"Bizdə kino sahəsi
ağsaqqalsız qalıb"
Kamal Yaşar: "Elə rejissorlar tanıyıram ki,
dövlət şərait yaratsa belə, yüksək səviyyədə
film çəkmək bacarıqları yoxdur"
Bu gün mədəniyyət sahəsində ən
çox müzakirə olunan məsələlərindən
biri də Azərbaycan kinosunun mövcud durumudur. Kinorejissor,
dublyaj aktyoru Kamal Yaşar ilə söhbəyimiz də elə
bu mövzudadır.
- Kamal bəy, sizcə,
müasir dövrdə kino bazarının əsas tələbi
nədən ibarətdir?
- Əgər kino
sferasında formalaşmış bir toplum olsaydıq, bizim təkliflərimiz də, tələbimiz
də olardı. Amma bir az sərt səslənsə də, deməliyəm
ki, biz nə istədiyimizi
bilmirik, formalaşan toplum hərdəmxəyaldır, nə
istədiyini bilməyən bir toplumun əhatəsindəyik.
- Bir neçə ay öncə videoformatda ölkə
ictimaiyyətinə müraciət edərək kino və
dublyaj sahəsində mövcud olan ciddi problemlərə
toxunmuşdunuz. Müraciətdən sonra həyatınızda
dəyişən nəsə oldumu?
- Mənfi mənada dəyişən o oldu ki, altı
ay hər kəs məndən uzaq gəzdi, işsiz qaldım və
həmin müddətdə xeyli borcum yarandı.
Müsbət tərəfinə gəlincə, bir sənətçi
kimi məni narahat eləyən məsələləri
açıqlaya bildiyimə görə özümü
vicdanım qarşısında rahat hiss edirəm.
Düzdür, bu müddətdə dərhal dəyişən
nəsə olmayıb, amma inanıram ki, bundan sonra çox şey dəyişəcək.
- Peşman deyilsiniz ki?
- Xeyr, peşman deyiləm. Sadəcə gülüb
keçirəm. Dost bildiyim bir çox insan məndən uzaq
durdu. Düşünürəm ki, nəsə qazanmaq istəyirsənsə,
nəyisə qurban verməlisən. Uzun illər müxtəlif
televiziya və radiolarda layihələr həyata
keçirmişəm. Hesab edirəm ki, bu layihələrin
insanlara, cəmiyyətə, balalarımıza faydası dəyib.
Mən bu işləri görərkən heç vaxt
qarşılıq gözləməmişəm.
Düşünürəm ki, həyatda olduğu yerinə
görə Allah hər kəsi mükafatlandırır. Əgər
Allah səni şərəfləndirib yaradıbsa, sən də
öz əməlinlə olduğun yeri işıqlandırmalı, gözəlləşdirməlisən. Bu, mənəvi öhdəlik, mənəvi
borc kimidir.
Belə götürəndə o qədər də
böyük bir gözləntimiz olmasa da, hər halda bizim
üçün nələrsə edə bilərdilər. Həm
də bu, çox asan bir şeydir. Ümumiyyətlə, mədəniyyət
sahəsini idarə edənlər dövlət konsepsiyasına
uyğun olaraq insanları, yaradıcı şəxsləri
tanımalıdırlar. Bu vaxta kimi
"Space" radiosunda "Şeir mənim
üçün", "Mədəniyyət"
kanalında "Kino kitab" layihələri, balaca uşaqlar
üçün müxtəlif verlişlər
hazırladıq. Modern dünyada dəyişən tendensiyalara
uşaqların həssaslığını artırmaq
üçün müxtəlif mövzulu hekayələri
özündə cəmləşdirən bir animasiya layihəsinə
başlamışıq. Bu işləri gedib başqa bir
ölkədə görsəydim, artıqlaması ilə
qonararımı alardım. Amma "Qoy bizim balalar xoşbəxt
olsunlar" deyib üstündən keçirəm. Mən həm
özümə, həm cəmiyyətdə fayda verə bilirəmsə,
nə xoş mənə. Qiymət mənim üçün
elə də mühüm deyil.
- Amma qiymət verməyəndə adam həvəsdən
düşür.
- Mən həvəsdən düşmürəm.
Lakin mədəniyyət sahəsində bu işləri
görürəmsə və hansısa bir qurumu öz
böyüyüm kimi qəbul edirəmsə, onlar də
öz böyüklüyünü mənə göstərməlidirlər.
- Belə bir deyim var, rejissorlar 50 yaşdan sonra daha
gözəl filmlər çəkirlər.
Razılaşırsınız?
- Bu fikirlə qismən razıyam. Sırf əlli rəqəminin
üstündə durmasaq da, yaş artdıqca insanın
düşüncəsi formalaşır. 30 yaşım olanda
"Dan yeri" filmi çəkdik. Həmin film çəkəndə
çox dərin bir ümid var idi məndə. Böyük
planlar qururdum. Həmin ərəfələrdə kinostudiyada
üç dəfə direktor dəyişdi və film bir
qıraqda qaldı. Ancaq bu yaxınlarda yutuba qoya bilmişik
onu. Əvvəllər buna məyus olurdum, lakin sonra bu, məni
sevindirdi. Adam düşünəndə anlayır ki, bu
dünya təkcə səndən ibarət deyil. Ondan sonra
çox şeyə görə şükr elədim ki, nə
yaxşı ki olmadı. Çünki orda böyük xətalar
edə bilərdim. Hazırkı məqamda özümü
çox yaxşı hiss edirəm. Yaş artdıqca həssaslıq da çoxalır.
