Yazılı
və şifahi ədəbiyyatda Əta Tərzibaşı
fenomeni
XX əsrdə İraq türkman ellərindən iki
böyük şəxsiyyət çıxmışdır.
Təbabət sahəsində dünya şöhrətli alim
İhsan Doğramacı, filologiya elmləri sahəsində
Şərq aləmində yaxşı tanınan Əta Tərzibaşı.
İhsan Doğramacı məktəb yaradan, Türkiyədə
tibb elmini 50 il qabağa aparan böyük alimdir. Bu dahi şəxsiyyət
iki universitet yaradıb. Hacəttəpə Universiteti və
Bilkənd Universiteti. Hacəttəpə Türkiyədə
müasir Tibb Universitetidir. Onun təsis etdiyi özəl
"Bilkənd Universiteti" isə dünyada
sayılıb-seçilən təhsil və elm
ocağıdır. İraq türkman ellərində 250-dən
artıq türkcə məktəbin açılması da
onun adı ilə bağlıdır. İhsan Doğramacı
sözün həqiqi mənasında bir fenomen idi...
Hələ gənc yaşlarından ərəbcə
məqalələri Qahirə, Beyrut, Dəməşq və
Bağdadda qəzet və jurnallarda çap olunan, Bağdad
Universitetinin məzunu Əta Tərzibaşı isə
folklorşünaslıq və ədəbiyyatşünaslıq
üzrə məktəb yaradan ikinci fenomenal şəxsiyyətdir.
Mübaliğəsiz demək olar ki, O, folklorşünaslıq
və ədəbiyyatşünaslıq sahəsində
böyük bir elmi-tədqiqat institutunun görə biləcəyi
işi təkbaşına
görmüşdür
Əta Tərzibaşı əsl elm fədaisi idi. O,
ömrünü bütövlükdə elmə həsr
etmişdi. Ailə həyatı qurmamışdı. Əta Tərzibaşı
folklor və ədəbiyyatşünaslıq sahəsində ən
mötəbər söz sahibi idi. O, folklor materiallarını
toplayır, nəşr və tədqiq edirdi.
Folklorşünaslıq sahəsində şah əsəri
heyrətamiz gücə malik "Xoyratlar və manilər"
əsəridir. Üçcildlik bu möhtəşəm əsərin
birinci cildi bütövlükdə xoyrat və manilərin tədqiqinə
həsr olunub.
Əsrlərdən əsrlərə, nəsillərdən
nəsillərə yadigar qalan, musiqi ilə xalq
poeziyasının vəhdətindən yaranan xalq
havalarının toplanması, çapı, poetik mətnlərin
tədqiqi də Əta Tərzibaşının adı ilə
bağlıdır. "Kərkük havaları" mükəmməl
tədqiqat əsəridir. Əsər İraqda (Bağdad,
1961), Türkiyədə
(İstanbul, 1988), Azərbaycanda isə Rəsul Rzanın
redaktəsilə tərəfimizdən (Bakı, 1973) çap
olunmuşdur.
Əta Tərzibaşının 1953-cü ildə
çap etdirdiyi "Şərqi və türkülər"
ilk kitabı idi. Elə Kərkük türkülərini tədqiq
edən ilk araşdırıcı da Əta Tərzibaşıdır.
Yazmağı yaşamaq sayan (prof.Mahir Naqib), həyatını
Kərkük ədəbiyyatına, folkloruna və
folklorşünaslıq elminə həsr edən bu qüdrətli
sənətkarın qeyd etdiyi kimi, Kərkük xalq
mahnıları da xoyrat havaları kimi şifahi xalq ədəbiyyatının
həm musiqi, həm də ədəbi janr olmaq
baxımından, bədii-estetik gücünə və tez
qavranılmasına görə çox geniş
yayılmış lirik növüdür.
