Mənim xalça
yaddaşım
anamın yun kilimi, boyaqçı Matan xala
Anam onları göz bəbəyi kimi qoruyub, əzizləyib
həmişə. Çünki əlinin əməyi,
gözünün nuru o naxışlara köçüb.
Birimiz o xalçalara, kilimlərə, cecimlərə laqeyd
yanaşanda, çox pis olur. Yadımdadı, üfürə-üfürə
saxladığı yun kilimi gəlinə pay vermişdi. O da təzə
çıxan İran, Türkiyə xalçalarından
alıb evi döşəmişdi, anamın verdiyi rəngi
solmamış kilimi astanaya ayaq altına salmışdı.
Anam:
- Onun nə əziyyətlə toxunub başa gəldiyini
bilsəydiniz, onu evin baş tərəfinə
salardınız, elə başdansovdu yanaşmazdınız, -
deyə incimişdi.
- Bunlar dəbdən düşüb axı, neynəyim
bəs? - Zəmanə ilə ayaqlaşmaq istəyən gəlin
özünə haqq qazandırmağa
çalışmışdı.
Bəli, onların ikisi də haqlı idi. İndi,
ana-nənələrimizin min bir əziyyətlə toxuduğu
gəbə, palaz evlərdə muzey eksponatı kimi
saxlanılır. Çox evdə izi- tozu da qalmayıb. Qədim,
düşündürücü, göz oxşayan
naxışları ilə adamın üzünə gülən
xalçaların birini də anam mənə cehiz verib. Evimin ən
gözəl əşyası, qış fəslinin əvəzolunmaz
ev döşəməsi kmi əzizləyərək qoruyuram.
Çünki, o ilmələrdə anamın, xalamın,
qonşularımızın, əmiqızlarımın,
bacılarımın gülüşləri, duzlu söhbətləri,
şirin zarafatları gülə- çiçəyə
çevrilib. O xalçalarda tarix var, mədəniyyət var,
gözəllik var, zəriflik var, milli yaddaşımız var.
O naxışlarda bizim uşaqlıq illərimizin maraqlı,
yaddaqalan anları yaşayır.
Anamın əziyyət dediyi o məqamların
canlı şahidi kimi deyə bilərəm ki, bəli, bir
xalçanın toxunub hazır olması üçün uzun
yollardan keçmək lazımdır.
Elə ki iyun ayı olurdu, evimizin bini-bərəkəti
sayılan, qaragöz, sarıqulaq, kürən, kərəqulaq,
qara, xallı, qotazlı kimi adlarla
çağırdığımız qoyunların yun
qırxımı başlardı. Sonra quzuların da
kürkünü üstlərindən alıb, onları da
yüngülləşdirərdilər. Çırpılıb
yuyulmuş yunun pıtraqlarını gərək
yaş-yaş təmizləyərdik. Yoxsa, quruyub, əlimizə
batardı. Yunu didmək üçün anam hamımıza
pay bölürdü. Yaxşı didməsəydik
daranmazdı, anam əziyyət çəkərdi, ya da
darağın dişi qırılardı. Biz didərdik, anam
yun darağında əlçim- əlçim darayardı.
Sonra zirzəminin bir küncündə öz növbəsini
gözləyən cəhrə yağlanar, ipləri tarıma
çəkilərdi. Gün boyu cəhrə
çırıldayar, əlçimlənmiş yun əyrilib
dükcəyə dönərdi. İki dükcəni bir yumaq
sarıyardıq, bardaş qurub yumaqları mənikləyərdik
(İndi bardaş qurub oturan adam az-az tapılar. Bu proseslərin
hərəsi bir idman hərəkəti idi). Bir
xalçalıq yun ip hazır olanda - bu, müxtəlif çəkidə
- 14-18 kq kimi olurdu - anam boyaqçı Matan xalanı
çağırardı. Ocaq qalanar, böyük bir boyaq
vannası su ilə doldurulub qaynadılardı. Matan xalanın
çox gözəl rəngləri olurdu. Hazır məniklər
ayrı- ayrı müxtəlif rəngə boyanardı. Boyama
prosesi açıq rənglərdən bağlayıb tündə
doğru gedərdi. Rənglərin qarışımından
başqa bir rəng alınardı. Cevizin qabıqlarını
qaynadıb təbii ceviz rəngi alardılar. Çəpər
boyunca rəngbərəng iplər düzülər, quruduqca
daha da gözəlləşərdilər (Oğlan
uşaqları aşıq-aşıq oyunu üçün
yığdıqları aşıqları məhz, Matan
xalanın boyaq qazanına atıb yaşıla,
qırmızıya, abıya və s. boyayardılar).
