Rüstəm
İbrahimbəyov nostaljisi
Moskvaya Domodedovo aeroportuna gəlirəm. Səfirliyimizin
qonaq otağına yollanıram. Maşın pəncərəsindən
Moskvanın dəyişmiş mənzərələrini
görürəm. Hər yerdə kiril əvəzinə
latın hərfləriylə yazılar, reklamlar...
Mehmanxanada yerləşirəm, nömrəmə girən
kimi telefonun dəstəyini qaldırıb zəng edirəm.
- Salam Rüstəm, necəsən?
- Salam. Haçan gəldin?
- İndicə.
- Əla, Sabah görüşək.
Sabah görüşməyəcəyik Rüstəm.
Yoxsan. Nostalji yuxumdan - səni diri gördüyüm yuxumdan
ayılıram.
64 il keçir tanışlığımızdan.
Xoşbəxtəm ki, bütün bu illər ərzində ən
çətin sınaqlardan üzüağ
çıxdıq. İctimai və ədəbi həyatımın
ağır günlərində səni yanımda
gördüm. Bir an belə tərəddüd etmədən mənə
qahmar durdun. Mən də sənin haqsız hücumlara məruz
qaldığın zaman mətbuat səhifələrində səni
dəstəklədim. Kino İttifaqı süni sürətdə
bölünəndə: Mən Rüstəmin rəhbərlik
etdiyi təşkilatın üzvüyəm, həmişə
də orda qalacam - dedim. Eyni peşə sahiblərinin uzun illər
boyu bu sayaq dəyişməz dostluğu nadir hadisədir.
Xoşbəxtəm ki, heç vaxt heç bir səbəbdən
bu münasibətlərimizə zərrə qədər də
ləkə düşmədi. Olurdu ki, nədəsə
bir-birimizlə razılaşmırdıq, amma bu
razılaşmadıqlarımızı bir-birimizə
açıq söyləyirdik. Düşünürəm ki,
qısa bir müddət siyasətə qoşulmağın həyatının
ən böyük yanlışı idi. Bu barədə sənin
özünə açıq demişdim, sən də mənimlə
razılaşmışdın.
Doğrusu, bilmirəm uzun ömür sürmək
yaxşıdır, ya pis.
Əlbəttə, yaşamağın özü
Taleyin, Tanrının lütfüdür. Amma uzun sürən
ömür boyu əzizlərini, dostlarını bir-bir itirmək
də dözülməz ağrıdır axı. Onu da bilmirəm
ki, çox dostu olmaq insanın xoşbəxtliyidir, ya bədbəxtliyi.
Əlbəttə, parlaq, istedadlı şəxslərlə
dostluq etmək maraqlıdır, şərəfdir, amma
onları vaxtsız itirmək də (vaxtlı itki olurmu?) -
müsibətdir. Bəzi dostlarımızı ölüm
alır, bəzilərini həyat. İtirdiyim dostların xiffətini
daima çəkirəm.
Dostlarla birgə olduğun dairə daraldıqca
daralır. İtirdiyim dostlarla indi yalnız yuxularında
görüşürsən.
Sənin vəfatından keçən illərdə sənin
və mənim dostlarımızdan bir neçəsini də
itirdik. Müxtəlif illərdə ölümün
apardığı dostlarımız Yusif və Vaqif Səməd
oğlular, Araz Dadaşzadə, Emin Sabitoğlu, Fikrət Qoca,
Maqsud İbramibəyov, Toğrul Nərimanbəyov, Tahir Salahov,
Elçin Aslanov, Fuad Seyidzadə, Rasim Əliyev, Rasim Ocaqov,
Eldar Quliyev, Həsən Turabov, Vasif Adıgözəlov, Vaqif
İbrahimoğlu, Rəfiq Hüseynov, Azər Mustafazadə,
alim Tofiq İsmayılov və rejissor Tofiq İsmayılov - qəmlidən
qəmli mortiroloq...
Əbədi vidalaşdığın
dostlarçün keçirdiyin nostalji hissi - qəribsəmə
ən ümidsiz duyğulardandır. Dostlarımın
çoxuyla indi yalnız Fəxri xiyabanda
görüşürəm. İndi sən də ordasan
Rüstəm - qardaşının, dostlarının,
tanışlarının yanında.
Sən də Qara Qarayev, Tahir Salahov, Müslüm
Maqomayev kimi uzun illər vətəndən uzaqlarda, Moskvada
yaşadın. Amma sən də onlar kimi sonda əbədi
olaraq vətən torpağına qayıtdı.
85 yaşın mübarək Rüstəm. Salam və əlvida!
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet.- 2024.- 6 fevral,№22.- S.9.