Atalar sözləri və məsəllərini ilk
olaraq toplayıb tədqiq və çap edən də Əta
Tərzibaşı olmuşdur. Əta Tərzibaşı
"Kərkük əskilər sözü" (Bağdad,
1962; Bakı, 1978) kitabında əksər atalar sözlərini
bizdə, türklərdə, bəzən də ərəb və
kürdlərdə olan variantlarını təhlilə cəlb
etmişdir. Eyni zamanda atalar sözlərinin böyük bir
qisminin necə yaranması, niyə belə deyilməsi, bəzən
məlum dəlillərlə, bəzən də alimin
ehtimalları gücünə
aydınlaşdırılmışdır. Tədqiqatçı
atalar sözlərinin yaranması ilə bağlı bir
çox maraqlı hekayələri də kitabına daxil
etmişdir.
Əta bəyin xalqa ərmağan etdiyi əhəmiyyətli
və dəyərli tədqiqatlardan biri də "Arzu-Qəmbər"
dastanının yaşlı bir kərküklü
qadının dilindən lentə köçürərək
çap etməsi olmuşdur. "Arzu-Qəmbər"
dastanı Kərkük ləhcəsinin bariz nümunəsi
olduğundan, ondan həm folklorşünaslar, həm də
dilçi tədqiqatçılar - dialektoloqlar qədərincə
bəhrələnə bilərlər. Dastan İraqda (1964),
İranda (Təbriz, 1967), Türkiyədə (1971) və tərəfimizdən
Azərbaycanda dönə-dönə (1971, 1987, 1990, 1999, 2009)
çap olunub.
Folklorun elə bir sahəsi yoxdur ki, Əta Tərzibaşı
toplayıb, nəşr və tədqiq etməsin. Eləcə
də ədəbiyyatşünaslıq sahəsində
cığır açması, lider olmaq səlahiyyəti və
rəhbərliyi, tarixi bir missiyanı çox bacarıqla yerinə
yetirdiyinin göstəricisidir (Ərşad
Hürmüzlü).
Bu tarixi missiya barədə ən tutarlı
sözü qocaman şair Əli Marifoğlu demişdir:
"XX əsrin birinci yarısında ölümə məhkum
olan ədəbiyyatımız (ingilislər İraqı
tutduqdan sonra - Q.P), XX əsrin ikinci yarısında Əta Tərzibaşının
sayəsində yenidən dirçəldi"
("Qardaşlıq" dərgisi, ¹5, Bağdad, 1967; Arzu-Qəmbər
dastanı, Bakı, 1971 s.9).
Bu böyük alimin yazdığı möhtəşəm
əsərlər sayəsində İraq türkman ellərində
neçə-neçə folklorşünas və ədəbiyyatşünas
yetişmişdir. Professor Mahir Naqib təsadüfi deməmişdir:
"Əta Tərzibaşı mədəniyyətimizin
gerçəkdən bir ümdəsi və təməl
daşıdır" ("Qardaşlıq" dərgisi,
¹23, İstanbul, 2004, s.21).
Əta bəyin ədəbiyyatşünaslıq fəaliyyəti
ilə əlaqədar onu demək olar ki, tədqiqatçının
13 cildlik "Kərkük şairləri" və 3 cildlik
"Ərbil şairləri" kitabları əsasında
"İraq türkman poeziya antologiyası" I cild (Bakı,
2019, 464 səh.) kitabını hazırlayıb, geniş
ön sözlə çap etdirmişəm. Əta bəyin
kitablarına istinadən ədəbiyyatşünaslıq fəaliyyətini
təqribən belə qruplaşdırmaq olar: "Əta Tərzibaşı
və klassik İraq türkman ədəbiyyatı",
"Əta Tərzibaşı və çağdaş
İraq türkman ədəbiyyatı", "Füzuli
yaradıcılığı Əta Tərzibaşının
tədqiqatlarında", "Əta Tərzibaşının
"İraq türkman mətbuat tarixi" əsərində ədəbiyyat
məsələləri", "Əta Tərzibaşı
yaradıcılığında elmi məqalələrin
mövqeyi", "Əta Tərzibaşının təzkirəçilik
və mətnşünaslıq fəaliyyəti",
"Əta Tərzibaşı və Azərbaycan-İraq
türkman ədəbi-mədəni və elmi əlaqələri"
və s.