Maraqlısı onda idi ki, hansı xalçanın
çeşnisini, yəni naxışını götürəcəkdisə,
anam hansı rəngdən nə qədər ip lazım
olacağını gözəyarı təxmin edərdi.
Heç zaman da yanılmazdı. Hərdən Matan xala ilə
də məsləhətləşərdi.
O vaxtlar yayın, yazın öz işi vardı,
qışın öz işi. Payızın son ayları, elə
ki, çöl-bayırdan əl-ayaq
yığışdı, çöl işləri -
üzüm, tütün, bostan yığımı başa
çatdı, ot-saman yığıldı, tayalandı -
balaca otağımızda xalça hanası qurulardı.
Xalça toxumaq üçün nə lazımsa - həvə,
kirgit, əriş, arğac, qaycı, balaca bıçaq-
hamısı yığılardı. Hana uzatmaq
üçün rəhmətlik əmicanım, Bəyim xala,
Həbibə əmiqızım, bir də Firəngiz xalam, -
bunlardan biri gələrdi. Anamla gün boyu səliqə ilə
hananı uzadadılar. İşin himi, binası ordan
qoyulardı. Rəngli məniklər bizim qolumuza salınıb
açılar, balaca yumağa dönər, hananın
üstündən asılardı.
Əgər köməkçi çox olsa, bir
xalça 20-30 günə toxunurdu. İlməni ilməyə
calayıb, pambıq ipdən hazırlanan balaca məniklə əriş-arğac
keçər, kirkitləyib, həvə ilə döyərdilər.
Dörd-beş ilmədən sonra artıq xovları iti gəbə
qayçısı ilə qayçılayanda, gözəlliyi
üzə çıxırdı. Anam öz fantaziyası ilə
gözəl, fərqli naxışlar salırdı.
Kilim, cecim, palaz qismini o, cavan vaxtı toxuyub. Evimizdə
yeddi xalça göyərib qırmızı rəng
üstündə buta, qönçə, qızılgül,
maral, əqrəb və s. olan zaman mən məktəbli
olmuşam. Hərdən anam gülsüz, xəli yerləri
toxumaq üçün mənə qırmızı ip verərdi.
Xalçanın yelənləri, gölləri, fərqli
naxışları ilmə sayına görə toxunardı. Mələksuma
xalagildə qədim naxışlı xalça vardı. Onun
naxışını anamdan gözəl, aydın toxuyan
olmadı. Məhlədə kimin evində qızı
vardısa, mütləq cehizlik gəbə toxuyardılar. Bizim cehiz
xalçamız hər kəsinkindən seçilərdi.
Xalçanı uğurlu bir gündə kəsərdik. Elə
ki, dörd metrlik gəbə göydən yerə endi, tam
füsunkar mənzərə ilə qarşı-qarşıya
qalırdıq.
İndiki gənclər şanslıdırlar.
Analarının, özlərinin əl əməyi olmasa da,
istənilən qiymətə, istənilən zövqdə
xalça almaq imkanları var. Hər şey onlar
üçün əlçatandır.
Məncə, biz daha çox şanslıyıq. Bir qədər
əziyyətli olsa da, o gözəllikləri görüb,
yaşamışıq. Bizim xalça yaddaşımız
daha zəngindir.
Təranə ARİFQIZI
525-ci qəzet.- 2024.- 27
fevral, ¹37.- S.15.