MÖCÜZ
MÖCÜZƏSİ
Onun adı Azərbaycan ədəbiyyatının
möhtəşəm qatarında qalmaya da bilərdi. Şeirləri
vaxtın dünəninə çökərdi, unudulardı.
Ola da bilərdi ki, zamanca bizdən çox da uzaq məsafədə
ömür sürməsə belə, orta əsrlərdə
yaşamış hansısa şairlər kimi tək-tük
şeirləri haqqında qısaca bilgilər yadigar qalsın.
Ancaq biz bu gün onu bütün
böyüklüyü ilə tanıyırıq. Əsərlərinin
hər halda mühüm hissəsi ilə tanışıq və
çoxdan əmin olmuşuq ki, onsuz Azərbaycan ədəbiyyatının
bir neçə min illik tarixi kasıb görünərdi. Son
min il içərisində təzkirələrin və ən
müxtəlif ədəbi qaynaqların, salnamələrin
verdiyi bilgilərə görə, Azərbaycan ədəbiyyatının
3000-dən artıq, 4000-ə yaxın yaradıcısı
olub. Onlardan kimlərsə çox məşhur, kimlərsə
az tanınmışdır. Min illik bir zaman boyunca bir xalqa
3000-4000 şair çoxdur, yoxsa az? Azərbaycanı, onun
taleyini, tarix dolaylarında aşdığı dolanbac
yolları düşünürkən bunu da göz
önündə saxlayaq ki, zaman boyu bizim o qədər
acılarımız, o qədər
sarsıntılarımız, o qədər
qayğılarımız olub ki, onları yazmaq, millətə
çatdırmaq üçün 3000-4000-dən də qat-qat
artıq ədib, güclü qələm sahibi, ötkün
düşüncə yiyəsi azlıq edər. Amma adı
tarixləşmiş bu 3000-4000 nəfərlik yazarlar qafiləsindən
balaca bir dəstə - 50-100 şair və nasir minlərin və
onminlərin çəkə biləcəyi yükün
ağırlığını ürəyinə və
çiyinlərinə götürmüş, bütün millətin
dərdini, sevincini və diləklərini ifadə etməyi
bacarmışdır. Son min ildən artıq bir müddətdə
yazıb-yaratmış, xalqın duyğularının,
düşüncələrinin tərənnümçüsünə
və tərbiyəçisinə çevrilmiş 3000-4000-dən
artıq şairin, yazıçının arasında daha uca
tutulmağa layiq bilinən həmin 50-100 seçmənin tərkibində
də ən üstünlərdən biri məhz o idi - təxəllüsü
Möcüz olan möcüzə şair! Onu
axırıncı min illik tarix gedişatında qələm
çalmış və qanı qanından olan minlərcə
şair soydaşından önə çıxaran əsas
keyfiyyətsə budur ki, vaxtın ən fırtınalı
dönəmlərində də qorxub-çəkinmədən
sözünü mərdanə deyib, şirin canı təhlükələrlə
üzbəüz qaldığı dəmlərdə belə
susmayıb, xalqın acılarını ürəkdən
tikan çıxaran sözlərə döndərib, yalın
gerçəkləri çağdaşlarına və gələcəyə
ötürməyə qadir olub. O, qısa bir ömür
yaşayıb, qaranlıqlar içərisində nur kimi
parlayıb. Ona dəlib-keçən sözlərinə, heyrətamiz
cəsarətinə, ağlaya-ağlaya güldürə
bildiyinə görə "Azərbaycanın ikinci Sabiri"
deyiblər. Ancaq o, Azərbaycanın ikinci Sabiri deyil. Sabirin də
yazı, mübarizə meydanı odlu bir cəbhə kimi idi.
