Ədəbiyyatın
və elmin ictimai təşkilatlanma formaları
Hər bir fəaliyyət sahəsinin ictimailəşməsi
və sosial strukturu onun əsas funksiyasına uyğun olur.
Elmin məqsədi ağlın gücü ilə obyektiv
reallığı öyrənmək, həqiqəti üzə
çıxarmaqdır. Elmi yaradıcılıq hamı
üçün əlçatan deyil, xüsusi elmi potensiala
yiyələnmiş insanlar - mütəxəssis alimlər
üçündür. Bədii yaradıcılıq, ədəbiyyat
da xüsusi istedad tələb edir. Amma elm və ədəbiyyatın
fərqi sadəcə bunda deyil ki, onların məqsədi və
predmetləri fərqlidir və ya birində yüksək məntiqi
təfəkkür, o birində yüksək bədii təfəkkür
tələb olunur. Fərq həm də ictimai funksiyada və
sosial təşkilatlanma formalarında özünü göstərir.
Elmin dili ixtisaslaşmış dildir və onu ancaq
müvafiq elm sahəsinin adamları, mütəxəssis alimlər
anlayırlar. Ədəbiyyat isə hamı
üçündür. Yəni ədəbi əsərlər
müvafiq dilin daşıyıcısı olan bütün
xalq kütləsinə ünvanlanmış olur. Onun predmeti də,
hədəfi də insandır.
Doğrudur, hansı dildə yazılıbsa, onu ancaq həmin
dili bilənlər oxuya bilir, amma hamı üçün əlçatan
olması üçün bədii tərcümə
qapısı da açıqdır. Elmdə isə onun
hansı danışıq dilində yazılması önəmli
deyil, çətinlik törədən onun
ixtisaslaşmış bilik tələb etməsidir.
Amma elmin mənimsənilməsi və tətbiqi də
hamı üçün deyil. Ədəbiyyat isə obyektiv
reallığı yox, insanın özünü, iç
dünyasını və iç ilə dışın
münasibətlərini işıqlandırır. Onun hədəfi
obyektiv dünyanın deyil, insan dünyasının həqiqətdir:
insanın simasını, yaşadığı dəyişik
halları üzə çıxarmaqdır. F.Şellinq sənətin,
ədəbiyyatın özəlliyini araşdırarkən
vurğulayır ki, ideal və real dünyanın üç əsas
potensiyası - Həqiqət, Xeyir və Gözəllikdir. Bax,
bu potensiyaların üçü də ədəbiyyatın
hədəfindədir, həm də ayrı-ayrılıqda
deyil, qarşılıqlı əlaqə və vəhdət
halında.
Bəziləri belə hesab edir ki, sənətkarın
vəzifəsi ancaq özünü ifadə etməkdir, tərbiyə
vermək, öyüd-nəsihət əsl sənətin
işi deyil. Bəs onda meyar kimi nə qalır? Əgər
yazıçı öz içində olanlardan xəbərsizdirsə
və özünü ifadə edərkən başqalarına
xeyirmi, yoxsa şərmi təlqin etdiyinin fərqində deyilsə,
bu, kortəbii yaradıcılıqdır. Həqiqi
yaradıcılıq mühitin, dışdakı
reallığın könül dünyası ilə, içdəki
reallıqla qarşılıqlı əlaqəsini,
dialektikasını üzə çıxarmaqdır. Fəlsəfə
və ədəbiyyat bir də bu ortaq məkanda
görüşmüş olur.
Fəlsəfə ilə ədəbiyyat
arasındakı iç-içəlik təbiidir,
çünki hər ikisinin əsas mövzusu insan, onun
iç dünyası, mənəvi aləmdir. Yəni sadəcə
"ədəbiyyat elminə" deyil, ədəbiyyat fəlsəfəsinə
də ehtiyac var. Həm də daha çox ehtiyac var. Xüsusən
ədəbi tənqid sahəsi filoloji fakültələrin
kurikulumuna sığmır. Nəyinsə içində oturub
onu bir bütün olaraq görmək mümkün deyil. Bədii
yaradıcılığa qiymət vermək, ona tənqidi
yanaşa bilmək üçün yazıçının
ideya platformasından ən azı bir mərtəbə
yüksəkdə durmalı, bədii təfəkkür və
ümumiyyətlə idrak nəzəriyyəsinə bələd
olmalısan. Amma bu da azdır, tənqidçi ədəbi-bədii
yaradıcılığın ideya hədəflərinə bəşəriyyətin
ideya arsenalı zirvəsindən baxmalıdır. Başqa
sözlə, tənqidçi üçün sadəcə
filoloji biliklər yetərli deyil, fəlsəfi təfəkkür
vərdişləri də mənimsənilməlidir. Ancaq bu
halda konkret bir bədii əsərdə ifadə və tərənnüm
olunan ideyalar dünya fəlsəfi fikrində min illər ərzində
araşdırılmış və sistemləşdirilmiş
ümumbəşəri ideyalar kontekstində müqayisə və
təhlil oluna bilər.
