Aktrisanın
şirin-acı həyat hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Mənə xörək xoş gəldi, italyanların
pastasının dadı mətbəxdəki
şef-aşpazın ustalığı hesabına tam başqa
cür idi. Şərabdan isə dostumun təkidi ilə bir qədəh
içdim və bu, mənim utancaqlığımın yox
olmasına və dilimin açılmasına imkan verdi.
Söhbət əsnasında o, mənə bir gözəl
qız kimi vurulduğunu etiraf etdi. Birinci dəfə idi ki, belə
açıq bəyan edilən sözlərlə
qarşılaşırdım. O, mənim zərif bədən
və sifət cizgilərimin pərəstişkarı
olduğunu, zövqünə tam uyğun gəldiyimi bildirdi.
Bu, bir qadın kimi gözəlliyim barədə əvvəllər
deyilmiş boğazdan yuxarı sözlərdən tam fərqli
idi, onun səmimiyyət folqasına bükülmüş ifadələri
ağlıma hakim kəsilmişdi. Cavab söz kimi mən də
özümdən asılı olmayaraq, bildirdim ki, o da ilk
görüşdən mənim xoşuma gəlmişdir və
həmin andan bunun dostluğa çevriləcəyinə
şübhə etmirdim. Deyəsən, mən
yanılmamışdım və heç də
özümü aldatmamışdım, biz yalnız səhnədə
"maskada" gəzirik. Rola girməklə, obrazı təcəssüm
edib, canlandırmaqla tamaşaçını aldatmağa
çalışırıq. Buna nə qədər nail
olduğumuzu da deyə bilmərəm, ancaq
tamaşaçı yenidən həmin tamaşaya baxmağa gəlirsə,
oynadığımız əsərləri buraxmırsa, deməli,
onları ovsunlaya, özümüzü onlara sevdirə
bilmişik. Həyatda isə səhnədən fərqli olaraq
"maska" gəzdirmək qeyri-səmimiyyətdən xəbər
verdiyinə görə, tez açılır və əslində
adam ifşa olunur. Ona görə də mən real həyatla səhnə
arasındakı fərqi yaxşı dərk etdiyimdən,
tanış olduğum səmimi adamlara eyni tərzdə cavab
verməyə çalışıram. Kiməsə səmimiyyətdən
kənar münasibət bəsləməyimi,
özümün yolverilməz qəbahətim hesab edərdim.
Axı yunan teatrlarında da artistlər üzü də
müdafiə edən böyük dəbilqəyə bənzər
maska gəzdirirdilər, həyatda isə yunanların
üzü, sifəti açıq olurdu. Biz sonra pirojna yedik və
kappuçino kofesi içdik, yaxşı şam etmişdik.
Fərhadın mənə bəslədiyi ümidlər
və müvafiq məruzələri
Sonra təmiz hava almaq üçün dəniz kənarına
getdik. Yaxın tanışlığımızın əlaməti
kimi o, mənim əlimi öpdü. Mənimlə olduqca nəzakətli,
mən deyərdim ki, ehtiyatla davranırdı, elə bil ki, mən
büllur vaza kimi, azacıq ehtiyatsızlıqdan sınıb
dağıla bilərəm. Bulvara gəldik, dediyinə görə,
o, burada gəzməyi çox xoşlayırmış.
Bulvarda o, mənim gələcəyimə səyahət edib,
restorandakı söhbətini davam etdirərək dedi ki,
xörəyin adında olan
karbon elementinin kimyadan, yəqin ki, sənə məlum
olduğu kimi, üç allotropiyası vardır və onlar
da bir növ kimi bir-birindən möhkəmliyinə və dəyərinə
görə kəskin sürətdə fərqlənirlər.
Hiss edirdim ki, o, mənim intellektimi, orta məktəbdə necə
oxumağımı da yoxlayır. Söhbətinə davam edərək
dedi ki, onlardan biri yumşaq qrafitdir, kövrək olduğuna
görə xırda ayrılan hissələri ilə
kağız üzərində qara iz qoyur, buna görə də
karandaş kimi istifadə olunur. İkincisi daş
kömürdür, eyni tərkibli ağac kömüründən
bərkliyinə və daşa bənzədiyinə görə
fərqlənir. Buxar maşını icad edildikdə, daş
kömür əvəzolunmaz yanacaq rolunu oynayırdı, suyu
qaynatmağa xidmət etməklə mühərriki hərəkətə
gətirən buxar yaradırdı. Digəri isə ən
möhkəm və qiymətli hesab edilən mineral olan
almazdır. Almaz cilalandıqda onun kənarlarında meydana gələn
iti bucaqlar, çıxıntılar ağ
işığı sındırmaq xüsusiyyətinə yiyələnir
və onlar parlaq işıq mənbəyinə çevrilir.
Beləliklə, almaz bundan sonra qiymətli daş-qaş olan
brilyant adlanır. Brilyant isə xüsusən qadınlar
üçün ən qiymətli bəzək əşyası
sayılır. Almaz həm də sənayedə, cihazlarda
geniş işlənir.
