Cümhuriyyət
tarixinin Lənkəranla əlaqəli səhifələri
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
elan edilməsində, Cümhuriyyətimizin təşəkkül
tapmasında Lənkəranda yaşamış və
çalışmış vətənpərvər
ziyalıların əməyi, peşəkar hərbçilərin
rolu, Xalq Cümhuriyyətinin banilərindən biri olan Azərbaycan
Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin
Lənkəran ziyalıları ilə məsləkdaşlıq
əlaqələri tarixin yaddaşında silinməz izlər
qoyub. Lənkəranda M.Ə.Rəsulzadənin, o cümlədən,
haqqında məlumat verəcəyimiz digər parlament üzvlərinin
adını daşıyan küçələr var.
Tarixçilər, bütövlükdə oxucular
üçün də maraqlı ola biləcəyini
düşünərək onların bəziləri ilə
oxucuları tanış etmək istərdim.
Mirzə Səlim Axundzadə
1985-ci ilin yay aylarından biri idi. Ömrünün
yarıdan çoxunu Azərbaycanın müxtəlif
rayonlarında mühəndis-geoloq işləmiş, söz-sənət
sahibi İshaq Axundzadə məsul katib işlədiyim
"Leninçi" (indiki "Lənkəran") qəzeti
redaksiyasına gəlmişdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin
ilk yaradıcılarından biri, əmisi Hacı Mirzə Səlim
Axundzadə haqqında xatirələrini və əlyazmasını
mənə təqdim etdi. Sovetlər dövründə həmin
əlyazmanı olduğu kimi dərc etdirmək mümkün
deyildi. Bu gün yaddaşımı bir daha vərəqləməklə
makinada yazılmış və qatı çoxdan
saralmış vərəqləri yenidən nəzərdən
keçirməli oldum.
İshaq Axundzadə qeyd etdi ki, əmisi Hacı Mirzə
Səlim Axundzadə 1872-ci ildə Lənkəran şəhərində
anadan olub. Atası Mirzə İsmayıl Qasir
tanınmış şair və maarifçi idi. Hacı Mirzə
Səlim ilk təhsilini atasının Lənkəranda
açdığı "Üsuli-cədid" məktəbində
almışdı. Sonra Lənkəranda rus gimnaziyasını
bitirib, bir müddət şəhər polis idarəsində,
sonra isə Əsgər xan Talışinskinin yanında
katiblik etmişdi. Çox keçmədən Lənkəran
mədrəsəsində, Ərdəbil, Zəncan və nəhayət,
Nəcəfdə mükəmməl dini təhsil
almışdı. Həmin illərdə Həcc ziyarətinə
getmiş, təhsilini bitirdikdən sonra Türkiyə və
bir sıra Avropa ölkələrinə səyahətə
çıxmışdı.
Lənkərana qayıtdıqdan sonra bir müddət
axundluq edir. Dinin əsaslarını təhrif edən bəzi
mollalar və onların himayədarlarının
davranışlarına qarşı etiraz olaraq axundluqdan
uzaqlaşır və müəllimliyə başlayır.
1911-ci ildən 1916-cı ilədək Lənkəran şəhər
gimnaziyasında islam dini, şəriət və fransız
dilindən dərs deyir.
İshaq Axundzadə sözünə davam edərək
dedi ki, əmim Hacı Mirzə Səlim Axundzadə 1916-cı
ilin əvvəllərində yenidən Türkiyəyə
gedib. Rusiyada 1917-ci ildə fevral burjua inqilabından dörd ay
sonra, yəni iyun ayında Vətənə qayıdan Hacı
Mirzə Səlim Müsavat Partiyasına üzv olur.
İnqilabın təsiri ilə hər yerdə olduğu kimi,
Lənkəranda da siyasi və ictimai canlanma
başlamışdı. Hər məhəllədə icraiyyə
komitələri təşkil olunurdu. Bu təşkilatları
vahid bir mərkəzdə birləşdirmək
üçün Hacı Mirsəmidin evində böyük bir
yığıncaq çağırılır.