Ədəbiyyat fəlsəfəsi də ədəbiyyat
elmi kimi, iki fərqli pilləni əhatə edir: biri - konkret bədii
əsərin ideya müstəvisində təhlilidir ki, buna adətən
ədəbi tənqid deyirlər. O biri - bütövlükdə
ədəbiyyatın, ədəbiyyat universiumunun, empirik elmi səviyyədə
deyil, fəlsəfi-estetik səviyyədə mənimsənilməsi,
tənqididir ki, bu da estetikaya və sənət fəlsəfəsinə
aid olur (hərçənd əksər hallarda onları
ayırmır, eyniləşdirirlər). Bəs "ədəbiyyat
elminə" nə qalır? - Ədəbiyyatın empirik elmi
analizi. Niyə empirik, - çünki o, əsərin məzmununu,
ədəbi ideyaları deyil, ədəbi materialın
formalarını öyrənir. Necə ki, botanika, zoologiya
bitki və ya heyvanların təsnifatı və
qruplaşdırılmasından çıxış etdiyi
üçün empirik elmlərə, "ümumi
biologiya" isə, onların bir üst qurumu kimi, nəzəri
elmlərə aid edilir. Beləliklə, "ədəbiyyat nəzəriyyəsi"
deyilən sahə əslində ədəbiyyatın empirik
elmi analizi ilə estetika arasındakı məkanı əhatə
edir. Fərqli nəzəriyyəçilər problemə
olduqca fərqli dərinliklərdə daxil olurlar: kimiləri təsnifata,
kimiləri isə mahiyyətə üstünlük verir.
Poeziya da iki fərqli anlamda: poetikliyin tərkib hissəsi
olaraq, şeiriyyət/nəzm anlamında və bir də bədiiyat
anlamında, daxili ahəng, ideyanın harmonik təcəllisi
kimi başa düşülür. Bircə ideyanın
özü qalır ki, o da artıq fəlsəfənin
predmetidir. Və ədəbiyyatda bədii əsərin məzmunu
sayılan təhkiyə fəlsəfə qatında
ideyanın təcəssüm forması, hətta vasitəsi
olur. Elm ona görə insana yaddır və ona görə buz kimi
soyuqdur ki, burada ideyalar ümumilər və onların ifadəsi
olan anlayışlar, termin və ya istilahlarla, hətta bir az da
mücərrədləşdikdə riyazi işarə, sxem və
düsturlar vasitəsi ilə təqdim olunur. Elmi ideyalardan ona
görə duyğulanmaq olmur ki, onlar, elmin predmeti deyilən
obyektdən bütün subyektiv amilləri sıxıb
çıxarmaqla, ancaq soyuq, quru məzmuna ulaşmaqla əldə
olunur.
"ƏDƏBİYYAT ELMİ"
Elm və Ədəbiyyatın özlərinin və
onları araşdırmaq üçün yaranmış
köməkçi elm sahələrinin sosial təşkilatlanma
dərəcələri müqayisə edildikdə maraqlı
bir disbalansla üzləşirik. Elmşünaslıq və ya
"elm haqqında elm" nəhəng elm institutu ilə
müqayisədə çox cılız görünür.
Elmşünaslığın sosial həcmi nəinki
bütövlükdə elm, ayrı-ayrı fənlərlə
müqayisədə də çox kiçikdir. Azərbaycanda
bu sahə ayrıca bir vahid kimi təşkilatlanmamış,
elmşünaslığa dair az saylı tədqiqatlar isə
"Fəlsəfə çardağı"nın
altında, AAK-ın təsnifatında isə "elm/bilik fəlsəfəsinin"
içərisində yerləşdirilmişdir.
Ədəbiyyat fəlsəfəsinə dair fərdi təşəbbüs
qismində rast gəlinən tək-tük tədqiqat(çı)lar
da Fəlsəfə İnstitutunda deyil, Ədəbiyyat
İnstitutunda sığınacaq tapmışdır. Yəni
fəlsəfəçilərimiz ədəbiyyatı sanki
unudublar; yəqin belə düşünülür ki, onun
öz sahibi var, - Ədəbiyyat İnstitutu.
