Dərindən gələn
səslər
Ötən həftə Şərq və Qərb mədəniyyətlərinin
təmsilçiləri olan iki böyük dahinin həyatları
və əsərləri, Night Shift çərçivəsində
reallaşan "Dərindən gələn səslər:
Baxdan İtriyə" adlı möhtəşəm
proqramı Şərəfiyə sarnıcında baş tutdu.
1600 illik sarnıcarnıcın belə əsrarəngiz
kültür və sənət tədbirlərinə ev
sahibliyi etməsi gözəl hadisədir. Məkanın mistik
atmosferi zərif notlarla birləşib möcüzəvi bir
harmoniya yaradır. Səslər dərindən, ən dərindən,
sanki yüz illər öncədən gəlir. Proqram davam
etdikcə duyğuların da bir-birinə qarışır.
Gah bu gündə qalırsan, gah İtri və Bax dönəminə
gedirsən, gah o an içində oturub musiqi dinlədiyin
sarnıcın içində vaxtı ilə ölən
insanları xatırlayırsan. Hal belə olunca, arada bir
özünü suçlu hiss elədiyini də görürsən.
Sonra düşünürsən ki, həyat budur - heç
kim, heç nə əbədi deyil. Hər şey zamanında
olur, olmağı lazım olan məqamda. İnsanlığa gəldikdə
isə... hamımız gəldi gedərik, bu gün
qanımızın axdığı yerdə sabah
başqaları gül əkəcək, rəqs edəcək.
İstədiyimiz qədər vəfadan, sədaqətdən
ya da sədaqətsizlikdən, insanlıqdan və ya
qeyri-insanlıqdan şikayətlənə bilərik, amma həyatın
gerçəyi budur. Heç birimizə güzəştə
getmir, heç birimizə güzəştə getməyəcək!
Rəqs edən ruhlar
Proqrama böyük maraq vardı. Qapının
önündəki uzun və həyəcanlı növbələr
bunun sübutu idi. Keçmişlə gələcəyi ortaq
nöqtədə birləşdirən məkanda dərin bir məna
daşıyan bu tədbir gözləyənlər
üçün əsl hədiyyə idi. Möhtəşəm
musiqilər arnıcın bənzərsiz atmosferi və mükəmməl
akustikası ilə birləşərək izləyicilərin
üzərində unudulmaz bir iz qoydu. İhtişamlı
sütunlar və qeyri-adi su kanalları arasında, konsertin ahəngi
bu möcüzəvi yerdə əks-səda yaradaraq hər kəsi
dərindən təsirləndirdi. Sarnıcın əfsanəvi
gücü burada önəmli rol oynadı. Suyun
axıntısı, məkanın memarlığı, musiqinin
səsi sanki bir-biri ilə rəqs edən ruhlar kimi
insanları sehirlədi. Keçmişdən gələn səslər
bu günə qarışaraq iştirakçıları həzin
və dərin bir səyahətə çıxmağına
səbəb oldu. Musiqi zamanın sərhədlərini
aşdı.
Ortaq miras: Bax və İtri
İnsanlığın ortaq mirası olan Bax və
İtrinin əsərlərinin dinləyicilər
qarşısına çıxdığı bu tədbirdə,
musiqinin mənəvi gücünə və fərqli mədəniyyətlərdən
gələn insanların bir-birilərini anlaya biləcəyi
ortaq dil olduğu həqiqətinə bir daha şahidlik etdik.
Occident İstanbul orkestrının qatqıları ilə
gerçəkləşən gecəni Hakan Dədələr
tanburu, Eyüpcan Açıqpazu insanı başqa aləmlərə
aparan neyi, Nurullah Əjdər az qalsın dil
açdırıb danışdırdığı qanunu,
Ayşənur Ayyıldız Haksoy divarları inlədən səsi,
Gülşah Erol kontrabası, Hande Öndər pianinosu, Serhan
Bali isə həm səsi, həm də hekayələri ilə
gecəni ölümsüzləşdirdilər.