Əta Tərzibaşı görkəmli təzkirəçi
və mətnşünasdır. Ədəbiyyat və mətbuat
tarixçisidir, füzulişünasdır. İraq türkman
ədəbiyyatında elmi publisistikanın əsasını
qoyan və inkişaf etdirən alimdir. Ədəbi-elmi məktublar
ustasıdır, tənqidçidir. O, Füzulidən bu yana
bütün İraq türkman şairlərinin tərcümeyi-halını
yazıb, şeirlərini toplayıb tədqiq edib.
Şəkildə: (soldan) Cəlal Polad, Nicat Kövsəroğlu,
Məhəmməd Bayat, Əta Tərzibaşı, Qəzənfər
Paşayev, Mövlud Taha Qayaçı, Mehmət Tisimli Kərkük.
14 aprel 2010-cu il, Əta Tərzibaşının həyəti
Çəkinmədən deyə bilərik ki, Əta
Tərzibaşı İraq türkman ədəbiyyatı və
folklorunun taleyinə cavabdehlik missiyasını vicdanla yerinə
yetirmişdir.
Əta bəyin 250-dən artıq elmi məqaləsi
vardır: "Yazı dili, qonuşma dili", "Heca vəzni
və gənc şairlərimiz", "Füzulidə
qapalı anlamlar", "İraqda türk musiqi tarixinə
toplu bir baxış", "Şimali Azərbaycanda
türkmanoloji araşdırmalar", "Bizdə və
başqa türk ölkələrində xoyrat və manilər"
və s. belələrindəndir.
Bu böyük alimin çoxşaxəli
yaradıcılığının miqyası barədə təsəvvür
yaransın deyə görkəmli alimlərimizlə müqayisə
etməyi münasib bildik.
Əta Tərzibaşını İraq türkman
folklorunun ən müqtədir tədqiqatçısı kimi
Hənəfi Zeynallı, Əmin Abid v' Məmmədhüseyn Təhmasiblə,
ədəbiyyat tarixçisi kimi Firudin bəy Köçərli,
Həmid Araslı və Mir Cəlal Paşayevlə,
füzulişünas kimi Mir Cəlal Paşayevlə, tənqidçi
kimi Kamal Talıbzadə və Bəkir Nəbiyevlə, mətbuat
tarixçisi kimi Əziz Mirəhmədov və Şirməmməd
Hüseynovla, nəzəriyyəçi kimi Məmməd Cəfər
Cəfərov, Yaşar Qarayev, İsa Həbibbəyli və
Şirindil Alışanlı ilə, elmi publisist kimi Rafael
Hüseynov və Qəzənfər Paşayevlə, təzkirəçi
kimi Salman Mümtazla, mətnşünas kimi Həmid
Araslı, Kamandar Şərifov və Aslan Salmansoyla, ədəbi-elmi
məktubların ustası kimi Abbas Zamanov və Qəzənfər
Paşayevlə müqayisə etmək olar.
İstər ədəbi, istərsə də elmi əlaqələrimiz
yolunda Əta Tərzibaşı müstəsna xidmətlər
göstərmişdir. O, İraq türkman tədqiqatçıları
arasında eyni dilə, eyni folklora, eyni xalq musiqisinə, eyni adət-ənənəyə
malik bir xalq olduğumuzu gündəmə gətirən ilk
araşdırıcıdır. "Yazı dili, qonuşma
dili" məqaləsində bir kökdən olduğumuzu,
eyni dildə danışdığımızı təsdiqləyən
ilk İraq türkman tədqiqatçısıdır. O, bu
münasibətlə yazır: "İraq türkman ləhcəsi
azəri ləhcəsinə türk ləhcəsindən daha
yaxın və bəlkə, əkiz qardaşlar olmaqla bərabər,
bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin
təsirilə biri-birindən xəbərsiz olaraq gəlişdikləri
halda aralarında görkəmli fərqlər bilinməmişdir
("Qardaşlıq" dərgisi, ¹4, Bağdad, 1962, s.26-27)
Əta bəy "Şimali Azərbaycanda türkmanoloji
araşdırmalar" məqaləsində isə
bayatıların, atalar sözlərinin və s. də bir
kökdən olduğunu sübut edir. Tədqiqatçı
xoyrat, mani və xalq havalarını ortaqlı sayır.