Sabirin də qələmi döyüşürdü. Sabirin də
həyatına məhz yazdıqlarına görə daim fəlakətlər
daraşmaqda idi. Ancaq Möcüzün
yazıb-yaratdığı şərait bəlkə
Sabirinkindən də qat-qat mürəkkəbdi. Sabirə rəzil
həmlələr nə qədər çox olsa da, hədələr,
təqiblər, sıxma-boğmalar günü-gündən
artsa da, o, meydanda tək deyildi, sağında-solunda ona hay verən
məsləkdaşları, onunla eyni mübarizə
meydanında çarpışan xeyli silahdaşı vardı.
Möcüzsə amansız döyüş səhnəsində
tənha idi. Tam yalqız da deyildi. Yazdıqlarını oxuyub
bir-birinə ötürənlər daxilən onunla razı
idilər, daha artıq - ona minnətdardılar ki, özlərinin
deyə bilmədiklərini Möcüz söyləyir, fəqət
səslərini çıxarmağa da heyləri yoxdu. Bir tərəfə
baxanda qınamalı da deyildi. Hamı Möcüz kimi əyninə
kəfən geyinən olmaz ki!
Möcüz altmış bir ilə sığan
çox da uzun olmayan ömrünün sonuna doğru "Vəsiyyət"
adlı bir şeir də yazıb. Bu "Vəsiyyət"
onun oğluna, uşağına, qohum-əqrəbasına
dünyadan ayrılarkən ürəkaçması deyil. Bu
"Vəsiyyət" ən əvvəl onun seçdiyi
yolun doğruluğuna inamı və millətinin mütləq
bir gün ülvi amallarına çatacağına ümidi, əminliyidir.
O, agah idi ki, bir doyumluq yemək naminə bir quş ömrü
uzunu qəfəs içərisində oturar, başını
aşağı salıb ona misqal-misqal verilən suyu içər,
qabağına atılan bir ovuc dənə qane olar,
ömrü uzunu qəfəsdə oturar,
azadlığının olmaması ilə barışar, əsarətə
dözər. Ancaq Möcüz, Tanrının üfüqlərdə
azad uçmaqçün yaratdığı quşun qəfəslərə
məhkum olmasına rəğmən, xalqının məngənələri
qıracağına, hökmən qəfəsdən qurtulub sərbəst
qanad açacağına inanırdı. Millətinin xoşbəxt
istiqbalına dərin ümid bəsləyib yurdunun bəxtiyar
aqibətinə bütün varlığıyla
inandığından, kükrəyə-kükrəyə ona
doğru gələn şər sellərindən əsla
çəkinmirdi. Elə bu sarsılmaz inamla qələmi əlində
müdam silah kimi tutdu və ömrü boyu məsləkindən
bir an belə dönmədi və həyatdan
ayrılmağın astanasında da qətiyyətlə belə
yazdı:
Qəfəsdə quş yeyər danə, yaşar daim
əsarətdə,
Bulud altında qalmaz daima gün, xalq zülmətdə.
Xalqının zülmət çəngində
qalmaması, nur içərisində ömür sürməsindən
ötrü hər fədakarlığa hazır olan
Möcüz o qədər qovğaların arasında əslində
möcüzə sayılası uzun ömür yaşadı,
gününə görə möcüzə sayılası
şeirlər yadigar qoyub getdi.
...İkinci Dünya müharibəsinin daha dəhşətli
parçasının tüğyan etdiyi çağlardı.
