Ağamir Cavadın
yeni yaradıcılıq hesabatı
Ağamir Cavadı oxucuya təmtəraqlı şəkildə
təqdim etməyə ehtiyac yoxdur. Ədəbi mərkəzdən
kənarda, Lənkəranda yaşasa da, çağdaş
şeirimizin tanınmış nümayəndəsidir. 60
yaşına yeddinci poetik toplusu ilə gəlib. 2002-ci ildə
"Çəkdiyi şəkillərin ruhu"na havalanan
şair 2007-ci ildə "Eşq işığı"na
doldu, 2009-cu ildə "İşıq adam"a çevrildi,
2013-cü ildə "Yanmış budaq üstə oxuyan
bülbül"ə döndü. Dayanmadı, tükənmədi,
2018-ci ildə "Ömrün eşq yolu"na
çıxdı, 2021-ci ildə "Dəniz adam" kimi
coşub çağladı, nəhayət, 2023-cü ildə
"Söz eşqi"nə tutuldu.
Şeirinin alt qatında fəlsəfi
baxışlarını ifadə edən Ağamir Cavad
"sözün ilahi eşqdən qanad almasına"
inanır, buna görə də "söz olmasa,
düşüncə qanad aça bilməz" deyir. Şair
bir iddiasında da haqlıdır: "Sözün bətnində
Tanrı hökmü, təbiətin səsi, bəşəriyyətin
tarixi, həyatın rəngləri yaşayır". Alın
yazısı Tanrının qələmi ilə yazılan
şair ömür qismətini göylərin bir vərəq
salnaməsi sayır. Yunis İmrə fəlsəfəsi Ağamir
Cavad şeirində magik sədləri aşır:
Həsədi atmışam, kini atmışam,
Sevib hər sözümə sevgi qatmışam.
Qəlbimdə ilahi bənd ucaltmışam,
Şeytan keçə bilməz bənddən içəri,
"Bir mən vardır məndə, məndən
içəri".
Klassik şeir ənənələrinə sadiq qalan,
şeirlərini heca vəznində yazan, qoşma və gəraylı
həvəskarı Ağamir Cavad ədəbi cərəyanlara
da biganə deyil. Şair üçün özünü
hansı formada ifadə etməyin fərqi yoxdur, məqsədi
fikrini oxucunun mənimsəyə bildiyi səviyyədə çatdırmaqdır.
Əvvəlki poetik toplularından fərqli olaraq, "Söz
eşqi"ndə onun fərqli forma və üslubda
yaratdığı şeirlər də yer alıb:
Zaman qocalmır,
Allah qocalmır.
Zamanı ehtiva edir Allah.
Allahı sevənlər,
Allahın ətəyindən tutanlar
Dəyişir dünyasını.
Sentimental Ağamir Cavad bir az fərqli
düşünür:
Bəşərin çiyinlərində
bu nə yükdür, Allah?
Özüntək əzabın da
böyükdür, Allah.
Yaratdığın sadə insanların
sevgisi qorxu içində...
Sentimental Ağamir Cavada görə, sadə
insanların bir inamı var: Məhəbbət xilas edəcək
cahanı! Realizmə enən Ağamir Cavadsa həyata magik
baxışlardan da xilas ola bilmir:
Şaman baban
ocaq çatardı,
şam yandırardı
dua edəndə,
and içəndə.
Sən də ocaq çatırsan,
şam yandırırsan.
Atəşpərəst baban
tonqal qalayar,
üstündən atılardı.
Şam yandırardı
dua edəndə,
and içəndə.
Sən də yandırırsan.
Xristian baban
şam yandırardı
kilsədə and içəndə,
dua edəndə.
Sən də yandırırsan.
Dinastik adət, insanlığı birləşdirən
inanışlar! Əgər bütün dinlər eyni inanca,
eyni tapınağa söykənirsə, bəs bu
ayrı-seçkilik nə üçündür? Milli, dini fərqlər
niyə insanı humanizmdən salır? Kök birdirsə,
yaşantı eynidirsə, tapınaq vahiddirsə, insanlıq
niyə bir-birinə qənim kəsilir? İnsanın
özünə qayıdışı, Allahla əlaqəsi
odun, torpağın, havanın, suyun müqəddəsliyinə
inam üzərində qurulub. Şair magik realizmi bu əlamətlərdə
görür. Realizmin düşüncələrdəki ifadəsi
sadə bir həqiqətdən qidalanır: Təbiət ən
böyük kitabdır, aləmi dərk etmək
üçünsə özünü öyrənməlisən!
Poetik ənənəsinə sadiq qalan Ağamir Cavad, məncə,
özünü qəzəl, rübai, qoşma və gəraylılarında
daha yaxşı ifadə edir. Bütün hallarda yaşam fərqləri
real həyatdan gəlir: İnsanın qalxdığı
ucalıq qədər düşdüyü dərinlik də
var! Kimsənin qərar tuta bilmədiyi bir ucalıq var:
Tanrı ucalığı! Ucalığın kontominativ tərəfi
insanın düşdüyü dərinlikdir:
Ayağından çəkən çox,
Qəzəbini, hirsini boğ.
Ölçüsü yox, çəkisi yox
Sən düşdüyün dərinliyin.
A.Cavadın yeni kitabında yer almış "Söz
ömrü" poemasının bütün fraqmentləri
(başlıqları) Sözə bağlıdır, eyni mətləbə
müxtəlif baxış bucaqlarından nəzər yetirməyin
təzahürlərini özündə daşıyır.
Bütün bu cəhətlərinə görə
kitabı A.Cavadın altmış illik yubileyinə poetik
hesabatı kimi qiymətləndirmək olar.
Bilal ALARLI HÜSEYNOV
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.- 6 fevral,№22.- S.13.