Bakı-Moskva səmalarından
dünyaya...
"ŞƏRQ BÜLBÜLÜ"NƏ - LEYLA
ŞƏRİFOVAYA ELEGİYA
Boz ay Böyük və Kiçik çillənin
soyuq şıltaqlığının acığına
baharın hənirtisini obaların buz tutmuş damarlarına yeridir,
qaynar bulaqların gözünü açır, boş qalan
qaranquş yuvalarını müjdələyir, Günəşin
varlığını torpağın yadına salır. Boz ay
qədəm qoyanda bəzən bu təzələnmə
havasına tab gətirməyən zəif vücudlar yenidən
güc yığmağı bacarmır, yazın gələn
qədəmlərini qarşılaya bilmir. Bu gün Boz
ayın ilk günüdür. Bir neçə gün öncə
isə Boz ayın gəlişindən xəbər tutan və
yenidən cəh-cəh vurmağa taqəti qalmayan ellər
müğənnisi - "Şərq bülbülü" bu
dünya ilə əbədi vidalaşdı, nəğməsi
kainatın səs yaddaşına qovuşdu.
Ona Leyla Şərifova, Leyla Şəripova, Leyla Şərifi
də deyirdilər... İsmini, soyadını necə ansalar
da, tək bir həqiqət var: o, şərəfli idi, nəcib
idi, əziz idi... Mən onu daim həsrət qaldığı
cənubi azərbaycanlıların dili ilə "xanım
Şərifi" deyib yad etmək istəyirəm.
Leyla Şərifova deyirdi ki, anam cənubi azərbaycanlı,
atam İzmir türkü olub. Atası işlə əlaqədar
öz xanımı ilə birlikdə Azərbaycanda məskən
salıb. Bakıdakı doğum evlərindən razı
qalmadıqlarından Moskvaya yollanıblar. İş elə gətirib
ki, doğuşu gözləməyiblər və geri
qayıdanda, 1930-cu ilin yanvarın 28-də Moskva-Bakı səmalarında
- təyyarədə xanım Şərifi dünyaya gəlib
(Bəzi sənədlərdə 1931-ci ildə doğulduğu
yazılıb, ancaq 1985-ci ildə 55 illik yubileyi ilə
bağlı konsert verməsi bir çox insanın xatirindədir).
Anasının təkidi ilə sənədlərə
doğum yeri Moskva yazılsa da, Leyla xanım bütün
müsahibələrində bildirib ki, mən Bakıda
doğulmuşam... O, ucsuz-bucaqsız səmanın Bakı
payını daha çox ürəyinə
sığdırıb, özünü göylərin Bakı
səmtinə söykəyib. Təyyarədə
doğulmasının taleyinə təsirinə şübhə
etmirəm. Xanım Şərifinin şöhrəti
dünyaya yayıldı. Onu poliqlot müğənni də
adlandırmaq olardı; Azərbaycan, türk, əfqan,
türkmən, ərəb, fars, özbək və ispan dillərini
bilirdi, həmin dillərdə biri-birindən gözəl nəğmələrin
ifaçısına çevrildi.
Leyla Şərifovanın həyat yolu barədə
müxtəlif fikirlər mövcuddur. Hətta bəzi sənət
adamları onunla bağlı xatirələrini
bölüşəndə xeyli təhriflərə yol veriblər.
Xanım Şərifi dünyaya gələndən sonra ailəsi
İranın Məşhəd şəhərinə
köçüb. Məşhəddə orta təhsil alan
Leyla yaşa dolduqdan sonra İranda ailə həyatı qurub.
İranın Baş naziri Məhəmməd Müsəddiqin
çevrilişindən sonra alovlanan repressiyadan yaxa qutarmaq
üçün 1950-ci illərin ikinci yarısı həyat
yoldaşı ilə birlikdə İrandan siyasi qaçqın
kimi SSRİ-yə üz tutaraq Tacikistanda məskən
salıblar. Bununla da Leyla Şərifovanın ana yurdu ilə əlaqəsi
tamam kəsilib.
