"Köhnə
avtomobillərin utilizasiyası ekoloji baxımdan xüsusi əhəmiyyət
daşıyır"
Müasir dünyada atmosfer havasının çirklənməsində
avtonəqliyyat vasitələrindən atılan zərərli
maddələr əsas yer tutur. Dinamik iqtisadi inkişafla
bağlı ölkəmizdə də atmosferə atılan
çirkləndiricilərin əsas mənbəyi məhz nəqliyyat
vasitələridir. Azərbaycanda köhnə avtomobillərin
utilizasiyası məsələsi ekoloji baxımdan xüsusi əhəmiyyət
kəsb edir. Utilizasiyanın əsas məqsədi ekoloji
baxımdan istismara yararsız avtomobillərin dövriyyədən
çıxarılmasını, onların müəyyən
hissələrinin təkrar emala yönəldilməsini, ətraf
mühit üçün zərərsiz hala gətirilməsini
təmin etməkdir.
Məlum olduğu kimi, bu günlərdə Baş
nazir Əli Əsədov tərəfindən nəqliyyat vasitələrinin
utilizasiya haqqının məbləği, utilizasiyaya verilən
nəqliyyat vasitəsi üçün tətbiq edilən
güzəştin məbləği və birdəfəlik
ödənişin həcmi təsdiqlənib. "Nəqliyyat
vasitələrinin utilizasiya haqqının məbləği"
fevral ayının 1-dən, "Utilizasiyaya verilən nəqliyyat
vasitəsi üçün tətbiq edilən güzəştin
məbləği və birdəfəlik ödənişin həcmi"
2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında
istifadə edilən, siyahısı Nazirlər Kabinetinin
müvafiq qərarı ilə müəyyən edilən
mexaniki nəqliyyat vasitələri üçün utilizasiya
haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il
müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.
Baş nazir Əli Əsədov həmçinin nəqliyyat
vasitələrinin utilizasiyası fondunun vəsaitinin
formalaşdırılması və istifadə Qaydasını
da təsdiq edib. Fevralın 1-dən qüvvəyə minəcək
qərar "Nəqliyyat vasitələrinin utilizasiyası
fondu"nun vəsaitinin formalaşdırılması və
istifadəsi ilə bağlı məsələləri tənzimləyir.
Fondun vəsaitinin idarə olunması "Təmiz şəhər"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata
keçirilir.
Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və
qrantlar, hüquqi və fiziki şəxslərin
könüllü ianələri, beynəlxalq təşkilatların
və digər donorların ayırmaları, qanunla qadağan
olunmayan digər mənbələr hesabına
formalaşır. Bu Qaydada qeyd olunan utilizasiya haqlarının
Fonda ödənilməsini fəaliyyət istiqamətlərinə
uyğun olaraq gömrük və digər müvafiq orqanlar təmin
edirlər.
Sözügedən istiqamət üzrə
köçürmələr qanunla müəyyən edilən
sənədlər əsasında və müddətlər nəzərə
alınmaqla həyata keçirilir. Fonda daxil olan aylıq vəsaitin
3 (üç) faiz həcmində hissəsi bu Qayda ilə
müəyyən edilən istiqamət üzrə hər
növbəti ayın 10-dək operatorun cari hesabına
köçürülür. Operatorun cari hesabına
köçürülən vəsait onun gəlirlərinə
aid edilməklə nəqliyyat vasitələrinin
utilizasiyası üzrə tədbirlərin
stimullaşdırılması və təşviqi, operatorun
göstərdiyi xidmətlərin
elektronlaşdırılması və qanunla qadağan edilməyən
digər istiqamətlərdə istifadə olunur.
Daxili İşlər Nazirliyinin Baş Dövlət
Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı
Mübariz Ağayev deyir ki, Azərbaycanda qeydə alınan nəqliyyat
vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və
daha çoxdur. Bu, yol nəqliyyat hadisələri zamanı
onların ağırlıq dərəcəsinə bilavasitə
təsir edir.