Yığıncaqda 200 nəfərdən artıq yerli
ziyalı iştirak etmişdi. Hacı Mirzə Səlim Axundzadə
bu yığıncaq barədə yazırdı:
"İspolnitelnı komitet" (İcraiyyə Komitəsi -
red.) təşkil etmək üçün Mirzə İshaq
Mövsümzadəni katib seçdik. O, irəli sürülən
namizədlərin adlarını qeydə aldı. Sonra gizli səsvermə
yolu ilə 7 nəfər seçildi: Hacı Rza Qurbanov, Mirzə
Vahab Məmmədov, Musa bəy Nurullayev, Qulamhüseyn Məmmədov,
Mirzə İshaq Mövsümzadə, Xudaverdi bəy Kələntərov
və bəndəniz Hacı Mirzə Səlim Axund Axundzadə.
Bu yeddi nəfər bir komitə təşkil edib, hamıdan
çox səs alan mən Mirzə Səlimi sədr, Mirzə
İshaq Mövsümzadəni katib, bir nəfər sədr
müavini, bir xəzinadar və üç üzv təyin
edildi. Bu təşkilat şəhərdə asayişi təmin
etməyə və bəzi təşkilati işlərlə məşğul
olmağa başlamışdı".
1918-ci il yanvarın 9-da Bakıdan teleqram gəlir ki,
"Müsavat"ın Lənkəran təşkilatından
bir nəfər rus dilini bilən kəs ayın 10-da Bakıda
olmalıdır ki, Tiflisə gedib orada erməni və
gürcülərlə birlikdə Seymin işində
iştirak etsin.
Hacı Mirzə Səlim Axundzadə bu barədə
xatiratında belə yazır: "Mən təklif etdim ki,
Ağa Məmmədli getsin. Lakin təşkilat üzvləri
mənim getməyimi məsləhət gördülər.
1918-ci il yanvarın 10-da Bakıya gəlib "Açıq
söz" idarəsinə getdim və "Xeyriyyə"də
sakin oldum. Məhəmməd Əmin Rəsulzadə məni
görcək ehtiram göstərdi. Həmin axşam saat 8-də
qatarla Bakıdan Tiflisə yola çıxdıq. Heyətimizdən
adları yadımda qalan yoldaşlar bunlardır: Məhəmməd
Əmin bəy Rəsulzadə, Xəlil bəy Xasməmmədov,
Məhəmmədhəsən bəy Hacinski, Mehdi bəy
Hacıbababəyov, Cavad bəy Məlikyeganov, Mehdi bəy
Mustafabəyov, Mahmudov, Məmmədyusif Cəfərov, Fətəlixan
Xoyski, Doktor Həsən bəy Ağayev, İslam bəy
Qobulov. Gəncədə Yusif bəy Nəsibbəyli vaqona
minib bizə qatıldı. "İttihad" firqəsindən
Soltanməcid Qəniyev, doktor Miryaqub və Heybətulla bəy
də bizimlə idilər. Qatar yavaş hərəkət
edirdi. Hər bir münasib bir yerdə dayanıb burada toplanan
camaat üçün müvafiq nitqlər edilirdi. Yanvarın
12-də Tiflisə varid olduq".
1918-ci il fevralın 23-də Zaqafqaziya Seymində yeni
dövlətimizi "Azərbaycan Cümhuriyyəti"
adlandırmaq qərarını imzalayan on ikinci millət vəkili
Hacı Mirzə Səlim Axundzadə idi: "Tiflisdə iş
belə oldu ki, hər üç millət ayrılıb
özlərini müstəqil respublika elan etdi. Biz
"Oriyent" mehmanxanasında qalırdıq. Bizim 28 nəfərdən
ibarət olan və Seymin işlərində iştirak edən
heyətimiz orada müşavirə keçirib, Qafqazın bu
qiymətli diyarını "Azərbaycan Cümhuriyyəti"
adlandırmağı qərara aldıq".
Qeyd edim ki, həmin tarixi hadisə ilə əlaqədar
"Azərbaycan" qəzetinin 14 noyabr 1991-ci il tarixli
nömrəsində Mirzə Səlim Axundzadə haqqında məqaləm
də dərc olunub. Yazıda deyilir: "Belə bir vaxtda ermənilərlə
müsəlmanlar arasında münaqişə daha da kəskinləşmişdi.