Ədəbiyyatda isə durum xeyli fərqlidir. Ədəbiyyat
elmi, ədəbiyyatşünaslıq öz sosial miqyasına
görə hətta ədəbiyyatın özünü də
aşmış kimi görünür.
Ədəbiyyatın özünün (bədii ədəbiyyatın)
sosial təşkilatlanması isə acınacaqlı gündədir.
Sovetdən qalma, "ənənəvi" təşkilatlanma
forması, "ədəbiyyatın yiyəsi" AYB
olduğundan, bunun dışında institutlaşma formaları
"ağla gəlmir". Amma sovet dövründə ədəbi
prosesin, bədii ədəbiyyatın sosial-iqtisadi və təşkilati
aspektlərini, kitabların nəşri və
satışını, kitabxanalara paylanmasını, təbliğat
və reklam xidmətini Mədəniyyət Nazirliyi, Dövlət
Nəşriyyat Komitəsi, "Azərkitab" İstehsalat
Birliyi kimi nazirlik statusunda dövlət qurumları həyata
keçirirdi. Bədii ədəbiyyatın, teatrın təqdimatı
və təbliği Televiziya və Radio Komitəsinin də
mühüm vəzifələrindən biri idi. Cəmi bir TV
kanalının olmasına baxmayaraq, tanınmış
ziyalılarımızın, şairlərimizin siması
hamıya tanış idi, onların efirdə görünməsi,
yeni əsərlərlə tanışlıq, şeirlərin
ifası gözəl bir ənənə olmaqdan başqa, az
qala rəsmiləşmişdi.
Bazar iqtisadiyyatına keçid dövründə
bazardan xəbərsiz bu saf, məsum ədəbiyyatı
bazarın öhdəsinə buraxmaq olmazdı təbii ki...
Amma bu sahədə görülən tədbirlər real
ehtiyaca adekvat olmadı. Əslində bu ehtiyacların öyrənilməsi
də hələ təşkil olunmayıb. Əgər o
keçmiş ənənələrdən miras qalmış
AMEA-ya, "ədəbiyyat elmi" funksiyasını üzərinə
götürmüş Ədəbiyyat institutlarına və
universitetlərin filoloji fakültələrinə, müvafiq
kafedralara və Elmi şuralara müraciət etsək, bəlli
olar ki, onlar bədii ədəbiyyatın təşkilati,
sosial, iqtisadi problemləri ilə məşğul olmur... Onda
bəlkə Fəlsəfə, Sosiologiya və İqtisadiyyat
institutlarına, Dövlət strateji araşdırma mərkəzlərinə
müraciət edək; onlar da ədəbiyyat bizlik deyil, - deyəcəklər.
Bəs onda necə olsun? Mən bir elmşünas kimi, elmlərin
təsnifatı və statusu ilə məşğul olan
mütəxəssis kimi belə hesab edirəm ki, dövlət
qarşısında məsələ qaldırmaq, əsaslandırılmış
layihələr hazırlamaq biz alimlərin, ziyalıların
işidir; yoxsa dövlət bunları necə araşdıra
bilər və ortaya çıxarılmamış, yetərincə
əsaslandırılmamış ehtiyacları necə təmin
edə bilər?
Qaldırdığımız məsələ
kitabın mövzusunu - "ədəbiyyatın fəlsəfəsi"
məsələsini aşsa da, biz bu absurd durumu
vurğulamağı vacib bilirik; yoxsa gənc yaradıcı nəsil,
gerçək və ya əsl ədəbiyyatın
daşıyıcıları olan insanlar yaranmış problemlərin
ünvanı olaraq ictimai təşkilat olan AYB-ni görməkdə
davam edəcək, ümidlərini sadəcə bu quruma
bağlayacaqlar. Yazıçılarımız öz fəaliyyət
sahələrinin sosial statusunu və cəmiyyətin
strukturunda daha ədalətli və daha məqsədyönlü
yerini düzgün təsəvvür etməsələr,
mübarizəni yanlış ünvanda aparsalar, təbii ki,
bir nəticə də heç vaxt hasil olmayacaqdır.
