Bir çarmıxda iki İsa - Mənsur Həllac və Şərq  

 

 

Mənsur Həllac deyəndə ağıla birinci "Ənəl Həqq" anlayışı, ikinci də Vəhdətül-vücud elmi gəlir. Çoxumuz elə bilirik ki, Həllacın öldürülmə səbəbi də həm "ənəl həqq" ifadəsidir, həm də bu edamın başqa bir səbəbinin vəhdətül-vücudun aşıladığı asi fikirlərdir. Lakin nəzərə almalı olduğumuz iki şey var:

Birincisi, "Ənəl Həqq" anlayışının vəhdətül-vücud elmi ilə heç bir əlaqəsi yoxdur.

İkincisi, Mənsur Həllacı "Ənəl Həqq" fikrinə görə öldürmədilər.

Həllacı niyə öldürdülər?

Məşhur "Tarixi Bağdat"da Həllacın öldürülməsi haqqında geniş izahlar var. Onun edamı haqqında danışarkən ikinci məhkəməsindən başlayırlar. Çünki bu məhkəmədə tərəflər arasındakı qarşıdurma bir az da gərginləşir və Həllac davasının ilk qurbanı verilir.

Mənsur Həllacın məhkəməsində hakim kimi birbaşa Abbasilərin vəziri Həmid iştirak edirdi. Dərvişi onun qarşısına əli-ayağı zəncirlə bağlanmış şəkildə gətirirlər. Məhkəmə başlamadan Həmid Həllacdan inancının əsaslarını yazılı şəkildə məhkəməyə verməsini tələb edir. "Tarixi Bağdat"ın yazarı bu prosesin gerçəkləşdiyini, Həllacın bir neçə cümlə ilə inancını ifadə etdiyi yazını məhkəməyə verdiyini yazır. Verilən yazı parçasını bütün üləmalara göstərirlər. Hamısı belə bir dini inancı rədd etdiklərini deyir, birindən savayı - İbn Ata. O, yazılanları oxuyur və təsdiqləyir:

- İslam nöqteyi-nəzərindən tam doğrudur. Mənim də inancım budur. Bunların əksini iddia edənlərin isə inancsız olduğunu düşünürəm!

Vəzir İbn Atanın sözlərinə qəzəblənir və bağırmağa başlayır. Ata isə Vəziri daha çox alçaldan ifadələr işlədir:

- Sənə nə var dindən?! Elə din dərdi çəkənsən, get xalqın ruzisindən kəsdiyin pulları, qətl etdirdiyin adamların ahını hesabla!

İbn Ata vəzirin əmri ilə ağzından qan gələnə qədər döyülür və elə ikicə gün sonra o vəziyyətdə də öldü. İbn Ata Mənsur Həllac davasının ilk qurbanı oldu.

920-ci ildə baş tutan edama aparan ikinci məhkəmə Həllacın bu sözləri ilə bitmişdi:

"Allahlıq və ya peyğəmbərlik iddiasından Allaha sığınıram. Mən bütün dindarlardan daha çox namaz qılan və oruc tutan biriyəm. Bu qədər".

Bu məhkəmədən sonra Həllacın allahlıq iddialarının üstündə dayanılmadı. Onu tamam başqa bir ittihamla həbsdə saxladılar. Abbasilər Həllacın müxalif olduğunu, dövlətin qanunlarına qarşı gəldiyini, bəzi vacib İslam qanunlarını çeynədiyini iddia edirdi. Belə ki, Həllac bir çox sufi dərvişlər kimi Həcc ziyarətinin vacib olmadığını, bir dindarın öz yaşadığı şəhərdə fəqirlərin ehtiyacını ödəyə bildiyi təqdirdə Məkkə ziyarətinə getməsinin o qədər də mühüm olmadığını dilə gətirirdi. "Bədən Kəbəsinin yıxılması" risaləsini də Həllac Həsən əl-Bəsrinin "İhlas" adlı başqa bir risaləsi ilə izah edirdi. Beləliklə, Mənsur Həllac Abbasilərin anarxist müxalifətçisi, din düşməni və İslamın vacib əməllərini saymayan, Peyğəmbərin dediklərini inkar edən dəccal elan edildi. Elə "dəccal" damğası ilə də edam olundu.

Yeri gəlmişkən, İslam dünyasında müsəlmanlar tərəfindən beş tarixi şəxsiyyət dəccal elan olunub: Məhəmməd peyğəmbər, İmam Əzəm, Mənsur Həllac, Səlahəddin Eyyubi və Mustafa Kamal Atatürk. Məhəmməd peyğəmbər və Səlahəddin Eyyubi xristianlar tərəfindən, digər üç zat isə müsəlman dindarlar tərəfindən şeytanın qulluqçusu adlandırılıb.

