"Sözüm
dastan olar bütün dillərdə..."
İstiqlal şairlərimizdən Ümgülsüm Sadıqzadənin
iztirablarla dolu ömür yoluna bir nəzər
Hər bir vətənpərvər azərbaycanlı ən
azı ömründə bir dəfə "Repressiyalar
olmasaydı, xalqımızın, ədəbiyyatımızın
taleyi necə olardı?" deyə düşünüb, yəqin
ki. Bizim qəlbimizdə bir ömrə sığmayacaq
"Ağrı" dağları var. Onların adları
Caviddir, Müşfiqdir, Cavaddır... Ancaq unutmaq olmaz ki,
amansız repressiya cinayətlərinə qurban gedənlər
yalnız bizim adını tez-tez eşitdiyimiz, haqqında
böyüklərimizdən hekayələr, əhvalatlar dinlədiyimiz
şəxsiyyətlər deyil. Bu faciənin içində
ürəyi Azərbaycanla döyünən, həyat
yoldaşının şərəfini, namusunu qorumaq
üçün bədənini çirkaba bulayan, qardaş
dağına dözməyərək özünü
yandıran, əzildikcə dimdik duran, satmayan və
satılmayan Şükriyyələr, Böyükxanımlar,
Ümgülsümlər də var. Repressiyanın
çoxlarımıza bəlli olmayan, qaranlıq və hələ
də ətraflı araşdırılmayan tərəfləri
ancaq onlarla birlikdə aydınlığa qovuşa bilər.
1918-ci ilin 28 mayında yaranan Azərbaycan Xalq
Cümhuriyyəti bütövlükdə Şərq
dünyasına, qəlbi azadlıq, istiqlal eşqi ilə
döyünən yurdsevərlərə bir müjdə,
mükafat və təsəlli idi. Şübhəsiz ki, bu xəbəri
illərdir gözləyən, cümhuriyyəti doğma
övladı kimi bağrına basan vətənpərvər
şairlərimizin içində Seyid Hüseynin həyat
yoldaşı, Məhəmməd Əmin Rəsulzadənin əmisi
qızı, Məhəmməd Əli Rəsulzadənin
bacısı, repressiyanın ilk qadın qurbanı, ilk
cümhuriyyətçi qadın şair Ümgülsüm
Sadıqzadə də var idi.
Ümgülsüm xanımın
yaradıcılığını anlamaq üçün həm
onun həyat yoluna bələd olmaq, həm də Vətəni,
ən azı, onun qədər sevmək lazımdır. 1899-cu
ildə Bakının Novxanı kəndində ruhani ailəsində
dünyaya göz açan şairəmiz gənclik illərində
qısa zaman ərzində bir çox mətbuat orqanında
("İqbal", "Yeni iqbal", "Açıq
söz", "Qurtuluş", "Dirilik", "Məktəb"
və başqaları) çıxış edərək ədəbi
aləmin tanınan imzaları içində yer alıb. Təsadüfi
deyil ki, ömür-gün yoldaşı Seyid Hüseyn də
öncə Ümgülsümün qəzetdə
"Solğun çiçək" hekayəsinə,
şeirlərinə vurulub. Sonralar Cəlil Məmmədquluzadənin
"Ölülər" tamaşasının təqdimatında
şəxsiyyətinə, görünüşünə
könül verib. Onların uzun illər dillərə dastan
olan sevgi hekayəsinin memarı Azərbaycan ədəbiyyatının
əvəzolunmaz qələm sahibi, Seyid Hüseynin yaxın
dostu Hüseyn Cavid idi. Lakin "Yaman günün ömrü
az olar" məsəli, təəssüf ki, istedadlı
şairimizin və yazıçımızın həyatında
özünü doğrultmayıb, başları çox bəlalar
çəkib, hər ikisi repressiyaya məruz qalaraq nə
özlərinin, nə də övladlarının həyatının
baharını doyunca yaşayıblar.
Hər bir istedadlı yazıçını və
şairi zaman, mövcud tarixi-ictimai şərait
formalaşdırır. Güman etmək olar ki, bu fikir
Şekspirə, Hüqoya və ya Puşkinə aid olduğu qədər
istiqlal şairimiz Əhməd Cavad, Hüseyn Cavid,
Ümgülsüm Sadıqzadə və başqaları
üçün də keçərlidir. Bütün Şərq
aləmini və hətta dünyanı maraqlandıran hadisələr
"İnsanlara hürriyyət, millətlərə istiqlaliyyət"
arzulayan şairlərimizdən yan keçə bilməzdi.