Almaz torpağın altında olduqda, onun dəyəri
və qiyməti bilinmir, oradakı digər minerallardan, məsələn,
qonşuluqda yerləşən kimberlitdən fərqlənmir.
Onu üzə çıxarmaq, sənaye üçün və
bəzək materialı kimi istifadə etmək
lazımdır. Bu vaxt almaz öz ilkin dəyərinə yiyələnir.
Mən səni belə almaza bənzədirəm, sənin
istedadın yalnız səhnəyə qədəm
basdıqdan sonra meydana çıxdı, özü də,
başqaları da hiss etdi ki, səndə özünə də
məlum olmayan böyük potensial gizlənir. Və onun ilk
işartıları üzə çıxmağa
başladı və sənin uğurlar seriyan start
götürdü. Sən məşhurlaşdığını
və sevildiyini çox keçməmiş hiss etdin. Lakin sən
hələ cilalanmamısan, daha böyük ustalığa
nail olmaq üçün həmin ağır, əzablı
prosesdən keçməmisən. Sənin istedad imkanın
daha gur parlamaq üçün hökmən bu prosesdən keçməyi tələb
edir. Əgər yaxşı rejissor əlində cilalansan,
çünki almazı da əsl ustalar cilalayırlar, sən gələcəkdə
bizim səhnənin ulduzuna çevrilə bilərsən. Bununla da öyünməməlisən,
ölkəmizin sərhədlərindən kənara
çıxmağı bacaran ilk aktrisa olmalısan, Avropa,
mümkün olsa, Hollivud filmlərində çəkilməlisən.
Bunun üçün ingilis dilini də yaxşı bilməlisən,
Hollivud yad dialektlərdə danışanları çəkiliş
meydanına yaxın buraxmır. Rus aktyorları bu səbəbdən
nadir hallarda amerikan kinostudiyalarında çəkilirlər və
elə də bir uğurla öyünə bilmirlər. Bəzi
azərbaycanlı gözəl qızlar isə pul qazanmaq
üçün Bollivuda düşməyə can atırlar.
Ona görə də sən indiki şöhrətinlə kifayətlənsən,
inkişafın dayanacaqdır və sən əvvəlki məşhur
aktrisalar kimi ciddi bir zirvəyə nail olmadan qocalacaqsan. Təcrübəsiz
yolçu kimi terminala çatmadan qatarı tərk edəcəksən.
Mən çox götür-qoy etdikdən sonra
bunları sənə deməyi lazım bildim. Axı mənim
həm də ciddi niyyətlərim vardır. Biz gələcəkdə
səninlə ailə quracağıq, tələsməyə
ehtiyac yoxdur. Almaz cilalandıqdan və öz həqiqi dəyərinə
yiyələndikdən sonra bu, baş verəcəkdir.
Çünki hər ikimiz ehtiyac içərisində
yaşayırıq, bəs uşaqları nə ilə
qidalandıracağıq? O vaxt
sənin parlaq işığın mənim taleyimdə də əks
olunacaqdır. Biz varlı yaşayacağıq. Buna nail olmaq sənin
iradəndən, zəhmətsevərliyindən asılı
olacaqdır, mən isə sənin üçün dayaq və
mühafizəçi rolunu oynayacağam. Sənin zirvəyə
yüksəlməyinlə, mən də arzuladıqlarıma
nail olacağam, ekran kraliçasının konsortu rolunu
oynacağam. İngilis kraliçaların əri belə
adlanır.
Fərhadın mühazirələri uzun çəkdi
və hiss edirdim ki, məni yorur. Gənc bir qız artıq
arzularına nail olmuşdur, qazanır, özünü və
ailəsini təmin edir və bu qızın düşüncə
üfüqləri də o qədər geniş deyildir, əldə
etdikləri ilə də kifayətlənmək olardı. Onun
üçün indiki vaxtda ən vacib vəzifə ərə
getmək, uşaqlarını böyütməkdir. O, heç vaxt öz zəhməti
ilə ərini də dolandıracağını fikirləşməmişdi.
Fərhad isə özünə əziyyət vermədən,
arvadının şərəfini və qazancını
yarı böləcək, eyş-işrətə
qurşanmaqdan da çəkinməyəcəkdi. Axı
onların ittifaqı ərinə əlavə səlahiyyətlər
verəcəkdi.
Bu oğlan guya sevdiyi qıza yüngül deyil, əzablı
yollarla addımlamağı, çətin sınaqlardan
keçməyi məsləhət görürdü. Mənim
bunları etməyə gücüm çatacaqdımı, özümə
o qədər də əmin deyildim. Axı belə zirvə barədə
heç düşünməmişdim də. Mənim
özümə kumir saydığım böyük aktrisalar
da ölkəmizin sərhədlərindən uzağa getməyə
cəsarət etməmişdilər.
Bizim görüşlərimiz fasilələrlə bir
il davam etdi. O, özünü müəyyən çərçivə
daxilində aparırdı. Anam üçün də mənim
şəxsi həyatımdakı dəyişiklik daha sirr
deyildi. Onu narazı salan bizim izdivacımızın rəsmiləşməməsi
idi. Lakin bu məsələdə mən Fərhadı tələsdirməmək
qərarına gəlmişdim.