O gecə Bax və İtri layiq olduqları yerdə
idilər; tarixin içində, sevənlərinin
qulağında, ürəyində və ən ülvi
duyğularında.
Buhurizadə Mustafa İtri 1640-1711-ci, İohann Sebastyan
Bax 1685-1750-ci illərdə yaşayıblar. Hər ikisi
dünya durduqca var olacaq dahilərdəndilər. Bu iki
böyük insan iyirmi beş illik müddətdə iki fərqli
mədəniyyətin qütbləri olaraq dünyamızı
şərəfləndirdilər və hələ də buna
davam edirlər.
Qəhvə kontatası
Son zamanlarda qatıldığım ən təsirli
proqramlardan birinin, hətta birincisinin "Dərindən gələn
səslər" olduğunu desəm yəqin ki, yanılmaram.
Şərqlə Qərbin birləşdiyi şəhərdə,
1600 illik tarixi keçmişi olan sarnıcda Şərqlə
Qərb mədəniyyətlərinin unudulmaz təmsilçilərinin
əsərlərini eyni anda dinləmək insanda bənzərsiz
hisslər yaradır.
Möhtşəm konsert Serhan Balinin
aparıcılığı ilə sənətçilərin
həyatlarına dair maraqlı detallar ilə rəngləndirdi.
Ümumilikdə 13 əsər səsləndirildi. Hər
birinin ayrı-ayrı hekayəsi olan bu əsərlərdən
ən maraqlısı isə Baxın "Qəhvə
kantatası" oldu. Hətta əsəri Serhan Bali ilə
soprano Ayşənur Ayyıldız Haksoy həm oxudu, həm də
səhnələşdirdilər və ortaya maraqlı anlar
çıxdı.
Bali, əsərin hekayəsini nəql etməyə
başladı.
Qəhvənin tarixi 1670-ci illərdə Almaniyaya gedib
çıxıb, 1721-ci ildə isə ölkənin ən
böyük şəhərlərində qəhvəxanalar
açılıb. Həmin vaxtlar qəhvəni yuxarı təbəqə
təmsilçiləri içirdilər. O zamankı həkimlər,
elm adamları isə bu içkinin ölümcül təsirlərinə
dair açıqlamalar verirdilər. Sebastyan Baxın məşhur
"Qəhvə kantatası" 1730-cu illərdə həm qəhvə
sevərlərə, həm də qəhvəyə
qarşı çıxanlara yazılan həcv, təkpərdəli
operattadır. Həmçinin "Qəhvə
kantatası" Baxın dindən kənar məsələyə
toxunan nadir əsərlərindəndir.
Bir gün Bax Picander ləqəbli şair dostunun
"Paris nağılları" əsərində
Fansadakı qəhvə və sağlamlıqla bağlı
mübahisələrə toxunan, əslində isə Almanyadan
bəhs olunan lirik bir mətnini oxuyur. Sonra Picanderdən
qadınların qəhvə çılgınlığı
barədə bir libretto yazmasını istəyən Bax
möhtəşəm bəstəsini bu hekayə üzərində
qurur. Əsərdə valideynlərin uşaqlarını necə
böyütdükləri, o dönəmdə qadın olmaq və
qəhvə içməyə qarşı söylənilən
fikirləri açıq şəkildə görmək
mümkündür. Kantatanın qəhrəmanlarından biri
qəhvəni sevən Lisegen adında gənc və həyat
dolu bir qızdır. Məsələn, Liesgenə görə
qəhvə min öpüşdən daha dadlıdır, şərabdan
daha ləzzətlidir. Fəqət, atası Şilendir
qızının qəhvədən bu qədər zövq
almasına qarşı çıxır və onu bu
içkidən çəkindirməyə
çalışır. Liesgen isə atasının hər
israr və danlağında qəhvəni nə qədər
sevdiyini göstərən cavablar verir: "Ata, bu qədər
hirslənmə. Əgər gündə üç dəfə
qəhvə içməsəm, quruyub qaxaca dönərəm".