Bir daha qeyd etmək istəyirik ki, bu məsələlər
nə ədəbiyyatın özü, nə də onların
elm sahəsində təmsilçiləri - ədəbiyyatşünaslar
tərəfindən aydınlaşdırıla bilməz,
çünki tamamilə başqa sahələrin -fəlsəfə,
sosiologiya və mədəniyyətin idarə edilməsi kimi
araşdırma sahələrinin mövzusuna daxildir... Və təəssüf
ki, hələ indiyədək bu sahələrdə yetərli
tədqiqat aparılmayıb və müvafiq dövlət
orqanları qarşısında əsaslandırılmış
məsələ qaldırılmayıb.
Bəs AYB-nin heçmi günahı yoxdur? Nə qədər
paradoksal görünsə də, "günahı" fəaliyyətsizlikdə
deyil, həddindən artıq fəal olmasında,
özünün səlahiyyətinə aid olmayan işləri
də həll etmək təşəbbüslərindədir.
AYB isə öz funksiyasına aid olmayan bu məsələləri
həll etmək üçün yeganə çarəni
dövlət rəhbərliyinə müraciətdə
görür və nəticədə ədəbiyyatı,
yaradıcı gəncliyi ələbaxımlığa öyrədir.
Halbuki bu məsələlər dövlət əhəmiyyətli
olsa da, dövlətin işi deyil; sadəcə olaraq sənətin
bütün sahələrinin, o cümlədən, ədəbiyyatın
sosial-təşkilati strukturunun yeni şərtlərə
uyğun qurulması tələb olunur.
Bədii yaradıcılıq sahələrinin bazar
iqtisadiyyatının tələblərinə uyğunlaşa
bilməsi üçün daha bir şərtin ödənilməsi
lazımdır. Ədəbiyyata sosial sifariş
olmalıdır. Bəs bizim cəmiyyətdə bu sifariş
niyə hiss olunmur? Bu sualın cavabı ədəbiyyatın,
sənətin özündə deyil, - təhsil sistemində
buraxılmış nöqsanlara bağlıdır. Tələbə
qəbulunun mərkəzləşmiş test sisteminə
keçməsi ümumən proqressiv hadisə sayılsa da, bu
işin daxili məzmunu xeyli dərəcədə
qüsurludur. Ən mühüm qüsurlar dilin dilçilik, ədəbiyyatın
da ədəbiyyatçılıqla qarışıq
salınmasıdır. Əgər biz bədii ədəbiyyatı
sosial iflasdan qurtarmaq istəyiriksə, o, ədəbiyyatşünaslıq
və ədəbiyyat tarixi ilə əvəzlənmək kimi
bir yanlışdan xilas edilməlidir. Yoxsa bədii ədəbiyyat
özünün ən böyük oxucu kütləsini
itirmiş olur ki, bu faciəvi durumun əsas zərbəsi oxucu
qismində bütövlükdə gənc nəslə,
dolayısı zərbəsi isə ədəbi-bədii
yaradıcılığın cəmiyyətlə əks əlaqəsini
tormozlamaqla yaradıcı gəncliyə dəyir.
Yenə də başlanğıca dönək: ədəbiyyat
özünüdərk iqtidarındadırmı, yoxsa
özünün sosial təşkilatlanması və iqtisadi
problemlərinə aydınlıq gətirilməsi
üçün fəlsəfə, sosiologiya, iqtisad elmi kimi tədqiqat
sahələrinə müraciət etməlidir?! Amma... Ədəbiyyatmı
müraciət etməlidir, yoxsa ictimai elmlər öz təşəbbüsü
ilə ədəbiyyatı da sadəcə ədəbi-bədii
məzmun kimi deyil, həm də başqa rakursda, ictimai
varlığın, cəmiyyətin tərkib hissəsi, bir
sosial institut kimi görməlidir. Əlbəttə,
soruşula bilər ki, olmayan şeyi necə araşdırmaq
olar? Yəni bu gün bədii ədəbiyyat əsasən fərdi
yaradıcılıq kimi, pərakəndə şəkildə
mövcud olduğuna və bütöv bir sosial orqanizm kimi
formalaşmadığına görə, onun öyrənilməsi
də cəmiyyətşünaslığın diqqətindən
kənarda qalmış və dövlətin cəmiyyəti təşkilatlandırmaq
funksiyasından yararlana bilməmişdir.
Tam adekvat analogiya olmasa da, təsəvvür edin ki,
Tibb universitetinin məzunları üçün elmi-tədqiqat
institutları yaradılır, amma xəstələr və xəstəxanalar
yaddan çıxır, təbabət xalqı unudub
özü-özünü araşdırmaqla kifayətlənir.