Mənsur Həllacın edamı, bəzi tarixçilərin yazdığına görə, bir gün boyu davam edib. Bəzi sufi qaynaqlarında isə edamın düz üç gün çəkdiyi yazılmaqdadır. Bütün hallarda ortaq fikir budur ki, Abbasilər iqtidarı camaata görk olsun deyə Həllacın cansız bədənini parça-parça edib səpələdilər. Bəzi qaynaqlarda hətta yandırıldığı və küllərinin Dəcləyə sovrulduğu da yazılır.

"Ənəl Həqq" anlayışı və

Vəhdətül-vücud

Vəhdətül-vücud elminin ilk prinsiplərini Həllacdan oxusaq da, bu haqda ən konseptual fikirləri Ərəbinin "Vəhdətül-vücud" əsərində görürük. İslam ensiklopediyalarında da bu elmin ilk yazarı, araşdırmaçısı məhz odur. Bəs Həllacı Həllac edən "Ənəl Həqq" fikri ilə vəhdətül-vücud birdirmi?

Qəzali yazır:

"Hər şeyin iki üzü vardır: Rəbbinə baxan və özünə baxan. Və hər şey özünə baxan üzüylə yoxluğu, Rəbbinə baxan üzüylə isə varlığı görür. Məhz buna görə də, ariflər həqiqətə çatanların "mütləq Bir"dən başqa heç nə görməyəcəklərinə yetkil qərar veriblər. Belə bir təhlükəli həqiqətə varmaq bəziləri üçün övliyalığı, bəziləri üçün isə mənəvi zövq və halı gətirir. İkincilər bəzən hətta Allahı da tanımaz hala düşürlər. Bu elə bir eşqdir ki, əvvəlcə özlərindən, sonra Allahdan da keçirlər..."

Təsəvvüf tarixinin nəhənglərindən olan və məşhur Qədiri təriqətinin qurucusu Əbdülqədir Geylani Həllac haqqında:

"...Həllac eşq yolunu... elə bir səviyyədə keçdi ki, bu dərəcənin vəfalıları üçün yolun sonu... Allahda fani olmaq idi..."

Məşhur sufi yazar Quşeyri isə "Ənəl Həqq" haqqında bunları yazırdı:

"Əlbəttə bu, haqqın kəlamıdır. Bu o qədər incə bir cizgidir ki, keçənlər ya haqqa vaqif olurlar, ya da əksinə, haqdan qaçırlar. Belə vəziyyətdə onlar ya "Ənəl Həqq", ya da "Sübhani" deyə qışqırırlar. Təbii ki, hər iki kəlam da Haqqın özünə mənsubdur..."

Belə misalları çoxaltmaq olar. Çünki təsəvvüf tarixində həm Həllac, həm də "Ənəl Həqq" mövzusunda sonsuz sayda fikir söylənib. Lakin yuxarıdakı iki mütləq fikir vəhdətül-vücudla ənəl-həqqin fərqini sadədən sadə izah edir.

Vəhdətül-vücud Allahın bir parçası olduğumuzu, yaradılanların və yaradılacaqların hamısında ondan bir hissə olduğunu deyir. Həmin fikri isə müxtəlif prinsip və qaydalarla izah edir. Bu qaydalar da təriqətlərə, mədrəsələrə, şəhərlərə, ocaqlara görə dəyişir. Fərqli yollarla gəlsələr də, hamısının ortaq nöqtəsi təkcə Allaha işarə etməkləridir. İnsanın vücudu da, əşyaların forması da sadəcə Allahı andırır. Mütləq həqiqət Odur. Aristotelin miladdan əvvəl yazdığı "İlk və Tək Səbəb" anlayışı İslamda "mütləq Həqiqət" kimi yenidən qarşımıza çıxır. Məhz bu fikri də təsdiqləyən elm Vəhdətül-vücuddur. "Ənəl Həqq" isə Allaha olan inancın, güvənin ruhdakı trans vəziyyətidir. Bu vəziyyətdə artıq Allahı da tanımırsan. Müsəlman dünyasında ənəl-həqq fikrini müdafiə edən çox az mürşid var. Hətta Vəhdətül-vücuda söykənən və ən asi təriqət kimi anılan Hürufilərin də sadəcə iki seyidi - Fəzlullah və Nəsimi bu fikrin üstündə dayanırdılar. "Ənəl Həqq" deyənlər, əlbəttə, ortodoks İslamla bərabər, Vəhdətül-vücudu da öyrənirdilər. Lakin hər vəhdətül-vücudçu "Ənəl Həqq" deyəcək qədər özündən keçmir.

Mənsur Həllac haqqında istər Qərbdə, istər Şərqdə hər iki anlayışın mənbəyi kimi bəhs olunur. Bilinən isə odur ki, dünyanın yenidən rəqəmlərə və hərflərə, çox ölçülü fəza sisteminə keçdiyi bir dövrdə Həllacı təkrar oxumaq gələcəyin keçmişi haqqında düşünməkdir.

 

Rəvan CAVİD

525-ci qəzet.-  2024.- 24 fevral, ¹36.- S.17.