Sufi fenomenologiya fəlsəfi
sisteminə fundamental elmi baxış
Bütovlükdə elmi yaradıcılığı
və publisistikası, tarixi keçmişə və
müasir problemlərə orijinal yanaşmaları ilə elmi
ictimaiyyətin xeyli dərəcədə diqqət mərkəzində
olan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, fəlsəfə elmləri doktoru Könül
Bünyadzadəni mən də yaxından tanıyıram.
Könül xanımın əsərlərinin böyük əksəriyyəti
elmi-publisistik üslubda olması onu geniş oxucu kütləsi
üçün də yaxından tanıtmışdır.
Onun istər elmi, istərsə də ictimai-siyasi hadisələrə
operativ ziyalı münasibəti ilə bağlı yüzlərcə
məqaləsi, neçə-neçə kitabı var.
Könül Bünyadzadə bütün yazılarında, ilk
növbədə, bir filosof kimi özünü göstərməkdədir.
Bu məqalələrin əksəriyyəti xarici ölkələrdə
nəşr olunan impact factor tipli jurnallarda beynəlxalq elmi
ictimaiyyətə də əlçatan olmuşdur. Geniş
şəbəkəli media sistemində tanınan Könül
Bünyadzadənin çox ciddi və fundamental tədqiqat əsəri
kitab şəklində də işıq üzü
görmüşdür. "Sufi fenomenologiya" adlanan iki
cildlik bu əsərin mövzusu və dəyəri kitabın
anonsunda qısa və dəqiq formatda belə qeyd edilir:
"Əsər düşüncə tarixində yeni fəlsəfi
sistemin təqdimatıdır. Burada ruhani təcrübə
şüur təcrübəsinin vahid strukturu
işığında varlıq probleminə və idrak nəzəriyyəsinə
yeni bir baxış bucağı açılır. Təməlində
sufizm və fenomenologiya dursa da, monoqrafiyada vahid xəttin və
başlıca ideyanın əsaslandırılması məqsədi
ilə antik yunan dövründən başlayaraq bir çox fəlsəfələrə,
fəaliyyət sahələrinə, hətta dəqiq elmlərə,
xüsusilə Kvant fizikasına müraciət olunur". Bu
qısa təqdimatda monoqrafiyanın əsas xəritəsi
özünü göstərir.
Müəllifin 17 ildən artıq bir müddətdə
apardığı tədqiqatın nəticəsini göstərən
bu iki cildlik monoqrafiya 52 çap vərəqi həcmindədir
(Poliqrafiyaya nabələd oxucu üçün qeyd edim ki, bir
çap vərəqi 16 səhifə deməkdir. Deməli, bu
iki cildlik kitab 832 səhifədən ibarətdir). Bu faktı
xüsusi qeyd etməkdə əsas məqsəd odur ki, oxucu
mövzu və məzmunca bu əsərin həm də öz
çəkisi ilə necə titanik zəhmət tələb
etdiyini görsün
Tədqiqat çox mühüm və elmi mühit
üçün aktual bir sahəyə həsr olunub. Elə
"fenomenologiya" anlayışından əvvəl
formalaşan "fenomen" sözünün lügəti mənasından
əsərin orijinallığını
duymaq mümkündür; ciddi lüğətlərdə
"fenomen-qeyri-adi, xüsusi diqqət çəkən fakt
kimi təqdim olunur və göstərilir ki, fenomen fəlsəfi
anlayış olub təcrübədən və hisslərdən
dərk olunan hadisə kimi qiymətləndirilir (Sovetskiy
enüiklopediçeskiy slovarğ. M. , 1987, səh. 1408). Bu
anlayışdan doğan "fenomenologiya" Könül
xanımın tədqiqatında ıufi fenomenologiya fəlsəfi
sistem kimi araşdırılır.
Qeyd edək ki, bu fundamental tədqiqatın əsas məqsəd
və parametrləri monoqrafiyanın ilk səhifələrində
təqdim olunan "Müəllifdən" hissəsində
aydınlaşdırılır. Və burada sufi
fenomenologiyanın yeni bir fəlsəfi sistem kimi
araşdırıldığı bildirilir.