"Xoyratlar əhalisinin əksəriyyəti türkman olub,
azəri və ya azərbaycanlı adlanan Sovet Azərbaycanına
yayılmışdır - hökmünü verir"
("Qardaşlıq", ¹5, Bağdad, 1962, s.8).
Bütün buna görədir ki, Güney və Quzey
Azərbaycan həmişə onun diqqət mərkəzində
olmuşdur. Bircə misalla kifayətlənəcəyəm.
"Əta Tərzibaşının ədəbiyyatşünaslıq
fəaliyyəti" mövzusunda dissertasiyasını
müdafiəyə hazırlayan dissertantım Orxan İsayev
Əta bəyin gənclikdə yazdığı çox
maraqlı məqaləsini üzə
çıxarmışdır. Məqalədən məlum
olur ki, Əta Tərzibaşı Qahirədə çap
olunan "Əl-Risalə" dərgisində
professor Əhməd Mustafa Əl-Xətibin Əhməd
Ağaoğlunun "Azad insanlar ölkəsində" əsərinin
ərəb dilinə tərcüməsini oxuyur. Əsər o
qədər xoşuna gəlir ki, Əhməd Ağaoğlunun
yaradıcılığından bəhs edən "Türk
fikir adamlarından Əhməd Ağaoğlu" adlı məqalə
yazır və dərc etdirir ( Əl-Risalə, ¹1007, Qahirə,
1952, s.76-84). Bu, birliyimiz yolunda atılan ilk uğurlu addım
idi.
Əta Tərzibaşı birliymizi təsdiq
üçün tarixə ekskurs edir. "Əhalisinin əksəriyyəti
türkman olan, azəri və ya azərbaycanlılarla uzun bir
tarix boyunca çeşidli səbəblər üzündən
ayrı düşmüşük" - deyir. Əta bəyin
söhbət açdığı "çeşidli səbəblər"
üzündən ayrı düşməyimiz, 1774-cü ildə
Nadir şah qətlə yetirildikdən sonra baş verib.
İngilis tarixçisi Stefan Lonqriqin "Müasir
İraqın dörd səsi" kitabında obrazlı şəkildə
göstərdiyi kimi, Bağdad, Mosul və Kərkük xan
itirib, paşa qazanıb". Bu yerlər birdəfəlik
osmanlıların tabeliyinə keçib və əlaqələrimiz
XX əsrin 2-ci yarısına qədər kəsilib.
1953-cü ildə Stalinin ölümündən sonra
SSRİ-də ab-hava yumşaldı. Yollar açıldı. Rəsul
Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadə
İraqa səfər etdilər. Kərküklü Sinan Səid
Azərbaycan radiosunun ərəbcə bölümünə
işə dəvət olundu.
Bu sətirlərin müəllifi sovet şirkətində
tərcüməçi işləmək üçün
İraqa uzunmüddətli ezamiyyətə göndərildi.
Əta Tərzibaşı Azərbaycanda Xalq şairi Rəsul
Rzanın "Uzaq ellərin yaxın töhfələri" məqaləsi
ilə tanındı. Rəsul Rza ilə birgə
hazırladığımız "Kərkük
bayatıları" (1968) hadisəyə çevrildi. "Kərkük
bayatıları" kitabından və mənim "İraq
azəriləri" ("Elm və həyat", ¹4, 1967),
"Kərkük şairləri" ("Ulduz", ¹7, 1968),
"Kərkük azəriləri" ("Azərbaycan"
jurnalı, ¹2, 1969) və "Uzaq və doğma ellər"
(Bağdad, Qardaşlıq, ¹3-4, 1969) məqalələrimdən
sonra İraqdakı soydaşlarımız və onların ən
parlaq simalarından biri Əta Tərzibaşı Azərbaycanda
daha yaxşı tanınmağa başladı. Görkəmli
folklorşünas alim, professor Məmmədhüseyn Təhmasib
"Kərkük bayatıları"na həsr etdiyi eyni
adlı "Uzaq ellərin yaxın töhfələri" məqaləsində
Əta bəyin yaradıcılığından ürəkdolusu
söhbət açdı ("Azərbaycan" jurnalı,
¹2, 1969).
