Türkiyə-Azərbaycan Universiteti: təhsil tarixində müstəsna hadisə

 

Məlum olduğu kimi, fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Bu sənədlərdən biri də "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu" olub. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

2024-2025-ci tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu aparılacaq. Türkiyə-Azərbaycan Universitetində ilkin olaraq mühəndislik, texniki-texnoloji sahələr üzrə ixtisaslar tədris olunacaq. Növbəti illərdən tərəfdaşlar çoxaldıqca ixtisasların sayının artırılması planlaşdırılır.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib ki, universitetin tədris binasının Bakıda olması planlaşdırılır: "Türkiyə tərəfi universitetə akademik dəstək, Azərbaycan tərəfi isə maliyyə dəstəyi göstərəcək. Tədris türk və ingilis dillərində aparılacaq".

Müşavirin sözlərinə görə, Türkiyə-Azərbaycan Universitetində tədris prosesi iki ölkənin müəllimlərinin birgə iştirakı ilə nəzərdə tutulur: "Universitetdə ilkin dövr üçün bakalavriat səviyyəsində tədris nəzərdə tutulur. Digər təhsil səviyyələrində tədris barədə ictimaiyyətə məlumat veriləcək. Burada müxtəlif universitetlərin birgə tədris modeli qurulacaq. Bu universitet həm də regionun əsas tədris mərkəzlərindən birinə çevrilməlidir. Məqsədimiz keyfiyyətli universitet modeli ortaya qoymaqla gənclərimizi keyfiyyətli təhsillə təmin etməkdir. Türkiyədə oxumaq istəyən tələbələrimizin böyük hissəsinin bu universitetdə təhsil alacağına ümid edirik. Azərbaycan vətəndaşlarının universitetə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Hazırlıq proseslərinin müəyyən hissəsinin sentyabradək bitməsi planlaşdırılır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması yeni bir modeldir: "Düşünürəm ki, bu ali təhsil müəssisəsi Türkiyə-Azərbaycan birliyini qoruyacaq düşüncədə gənclərin yetişdirilməsinə xidmət edəcək. Bundan başqa, Azərbaycanın və Türkiyənin elm və təhsil sahəsində ayrı-ayrılıqda güclü olduğu sahələr vardır. Məncə, biz bu mənada bu sahələri də bir universitetdə cəmləşdirərək elm və təhsil sahəsində gücümüzü birləşdirəcəyik. Onu da qeyd edək ki, Azərbaycan Türkiyə ilə artıq texnologiya sahəsində də ciddi əməkdaşlıqlar edir. Bu baxımdan yeni yaradılan universitetdə müasir texnologiyaları gələcəkdə istehsal edəcək, onları yaradacaq gənclərin, ixtisaslı kadrların yetişdirilməsi üçün fürsətlər yaranacaqdır. Bu, Azərbaycan və Türkiyə birliyini gələcəkdə daha da gücləndirəcək. Bu universitet gələcəkdə regionumuz, dünyamız üçün də bir nümunə olacaq".

Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, Azərbaycan hələ sovet dönəmi zamanından Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlamışdı. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparıldığından müstəqil qurulmamışdı. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təmin edilməsi istiqamətində çox mənfi hal olub. Amma müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa, daha böyük önəm verib. 1992-ci ilin 16-23 may tarixində Ankarada türk dövlətlərinin təhsil bakanlarının toplantısı keçirildi və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edildi. Toplantıda qardaş dövlətlərin təhsil işində bir-birlərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılmasıvə sair məsələlər geniş müzakirə edilərək lazımi qərarlar verildi: "Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir. Son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları istiqamətlərində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır".

Təhsil eksperti Elçin Əfəndi deyib ki, Türkiyə-Azərbaycan universitetinin yaradılması uzun müddətdir ki, müzakirə olunur və yaxın tarixdə yaradılması nəzərdə tutulur. Əlbəttə, burada məqsəd ölkəmizdə Türkiyə təhsili almaq istəyən vətəndaşlara yeni ixtisaslar üzrə təhsil almaq, eynilə Türkiyə vətəndaşlarına da Azərbaycanda bu imkanı yaratmaqdır: "Mövcud əmək bazarında daha çox tələbat olan ixtisasların hazırlığı nəzərdə tutulur ki, bu da hər iki ölkə üçün perspektivli gənc kadrların hazırlanması deməkdir. Universitetin formatına gəlincə, ekspert bildirib ki, demək olar daha çox texnoloji, təbiət və səhiyyə istiqamətində kadrların hazırlığı prioritet olacaq: "Bakalavr və magistr pillələri üzrə kadr hazırlığı həyata keçiriləcək".

Millət vəkili Musa Qasımlı qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması Azərbaycan və Türkiyənin təhsil əməkdaşlığına töhfə verəcək: "Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair sazişin imzalanması tarixi əhəmiyyətli hadisədir. İlk növbədə ona görə ki, təhsil tariximizdə birinci dəfə ortaq universitet yaradılır. Universitetin yaradılması təhsildə yeni keyfiyyət mərhələsi açacaq. Bu ali təhsil ocağında müxtəlif ixtisaslar, o cümlədən, yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlanması hər iki ölkəyə fayda verəcək. Müasir texnologiyaları tətbiq edə bilməyən, ona yiyələnməyən xalqlar indiki dövrdə amansız rəqabətdə geri qala bilərlər".