1941-ci il avqust ayının 25-də İran ərazisindən
özünə qarşı alman təhlükəsi hiss eləyən
Sovet İttifaqının qoşunları sərhədi
keçmişdi. Həmin gün gecə saat 5-də İran ərazisinə
yeriyən sovet qoşunlarının tərkibində ucaboylu
cavan bir kapitan da vardı. İki gün sonra - avqustun 27-də
Culfaya, oradan da Təbrizə yollanan bu zabit 44 yaşında
idi. Bəlkə də 44 yaşında olan adama "cavan"
sözündən daha artıq "ahıl" kəlməsi
yaraşar. Amma nəzərə alsaq ki, həmin insan sonra 53 il
də yaşayacaq və 97 yaşına yetişəndə də
iti ağlı və dəmir yaddaşı onunla qalacaq, beləsinə
elə 44 yaşında da "cavan" deyilər. O kapitan
sonralar Azərbaycan mədəniyyəti tarixinə misilsiz
töhfələr verəcək Qulam Məmmədli idi. Qulam Məmmədli
olmasaydı, biz bu gün böyük Azərbaycan şairi Mirzə
Əli Möcüzü tanımazdıq. Bəlkə
tanısaydıq da, ona bu səviyyədə bələd
olmazdıq. Onun millətimizə bütün miqyaslarıyla
qayıdışının səbəbkarı Qulam Məmmədli
olub. Bu, millət kitabının şərəfli bir fəslidir
ki, o səhifənin yazılmasında imzası olanların
heç biri gərək unudulmasın. Əsas vasitəçi
unudulmaz şairimiz Süleyman Rüstəm olmuşdu. 1941-ci
ildə İrana gətirilmiş sovet hərbçi və
mütəxəssislərinin arasında xeyli Azərbaycan ədəbiyyat
və mədəniyyət xadimi vardı. Süleyman Rüstəm
onlardan biri idi. 1941-ci ildə Təbrizdə iki yerli qəzet
çıxırmış - "Azərbaycan", bir də
"Şahin". Sovet İttifaqından, Azərbaycandan gələn,
əksəri də qüvvətli ədiblərdən ibarət
heyət tezliklə daha bir qəzetin nəşrinə
başlayır. "Vətən yolunda" adlı ana dilində,
ərəb əlifbasında çıxan o qəzet tezliklə
Güneydə əhalinin ən sevdiyi ruznaməyə
çevrilir. O dövrdə orada olanlardan biri, olmuşların
canlı şahidi yazıçı Ənvər Məmmədxanlı
həmin hadisələrdən 40 ildən də çox
keçəndən sonra mənə söyləyirdi ki,
güneylilər "Vətən yolunda" qəzetinə elə
həvəskar idilər ki, onun satışa
çıxmasını gözləməyə səbirləri
çatmırdı, hərdən bəzi həvəskarlar lap
redaksiyaya gəlirdilər, az qala mətbəədən qəzetin
təzə nömrələrini alıb oxumaq istəyirdilər.
Qulam Məmmədli ömrünün artıq ixtiyar
çağlarında xatirələrin cığırıyla
qayıtmışdı ötən illərə, 1941-ci ilin
payız günlərini yada salırdı, deyirdi ki, bir gün
redaksiyaya gələndə Süleyman Rüstəm cibindən
bir-iki parça kağız çıxartdı, soruşdu:
"Mirzə Əli Möcüz adlı şairi
tanıyırsanmı?" Qulam müəllim cavab verir ki, bu
adı birinci dəfədir eşidirəm. Süleyman Rüstəm
qayıdır ki, bu vərəqlərdəkilər onun
şeirləridir, buradakı yerli şairlər mənə
veriblər, mən oxudum, çox bəyəndim, sən də
bir bax. Qulam Məmmədli xatırlayırdı ki, mən
şeirin birini, ikisini, üçünü oxudum, sadəcə
bəyənmədim, valeh oldum. Süleyman Rüstəmə
dedim ki, həqiqətən, möcüz bir şairdi, bəs
niyə indiyəcən bunu tanımamışıq?
Süleyman Rüstəm də gülür: "Ona görə
az tanınıb ki, məhz belə şeirlər yazıb. Bu
cür şeirləri bu mühitdə adam arasına
çıxartmaq, qəzetlərdə çap eləmək
mümkünsüz imiş, ona görə də şair də
kölgədə qalan kimi olub". Süleyman Rüstəm
içərisində Möcüzün daha bir neçə
şeirinin olduğu balaca qara dəftərçəni Qulam Məmmədliyə
verir, deyir ki, apar evdə diqqətlə oxu, bu şairlə
yaxından maraqlan.
