Azərbaycanın və muğam dünyasının Arifi  

Ustad xanəndə Arif Babayevin 86 yaşına

 

 

Nə qədər ömrüm var, onun özü ilə də, səsi ilə də öyünəcəyəm. Çünki o, o gözəl kəndimizin, kəndimizin o böyük kişilərinin yadigarıdır. Çünki onun məxmər səsi məxmər Qarabağımızın, Ağdamımızın, Sarıhacılımızın, Kötəlimizin... səsidir.

Uşaqlığımdan unutmadığım çox şey var. Əslində, o illərlə bağlı hər şey yadımdadır. Və xatirimdə olanlar elə təkrarsız, elə əzizdir ki! Hər xatırlayanda sevindirir, kövrəldir, ağladır, yandırıb-yaxır...

Bazar günlərinin ayrı özəlliyi vardı ailəmiz üçün. Bu, sadəcə istirahət günü deyildi. Səhər tezdən oyanar, bacılarımla iş-gücdə anama kömək edər, ev-eşiyi, həyət-bacanı "gül-çiçəyə" döndərərdik. Sarı samovarın həzin "nəğməsi" isə nahardan xəbər verərdi. Qış aylarında bu samovar artırmada qoyulardı. Yay aylarında isə onun yeri irigövdəli, qollu-budaqlı tut ağacının altında açılan süfrənin yuxarı başı idi. Hələ də göz yaddaşımda donub qalan atlas yarpaqlı o tut ağacı təkcə bal kimi şirin meyvəsi ilə yox, məhz hər gün dibində zümzümə edən o sarı samovarı ilə də həyatımızın bir parçası idi... Ailəliklə süfrə başına yığışardıq. Bazar naharının bir mənəvi qidası da vardı: "Muğamat konserti". Rəhmətlik atam nə qədər val alsa da, hər bazar günü radioda "Muğamat konserti"ni səbirsizliklə gözləyərdi. Arif Babayev oxuyanda isə onun üçün ikiqat bayram olardı. Çünki o səs dostunun səsi idi, o səs kəndimizin səsi idi, o səsin sahibi kəndçimiz idi. Evləri bizdən iki-üç yüz metr aralı olardı. Hər konsertdən sonra atam: "Səs deyil ey, maşallah, baldı, bal. Pəsi də, zili də gözəldi. Belə oxuyarlar ey!.." deyərdi. Sonra da fəxrlə dostundan danışardı. Deyərdi ki, Arifin atası İmran kişinin də məxmər kimi səsi vardı, amma heç vaxt oxumadı. Heç Arifin xanəndə olmasını da istəmirdi. Arif isə böyüyəndə hamını heyran edən səsini də götürüb getdi Bakıya, sonra da oldu bütün Azərbaycanın Arifi...

O, təkcə bizim ailənin yox, bütün kəndin fəxri idi. Hətta o vaxt dillər əzbərinə dönən bir hadisəni də heç vaxt unutmuram. Kəndimizdə Sərvinaz adlı nurani, ailəcanlı bir qadın vardı. Bir bazar muğamat konsertində yenə Arif Babayev oxuyurmuş. Rəhmətlik Sərvinaz xala uşaqlara deyir ki, bəs radionu söndürün, dədəniz gələndə açarsınız, o da qulaq asar...

Onda kənddə tək-tük ailələrdə televizor, radio vardı. Televizoru, radiosu olanların da qapısı taybatay açıq olardı olmayanlara. Bu sehrli qutular məni də ovsunlamışdı. Amma heç ağlıma da gəlməzdi ki, nə vaxtsa taleyim məni də teleradioya bağlayacaq, mənim də səsim o sehrli qutulardan gələcək. Və o sehrli qutularda, həm də Arif Babayevdən danışacağam...

Mən onu heç kəndimizdə görmədim, Bakıda gördüm. Hər görəndə də, sanki kəndimizə gedib-qayıtdım, atamla görüşdüm, əzizlərimi ziyarət elədim. Hər dəfə də atamı soruşdu, atamı xatırladı, "yaraşıqlı, qeyrətli dostum Həmdəmin yadigarı" dedi mənə. Atamın tək oğlundan sonra özünə qəsd etdiyini eşidəndə isə necə sarsılmışdı! Adımın yanında atamın yox, onu "öldürən" qardaşımın adının yazılması necə ağrıtmışdı onu!..

...O, muğamın canlı əfsanəsidir. Çox ilkə imza atıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin ilk muğam müəllimi olub, indiki Bakı Musiqi Akademiyasına da ilk muğam müəllimi kimi işə qəbul olunub, ilk muğam professoru adını alıb. Bir şərəfli missiyası da olub həmişə. Hələ ötən əsrin 80-ci illərində sənət dostları ilə birgə "əldə çıraq, ayaqlarında çarıq" Azərbaycanı dörd dolanıb, istedadları üzə çıxarıb. Heydər Əliyev Fondunun dəstəyi ilə ardıcıl keçirilən Muğam Televiziya Müsabiqəsinin münsifi kimi də çox iş görüb. Xanəndəlik sənətinin inkişafında öz sözünü deyib, öz məktəbini yaradıb...