Millət vəkili qeyd edib ki, Türkiyə və Azərbaycan müəllimlərinin birgə işləmələri sevindirici haldır: "Universitetdə hər iki ölkədən müəllimlərin, alimlərin bir yerdə işləməsi elmi əməkdaşlığa da müsbət təsir edəcək. O cümlədən, tədrisdə ortaq dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, elmi məqalələr yazılacaq, ortaq tədris proqramları tərtib ediləcək".

Millət vəkili Etibar Əliyevin qənaətincə, Türkiyənin universitet təcrübəsi çox böyükdür. Türkiyə universitetləri dünyanın tanınmış universitetlərində yer alıb. O universitetlərdə çox böyük təcrübə, çox böyük laboratoriya sistemi, əlaqələr, kampuslar, eyni zamanda universitetlərdə keyfiyyətli təhsil mühiti formalaşdırılır. Yəni Türkiyənin inkişafında əsas amillərdən biri məhz qabaqcıl universitetlərin olmasıdır: "Bu baxımdan həmin təcrübə düşünürəm ki, Azərbaycana da gətiriləcək və Türkiyə-Azərbaycan Universiteti çox qısa zaman kəsiyində, istər regionda, istərsə də dünya çapına çıxa biləcək bir universitet olacaq. Buradakı ixtisaslar birbaşa çox böyük ehtiyacımız olan ixtisaslar olmalıdır. Texnoloji ixtisaslara geniş yer verilməlidir. Təbiət elmlərinə aid olan ixtisaslara xüsusi yer verilməlidir. Hesab edirəm ki, bu universitetdə İT, logistika, tətbiqi fizika, kosmik tədqiqatlar kimi sahələrə ehtiyac var. Digər tərəfdən kibertəhlükəsizlik sahəsində olan ixtisaslara yer veriləcəksə, əlbəttə ki, bu, istər bizim üçün, istərsə də qardaş Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edəcək. İndi dünyada Dördüncü Sənaye İnqilabı dövrüdür və bu inqilabın cəmiyyətlərdən tələbatı var. Müəyyən ixtisaslar var ki, onlar, məhz Dördüncü Sənaye İnqilabının ixtisaslarıdır. Həmin ixtisasların da bu universitetdə yaradılması fərqli bir ab-hava, fərqli bir mütəxəssis hazırlığı yaradacaq. Hesab edirəm ki, gələcəkdə də məhz bu universitetdə yetişən məzunlar özləri üçün iş düzəldə biləcəklər, iş tapa biləcəklər. Bu gün ölkə olaraq, iki qardaş xalq olaraq Dördüncü Sənaye İnqilabının önündə getməliyik və sənaye inqilabının məhz "drayver"i universitetlərdir. Prezidentin söylədiyi kimi, bizim ailəmiz Türk dünyasıdır. Bu universitetin yaradılması cənab Prezidentin söylədiyi həmin bu paradiqmanın təsdiqinə çox mühüm bir nümunədir".

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasında bütün sahələrdə olan qardaşlıq, strateji əməkdaşlıq münasibətlərinin növbəti təcəssümüdür. Bu iki dövlət arasında intellektual kəsim olaraq kadr hazırlığını həyata keçirmək baxımından böyük önəm daşıyır: "Türkiyə-Azərbaycan Universitetinin yaradılması iki ölkənin siyasi liderlərinin qardaşlığının, dostluğunun növbəti uğurlu nəticələrindən biridir. Bu addım həm də Azərbaycan təhsil ictimaiyyətinin çoxdan gözlədiyi arzunun gerçəkləşməsi, gənclərimizin keyfiyyətli təhsil almaları baxımından yeni imkanın yaradılması deməkdir. Artıq 2024-cü ilin dövlət büdcəsindən Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 10 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Universitetə ilkin olaraq 240 tələbənin qəbulu planlaşdırılır. Burada daha çox texniki və tibb ixtisasları üzrə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutulur. Bunun da çox ciddi anlamı var. Türkiyə ilə Azərbaycan arasında texnoloji sahədə çox gözəl əməkdaşlıq nümunələri mövcuddur. Azərbaycan və Türkiyə dövlətlərinin bu istiqamətdə əməkdaşlığının nümunəsi kimi "TEKNOFEST Azərbaycan" festivalının keçirilməsini göstərə bilərik. Texniki ixtisaslar üzrə Türkiyənin nüfuzlu universitetlərinin təcrübəsinin Azərbaycana gətirilməsi çox önəmlidir və bunu yeni yaradılacaq universitetin timsalında görəcəyik. Digər tərəfdən, müstəqillik illərindən sonrakı dövrə baxsaq görürük ki, Azərbaycan səhiyyəsini gücləndirən, inkişaf etdirən və tanıdan həkim kadrların böyük əksəriyyəti Türkiyə universitetlərinin məzunlarıdır. Türkiyə universitetləri həm də tibb ixtisası üzrə çox gözəl təhsil vermək imkanına malikdirlər. Türkiyənin tibb təhsili üzrə dünyada tanınan nüfuzlu universitetləri var. Ona görə də bu iki sahə üzrə ilkin olaraq ixtisaslı kadr hazırlığı planlaşdırılır. Növbəti illərdə bu ixtisasların sayını artırmaq olar".

 

Sevinc QARAYEVA

525-ci qəzet.-  2024.- 27 fevral, ¹37.- S.13.