Qış günündə yay günəşi
esse
Son həftələr yaman narahatam. Neyləsəm, nə
iş görsəm, beynim elə hey o ladda səslənir,
ürəyim o ritmdə atır, düşüncələrim
qarmaqarışıq qamma halında. Əslində səbəbi
bilirəm, amma özümü aldadıb ayrı sahilə
üzürəm, səhv istiqamətə yollanıram. Elə
bilirsiniz asandı düzünəqulu yol yerimək... Yol o
deyil ki, durub evdən çıxasan, harasa gedəsən, məsələn
işə, görüşə, gəzməyə və s. O
qədər görünməz-bilinməz yollar
çıxır ki, ortaya, qalırsan "nə edim, hardan
gedim" deməyə. Hə, mənim də
narahatlığım işinin peşəkarı olmaqdan əlavə,
üz tutub üstünə gələn adamı öz dilində
dindirməyi bacaran həkimdən yanadır. O həkim ki,
Rentgen şüası kimi içini görüb narahat edən
fikirlərini üzə çıxara, sonra da lap
nağıllardakı kimi əlini uzadıb beynindən o əzabları
silə. Sən də bu qədər vaxtı çəkdiyin
nigaranlığın, çək-çevirin
acısını atıb qış günündə yay
günəşi kimi par-par yanasan sevincindən... Eh...
İnsanı emosiyaları idarə edir, onların biri
də qorxudur. Boynumuzdan atmaqla deyil, bu dünyada qorxduğumuz
çox nəsnələr var - uşaq olanda valideynlərimizdən
qorxuruq, sonra müəllimdən, hələ bu azmış
kimi xəstələnəndə həkimlə qorxudurlar
uşağı. Sonra bu hiss bir az forma və mahiyyətini dəyişir,
mükəmməlləşir, adam ona əziz olan nə və
kim varsa onu itirməkdən qorxmağa başlayır.
Çünki bütün qorxuların kökündə
ölüm qorxusu dayanır...
Platon hörmət və qorxu hissini birgələşdirərək
söyləyirdi ki, hörmət olan yerdə qorxu da olar, amma
qorxu olan yerdə hörmət olmaz.
Qorxu hissinə müxtəlif yöndən yanaşsaq,
onun yaxşı və pis cəhətlərini görərik.
"Qorxu və ümid insanı idarə edən iki alətdir",
onlardan düzgün istifadə etməklə səhv addım
atmaqdan xilas olmaq mümkündür. Hər halda qorxu insani bir
hiss olduğuna görə bunu etiraf etməyən kimsənin də
içində mütləq bir qorxusu olmamış deyil.
Bu gün geniş yayılmış bir xəstəlik
var, adına "panik atak" deyirlər. Bir də
görürsən dağ gövdəli sapsağlam insan
düçar oldu bu xəstəliyə. Nə özü ilə
bacarır, nə də düşdüyü quyudan
çıxa bilir. Fərqli, müxtəlif xəstəliklərin
əlamətlərlə meydana çıxan xəstəliyə
səbəb beyin neyronları tərəfindən təbii
şəkildə ifraz olunan və normalda insanın emosional həyatını
tənzimləyən bəzi hormon maddələrin anormal
işləməsidir. Odur ki, xəstə çox zaman
müayinələrdən də tərtəmiz
çıxır. Amma həyəcan, növbəti hücum
fobiyası onu rahat buraxmır. Müalicələr isə nəticəsiz
qalır...
Deyirlər, hər hadisə bir hekayədir -
yaddaşda dərin iz buraxanı da var, silinib gedəni də.
Ümidlərinin səni tərk etdiyi, həyatının bir
saman çöpündən asılı qaldığı
vaxtlar da olur. İllərin soyuqluğundan heç gözləmədiyin
zaman bir əl uzanır sənə, bir söz kəsir yaman
dilləri, bir baxış yandırıb yaxır şübhələrini...
Qarlı qış gecəsi, neçə gün
yağan qar artıq yolların kənarında qum halında
yığılıb qalıb, gediş-gəlişin səngidiyi
vaxt, vur-tut ikicə sərnişini olan troleybusun
"buynuzları" başından elə aralanır ki... Bir
azdan sürücü soyuqqanlılıqla gözləməyin
yersiz olduğunu bildirir... Mən bu "qumluqda" tənhayam,
gecənin qaranlığı qarın soyuğuna
qarışıb üşüdür məni. Əvvəl
dörd tərəfi nəzərdən
keçirirəm, hələ "axşamdan" olmasına
baxmayaraq, nə gələn var, nə gedən, yollar, səkilər
bomboşdur... Gedəcəyim istiqaməti əlimə yığıb
gedirəm, amma lap Leninin yazdığı "bir addım irəli,
iki addım geri" alınır yerişim...
Qəfil arxadan gələn kişi səsi və
şablon tanışlıq ifadəsi: "Adınızı
bilmək olar?" Bu hardan çıxdı?! Yoluma davam edirəm,
sual təkrarlanır, hələ əlavələr də
edir: "Tanış ola bilərik?" Yenə susuram... Qarşıda hündürboylu,
ağır yerişli bir kişi, bir anlıq içimə
ümid doğur, tək deyiləm! Böyrümcə
addımlayan "cənab"ın da diqqəti mənim
"ümidimdə"dir ki, qəfil qolumdan çəkib
saxlayır və mən var gücümlə qolumu dartıb
onu kənara itələyirəm. Ləngərli kişi geri
dönür, qar işığında gözləri qəzəblə
parıldayır: "Bu qızı tanıyırsan!?" Yox
cavabı gecikmir: "Onda yolunla düz get"
Bax belə, qışın da yay qorxusu var, ilıq hava üzümü
yalayır, ayağımın altında buz qumluq bir andaca mavi Xəzərin
uzanıb gedən sapsarı qumlu sahillərinə
çevrilir. Ayaqlarımı ərköyün ləpələr
qucaqlayır, göydə qızıl Günəşin
şüaları yanaqlarımı oxşayır. Gözlərimi
qıyıb göy üzünə boylanıram,
düşünürəm, hər kəsin tanrısına bir
təşəkkür borcu da var və o tanrı uzaqda deyil...
Deyirlər yenə qış gəlib, unutma, əlinin
hərarəti onun kimin ovuclarında olmasına baxar - isidər
də, üşüdər də...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2024.- 27
fevral, ¹37.- S.15.