Vida sözü

Gülhüseyn Kazımlının xatirəsinə

 

Bu gün atam dostu ilə görüşdü. Gülhüseyn əmi bizim evin əziz qonağı idi. Atam Malik Fərruxla yaxşı, möhkəm dost idilər. İkisi də Qarabağdan, gəncliklərini çətinliklə, yoxluqla keçirdikləri dünyanı mala-mülkə görə yox, sözünə, şeirinə, təbiətinə görə sevən insanlar idi.

Gülhüseyn əmi ilə qəşəng fotolarım da var. Amma indi evdən uzaqdayam, onları paylaşa bilmirəm, 3-7 mərasiminə də gedə bilməyəcəm. Amma sevinirəm ki, vaxtında ona 30 il bundan əvvəl rəhmətə gedən dostunun övladı kimi “Yaxşı ki, Siz atamın dostu idiniz” - demişdim. Həm də nə yaxşı ki, o, doğma Cəbrayılı gördü. Bax, Gülhüseyn əmini o məşhur görüşdəki sevinci, maraqlı söhbəti ilə yadımda saxlayacağam. Bir də onun sözləri unudulmaz. Bu gün payız nəğməsindəki bu sözləri ilə onun ruhuna hörmətimi, sevgimi  çatdırmaq istədim. Övladlarında, nəvələrində yenidən göyərəcək Gülhüseyn Kazımlı sözü... Onsuz da bu dünya dostları ayırıb, sonra görüşdürəndir. Əsas odur ki, görüşdə deməyə sözün olsun. Gözəl sözlü şair, Allah sənə rəhmət eləsin!

 

Uzun gecələrin yaddaşı kövrək,

Çaylar həzin-həzin bayatı çəkir.

Baharda təzədən göyərmək üçün

Payız nəğmələri torpağa əkir.

(“Payız nəğməsi")

 

Günay Malikqızı

525-ci qəzet.-  2024.- 27 fevral, ¹37.- S.16.