M.Ağayev bildirib ki, ötən il ölkədə 1
milyon 774 min 77 yol-nəqliyyat vasitəsi qeydə alınıb:
"Onlardan istehsal ili 10 ilə qədər olanların
sayı 15 faiz təşkil edir, yəni 266 min 878-ə bərabərdir.
İstehsal ili 10 ildən 20 ilə qədər olanların
sayı 707 min 673-dür ki, bu da 39,3 faiz təşkil edir.
İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min
526-ya bərabərdir. Yəni respublika üzrə avtomobil
parkında nəqliyyat vasitələrinin 45,1 faizinin
yaşı 20 ildən yuxarıdır. Hazırda ölkədə
hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli
avtomobillərin sayı isə 3 min 138-dir. Onların sayında
kifayət qədər artım var".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovun
dediyinə görə, sentyabrın 1-dən Azərbaycanda
avtomobil sahibləri köhnə maşınlarını
utilizasiyaya verə biləcəklər: "Əvəzində
vətəndaşlar nəqliyyat vasitələrinin utilizasiyası
fondunda formalaşmış vəsait hesabına qaydalarda nəzərdə
tutulmuş məbləğdə ödəniş əldə
edəcəklər. Kimsə yerli istehsala aid yeni nəqliyyat
vasitəsi alarsa ödəniş tam, başqa məqsədlər
üçün utilizasiyaya müraciət edərsə,
ödəniş 70 faiz həyata keçiriləcək. Bu
xarici nəqliyyat vasitəsi alınması daxil olmaqla müxtəlif
məqsədlər ola bilər".
Nazirlik rəsmisi qeyd edib ki, nəqliyyat vasitələrinin
utilizasiyası fondunun vəsaitləri təkcə ölkəyə
idxal olunan maşınların hesabına yox, həm də digər
mənbələrdən formalaşa bilər:
"Gedişatdan asılı olaraq güzəşt məbləğlərinin
artırılmasına baxıla bilər. Fondun
formalaşması barədə qanun yeni qəbul edilib.
Utilizasiya prosesi sentyabrın 1-dən başlayacaq. Bundan sonra tələbata
uyğun olaraq məsələyə və rəqəmlərə
təkrarən baxıla bilinər. Əgər tələbat
çox olarsa, ödənişlər növbəlilik əsasında
həyata keçiriləcək".
O bildirib ki, utilizasiya proqramı qısa müddət ərzində
həm havanın keyfiyyətinin
yaxşılaşdırılmasına, həm də "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in
icrasına kömək edəcək: "Azərbaycanda bir
neçə ildir ki, mərhələlərlə ekoloji təmiz
nəqliyyat vasitələrindən istifadənin
stimullaşdırılması istiqamətində tədbirlər
görülür. Ötən il ölkəyə 2021-ci ilə
nisbətən 19 dəfə çox elektromobil idxal olunub. Bu,
ümumi idxal olunan nəqliyyat vasitələrinin 3,5 faizini təşkil
etsə də, iki il ərzində bu qədər kəskin
artımı görürük. Bu o deməkdir ki, 2019-cu ildən
başlayan stimullaşdırıcı tədbirlər öz bəhrəsini
verir".
F.Mütəllimov hazırda ölkənin nəqliyyat
parkında 80 faizdən çox nəqliyyat vasitəsinin
yaşının 10 ildən çox olduğunu diqqətə
çatdırıb: "Onlardan 5 faizi isə 20 ildən
yuxarı istehsal-buraxılış ilinə malikdir. Nəqliyyat
parkının yaş strukturuna baxanda havaya ən çox mənfi
təsir edən amilin nəqliyyat vasitələri olduğuna təəccüblənməmək
lazımdır. Nəqliyyat vasitəsi köhnəldikcə
atmosferə atılmalar da artmaqdadır. 2024-cü il ölkəmizdə
"Yaşıl dünya naminə həmrəylik ili" elan
olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri
Üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası COP29 keçiriləcək.