Ümgülsüm Saqıdzadə ədəbiyyatımızı
"Türk ordusuna", "Ey türk oğlu!",
"Çəkil, dəf ol!", "Əsgər anasına",
"Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına",
"Yollarını bəklədim" kimi şeirlərlə
zənginləşdirib. Mövzu baxımından
yaradıcılığını birbaşa Cümhuriyyətin
tarixinə bağlasaq, yəqin ki, yanılmarıq:
cümhuriyyətdən öncə və sonra. Sözsüz
ki, şairin yaradıcılığının ən məhsuldar
dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəmidir,
onun süqutundan sonra isə "Hicran",
"Bayrağım enərkən" və sair şeirlərini
yazaraq həbs edilən, güllələnən cümhuriyyətçilərin
başlarına gətirilənləri acı və qəzəbli
bir dillə xalqa çatdırır:
Yazıq, səni, Bayrağım, endirdilər, öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar,
O haqq yeyən haqsızlar, vəhşilər,
tanrısızlar,
Yanar ocağımı da söndürdülər,
öyləmi?
Bir röyamı oldu o gördüklərim
hamısı?
Bağlandımı üzümə türk elinin
qapısı?
(1920)
Şairin qızı Qumral Sadıqzadənin xatirələrinə
nəzər saldıqda görürük ki,
Ümgülsüm xanım heca vəzni ilə yanaşı, əruz
vəzninin də dövrünün mahir ustaları
sırasında olub. Onun yaradıcılığının
aparıcı mövzusu Vətən olsa da, o bu mövzunu
azadlıq, bayraq, əsgər və əsgər anası kimi
şaxələndirib, oxucuda sanki "Yurdun dar günündə
başqa mövzu haqqında düşünmək, yazmaq
olmaz" fikri ilə mübariz hisslər yaradıb. Hətta
az-az bilinsə də, Ümgülsümün mənzum
deyişmələri də var. Bunların çoxu Bayılda
həbsxanada oğlu Cığataya olan məktublarında
öz əksini tapıb. Ümumiyyətlə, bu həbsxana
Ümgülsüm Sadıqzadənin həyatının da,
yaradıcılığının da ayrı bir mərhələsini
təşkil edir. Belə ki, şair burda özü ilə
eyni nakam taleyi yaşayan, kimsəli kimsəsizlərin acı
günlərinə şahidlik edib.
Bayıl həbsxanasından sonra şair Rusiyanın
Mordva vilayətinə sürgün edilib. Qatar onu və
yoldaşlarını vətəndən
uzaqlaşdırdıqca yeni şeirin ilhamı da şairə
yaxınlaşıb və beləcə, vətənə həsrətin
yanıqlı nəğməsinə çevrilən "Vətən
ayrısı" kimi əvəzsiz sənət nümunəsi
meydana gəlib:
Mən saralıb sollam qərib ellərdə,
Sözüm dastan olar bütün dillərdə,
Gözüm qaldı çiçəklərdə,
güllərdə.
Gül dərmədim, düşdüm çəmən
ayrısı,
Sürgünəm, düşgünəm, Vətən
ayrısı.
Maraqlıdır ki, cümhuriyyətin qurucusunun qohumu və
istiqlal carçılarından olsa da, Ümgülsüm
xanımı öldürmürlər, sadəcə,
sürgün etməklə kifayətlənirlər. Əlbəttə,
sürgün yaşayarkən hər səhər yenidən
doğulub, hər axşam yenidən ölmək bir gün
öncə isti evində, övladlarınla, dostlarınla
xoş anlar paylaşarkən dəqiqələr içində
heç sorğulanmadan, ədalət və haqq gözlənilmədən
"Biz necə deyirik, elə də olacaq" səsinə
oyanmaq idi, lakin hər halda bir gün xəyalını
qurduğu evinə, oğullarına, qızına qovuşma
ümidi o qaranlıq gecələri aydınlatmağa kifayət
etmişdi. Həm də unutmaq olmaz ki, Ümgülsüm
Sadıqzadə istedadlı, bacarıqlı bir türk
qızı idi, sürgün illərində bu qabiliyyətinə
(toxuculuq, dərzilik) görə onu xüsusi olaraq müəyyən
qruplarda, daha asan və dondurucu soyuqdan qoruna biləcəyi yerlərdə
işlədirdilər. Hətta "fəal işçi"
olduğu üçün ona övladlarına məktub yazma
şansı vermiş, cəzasını səkkiz ildən
yeddi ilə endirmişdilər. Bəlkə də, tale onun Vətən
torpağında, doğma elində son nəfəsini verməsi
üçün belə bir oyun hazırlamışdı...
