Elçin sənətkarlığı:
detallar, motivlər və bədii mükəmməllik
(Əvvəli ötən sayımızda)
Elçinin məşhur "Dolça" əsərində
iki ailə təsvir edilir, biri sürücü
Ağababanın külfəti, o biri onun kirayənişini
bazarkom Bəşirin ailəsi. Sosial fərq, mənəvi eybəcərlik
bu iki ailənin nümunəsində üzə
çıxır, müqayisədə daha əyani
görünür. "Toyuğun diri qalması" povestindəki
dəllal Zübeydə öz maraqlarını hər şeydən
üstün tutan, sözbaz, mənfəətçi, fürsətçi
bir xaladır (Hələ keçmişi də bir cür
sürüşkəndir). Baxmayaraq ki, uşaqdan böyüyə
hamı Zübeydə deyir, kənd camaatı
"xanım" bir tərəfə dursun, "xala"
müraciətini də ona çox görür. Amma milisioner Səfərin
burdan ora, ordan bura qovduğu, hamının şərindən
qorxub gözünə cin-şeytan kimi göründüyü
dinsiz-imansız Zübeydə şəhərə, ya başqa
bir yerə gedəndə "bu qum üçün də
darıxırdı, bu qayalıq üçün də, həyətdəki
bu meynələr üçün, iydə, xartut... əncir
ağaclarıyçun darıxırdı, amma ən birinci, dənizin
səsi üçün darıxırdı". Onun həyatının
bütün lirikası dəniz, onun səsi idi. Zübeydənin
adının üstündə olan "möhürü",
tutduğu mövqeyi düşünəndə adamın
ağlına da gəlməzdi ki, onun belə həssas tərəfləri,
romantikliyi ola bilər...
"Allah hərəni bir cür yaradıb, onu da belə
yaratmışdı. Dənizin uğultusu gələndə,
dalğalar özünü qayalara çırpanda, adama elə
gəlirdi ki, tək deyil, elə bil ki, bütün bu ətraf
da yaşayır, nəfəs alır sənlə birgə".
Ağagüllə Nisəni bir yerdə görəndə
haray-həşir salıb hədələyən,
susmağına müqabil oğlanı həyət-bacasında
işlədən Zübeydə bu kimi əməlləri ilə
oxucunu itələyən bir obraz olsa da, dənizə
münasibətdə tamam başqa adam olur...
"Yay-qış dənizin səsi Zübeydənin radiosuydu,
konsertiydi". Kədərlənəndə dənizlə
bağlı xatirələrinə sığınır,
"anası onca günün içində sətəlcəmdən
öləndə... səhərə kimi dənizin, bax, bu
sahilində təkcə oturmuşdu". Zübeydənin
öz dəniz fəlsəfəsi var idi... "Dənizin
uğultusu, elə bil, başqa dünyadan gəlirdi, elə
bil, o biri dünyanın səsi idi". Yazıçı əsərin
sonunda Zübeydə üçün bir fədakarlıq
edir... Ağagülün rüşvət kimi Zübeydəyə
gətirdiyi toyuğu diri saxlayır...
Abşeron silsiləsində əhvalatlar bir ev
sayılan Bakı kəndlərində baş verir,
yazıçı oxucusunu sıra ilə Zuğulba, Bilgəh,
Mərdəkan, Buzovna, Fatmayıda gəzdirir, Abşeronun təbiəti,
Duzlu göl, Yanarqaya ilə tanış edir.
Şair Çingiz Əlioğlu "Abşeronla
vidalaşma" adlı poema yazmış, onu "Abşeronun
insanları və təbiəti haqqında ən gözəl əsərlərin
müəllifi" kimi Elçinə həsr etmişdi.
Ömür - bir töhfədir, acı, ya şirin,
Vaxt qara quyudur, zaman qan içir.
Nəhəng qum saatı - qədim Abşeron
Tarixin dəyirman daşından keçir!