Bu gün ədəbiyyatın vəziyyəti belədir ki, bədii
əsərlər sanki xalqın ehtiyacını ödəmək
üçün deyil, yazarların yaradıcılıq
yanğısını ovutmaq üçün yazılır və
bir də onları dəyərləndirmək
üçün elmi araşdırmaçılar var; xalq isə
yaddan çıxıb. Ya xalq ədəbiyyatın, ya da ədəbiyyat
xalqın, cəmiyyətin, dövlətin yadından
çıxıb. İctimai tələbatı, sosial
sifarişi körükləyən isə milyonlarla məktəblinin
oxucuya çevrilməsi olmalı idi. Təsadüfi deyil ki,
sovet dövründə həm orta məktəbi bitirmək
üçün ədəbiyyatdan imtahan verilməliydi, həm
də istənilən ixtisas üzrə ali məktəbə qəbul
üçün. Məhz ədəbiyyatdan, ədəbiyyatşünaslıqdan
deyil. Ədəbiyyatdan inşa o deməkdir ki, məktəbli
proqramda olan bütün bədii ədəbiyyat nümunələrini
oxumuş olmalıydı, çünki tələb olunan əsər
və ya yazıçı haqqında bilgi deyil, əsərin
təhlili idi. Nəticədə klassik ədəbiyyatın
tirajı yüz minlərlə, çağdaş ədəbi
əsərlərin tirajı isə ən azı on minlərlə
hesablanırdı. Və yazıçılar, şairlər cəmiyyətin
zənginləri sırasında idilər.
Gənc nəslin yenidən bədii ədəbiyyata
qurşanması (!) və bunun sosial sifarişə çevrilməsi
zərurətini vurğulayarkən məqsədimiz sadəcə
bədii yaradıcılığın özünü maliyyələşdirə
bilən sosial sistemə çevrilməsi deyil, əsas məqsəd
gənc nəsli mənəvi zənginliyə qaytarmaqdır
ki, bunun ən mühüm yollarından biri - birincisi bədii
mütaliədir.
Bəli, "günah" bundan ibarətdir ki, ədəbiyyat
özünü sadəcə subyekt kimi, yaradıcı sahə
kimi aparmamalı, özünün həm də optimal təşkilatlanması
və sosial obyekt olaraq öyrənilməsi üçün cəhd
göstərməli, bunun üçün mütəxəssislər
qarşısında məsələ qaldırmalı,
müvafiq dövlət qurumlarına müraciət etməlidir...
Və təəssüf ki, tələb olmayanda təklif
də olmur, ehtiyacın ödənilməsi düzgün
ünvanda axtarılmayanda, nə müvafiq elmi
araşdırmalar aparılır, nə də cəmiyyətin
və dövlətin strukturunda aidiyyətli orqanlar, cavabdeh
qurumlar oluşur. AYB də hər şey üçün məsul
tərəf imiş kimi, çıxış yolları
arayır və problemin həllini birbaşa dövlət
başçısına müraciət və yardım
dışında təsəvvür edə bilmir. Edə
bilmir, çünki bu, bir ədəbiyyat məsələsi,
bədii yaradıcılıq sahəsi deyil, fəlsəfi-sosioloji
təhlil tələb edir. Müvafiq sosial təşkilatlanma
da ancaq bu zaman aktuallaşar və dövlət də ancaq
konkret ictimai tələbata uyğun təşkilati tədbirlər
görər.
ELMLƏR AKADEMİYASI VƏ YAZIÇILAR
BİRLİYİ
Elm və ədəbiyyat arasında fərqlərdən
danışarkən, bu fərqin onların təşkilati
formalarına da yansıdığını nəzərə
almaq lazım gəlir.
Xalq yazıçısı Elçinin Azərbaycan ədəbiyyatı
və onun təşkilatlanması problemləri haqqında
düşüncələri ilə tanış oldum. Bir elm
adamı olaraq, burada qaldırılan məsələlər
fikrimi istər-istəməz elmin və fəlsəfi tədqiqatların
təşkilatlanması ilə əlaqədar vəziyyətin
təhlilinə yönəltdi. Belə ki, ədəbiyyatla
yanaşı, elm və fəlsəfə də öz sovet
dövrünü başa vurduqdan sonra, müstəqillik şəraitində
qarşısında duran missiyanın yenidən dəyərləndirilməsinə,
o vaxtdan qalmış təşkilati formaların bir daha nəzərdən
keçirilməsinə ehtiyac hiss edir.