...İpək kimi səsi ilə "Segah"a möhür vurub, "Şur"a, "Qarabağ şikəstəsi"nə yeni nəfəs verib. Hələ cavanlığında lentə yazdırdığı "Segah" sənət taleyinin ən parlaq səhifəsidir, "Segah"ın Arif Babayev zirvəsidir. Həm də bir dərd dağıdır, məncə. Bəs gənc Arifi dərd dağına çəkən nə imiş görən? Ağrımasa, ağrı dağına çıxmaz insan!.. Bunu sonralar anladım. Sanki doğma yurdun ağrılı günləri agah olubmuş ona və ağı deyibmiş Qarabağına...

"Məcnun"u da təkrarsızdır...

Bu gün məqsədim ona tərif yağdırmaq deyil. Onsuz da səsini nə qədər öysəm də, heç o səsin bir zənguləsinə dəyməz, düşünürəm. Arif Babayevin ən gözəl tərifini sənət dostu, muğam xiridarı Əlibaba Məmmədov verib: "Elə bir dövr idi ki, Məcnun tapılmırdı, onu Ağdamdan gətirdilər. Düz 30 il sərasər Opera və Balet Teatrının səhnəsinə Məcnun kimi çıxdı. Arif nələr etməyib bizim üçün? İkinci Arif yoxdu..." "Leyli"ləri də etiraf edirdilər ki, Arifin "Məcnun"undan yoxdur...

70 illik yubileyi ilə bağlı müsahibəni də elə "sənət məbədi" adlandırdığı Opera və Balet Teatrının səhnəsində almışdım ondan. Yubileyindən çox illərdir özünün də, səsinin də perik düşdüyü Qarabağdan, Ağdamdan, Sarıhacılıdan danışmışdı: "Həmişə, hər yerdə hörmət görmüşəm, sayılıb-seçilirəm. Sənət adamına daha nə lazımdı ki? Amma özümü xoşbəxt saymıram, Qarabağ adlı dərdim var. Bu nisgilə son qoyulacağına inanıram. Onda dizin-dizin sürünəcəm qapımıza qədər. Orda ata-anamızın, qardaş-bacılarımızın məzarı var, soyuq məzarı, gözdüyür bizi. "Səs"im də o torpaqdan gəlib, "səs"imi o yurddan gətirmişəm, ora da qaytarmaq istəyirəm..."

80 yaşında da söhbətimizin canı Qarabağ xiffəti, torpaq, yurd həsrəti, nisgilli olmuşdu, yubiley sevincini unutdurmuşdu hər ikimizə...

...Axır ki, hamımızın arzusu çin oldu. Ümidimiz acılara qalib gəldi. Gözünə döndüklərim Qarabağı azad etdi. O da "dərd dağı"ndan enib illərdir gözləri yol gözləməkdən qan çanağına dönən Ağdamına üz tutdu. Xoşbəxt idi - ayaqları torpağının üstündə idi. Amma gördüklərindən üzülmüşdü: nə el-oba vardı, nə yurd yeri, nə də əzizlərinin qəbri. Ermənilər torpağı görməmiş kimi silib-süpürmüşdü, goreşən kimi dəlik-dəlik etmişdi...

...Bir-iki həftə əvvəl yenə ziyarətinə getmişdim, yenə müsahibə alırdım. Doğmasını görürmüş kimi sevindi, çöhrəsi daha da işıqlandı. Bu dəfə Qarabağın, Ağdamın bugünkü növrağından, təpədən-dırnağa yenidən qurulmasından danışdı. "Allah bu günü görməyi qismət elədi bizə. Kaş ki, gedə bilək!" dedi. Gedib ha, amma doymayıb. Kim doyar ki, yurdundan?..

Evdən çıxanda yenə atamı soruşdu:

- Həmdəm nə vaxt rəhmətə getdi?

- 1995-də...

- Vay dədə, vay... Nə tez...

Hə, tez idi, Qarabağdan nigaran getdi...

Allah kəndimizin Qarabağsız bu dünyadan köçən o böyük kişilərinin - Famil Mehdinin, Fikrətin, Həmdəmin, Xürrəmin, Əşrəfin, Həsənin... əvəzinə də Qarabağı doya-doya görməyi nəsib etsin sizə, Arif müəllim!..

 

Firuzə NADİR

525-ci qəzet.-  2024.- 24 fevral, ¹36.- S.16.