasında ən hiyləgəri R.Bağıryan idi. Rus dilin təmiz bilir, komandirlərin ürəyinə yol tapırdı. İşdən, təlimdən boyun qaçırmağın da çəmini tapmışdı: tez-tez özünü xəstəliyə vurub hospitala, sanitariya hissəsinə gedir, günlərlə müalicə olunurdu. Aravuran, yalançı, hay-küyçü, yaltaq bir adamdı. Bu cəhətlərə görə Rafael də ondan geri qalmırdı.

Abovyan adına Yerevan Pedinstitutunun məzunu, əslən Dağlıq Qarabağdan olan fizika müəllimi Arno Mkrtçyan həmin "erməni dəstəsinin" ən fağır, ən üzüyola üzvü idi. Arabir xəlvətə salıb R.Bağıryan ona "dərs" verər, onu uşaq kimi danlayar, öz hiylə və məkr praktikasından müəyyən şeyləri öyrədərdi. Rotadakı əsgərlərin onlara göz qoyduğunu hiss edən A.Mkrtçyan öz-özünə xoflanıb dostunun sirrini açardı.  "Ara, buna baxın, bu Bağıryanı deyirəm, görün mənə nə öyrədir?" Arno az danışan bir adamdı. Zarafatla deyərdik ki, familiyasında səsli (sait) hərf olmadığına görə özünün də (Mkrtç) səsi çıxmır.

Deyə bilmərəm o ermənilərin ürəyində Azərbaycana və azərbaycanlılara qarşı nifrət toxumu nə vaxtdan göyərməyə başlayıbmış. Deyə bilmərəm. Amma bir epizodu xatırlatmaq istəyirəm. Bizi tez-tez təlimə aparır, avtomatdan duran və qaçan hədəflərə atəş açdırırdılar. Arno Mkrtçyanın atəşi hər dəfə boşa çıxırdı. O, avtomatla davranmağı, silah tutmağı bacarmırdı.

...Aradan keçən illər ərzində A.Mkrtçyan özünün bütün "səhvləri"ni düzəldib. Mərkəzi və respublika televiziyası ilə göstərilən süjetlərdə yenidən "görüşdüyüm" keçmiş tankçı, fizika müəllimi sən demə, ötən illər ərzində öz "biliyini" hərbi sahədə xeyli təkmilləşdirmiş, nəinki silahdan hədəfə atəş açmağı öyrənmiş, hətta insan ovuna çıxmağa başlamışdır. Bağıryan kimi "müəllimlərin" əməyi puç olmamış, Mkrtçyan kimiləri qatı millətçilik mikrobu ilə yoluxmuşdur.

...Gözümün önündə əli qələmli zərif, istedadlı jurnalist qız və vaxtilə əli silaha yatmayan, lakin müəyyən vaxtdan sonra öz həyatını silahsız təsəvvür etməyən cani - qorxunc qatil canlanır. Mən ekrandan baxan tanış sifətdən cinayətkarlığın anatomiyasını oxudum.

Bir daha əmin oldum ki, ağır xroniki-patoloji xəstəliyə mübtəla olmuş xalqın müalicəsi asanlıqla başa gəlməyəcək...

Və bir daha əmin oldum ki, yer üzündə heç bir cinayət cəzasız qalmır.

11 iyun 1991-ci il

ƏCAİB TƏQDİMAT

Gədəbəydən olan "dünya şöhrətli" erməni bəstəkarı. Syuni Qriqor Mirzayan adlı  birisinin adını eşidən varmı?  

İndi bir-iki kəlmə söz deyəcəm. Amma xahişim budur ki, heç kəs yalançı vətənpərvərlik şüarları deməsin. Nə qədər ki, düzü düz, əyrini əyri deməyəcəyik, yalanlar bizi aşındıracaq və məhv edəcək.  

    Məsələ belədir. Demək olar ki, rus dilində az qala hansı məlumatı əldə etmək istəyirsən, hansı informasiyaya nəzər salırsan, hansı xəritəyə baxırsan, hansı medianı izləyirsən, hansı verilişi seyr edirsən, oradan mütləq "erməni barmağı" çıxır. Həm də söhbət təkcə erməni və ya kemiş Sovetlər Birliyi məkanında olan "şəbəkələrdən" getmir. Lap elə qonşu və dost Türkiyə haqda rusca dərc olunmuş kitabların çoxunda "erməni izi" aydın sezilir. Tez-tez "rus dili" deyirəm. Ona görə ki, mənim az-çox bildiyim dil elə bu dildir. Yəqin ki, digər dillərdə gedən məlumatlar da elə bu cür "faktlarla" zəngindir.