Əlbəttə, iqtisadiyyat sahəsində biz öz
seçimimizi artıq etmişik. Mərkəzləşmiş
təsərrüfat və vahid dövlət idarəçiliyi
sistemindən bazar iqtisadiyyatına keçilməsi prosesi
artıq başa çatmışdır. Kommunist
ideologiyasından və sosialist təsərrüfat sistemindən
imtina edildikdən sonra belə bir keçid labüd idi. Lakin
bu keçidin özü də ilk illərdə yaxşı
ölçülüb-biçilmədiyindən
iqtisadiyyatımız böyük itkilər verdi. Sənaye də,
kənd təsərrüfatı da az qala iflic vəziyyətinə
düşmüşdü. Nə yaxşı ki, 1993-cü ildən
sonra hələ yeni strukturlar formalaşmadan əvvəlkiləri
kor-koranə dağıtmaq praktikasına son qoyuldu. Bu
tendensiyanın neobolşevik mahiyyətini çox
düzgün qeyd edən Elçin Əfəndiyev onun ədəbiyyatımıza
vura biləcəyi ziyanların da qarşısını
almağa çağırır.
Yeniliyi, müstəqilliyi, azadlığı
"sovetdən nə qalıbsa dağıtmaq" kimi
başa düşənlər təbii ki, təkcə
iqtisadiyyatda yox, başqa sahələrdə də var idi. Mən
Yazıçılar İttifaqını ləğv etmək
tərəfdarlarının arqumentləri ilə yaxşı
tanış deyiləm. Amma Elmlər Akademiyasının da
keçmişin qalığı kimi qiymətləndirilməsi
və ləğvi haqqında düşüncələr mənə
yaxşı bəllidir.
İqtisadiyyatla yanaşı, elmi, ədəbiyyatı,
təhsili və ümumiyyətlə istənilən ictimai həyat
sahəsini əhatə edən mərkəzləşmiş
idarəetmə sistemi, əlbəttə, məhz sosializm
üçün spesifik bir cəhət idi. Amma onun
çatışmazlıqları ilə yanaşı,
üstünlükləri də var idi. Xüsusilə elm sahəsində
dövlət tərəfindən maliyyələşdirmə
və mərkəzləşdirilmiş fəaliyyət prinsipi
elmin inkişafı üçün böyük hərəkətverici
qüvvə idi. Kapitalizm cəmiyyətindəki alimlər də
məhz belə bir şərait arzu edirdilər. A.Eynşteyn
deyirdi ki, elm adamı gərək qazanc barədə
düşünməli olmasın, onun bütün maddi
ehtiyacları və qayğıları üzərindən
götürülməlidir. Buna uyğun model isə məhz
sosializm cəmiyyətində
formalaşdırılmışdı. Və sosializmin bu
üstünlüklərindən bəhrələnmiş,
dövlət tərəfindən maliyyələşməyə
vərdiş etmiş alimlər üçün başqa tipli
təşkilati forma və maliyyələşmə
metodları, təbii ki, müəmmalı və hətta
qorxulu görünür; xüsusən də yaşlı nəsil
üçün. Axı, ənənəvi sistemdə dərəcələr,
ölçülər, meyarlar və müvafiq maaş
kateqoriyaları detallarına və qəpiyinədək müəyyənləşdirilmişdi.
İnkişaf səviyyəsi konkret göstəricilər və
titullarla müəyyən edilmiş, dissertasiya işlərinin
yazılıb müdafiə edilməsi ilə, kiçik elmi
işçidən baş elmi işçiliyə qədər
bütün pillələri keçməklə reqlamentləşdirilmişdi.
İndi gün kimi aydın olan bu sistemdən
çıxıb elmdə təşəbbüskarlığa,
rəqabətə, fərdi münasibət prinsipinə,
konkret nəticəyə-məhsula görə maliyyələşmə
mexanizminə, layihə-qrant və müsabiqə metodlarına
əsaslanan tamamilə başqa meyarlar sisteminə keçmək,
bildiyini qoyub biləcəyə getmək risk deyilmi və kim
bunu istəyər?
Əlbəttə, islahat naminə islahat aparmaq olmaz. Hər
hansı yeni bir təşkilati forma gerçək ictimai tələbatdan
ortaya çıxmalı və elmi üsullarla əsaslandırılmalıdır.