Ən çox bəyəndiyi insani keyfiyyətin
"səmimiyyət" olduğunu söyləyən
Elçinin qəhrəmanları təbii və səmimidir.
Müəllif demokrat valideyn kimi surətlərin dinamikasına
qarışmır, "xoşbəxt olmağın reseptini təklif
etmir" (V.Bəhmənli), vəd vermir, "moral" oxumur, obrazı
yükləmir, qəhrəmanlarına etibar edib tam sərbəst
buraxır, onların "zamanın sınağından
çıxacağına" ümid bəsləyir.
"Bununla belə, Elçin bu haqda heç vaxt birbaşa mətnlə
danışmasa da, müəllifin rəğbəti"
(E.Axundova) arzularını qəlbində dəfn eləmiş
Məsməxanımın, Ədilənin, gecə-gündüz
ailəsi üçün özünü fəda edən
Ağabacının tərəfindədir. Məsələn,
Mirzoppa müəllifin "feyskontrolunu" keçsəydi,
ona heç vaxt bu adı qoymazdı. Bizim ədəbiyyatda belə
bir obraz varmı? Tam da olmasa, var. Mirzoppa mənim yadıma
"Cəbhədən-cəbhəyə"
romanındakı Çapıq Şəmsini salır.
Özünün pis imicini qorumağı, amanın
günüdür, birdən məhəllədə onu
yaxşı tərəfdən tanıyıb dolayarlar - kimi
natamamlıq kompleksləri ilə yanaşı, içməyi,
davaları, arvadını incitməyi ilə... Amma fərq
burasındadır ki, sonda Çapıq Şəmsi düz
yola gəlir, "Mirzoppanın isə heç vaxt ağlı
başına gəlməyəcək, heç vaxt
adamlıqdan payı olmayacaq" (N.Cəfərov). Əgər
kimsə adi, sadə adamlara tək-tək hallarda "bədii
obraz pasportu verirdisə, Elçin Əfəndiyev bu adi
insanları əsərlərinə dəstə-dəstə gətirdi"
(R.Məmmədli). "Adi adamlar yoxdur. Adi adam ola bilməz",
- deyən yazıçı, bildiyim qədər buna görə
qınanıb da...
Elçinin təhkiyəsini heç kimlə səhv
salmaq olmaz. "Onun nəsrində özünəməxsus bir
cazibə qüvvəsi vardır" (L.Anninski). Akademik Nərgiz
Paşayeva yazır: "Elçinin üslubu Azərbaycan ədəbiyyatında
analoqu olmayan tamam yeni bir bədii-estetik hadisədir". Bəzən
cümlə üzvlərinin qrammatik cəhətdən
bağlı olmaması nəinki əsəri korlayır, əksinə,
mətnə "izyüm" verərək onu daha da gözəlləşdirir.
"Abşeronda, lap kənarında bir kənd var idi və elə
bil bu saat həmin kənd yer üzündə bircə kənd
idi, çünki gün möhkəmcə
şığıyırdı, hamı da gizlənmişdi
evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq
da daha təkcə bu kəndin tənhalığı deyildi,
elə bil günün beləcə qızmarında
bütün yer üzünün, kürreyi-ərzin tənhalığı
idi". Bu təsvir hekayəyə sözlə çəkilən
illüstrasiyadan savayı, həm də
yazıçının əsərlərinin ruhuna
çökən, qəhrəmanlarının qəlbinə
hakim olan həzin tənhalığın bir nümunəsidir.
Kiçik sahil kəndlərinin, qəsəbələrinin
özünəməxsus ab-havası, aurası olur ki,
Elçin həmin atmosferi "Abşeron motivləri"nə
köçürə bilmişdi. Lakin 90-larda bu "motivlərə" birdən-birə
qaçqınlar daxil olur. Yarımadanın mənzərəsi
yerli sakinlərə doğma olub ürəklərini
açırsa, buralara sığınmış Şuşa
qaçqınları üçün heç xoş deyil.