Məsələ burasındadır ki, elə Türkiyədə dərc edilən bir çox mətbuat orqanında belə, müəyyən elm və mədəniyyət sahələrində çalışmış ermənilərin rolu həddən artıq şişirdilir. Əgər türkcə və rusca çıxmış kitablara və hazırlanmış saytlara baxsanız görərsiniz ki, hətta Türkiyə teatrının əsasının da ermənilər tərəfindən qoyulduğu iddia olunur... Hmmm...          

 

Keçək özümüzlə bağlı problemə. Azərbaycandakı rayon və bölgələrlə bağlı rusca hazırlanmış ensiklopedik-məlumat tipli, əsasən də vikipediyalarda gedən yazıların əksəriyyətində ermənilərlə, onların fəaliyyəti ilə, mədəniyyəti ilə bağlı yeri gələndə nəsə deyilir. Deyilsin. Amma olan deyilsin.     

 

Məsələn, heç kəs marşal Baqramyanın Azərbaycanda anadan olduğunu inkar edə bilməz. Heç kəs Şirvanzadənin bizim ilk Xalq yazıçımız olduğunu inkar edə bilməz. Futbolçu Markarovun vaxtilə "Neftçi"də oynadğını da hamı bilir. Sayat Novanın dilimizdə şeir yazdığı da məlumdur... Amma və lakin...  

Bəzən elə məlumatlara rast gəlmək olur ki, adamın necə deyərlər, matı-qutu quruyur.

Bu yaxınlarda təsadüfən vikipediyada Gədəbəylə bağlı rus dilində məlumat rastıma çıxdı. Rayonun tarixi, coğrafiyası, təbiəti, arxeologiyası, əhalisi ilə bağlı verilən informasiyalara bir iradım yoxdur. Di gəl ki...     

Oradakı bölmələrdən biri belə adlanır: "İzvestnıe urojenüı". Yəni bu bölgənin tanınmış adamları (Bəribaşdan orasını deyim ki, mən özüm də həmin bölgədənəm və özümü heç də "tanınmışlar"dan hesab etmirəm). İndiki halda söhbət ayrı mətləbdən, alayı məsələdən gedir.     

 

Həmin bölmədə, səhv etmirəmsə, yeddi nəfərin adı çəkilir ki, onların da iki nəfəri idmançı, biri biznesmen, biri də alman mənşəli dəniz döyüşçüsü olub. Düzü, şəxsən mən o siyahıdakılardan, yəni o yeddi nəfərdən cəmi bir-ikisini tanıdım. Söhbət indiki halda heç mənim kimisə tanıyıb-tanımamağımdan da getmir.     

Söhbət ondan gedir ki, həmin o qısa siyahıda Syuni Qriqor Mirzayan adlı "məşhur bəstəkar" təqdim edilir. Düzünü deyin, kim belə bir bəstəkarın adını eşidib? Heç olmazsa erməni əsilli bəstəçilərdən Arno Babacanyanın, Aram Xaçaturyanın, Mikael Tariverdiyevin və ya onlar səviyyədə hansısa bir mədəniyyət xadiminin adı çəkilsəydi, yenə dərdyarı idi. Axı kimdir bu Syuni Qriqor Mirzayan? Guya,  Gədəbəydə doğulub və Amerikada ölüb. Bəli, guya... Belə bir adam tutaq ki, lap həqiqətən olub da. Amma, lakin və fəqət..       

Əgər haqqında söhbət gedən rayonun tanınmış adamlarından söhbət gedirsə, bir az diqqətli və insaflı olmaq pis olmazdı.  