Yüz ölçmədən biçmək olmaz. Amma
köhnə strukturları mütləqləşdirmək, hər
hansı bir yeni təşəbbüsü
dağıdıcılıq kimi dəyərləndirmək də
yolverilməz haldır. Bütün sahələrdə
olduğu kimi, elmdə də, yəqin elə ədəbiyyatda
da yenilikçilərlə ənənəçilər
arasında mübarizə labüddür. Bir daha təkrar edirəm
ki, hər bir yeni ancaq köhnənin, təməlin üzərində
qurulmaqla, məhz onun öz içərisindən bir daxili zərurət
kimi cücərib çıxmaqla, həqiqi bir yenilik olar və
ancaq bu zaman fayda gətirə bilər. Yoxsa "hələ
köhnəni yıxaq, sonra baxarıq" düşüncəsi
ilə atılan addımların yeniliyə heç bir aidiyyəti
yoxdur.
YAZIÇILAR BİRLİYİ VƏ
ƏDƏBİYYATIN ÖZÜ
Xalq yazıçısı Elçin yazır:
Söhbət ədəbiyyatdan gedir; heç bir siyasi-inzibati qəliblərə
sığmayan bu bəşəri-mənəvi dəyərin
təbiətini dəyişmək mümkün deyil.
Mən belə başa düşürəm ki,
söhbət "Yazıçılar Birliyi"nin
adından, şöhrətindən və ya rəsmi səlahiyyətlərindən
getmir. İndi kiminsə yazıçı və ya şair
olması üçün hansı isə birliyin, hansı isə
təşkilatın üzvlük vəsiqəsi tələb
olunmur, çünki mətbuat azadlığı verildikdən
sonra hamı öz əsərini istədiyi şəkildə
çap etdirmək hüququna malikdir. Hətta
"Yazıçılar Birliyi"nin orqanlarında da
çap olunmaq üçün onun üzvü olmağa
ehtiyac yoxdur. Qəzet, jurnal və kitab buraxmaq ixtiyarı
hamıya verildiyi kimi, ictimai birlik yaratmaq səlahiyyəti də
heç kim üçün məhdudlaşdırılmamışdır.
Hətta ənənəvi "Yazıçılar
İttifaqı" adı dəyişildiyi üçün,
bu ad, necə deyərlər, vakansiyadır və kim istəsə,
sovetlər dönəmindəki həmin adı bərpa edə
bilər. Yəni söhbət hansı isə ictimai birlikdən
və ya onun adından getmir. Söhbət əslində ancaq
dövlətin məhz hansı təşkilatı maliyyələşdirməsindən
gedir. Bu isə artıq yaradıcı qruplar, ədəbi cərəyanlar,
hətta təşkilatlar arasında rəqabət olmayıb,
dövlətə yönəli bir istəkdir. Bu istək
uğrunda mübarizə də, məntiqlə yanaşsaq,
qrupların və ya təşkilatların öz aralarında
deyil, müvafiq dövlət orqanlarının meyarlarına və
tələblərinə cavab vermək uğrunda getməlidir.
Dövlət isə təbii ki, daha çox dərəcədə
ictimai nüfuz meyarından çıxış edir. Yəni
bu mübarizə əslində ictimai nüfuz uğrunda
mübarizədir. Bu nüfuzu qazanmaq üçün isə
yenə də əvvəlcə yazıb-yaratmaq, çap
olunmaq tələb olunur. Yenə başlanğıca
qayıtmış oluruq.
Kapitalizm cəmiyyətinin və yeni iqtisadi münasibətlərin
ruhuna uyğun olaraq, müxtəlif yaradıcı qrupların
və alternativ təşkilatların olması təbii
haldır. Sadəcə olaraq dövlət bunlardan ancaq birini
maliyyələşdirir (əslində EA-dan fərqli olaraq
burada tam maliyyələşmədən deyil, maliyyə dəstəyindən
söhbət gedir). Digər təşkilatlar isə fərqli
mənbələrdən maliyyə dəstəyi ala bilərlər.