Atası qızının cavabından məmnun
olmadığı üçün ona deyir ki, "əgər
belə davam etsən, toya getməyəcəksən, gəzintiyə
çıxmayacaqsan, hətta pəncərədən belə
baxa bilməyəcəksən". Qız isə bu təhdidləri
vecinə almır. Qızının qəhvəyə görə
hər şeydən vaz keçməyə hazır olduğunu
görən ata axırda ən ciddi təhdidini işə
salır. Deyir ki, əgər qəhvədən əl çəkməsən,
səni heç vaxt ərə verməyəm. Qız bu dəfə
yumşalır, qəhvə içməyəcəyini deyir.
Çünki evlənəcəyi insanla çoxdan
tanış olub və evlilikləri boyu qəhvə içə
biləcəyinə dair ondan söz alıb. Yəni əri
heç vaxt onun qəhvə içməyinə
qarışmayacağını deyib. Qəhvə və
içkilərdən bu qədər həzz almağın ailə
qızına münasib bilməyən ataya görə qəhvəxanalar
qadınların yeri deyil. Liesgenə görə isə
pişik siçandan əl çəkməyəcəyi kimi
gənc qadınlar da qəhvədən uzaq durmayacaqlar. Beləcə,
əsərdə qəhvəyə nə qədər məna
yükləndiyini həm kültür, həm də fiziki
yöndən görürük. Yeri gəlmişkən, klassik
musiqini sevən və dinləyən biri olaraq, mən Baxın
bu möhtəşəm əsəri ilə o gecə
tanış oldum.
Şərəfiyə sarnıcı
Şərəfiyə sarnıcı görüləcək
yerlər siyahımda olan, ancaq fürsət tapıb gedə
bilmədiyim yerlərdən idi. Açığı,
proqramın Yerəbatan sarnıcında baş
tutacağını düşünürdüm. Daha
doğrusu, əziz dostumun sayəsində iki sarnıcı
bir-birinə qarışdırmışdım. Demək olar
ki, Şərəfiyə sarnıcı Yerəbatan
sarnıcı ilə eynidir. Sadəcə bura bir az daha
kiçikdir. Tarixdə iki önəmli imperatorluğa paytaxt
olan İstanbulun su ehtiyacını qarşılamaq
üçün vaxtilə şəhərdə 200-ə
yaxın sarnıc inşa edilib. Şərəfiyə
sarnıcı, 443-cü ildə Bizans imperatoru İkinci
Feodosinin əmri ilə Bozdoğan kəmərindən su
depolamaq məqsədi ilə 15 il davam edən inşa işlərindən
sonra ərsəyə gəlmişdi. İstanbulun tanınan
iki sarnıcı - Yerəbatan sarnıcı və Bindirdirək
sarnıcı olsa da, əslində Şərəfiyə
sarnıcı bu iki sarnıcdan və hətta Ayasofyadan belə
daha qədimdir. Eyni zamanda Minbirdirək sarnıcı ilə
Yerəbatan sarnıcı ilə bağlantılı olduğu
bilinməkdədir.
Çəmbərlitaş adlı yerdə tikilən
Şərəfiyə sarnıcının üzərində
1910-cu ildə Arif Paşa köşkü, 1950-ci illərdə
isə Eminönü bələdiyyəsinin köhnə
binası vardı. 2010-cu ildə İstanbul Bələdiyyəsi
tərəfindən köşk və bələdiyyənin
köhnə binası dağıdıldı, səkkiz il davam
edən retavrasiya işləri başladıldı. Sarnıc
2018-ci ildə istifadəyə açıldı.
Sarnıcın xarici görünüşü
xüsusi şüşə və dəmir konstruksiya ilə əhatələnərək
daha dayanıqlı vəziyyətə gətirilib. Bu dizayn
sarnıca estetik cazibə qatıb.
Dərindən gələn səslərə gəlincə
isə, mənim üçün unudulmazlardan oldu.
Türkan TURAN
525-ci qəzet.- 2024.- 1 fevral,№19.- S.8.