Sovet hökuməti gənc ailəyə yaxşı təkliflər
irəli sürüb. Rus dilini öyrənib Tacikistanda işləmək
müqabilində ev, maaş, pulsuz xidmətlər barədə
vədlər veriblər və bütün deyilənlər həqiqəti
əks etdirib. Leyla xanım xatirələrində qeyd edib ki,
biz sovet hökumətinin qurduğu sosializmin real olduğunu
gördük.
50-ci illər Tacikistanın opera və simfonik musiqisinin
formalaşması kimi xarakterizə edilir. Bu mənada, tale Leyla
xanımın üzünə gülüb. İlk illərdə
Tacikistanın dövlət radiosunun farsca verilişlərinin
diktoru kimi fəaliyyət göstərib. Dövrün məşhur
bəstəkarı Fazliddin Şahobov Leyla xanımın səsini
eşidəndən sonra məsləhət görüb ki,
musiqi ilə məşğul olsun. O, bu təklifdən sonra
musiqi üzrə ali təhsil alıb.
Leyla xanımın səsi Tacikistanda maraqla
qarşılanıb və sensasiya yaradıb. O öz
ifasında Şərqlə Qərbi birləşdirməyi
bacarıb. Tacikistanın böyük sənətkarları ona
yüksək qiymət veriblər, Leyla xanımın səsini
lirik poetizmin təcəssümü kimi dəyərləndiriblər.
Sovet dövrünün strereotiplərini qıran sənətkar
ifasına artisizm qataraq tacik dinləyicisinin qəlbini ələ
almağı bacarıb. Uzun illər "Gülşən"
xalq çalğı alətləri ansamblının solisti
olan Leyla Şərifova Tacikistanın Əməkdar artisti, Xalq
artisti fəxri adlarına layiq görülüb.
Bəzi insanlar deyirlər ki, Leyla Şərifova
Tacikistandan küsüb gəlmişdi. Bəziləri isə
Azərbaycan SSR-in Xalq artisti, daha sonra SSRİ Xalq Artisti fəxri
adına layiq görülməsi məqsədi ilə Bakıda
məskən saldığını qeyd edirlər. Özü
isə tamam əksinə, həyat yoldaşının işləri
ilə əlaqədar Azərbaycana gəldiyini deyib... Başqa
mənbələrdə isə, Leyla Şərifovanın
Türkmənistandakı milliyyətçiliyikdən
narazı olduğu, senzuradan usandığı göstərilir...
Səbəb nə olursa olsun, Leyla Şərifovanın Azərbaycana
gəlməyi milli musiqimiz üçün qazanc idi. O, ana
dilimizdə 200-ə yaxın mahnını lentə
yazdırıb. Azərbaycan Dövlət Televiziya və Radio
verilişləri komitəsinin, Adil Bağırovun bədii rəhbər
olduğu "Xatirə" xalq çalğı alətləri
ansamblının, Gülarə Əliyevanın bədii rəhbəri
olduğu "Dan ulduzu" instrumental ansamblının solisti
olub. Azərbaycanlı dinləyicilərin qəlbinə yol
tapan sənətkar Bakıda yaşamağından məmnunluq
ifadə edib.
Azərbaycanın sevilən aktrisası Münəvvər
Kələntərli Tacikistanda olanda Leyla xanımla
tanış olublar və isti münasibətləri yaranıb.
Münəvvər xanım ora qonaq getmişdi. Leyla xanım isə
həyat yoldaşı ilə bərabər məskunlaşmaq
üçün Bakıya üz tutanda bir il Münəvvər
Kələntərlinin evində yaşayıblar, sonralar
Bakıdan ev alıblar. Münəvvər xanımla ana-qız
münasibətində olan Leyla Şərifova daim onu
yaxşı xatırlayıb, "Bakıda bir anam var
idi..." deyib.
Azərbaycan SSR-in Xalq Artisti fəxri adını alsa
da, SSRİ Xalq Artisti adını ondan əsirgəyiblər...
Tale Bakıda da xanım Şərifini sınağa
çəkib. Çox sevdiyi həyat yoldaşı 1982-ci ildə
ağır xəstəlikdən dünyasını dəyişib.