 

Gədəbəyin yüzlərlə elm adamı, ictimai-siyasi, mədəniyyət və dövlət xadimi, tanınmış ziyalısı, şairi, yazıçısı, aşığı, qəhrəmanı olub. Mən demirəm ki, hansısa bir təqdimatda hansısa bir rayonda doğulmuş bütün tanınmış insanların ad-soyadlarının sadalanması vacibdir. Yox. Amma az qala heç kəsin adını eşitmədiyi, tanımadığı, xatırlamadığı bu Syuni Qriqor Mirzayan axı nə vaxtdan "məşhur" bir sima kimi hansısa bir rayonu və ya ölkəni təmsil edir?..   

İndi isə yenə, dübarə sual edirəm: əcaba Gədəbəydən olan Syuni Qriqor Mirzayanı, bu "dünya şöhrətli" bəstəkarı kim tanıyır? Ümumiyyətlə belə bir adam olubmu? Və nəhayət, Gədəbəydə erməni yaşayıbmı? Eşidən-bilən varsa, yazsın.

...Bəli, az qala bütün informasiyalardan erməni "barmağı", daha doğrusu, erməni "başı" çıxır.

Bütün bunlar təsadüfdürmü?

Xocalı faciəsi... hayların öz dilindən

1992-ci il fevralın 26-da baş verən faciədən 10 gün sonra "Dağlıq Qarabağ Respublikasının" "rəhbərliyi" bizə başsağlığı da vermişdi. Haylar həyasızcasına yazırdılar: "DQR Ali Sovetinin Rəyasət Heyəti Xocalı qəsəbəsinin yaxınlığında yerləşən hava limanının ələ keçirilməsi zamanı dinc sakinlərin həlak olmasından təəssüfləndiyini bildirir və onların qohumlarına başsağlığı verir". - ("İzvestiya" qəzeti, 6 mart 1992-ci il).

Eks-prezident Robert Koçaryan deyirdi ki, "Azərbaycan ərazisini işğal etdiyim üçün fəxr edirəm".

Onun sələfi Serg Sərkisyan bəyan edirdi: "Azərbaycanlılar elə bilirdi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Bu fikri bötüvlüklə dağıtmaq lazım idi. Belə də oldu" (...). "Biz üzərimizə düşən missiyanı yerinə yetirdik. Ermənistan türksüzləşdirildi. Yerdə qalanları siz etməlisiniz".

"DQR parlamentinin" keçmiş deputatı Levon Melik-Şahnazaryan qeyd edirdi: "Xocalı qurbanlarına görə qəm-qüssə etmək "çaqqal ulaşmasıdır".

Publisist Gevorq Yazecyan yazırdı: "Müqəddəs milli qisasçılığın ən yaxşı nümunəsi 1992-ci ilin fevralında Xocalının azad edilməsi oldu. Erməni qanı içmiş düşmən amansızcasına, qəddarcasına, ermənicəsinə məhv edildi".

Zori Balayan 1996-cı ildə nəşr olunan "Ruhumun canlanması" kitabında yazırdı: "Biz Xaçaturla ələ keçirdiyimiz evlərdən birinə girərkən əsgərlərimiz 13 yaşında bir türk uşağı pəncərəyə mismarlamışdılar. Daha sonra bu uşağın başının, sinəsinin və qarnının dərisini soydum. Saata baxdım. 7 dəqiqə sonra türk uşağı qan itirərək öldü. Xalqımın bir faizinin belə qisasını aldığım üçün sevincindən ruhum qürurlanırdı. Sonra Xaçatur ölmüş türk uşağının cəsədini hissə-hissə doğrayaraq türklərlə eyni kökdən olan itlərə atdı".

David Xerdian Livanda çap olunmuş "Xaç uğrunda" kitabında qeyd edir: "Biz soyuqda Daşbulaq yaxınlığındakı bataqlıqdan keçməmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən zabit mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı qız uşağının meyitinin üstünə basıb addımlamağa başladım. Ayaqlarım və şalvarım qan içində idi. Bu qaydada təxminən 1200 meyitin üstündən keçdim"...

Belə misallar çoxdur.

Bu da bunların "ziyalıları".

Bu da bunların "qədim mədəniyyəti".

Məşhur bir məsəldə deyildiyi kimi, bəzən "həyasızlıq ikinci xoşbəxtlik" hesab olunurmuş... Amma onlar həyasızlıqdan da o yana keçiblər.

2012

 

Firuz MUSTAFA

525-ci qəzet.-  2024.- 22 fevral, ¹34.- S.13.