1971-ci ildə Əta Tərzibaşının
"Arzu-Qəmbər" dastanını ustadıma həsr
etdiyim "Bir ömürdən səhifələr"
adlı əhatəli məqaləmlə dərc etdirdim.
Əsər və məqaləm böyük əks-səda
doğurdu. Yazım elmi ictimaiyyətin diqqətini ciddi şəkildə
çəkdi. Əta Tərzibaşı görkəmli alim
kimi etiraf edildi.
Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti
Məmməd Arif Dadaşzadə məni
çağırıb dedi ki, Əta Tərzibaşı
haqqında çox yazın, onun kitablarını çap
etdirin. Özünə də xəbər verin ki, onu
akademiyamıza fəxri üzv seçmək niyyətindəyik.
Biz böyük alim Məmməd Arifin dediyi kimi də
etdik. Professor M.Təhmasib
Əta Tərzibaşının "Kərkük əskilər
sözü" (Bağdad, 1962) kitabına "Ara uzaq, ürək
yaxın" adlı çox maraqlı məqalə həsr
etdi ("Ədəbiyyat və incəsənət" qəzeti,
12 mart 1972). Mən Rəsul Rzanın redaktorluğu ilə
Əta Tərzibaşının "Kərkük
mahnıları" (1973) kitabını ön sözlə
çap etdirdim.
Lakin Əta Tərzibaşı təklifdən imtina
etdi. Bu şərəfli addan imtinanın səbəbini
sonralar kərküklü alim, professor Sübhi
Saatçının Əta Tərzibaşının 80 illiyi
münasibətilə yazdığı məqalədən
öyrəndik: "Toplumuna Əta Tərzibaşı kimi xidmət
edən insanları mənsub olduğu toplumlar əl
üstündə tutarlar. Onlar üçün yubileylər
düzənləyərək mükafatlandırarlar, təltif
edərlər. İraqda uzun illər sürən diktator rejimi
üzündən, həyatına bir zərər dəyməsin
deyə, türkman toplumunun bu önəmli kültür
adamına gərəkən qədirşünaslıq göstərilməmişdir.
Tərzibaşıya hər hansı bir xidmətdə bulunmaq
təhlükəli görülmüşdür"
("Qardaşlıq" dərgisi, ¹23. İstanbul, 2004, s.10)
Göründüyü kimi, Əta Tərzibaşının
Azərbaycan Elmlər Akademiyasına fəxri üzv olmaqdan
imtina etməsi səbəbsiz deyilmiş.
Bununla belə, Əta Tərzibaşının xidməti
ölkəmizdə yüksək qiymətləndirilmişdir.
Bu böyük alimə Azərbaycan Sovet Ensiklopediyasında
geniş yer verilmişdir (IX cild, Bakı, 1986, s.257).
Ensiklopediyada gedən oçerki olduğu kimi təqdim edirəm:
"Tərzibaşı Əta Ömər oğlu
(doğulduğu tarix 11.11.1924. İraq, Kərkük) İraq
türkman (Azərb.) folklorşünası, publisist,
dilçi, tənqidçi, Türk Dil Qurumunun (Türkiyə)
fəxri üzvü. İraq türkmanlarının folklor
nümunələrinin toplanması, nəşri və tədqiqində
mühüm xidməti var. "Şərqilər və
türkülər" (1953), "Kərkük xoyratları və
maniləri" (cild 1-3, 1953-1957), "Kərkük
havaları" (1961), "Kərkük əskilər
sözü" (1962) və sair kitablarında folklor
materialları ilə yanaşı, elmi araşdırmalar da
mühüm yer tutur.