Amma yenə də düşünürəm ki, əlbəttə,
kiminsə fürsəti varsa, gənc vaxtı çəksin və özünü ifadə eləsin.
Lakin kimsə yaşına görə bundan narahatdırsa,
narahat olmasın. Rejissor kimi mən bizim cəmiyyətin tələbini
hiss edə bilmirəm. Qeyd edim ki, həm də rejissor kimi
davamlı film çəkmək komfortum yoxdur. Bizim cəmiyyətdə
rejissor kimi ancaq acından ölmək olar. Təəssüf
ki, bu qədər çılpaq bir həqiqətlə
üz-üzəyik. Rejissor olsam da, yaxşı ki digər
bacarıqlarım da az deyil. Fəaliyyətimi televiziyada, teatrda,
radioda, mətbuatda şaxələndirə bilmişəm.
Yoxsa münasibətlər sisteminin məhv olduğu yerdə
rejissor kimi fəaliyyət göstərib yaşaya bilməzdim.
Ölkəmizdə dövlət dəstəyi ilə çəkilən
filmlər adətən çox problemli olur. Ömrün sonuna
kimi ancaq rejissor kimi qalmaq istəyirsənsə ya xəstə
düşməlisən, ya da dəli olmalısan.
- Sizin sözünüzdən belə
çıxır ki, bizim filmlərin dünya səviyyəsinə
çıxmamasının səbəb qurumların lazımi
dəstək göstərməməsidir?
- Bu, bir az da həssas mövzudur. Elə rejissorlar
tanıyıram ki, dövlət şərait yaratsa belə,
yüksək səviyyədə film çəkmək
bacarığı yoxdur. Düşünürəm ki, əsl
Azərbaycan filmləri sovet dövründə qalıb. Kino
cavan sahədir və bizim kinonun parlaq dövrü sovet dönəminə
düşdü. Məsələn, bu gün dünyada
daha çox italyan kinosu,
fransız kinosu, alman kinosu, gürcü kinosu
anlayışları var, amma Azərbaycan kinosu
anlayışı yoxdur. Problem təkcə qurumlarda deyil, həm
də yaradıcı adamlardadır. Mənə elə gəlir
ki, bu gün ölkəmizdə kino sahəsi ağsaqqalsız
qalıb. Rəsmi idarəçilikdən əlavə, mənəvi
olaraq dəstək göstərəcək, bu sahədə
tapşırıqlar verəcək bir adam yoxdur.
- Bayaq filminizin adını çəkdiniz, bəs təqdimat
etməyi düşünmürsünüz?
- 2019-cu ildə Milli kino günü qeyd edilərkən
həmin film də nümayiş olundu. Lakin o film festival həyatı
yaşamadı. Mənim narahatlığım onda idi. Yəni
o film sadəcə çəkildi, uzun müddət qıraqda
qaldı və indi yutuba qoyuldu. Dövlət sifarişli film
idi deyə, təqdimatı da dövlət səviyyəsində
təşkil olunmuşdu.
- Nə qədər qonorar aldınız?
- Açıqlaya bilməyəcəyim qədər az
idi.
- Son dövrlər çəkilən yerli filmlər
qane edir sizi?
- Kinostudiya film istehsal eləmir, bu da ayrıca bir
problemdir. Bu sahədə olan insan yeniliklərlə
maraqlandırmalıdır. Son dövrlər çəkilən
heç bir filmə baxmamışam. Bu gün bizdə kino bazarı
canlı deyil, bu sahəni canlandırmaq lazımdır.
- Bəs gələcəklə bağlı hansısa
layihələriniz, planlarınız varmı?
- Bir layihəm var, hazırda dəstək axtarmaqla məşğulam.
Fiziki məhdudiyyətli bir idmançı haqqında film
çəkmək istəyirəm. Hekayə real motivlər əsasındadır.
Oradakı qəhrəmanın hekayəsi həddindən
artıq motivasiyavericidir. Bu, elə bir hekayədir ki,
bütün cəmiyyətə, insanlara, dünyaya lazım
ola bilər. Amma maddi dəstək üçün gedib
hansısa bir şirkətə müraciət edə bilmirəm,
heç etmək fikrim də yoxdur.
- Filmin çəkilişlərinə
başlamısınız?
- Xeyr, bundan əvvəl də bir layihəm var idi, o da
maddi məsələyə görə yarımçıq
qaldı. Pul olmadan başlasam, planlar yarımçıq
qalır.
- Bəs niyə əlaqədar qurumlara müraciət
etmirsiniz?
- Düşünürəm ki, əgər niyyətim
təmizdirsə, doğrudursa və eşidilməlidirsə,
demək, eşidiləcək.
- Söhbəti nikbin notla bitirək deyirəm. Ona
görə də belə bir sual: siz həm də qiraətçisiniz,
heç olubmu ki, ilhamlanıb nə vaxtsa şeir
yazasınız?
- Məktəb illərində
çox şeir yazmışam. Uşaq təxəyüllü
ilə yazdıqlarım idi. Hazırda ssenari və hekayələr
yazıram. Əgər bir işi məndən daha yaxşı
görənlər varsa, bu işi onlar görməlidir. Bir
çox şairlər yaxşı şeir deyə bilmədiyi
kimi, əksər qiraətçilər də yaxşı
şeir yaza bilmirlər. Məsələn, Nazim Hikmət
çox gözəl şeirlər yazıb, amma qiraəti yox
idi, səsi şeir üçün uyğun deyildi. Onlar
uğurlu yaza bilirlər, biz də uğurlu səsləndirə
bilirik.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2024.- 24
fevral, ¹36.- S.19.