Onları sanki soyuq sudan çıxarıb isti suya salıblar.
"Bütün günü ruzi axtarışında
Abşeronu dolaşır, gecə isə yuxularında doğma
el-obalarını görürlər... İsti, boğanaq
havada nəfəs ala bilmir, azca mürgüləyən kimi
düşüncələrində Şuşanın
yamyaşıl, zümrüdü mənzərələri
canlanır" (E.Axundova). "Bayraqdar"da oxuyuruq:
"Dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır,
amma Bakıdan gələn və elektrik qatarı yolunun
sağında... salınmış bu qəbiristanlıq həm
də, yəqin dünyanın ən kasıb qəbiristanlığı
idi". Qara 90-larda Abşeronun kəndlərində belə qəbiristanlıqlar
peyda olmağa başladı. İndi hər kənddə nə
qədər acı da olsa, kənd qəbiristanlığı
ilə yanaşı, bir "qaçqın qəbiristanlığı"
da var. Daha burada qaçqınçılığın təzə
vaxtlarında olduğu kimi "23 qəbir" yoxdur, qəbir
qazmağa yer tapılmır. Yazıçı Abşeron
mövzusunu yaradıcılığı boyu "diri"
saxlayır, elə yaxın pandemiya dövründə yenidən
bu mövzuda hekayələr yazmışdır.
"Elçin Əfəndiyevin yazdıqlarını
oxumaq, Azərbaycan xalqının ədəbiyyatını və
tarixini oxumaqdır. Romançı Elçin İlyas oğlu
Əfəndiyevi oxumaq Azərbaycan xalqını yaxından
tanımaqdır". Şair-tərcüməçi Ə.Bəndəroğlunun
yazıçıya verdiyi bu tərifi oxuyanda göz
önünə həm də, ata Əfəndiyevin xalq
yaradıcılığından qidalanan, azərbaycançılıq
ideyaları ilə aşıb-daşan böyük
yaradıcılığı gəlir.
Akademik Nizami Cəfərov yazır: "Həyatımızın
hansı sahəsində boşluq varsa, Elçin müəllim
həmişə o boşluğu görüb və
çalışıb ki, o boşluq olmasın".
Doğrudan da, Elçinin yaradıcılığı o qədər
masştablı, rəngarəngdir ki, hər millətdən, hər
yaşda olan oxucu intellektinə uyğun olub zövqünü
oxşaya bilir. O, yaradıcılığı ən çox
tədqiqata cəlb edilən yazıçımızdır.
Orxan Pamuk, "Elçin oxuduğum iki Azərbaycan
yazıçısından biridir", - deyir. Elçin
üçün isə həmişə meyar, "hakim
oxucudur". O, "nədən yazır yazsın, ona
oxucularının arzu və düşüncələri
prizmasından baxmağı bacarmışdır". Bu da, əlbəttə
ki, oxucuya hörmətin göstəricisi olmaqla,
yazıçının da böyüklüyünü ifadə
edir.
Elçinin yazıçı, alim, ictimai xadim kimi
titullarını və mükafatlarını saymaqla bitməz.
Lakin onun Çingiz Aytmatov haqqında işlətdiyi
sözü özünə də rahatlıqla şamil etmək
olar. Elçin bu gün həmin mükafatların
fövqündədir. "Sözümüzün bəy əfəndisi"
- sevimli yazıçımız Elçin Əfəndiyevin
"uzaq və yaxın keçmişimizin mənzərəsini
canlandıran əsərləri" (Heydər Əliyev) ədəbiyyatımızın
milli sərvəti olub onun gələcək nəsillərə
"mənəvi vəsiyyətidir".
Dilarə ADİLGİL
525-ci qəzet.- 2024.- 1 fevral,№19.- S.15.