Ümgülsüm xanımın sürgün illəri
qəddar rejimin hədəfinə çevrilən
yazıçı və elm adamlarının xanımları,
qızları, bacıları - bu qadınların qərib,
ağrılı həyat hekayəsi, yarımçıq qalan
sevgiləri, arzuları, övlad qoxusuna həsrət
keçirdikləri zamanın da bir növ təsviridir. Bu illərin
zülmünü anlatmaq üçün təkcə Məhəmməd
Əmin Rəsulzadənin qızı Lətifə xanım və
doqquz yaşlı nəvəsi Evşənin Qazaxıstan
torpaqlarında dəfn edəcək kimsəsinin olmaması, qərib
və kimsəsiz şəkildə həyatla
vidalaşmalarını nümunə göstərmək kifayətdir.
Ömrünü cümhuriyyətə, istiqlala, rifaha həsr
edən bu şəxsiyyətin övladı üçün
məzar qazacaq bir nəfər belə olmaması kimilərinin
kədəri, kimilərinin utancı və zalımın zəfər
zənn etdiyi məğlubiyyətinin başlanğıcı
idi...
Düz yeddi il sonra sürgündən qayıtsa da, Vətənin
sərhədləri içində bu dəfə də evindən,
övladlarından ayrı düşən, Bakıdan hökumətin
əmri ilə çıxarılan Ümgülsüm
Sadıqzadə Şamaxıya gedir, bir müddət
qızı Qumral ilə birlikdə yaşadıqdan sonra son
arzusunu gerçəkləşdirmədən
(Ümgülsüm xanım uzun zaman idi ki, Mirzə Ələkbər
Sabirin məzarını ziyarət etmək istəyirdi) 44
yaşında vəfat edib. Qonşuları onun Şamaxıda
Şaxəndan qəbiristanlığında dəfn etsələr
də, məzarının yeri bu gün də naməlumdur.
Onun vaxtsız ölüm xəbərini ailəsinə
qızı Qumral günlər sonra cəsarətini toplayaraq
çatdıra bilir. Bilinməz və vaxtsız ölüm,
bu böyük, sonsuz kainatda ziyarət ediləcək məzarlarının
belə olmaması, bəlkə də, həm
Ümgülsüm Sadıqzadənin, həm də onun
ömür-gün yoldaşı Seyid Hüseynin taleyini bir-birlərinə
acı izlər və görünməz zəncirlərlə
bağlamışdı.
Hər iki ədibin Azərbaycan mədəniyyətinə
verdiyi əvəzsiz töhfələr sadəcə şeirləri,
hekayələri ilə məhdudlaşmır. Övladları
Oqtay və Toğrul Sadıqzadələr Azərbaycan incəsənətinə
adlarını qızıl hərflərlə yazdıran istedadlı
rəssamlar, qızları Qumral Sadıqzadə isə valideynlərinin
yolunu davam etdirərək onların həyatını və
başlarına gətirilən müsibətləri "Son mənzili
Xəzər oldu" kitabı ilə oxucuya çatdıran
bacarıqlı qələm sahibi olub.
Sanki o dövr kədərləri ilə də insanları
yaxınlaşdırmışdı, belə ki, Hüseyn
Cavidin və həyat yoldaşı Mişkinaz xanımın
oğulları Ərtoğrul Cavidin taleyi Seyid Hüseyn və
Ümgülsüm Sadıqzadənin kiçik oğulları
Cığatay Sadıqzadə ilə, demək olar ki, eyni
cür sonlanıb: hər ikisi 24 yaşında, ağır
iş şəraitində vərəm xəstəliyinə
tutulub və həyatla birdəfəlik vidalaşıblar.
Hər nə qədər Ümgülsüm xanımla
Seyid Hüseyn son anlarında bir-birlərindən xəbərsiz
olsalar da, övladları və Ümgülsüm Sadıqzadənin
hələ 1920-ci ildə yazdığı bu şeir daim nakam
ruhlarını birləşdirəcəkdir:
Sadiqəm əhdimə, ey Sadiq, sənə,
And olsun Allaha, doğma Vətənə!
Sənsiz nəsib olan ölümdür mənə,
Həyatda hər zaman araram səni.
Gülərsə bir hicran, olarsa firqət,
Çəməndə güllərdən soraram səni.
Dağılsa kainat, məhv olsa dünya,
Mən uca göylərdə araram səni.
Zəhra HƏSƏNOVA
BDU-nun tələbəsi
525-ci qəzet.- 2024.- 27
fevral, ¹37.- S.14.