İnkişaf etmiş ölkələrin hamısında bədii
ədəbiyyata real ictimai ehtiyac olduğuna görə,
kitablar böyük tirajla çap olunub satılır və
bütün maliyyə məsələləri həll
olunduğundan, meydanda daha çox həqiqi ədəbi-bədii
meyarlar, sənətin öz prinsipləri qalır. Mədəni-mənəvi
və intellektual inkişaf səviyyəsinə görə
geri qalmış, xüsusən təhsilin səviyyəsi
aşağı olan ölkələrdə isə
oxucuların azlığı üzündən ədəbiyyat
özünü maliyyələşdirə bilmir və maddi dəstəyə
ehtiyac yaranır. Kapitalizm şəraitində ya ədəbiyyat
da, incəsənətin bu və ya digər formaları da
yüksək sənət meyarlarından uzaqlaşaraq kütləvi
şüur səviyyəsinə enir, şoular və
komediantlıq artır, kütləvi mədəniyyət
genişlənərək onsuz da maddi cəhətdən
problemləri olan həqiqi ədəbiyyatı və sənəti
bir az da sıxışdırır, ya da milli burjuaziya yüksək
sənəti qorumaq üçün müxtəlif vəqflərin,
fondların, maarifçi-xeyriyyə təşkilatlarının
vasitəçiliyi ilə ona maddi dəstək verir. Yəni nəzərlər
dövlətə deyil, ictimai elitaya yönəlir. Uzağa
getməyək, bizə yaxın olan Türkiyədə də ədəbiyyata
və sənətə dəstək vermək
üçün yaradılmış neçə-neçə
vəqf fəaliyyət göstərir. Bizim problemimiz belə vəqflərin
və ya onları maliyyələşdirə biləcək
milli burjuaziyanın hələ də
formalaşmamasıdır. Bax, dövlət də ancaq məcburiyyət
üzündən əslində özünə aid olmayan bu
yükü də üzərinə götürür. Lakin
dövlətdən üstəlik, alternativ maliyyələşdirmə
sistemi gözləmək sadəlövhlük olardı.
İndiki mərhələdə dövlətin ən
böyük dəstəyi məhz alternativ təşkilatlanmalar
üçün hüquqi baza formalaşdırmaq və bu təşkilatların
istər dövlət fondlarından, istərsə də
ictimai fondlardan, vəqflərdən qrantlar və digər
formalarda dəstək ala bilməsinə şərait yaratmaqdır.
Necə deyərlər, hansı isə yeni bir ədəbi-bədii
məktəbin yeni cəmiyyətin açdığı
imkanlar sayəsində dəstəklənməsi daha
qanunauyğundur. Yeni cəmiyyətin öz mənəvi, bədii-estetik
və intellektual siması formalaşdıqca, yeni
yaradıcılıq istiqamətləri də özünə
daha böyük dəstək tapacaqdır.
Söhbət yenilik axtarışından yox, mənəvi
həyatda və sosiumdakı yeniliklərin bədii tərənnümü
zamanı öz-özünə məhz yenilik kimi təzahür
edən ədəbi-bədii faktdan gedir. Elçin yazır:
"Bu gün yüksək səviyyəli ədəbiyyat
mübarizəsi üçün, bəlkə də heç
vaxt olmadığı qədər, münbit ədəbi zəmin,
ədəbi şərait var. Eyni zamanda bu gün belə bir ədəbiyyat
mübarizəsinə böyük də bədii-estetik ehtiyac
var". Bəli, ədəbi-bədii həyatın zahiri tərəflərinin,
təşkilati məsələlərin az qala intriqa səviyyəsində
üzə çıxan melodramatik mübarizə yox, yeni bədii-estetik
səviyyəyə aparan yolların öz dramatizmi və ədəbi-bədii
prosesin öz daxilində mübarizə!
Yüksək bədii-estetik səviyyə isə ilkin
fəlsəfi dünyagörüşü tələb edir. Bu
gün filoloji fakültələrdə fəlsəfənin və
estetikanın əsas fənn kimi, geniş proqramla tədris
olunmaması fəlsəfəçilərdən daha
çox, ədəbiyyatçıları narahat etməli
deyilmi?! Filosofların vəzifəsi mövcud durumun təhlilini
verməkdən, filoloji təhsilin məzmumundakı bu
böyük çatışmazlığı üzə
çıxarmaqdan, təhsildəki bu vəziyyətinə dəbiyyatın
missiyasına uyğun gəlmədiyini açıb göstərməkdən
ibarətdir. Sonrası ədəbiyyatçıların
öz üzərinə düşür.
Tutaq ki, belə bir absurd durum özləri də fəlsəfi
təməlsiz filoloq olmuş adamları narahat eləmir, bəs
gerçək ədəbiyyat təmsilçiləri,
yazıçı və şairlərimiz niyə məsələ
qaldırmır?! Belə anlamsız vəziyyətin həyəcan
təbilini ən uca səslə Yazıçılar Birliyi,
nüfuzlu ədiblərimiz, ziyalılarımız
çalmalı deyilmi?!
Səlahəddin XƏLİLOV
525-ci qəzet.- 2024.- 1 fevral,№19.- S.10-11.