Bir dəfə onun zəngini çox gözlədikdən
sonra, özüm zəng etdim. Lakin cavab verən olmadı. Mən
öyrəndim ki, o, Bakını tərk etmiş, əvvəlcə
Rusiyaya, sonra isə Türkiyəyə yollanmışdı.
Şayiə gəzirdi ki, Mədəniyyət naziri ilə
hay-küylü mübahisədən sonra o, belə qərara gəlibmiş.
Xəbər verməməsi, qəflətən qeybə
çəkilməsi mənə olduqca ağır gəldi və
mən depressiya keçirməyə başladım.
Teatrımız və milli kinomuz barədə
düşüncələrə dalıram
Teatrımızın bugünü və gələcəyi barədə
çox fikirləşirdim. Axı bu həm də mənim
taleyimdir, ömrümün ayrılmaz hissəsidir. Fərhadın
yoxluğu da düşüncələrimin miqyasını
genişləndirirdi.
Mən kinomuzun inkişafdan, əslində, geridə
qalması ilə də heç cür razılaşa bilmirəm,
onun da dərdini çəkirəm. Dünyada kino sənətinin
inkişaf etməsinə baxmayaraq, hətta Cənubi Koreya və
İran qüdrətli kinoindustriyaya malikdir, biz hamının
uğurla istifadə etdiyi magistral yola əhəmiyyət verməyib,
əvvəlki tozlu kənd yolu ilə hərəkət etməyə
üstünlük veririk. Kino sənətinə biznes sahəsi
kimi yanaşıb, ondan böyük gəlir götürən
bəzi həvəskar menecerlər öz səviyyələrinə
uyğun olan filmləri çəkilməsi ilə məşğul
olur, mənəvi dəyərə və bədii səviyyəyə
məhəl qoymurlar. Kinomuz gerilikdən
çıxmalıdır. Çünki bu həm də mənim
eqoistik istəyimə aiddir, mən şöhrət qazana bilən
filmlərdə çəkilmək istəyirəm. Axı biz
qədəm qoyduğumuz XXI əsrin inkişaf xəttindən
geridə qalırıq. Biz okeanlarda, dənizlərdə
üzmək və qiymətli balıqlar ovlamaq həvəsi əvəzinə,
hovuzda satışa yaxşı getməyən kiçik karp
balıqları yetişdirməklə öyünürük,
saysız-hesabsız kiçik formatlı filmləri, acı
bağırsaq kimi uzanan məzmunsuz, təsiri sabahısı
günü yaddan çıxan kino serialları, əlbəttə
ki, mən yerli tamaşaçılara
sırındırılan ucuz ekran məhsullarını nəzərdə
tuturam.
Axı başqa sahələrdə nailiyyətlərimiz
olduqca çoxdur. Biz 2020-ci ildə mənfur düşmən
üzərində böyük qələbə
çalıb, torpaqlarımızı
işğalçılardan azad etdik. 2023-cü ildə
terrorizmlə öyünən ekstremistlər Qarabağdan
qovuldu, 30 ildən sonra doğma Qarabağ da daxil olmaqla
bütün suveren ərazimizdə Azərbaycanın dövlət
bayrağı dalğalandı. Müharibədəki Zəfər
xalqa böyük başucalığı gətirdi. Biz ölkəmizin
digər iri nailiyyətləri ilə də öyünə
bilərik. Son 20 ildə paytaxtımız xeyli
böyümüş, abadlaşmış, gözəlləşmişdir.
Onu müasir göydələnlər bəzəyir. Rəmzlər
sırasına, iftixar mənbəyimiz olan Qız qalasıyla
yanaşı, müasir Alov qüllələri də əlavə
olunmuşdur. Dənizkənarı bulvar yeniləşib gözəlləşərək,
ikinci cavanlığını yaşayır, ərə getməyə
hazırlaşan qızın cazibədarlığına yiyələnmişdir.
Belə bir sürətli təkamül şəraitində
kino sənətimizin bataqlıqdan çıxıb, magistral
inkişaf yoluna qədəm qoymaması, ona can yandıranlarda
həqiqi narazılıq hissi yaradır.
Vaxtilə şit, kobud zarafatları ilə
tamaşaçıları cəlb edən Şaban ənənəsindən
qardaş Türkiyə kinostudiyaları yaxasını
qurtarmışdır. Bir vaxtlar "Arım, balım, pətəyim"
vodevili kimisə sevindirirdisə, indi yalnız acı
gülüş doğurur. Türklər tarixi və mafiya barədəki
filmlərə keçməklə, öz sərhədlərində
qapanıb qalmalarını dayandırdılar, Avropada, Rusiyada,
ərəb ölkələrində geniş
tamaşaçı diqqətini qazandılar və milyard
dollarla gəlir əldə etdilər. Həmin filmlərin
vasitəsilə çoxları Osmanlı tarixini, Sultan
Süleymanı, Hürrəm-Roksalananı daha yaxından
tanımağa başladı.
(Ardı var)
Telman ORUCOV