"Kərkük şairləri" (1-2 cildlər,
1963, 1968) kitabında İraq türkman şairlərinin həyat
və yaradıcılığına dair məlumat və əsərlərindən
nümunələr verilmişdir. Füzuli və M.Şəhriyara
həsr olunmuş məqalələri var. Tərzibaşının
topluları əsasında Bakıda "Kərkük
bayatıları" (1968), "Arzu-Qəmbər
dastanı" (1971), "Kərkük mahnıları"
(1973), "Kərkük atalar sözləri" (1978),
"İraq Kərkük bayatıları" (1984)
kitabları çap olunmuşdur (Ədəbiyyat: Paşayev Qəzənfər.
Bir ömürdən səhifələr. "Arzu-Qəmbər
dastanı" kitabından, Bakı, 1971).
1994-cü ildən Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü Əta Tərzibaşı
haqqında "Azərbaycan Yazıçıları XX-XXI
yüzillikdə Ensiklopedik məlumat kitabı"nda isə
(Bakı, "Nurlar", 2011, səh.937-938) geniş oçerk
vermişik.
Onu da qeyd edək ki, qədirşünaslıq əlaməti
olaraq ustadıma "Əta Tərzibaşının
folklorşünaslıq fəaliyyəti" adlı monoqrafiya
həsr etmişəm. Monoqrafiya Bakıda (2016) və Ankarada
(2017) Dr.Mustafa Ziya və Dr.Şəmsəddin Kuzəçi tərəfindən
çap olunub. Bu monoqrafiya Əta bəyin
yaradıcılığına həsr olunan ilk sanballı əsərdi.
Əta Tərzibaşının anadan olmasının
100 illiyinə (11.11.2024) Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun fəxri doktoru, Dr.Şəmsəddin Kuzəçinin
ustadın yaradıcılığını hərtərəfli
əhatə edən sanballı monoqrafiyası və azərbaycanlı
tədqiqatçı Orxan İsayevin Əta Tərzibaşının
ədəbiyyatşünaslıq fəaliyyətinə həsr
olunan monoqrafiyası dərc olunacaq. Bu əsərlər xocamızın
xatirəsinə həsr olunmuş ən böyük hədiyyə
olacaq.
Bugünkü kimi xatırlayıram, Əta bəylə
tanışlığım düz altmış il bundan əvvəl,
1964-cü ilin sentyabr ayında Bağdadda, İraq
türkmanlarının "Qardaşlıq" dərgisində
Universitetlərə yeni qəbul olunan tələbələrlə
görüş zamanı olmuşdu. Folklor və ləhcə
barədə verdiyi məsləhətlər gələcək
elmi fəaliyyətimdə çox gərəkli oldu. Məktublaşmağımız
özü bir məktəb idi ("Altı il Dəclə-Fərat
sahillərində". "Yazıçı", 1985,
s.83-89) Bu gün sevinclə deyə bilərəm: Xocam, ruhun şad olsun,
arzularımız yerinə yetir. Hərtərəfli əlaqələrimiz
get-gedə genişlənir. Kərküklü yazar və alimlər
tez-tez Azərbaycana gəlir, bir kökdən olduğumuzu onlar
daha dərindən dərk edirlər. AMEA-nın nəzdində
"Azərbaycanda İraq Türkman Araşdırmaları
üzrə Əlaqələndirmə
Şurası"nın yaradılması çox mətləblərdən
xəbər verir.
Burada Əta bəyin
qürur duyduğu, çox sevdiyi, "Kərkük şairləri"
kitabında yer verdiyi İhsan Doğramacının Heydər
Əliyevlə dostluğu nəticəsində əlaqələrimizin
yüksək səviyyəyə qalxdığını fəxrlə
qeyd etmək istəyirəm. Onu da qeyd edim ki, İhsan
Doğramaçının xahişi ilə Heydər
Əliyevin "Qardaşlıq" dərgisinə verdiyi
müsahibədə xüsusi vurğuladığı
"Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan,
Quzey Azərbaycan və İraq türkmanları bir
bütövün parçalarıdır" tarixi kəlamı
("Qardaşlıq", ¹8, İstanbul, 2000, s.4) ədəbi-mədəni,
elmi əlaqələrimizin inkişafında böyük rol
oynayıb və bu gün də öz bəhrəsini verməkdə
davam edir.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2024.- 1 fevral,¹19.- S.12;13.