Bununla da mənəvi çöküş dövrünə
qədəm qoyan sənətkar depressiyaya düşüb. Bir
müddət sonra Azərbaycanı tərk etməyi barədə
müxtəlif versiyalar irəli sürülsə də,
özü bu gedişini həyat yoldaşının vəfatı
ilə əlaqələndirib.
Leyla Şərifova Bakıdan köçəndə
öz mebellərini şair İlyas Tapdığa satıb. Həm
xanım Şərifi, həm də şairimiz bu mənzərəyə
kövrəliblər. Firuz Mustafa yazır ki, həmin vaxt Leyla
xanımın alma yanaqlarını yaş
islatmışdı...
Özü bununla bağlı heç nə deməsə
də, Adil Bağırov xatirələrini bölüşəndə
qeyd edib ki, həyat yoldaşı Bakıda vəfat edəndən
sonra Leyla xanım bir əfqanla ailə həyatı qurub:
"Onun yoldaşı əfqan millətindən olan qohumu idi.
Uzaqdan gəlmişdi. Bakıdakı köhnə
"Moskva" mehmanxanasında toyları oldu. Bir müddət
Bakıda yaşadılar. Toydan 1 il keçəndən sonra
Almaniyaya getdilər".
Almaniyaya köçən Leyla Şərifova ilk illər
Berlində yaşayıb. Qızı da onunla birgə olub.
Berlində konsert verib, məlahətli səsi uzaq diyarları
da bəzəyib. Daha sonra Düsseldorf şəhərinə
köçüb və son gününə qədər orada
yaşayıb. Düsseldorfda vaxtilə Tacikistanda solisti
olduğu "Gülşən" ansamblını yenidən
yaradıb.
Sonrakı illərdə Leyla xanımın qızı
ilə münasibətləri soyuyub, əlaqələri tam kəsilib.
Dünyaya gətirdiyi övladının ona dönük
çıxması ruhunu sızıldadıb... Müsahibələrindən
bəlli idi ki, tək ömür sürüb. Adil
Bağırovun xatirələrini əsas götürsək, əfqan
həyat yoldaşı ilə birlikdə Almaniyada yaşasalar
da, görünür, sonrakı illər ya ayrılıblar, ya
da həyat yoldaşı dünyasını dəyişib... Leyla xanım həm də şair
olub. Şeirlərinin birində tənhalığını
belə nəzmə çəkib:
Depressiyada olan bir adamdan soruşdular:
"Niyə depressiyadasan?"
"Təkəm", - dedi.
Dedilər: "Niyə təksən?"
Dedi: "Çünki mən cazibədar deyiləm".
Dedilər: "Niyə cazibədar deyilsən?"
Dedi: "Çünki mən hər şeyi
itirmişəm".
Dedilər: "Nə itirdin?".
Dedi: "Ölkəm, gəncliyim, qüdrətim,
dostlarım,
valideynlərim, əzizlərim - hər şeyi
itirdim".
Dedilər: "İndi nə edirsən?"
Dedi: "İndi mən dostumu gözləyirəm".
Dedilər: "Dostun kimdir?"
O dedi: "Əbədi ölüm".
Gözlədiyi dostu Leyla Şərifovanın
qapısını döydü... Ölənə qədər
Cənubi Azərbaycan həsrəti ilə
alışıb-yanan Leyla xanım hələ Tacikistanda
yaşayanda İranla məktublaşmaq üçün icazə
alsa da, heç vaxt həsrətində olduğu yerlərə
getmədi. Ondan soruşanda ki, əgər yenidən
doğulmaq şansı olsaydı, həyatını necə
qurardı, o deyirdi: "Bəlkə də heç vaxt
İranı tərk etməzdim. İnsan vətən hesab
etdiyi yerdə yaşamalı, orada ölməlidir. Başqa
yerlərdə nə olursa olsun, mühacirdir, qəribdir".
Leyla xanım şeirlərinin birində yazırdı:
Bəlkə də, bir zaman görərsən məni,
Basarsan bağrına Təbrizim mənim...
Yəqin ki, onun ruhu indi Təbriz səmalarındadır.
Ana Təbriz öz bülbülünü birdəfəlik
bağrına basdı.
Ruhun şad olsun, bülbül səsli xanım Şərifi!
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 22
fevral, ¹34.- S.11.