Seymin işində iştirakçı müsəlmanlar
kömək üçün Türkiyəyə müraciət
etməyi qərara aldılar.
Türkiyə Nazirlər Kabinetinin bəzi üzvləri
bildirdilər ki, Lenin Qars və Ərdahanı Türkiyəyə
qaytardığı üçün Türkiyə qoşunu
Rusiyanın daxili işlərinə müdaxilə etməməli
və Qafqaza girməməlidir. Lakin Tələt paşa ilə
Ənvər paşa etiraz edib deyirlər: "Erməniləri
buraxmaq olmaz ki, Qafqazda müsəllah surətdə bizim müsəlman
qardaşlarımızı qırıb fəna edəndən
sonra oradakı ana və bacılarımızın namusuna təcavüz
etsinlər. Necə olur-olsun, qafqazlıların müavinət
və imdadına qoşun göndərmək lazım və
vacibdir".
Ənvər paşa qardaşı Nuru paşanı və
əmisi Xəlil paşanı 25 min nəfərlik qoşunla
Qafqaza göndərir. Gürcülər qoşuna yol vermirlər.
Nuru paşa yolu dəyişərək başqa tərəfdən
Gəncəyə daxil olur. Buradan dörd min türk əsgəri
Hacı Mirzə Səlim Axundzadənin müşayiəti ilə
Zəngəzura tərəf hərəkət edir. Məqsəd
ermənilərin mühasirəsində olan müsəlmanları
azad etmək idi. Mirzə Səlim Axundzadə
tapşırığı yerinə yetirir. Beləliklə, Zəngəzurda
əmin-amanlıq yarada bilir. Ona görə də yerli camaat
onu Azərbaycan Cümhuriyyəti parlamentinə deputat
seçir.
Mirzə Səlim Axundzadə 1918-ci il mayın 26-da
yaranmış Azərbaycan Milli Şurasının
üzvü idi. Mayın 27-də Qafqaz canişini sarayına
toplaşmış müsəlman nümayəndələri
yaranmış siyasi vəziyyəti müzakirə edirlər.
Azərbaycan Milli Şurasının rəyasət heyəti
seçilir. M.Ə.Rəsulzadə onun sədri olur. 1918-ci il
mayın 28-də İstiqlal Bəyannaməsini dinləyən
Şura üzvləri sırasında Mirzə Səlim Axundzadə
də var idi.
Söhbətimiz zamanı İshaq Axundzadə bildirdi
ki, Hacı Mirzə Səlim Axundzadə 1914-cü ildə
Teymur bəy Qulubəylinin qızı Münəvvər
xanımla ailə qurub. Onların Ayişə (Məsmə) və
Cəmilə adında iki qız övladı olub. Lakin Mirzə
Səlim 1920-ci ildə mühacirət etdikdən sonra
böyük qızı 1921-ci ildə, kiçik qızı
1923-cü ildə rəhmətə gedib. Mühacirət
dövründə Mirzə Səlim Axundzadənin Məhəmməd
Əmin Rəsulzadə ilə bəzi görüşləri
olub. O, Əfqanıstanı və Türkistanı
dolaşandan sonra İranda məskən salıb. 1924-cü ildə
qaynı Məşədi Ağa bəy öz
bacısını, yəni M.S.Axundzadənin həyat
yoldaşını Lerik yolu ilə onun, yanına - Ərdəbilə
aparır, özü isə Lənkərana qayıdandan sonra həbs
edilir. Hacı Mirzə Səlimin İranda iki oğlu olub.
Böyüyü İsaq (Rövşən) 1927-ci ildə,
kiçiyi Zahir 1930-cu ildə dünyaya gəlib. Bir müddət
Ənzəli şəhərindəki hökumət mədrəsəsində
müəllimlik edib. 1930-cu il dekabrın 15-də 58
yaşında İranda dünyasını dəyişmiş
Hacı Mirzə Səlim Axundzadənin qəbri Ənzəlinin
"Laləzar" qəbiristanlığındadır.
(Ardı var)
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
525-ci qəzet.- 2024.- 22
fevral, ¹34.- S.10.