Bəs fəlsəfi sistem nədir? Müəllif bu
suala konkret olaraq əsərə giriş rolunu oynayan
"Ön söz əvəzi"ndə cavab verir: " Fəlsəfi
sistem - yaradılışa, onun dərkinə, ona olan aksioloji
münasibətə kompleks baxışdır. Əvvəlki
sistemlər müasir bilikləri və dəyərləri tam
ehtiva etməyəndə, insanlığın
düşdüyü mənəviyyat və düşüncə
böhranından çıxış yolu göstərə
bilməyəndə yeni fəlsəfi sistemə ciddi ehtiyac
yaranır". "Sufi fenomenologiya" monoqrafiyasında məhz
bu ehtiyacın ödənilməsi kimi ciddi bir vəzifə
dayanır. Və burada belə bir aydınlaşdırma var ki,
"fəlsəfi sistem nə qədər mürəkkəb
olursa olsun, bi1r ana xəttə, tək nüvəyə
malikdir. Onu ifadə edən bir, yaxud bir neçə ideya
kompleksi olur. Onu ilk dəfə irəli sürən və əsaslandıran
filosofdan sonra onun davamçıları həmin ideyanı
şaxələndirməyə, əlavə
çalarlarını üzə çıxarmağa
çalışırlr".
Və müəllifin dəqiq postulatına görə.
belə bir "fəlsəfi məktəb ideya - nüvə ətrafında
yaranır".
Bu yerdə yeni və vacib suallar doğur. Bu sual
monoqrafiyanın nüvə xəttini ehtiva edir: "Nədir
sufi fenomenologiya? Hansı zərurətdən irəli gəlir?
Məqsədi, mənbəyi nədir? Neçə əsrlər
ərzində var olan fəlsəfi sistemlərdən sonra ona nə
ehtiyac vardır?" Bu suallara əsas cavabı ortaya belə
bir sətir qoyur: "Sufi fenomenologiya müasir dövrün
böhranında boğulan insana yeni düşüncə
üfüqü açmaq üçün yazılmış
bir fəlsəfədir. Bu sözlər fenomenologiyanı
xarakterizə edən ilk dəqiq ifadədir". Bir də məhz
bu sətirlərdən doğan bir mənanı da qeyd edək
ki, müəllif bu fenomenologiyanı klassika və
müasirliyin sintezində açmağı vəd edir və əsərin
əsas əhəmiyyəti də bu yol xəritəsində ifadə
olunur. Ən əsası da ona görə ki, əsərdə
sufi fenomenologiya klassik və müasir nəzəriyyənin vəhdətində
tədqiq olunur.
Bu ciddi elmi yanaşma monoqrafiyada əksini tapan və
ikicildliyi əhatə edən dörd fəsildə və
çoxsaylı bölmələrdə öz əksini
tapıb. Müəllif "Sufi fenomenologiyaya giriş"
adlı birinci fəsildəki 25 bölmədə
materiya-ruh-ideya aləmi, hər şeyin strukturlaşmadan
öncə var olduğu və ideya ilə yüklənmiş
forması olan eydos anlayışının elmi-praktik mahiyyəti,
ruh və onun növləri, həqiqət və yalan, ilahi və
bəşəri yaradıcılıq, hökm və iradə,
ilahi nur, bilik, informasiya və hikmət, zaman və idrak və
s. kimi çoxsaylı fəlsəfi təhlillərlə
monoqrafiyanın mahiyyətinə xidmət edən bütöv
bir xəritə yaratmışdır. Bundan sonrakı "Sufi
fenomenologiyanın əsasları", "Sufi fenomenoloji
metodologiya", "Sufi fenomenologiyada ağıl " kimi digər
fəsillərdə maraqlı elmi-praktik mahiyyət
daşıyan problemləri tədqiq etmişdir.
Monoqrafiyanın bütün bunlarla bağlı əsas
mahiyyətinə yekun vursaq deyə bilərik ki, bu əsər
sufi fenomenologiya ətrafında "Şərq və Qərb
düşüncələri arasında illər ərzində
aparılan müqayisələrin nəticəsinin ayrıca fəlsəfi
sistem kimi təqdimatıdı" Sufi fenomenologiya insan mərkəzli
fəlsəfədir. Onun əsas məqsədi insan haqqında
təxəyyülləri və insanın baxış bucağını
genişləndirməkdir". Bizə elə gəlir ki,
monoqrafiya müəllifi, sözün həqiqi mənasında
fenomenal bir elmi hadisə kimi qiymətləndirilə biləcək
bu tədqiqatında yuxarıda göstərilən vəzifələri
layiqincə yerinə yetirmişdir.
Cahangir MƏMMƏDLİ
BDU Milli mətbuat tarixi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2024.- 6 fevral,№22.- S.13.