Beynəlxalq tədbirin əsas məqsədi ətraf
mühitin yaxşılaşdırılması, atmosferə
atılan istixana qazlarının azaldılmasına xidmət
etməkdir. Yeni utilizasiya proqramının qəbul edilməsi
də COP29-a bir töhfə və bu il çərçivəsində
həyata keçirilən silsilə tədbirlərdən
biridir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ekoloji siyasət şöbəsinin əməkdaşı
Qızılgül Həsənovanın sözlərinə əsasən,
bəzi inkişaf etmiş ölkələrdə utilizasiya
prosesi məcburi xarakterlidir və avtomobil vaxtında təhvil
verilmədikdə cərimə tətbiq olunur: "Ölkədə
nəqliyyat vasitələrinin utilizasiyası
könüllüdür. Vətəndaşlar öz nəqliyyat
vasitələrini utilizasiyaya təqdim etməklə yeni
avtomobilin alınması zamanı güzəşt məbləği
və ya birdəfəlik ödəniş əldə edə
biləcəklər. Utilizasiya prosesi nəqliyyat
parkının yenilənməsi, insan
sağlamlığına və ətraf mühitə mənfi
təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti
təhlükəsizliyinin təmin olunması, yerli avtomobil
bazarının stimullaşdırılması və avtomobil
istehsalçısının dəstəklənməsi, habelə,
yeni iş yerlərinin yaradılmasına töhfə verəcək".
O vurğulayıb ki, bir çox ölkələrdə
nəqliyyat vasitələrinin utilizasiyası tətbiq edilərək
uğurlu nəticələr əldə olunub. Azərbaycanda
istismar edilən nəqliyyat vasitələrinin əksəriyyətinin
xaricdən ixrac edildiyi nəzərə alınsa, bu tendensiyaya
uyğun olaraq vaxtında qabaqlayıcı tədbirlərin
görülməsinə ehtiyac yaranıb: "Bir çox
ölkələr və şirkətlər müəyyən
bir vaxtdan sonra yalnız elektrik mühərrikli nəqliyyat
vasitələri istehsal edəcəklərini bəyan ediblər.
Dünyada ənənəvi nəqliyyat vasitələrinin
ekoloji cəhətdən təmiz elektrik və hibrid mühərrikli
nəqliyyat vasitələri ilə əvəz olunması
tendensiyası sürətlə davam edir. Azərbaycanda da
avtomobillərlə bağlı qabaqlayıcı tədbirlərə
ehtiyac yaranıb. Digər ölkələrdə istifadəsi
qadağan olunan köhnə nəqliyyat vasitələrinin
ölkəmizə axınının qarşısını
almaq üçün artıq ötən ildən yaşı
10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılır.
Bu qərarlardan biri də köhnə nəqliyyat
parkının yenilənməsi, yeni və ekoloji təmiz nəqliyyat
vasitələrinin cəlbediciliyinin artırılması məqsədilə
utilizasiyanın tətbiqidir".
Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə
köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin
utilizasiyası prosesinin tətbiqi məqsədilə
qanunvericilikdə bir sıra dəyişikliklər edilib:
"Prezident İlham Əliyevin 27 yanvar 2024-cü il tarixli Sərəncamı
ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu
yaradılıb, 31 yanvar 2024-cü il tarixli qərarı ilə
bu fondun vəsaitinin formalaşdırılması və istifadə
qaydaları təsdiq edilib. Qaydalara əsasən, Fondun vəsaiti
utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü
ianələr, beynəlxalq təşkilatların və digər
donorların ayırmaları və digər mənbələr
hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız
yaşı 4 ili keçmiş nəqliyyat vasitələri
üçün ödəniləcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 6 fevral,№22.- S.14.