Və 1945-ci il fevral ayının 25-də "Vətən
yolunda"qəzetində Qulam Məmmədlinin Möcüz
haqqındakı məqaləsi çıxır. Bu xırda məqalənin
yanında Möcüzün iki-üç şeiri də
vardı. Bu, Güneydə məhdud dairədə olsa da, hər
halda ayrı-ayrı adamların tanıdığı, amma Azərbaycan
Respublikasında heç kəsə bəlli olmayan bir
şairin geniş kütlələrə mətbuat səhifələrindən
ilk təqdimatı idi. Dərc olunmuş məqalə də, məqaləyə
əlavə edilən şeirlər də dərhal ciddi əks-səda
oyadır. Qulam Məmmədli belə qaynar oxucu
marağından ilhamlanaraq qərara alır ki, bu işi davam
etdirsin. Eşidir ki, Mirzə Əli Möcüzün yaxın
dostlarından biri məşhur tacir Hacı Məhəmməd
Naxçıvani imiş. Soraq-soraq gəlib çatır
Rastabazarın qurtaracağındakı bir hücrəyə,
içəri girib görür ki, üç nəfər
oturub. Salam-kəlamdan sonra bəlli olur ki, bunlardan biri Qulam Məmmədlinin
axtardığı Hacı Məhəmməd
Naxçıvani, digəri onun qardaşı Hacı
Hüseyn, o biri də oğlu Əlağadır. Varlı
tacirlərdən olan Hacı Məhəmməd
Naxçıvaninin işi başqa tacirlər kimi yalnız
alış-verişdən ibarət deyilmiş. O, kitab
aşiqi imiş və qazandığı vəsaitin
böyük hissəsini ədəbiyyata, əlyazmalar
toplamağa sərf edirmiş. Edvard Braun adı dünya şərqşünaslığında
qalan böyük alimlərdəndir. Onun farsdilli ədəbiyyat,
İran tarixi ilə bağlı çox qiymətli əsərləri
dünyada məşhurdur. Edvard Braunun sonralar dünyanı gəzəcək
kitabları üzərində işləyərkən dəfələrlə
müraciət etdiyi xəzinələrdən biri Hacı Məhəmməd
Naxçıvaninin kitabxanasıymış. XII əsrdən etibarən
yaranmağa başlayan və daha mötəbərlərinin
sayı 800 civarında olan təzkirələrin, ədəbi
məlumat kitablarının ən mükəmməllərindən
hesab edilən "Danişməndan-i Azərbaycan" əsərini
yazarkən Məhəmmədəli Tərbiyət də
dönə-dönə Hacı Məhəmməd
Naxçıvaninin kitabxanasından istifadə etmişdi.
Rastabazarda Hacı Məhəmməd
Naxçıvaninin hücrəsində ona Qulam Məmmədli
Möcüz haqqındakı məqaləsindən söz
açanda maarifpərvər tacir dillənir ki, yazını
oxumuşam, çox da bəyənmişəm. Ardınca da
Qulam Məmmədlini dəvət eləyir evinə ki, məndə
Möcüzün əlyazmaları var, gəlin baxın. Zəngin
tacir olan Hacı Məhəmmədin mənzilinə gəlincə
əvvəl buradakı sayalığa təəccüblənmiş
Qulam Məmmədli həmin sadə mülkü dolduran
başqa sərvətləri görüncə daha artıq
heyrətlənmişdi. Evin bütün otaqları kitablarla
dolu imiş. Hacı Məhəmməd yalnız İranda
deyil, ölkə xaricində də olan qiymətli əlyazmaları
toplamağın aludəsiymiş. Qulam müəllim bunu
söyləyirdi ki, o zaman - 1920-30-cu illərdə xaricilərin
əlinə fürsət düşübmüş, cüzi məbləğə
sayı bilinməyəcək qədər bolluca nəfis əlyazmaları
alaraq ölkədən çıxarıblarmış.
Hacı Məhəmməd İranda əldə etdiyi dəyərli
əlyazmalarla yanaşı, kənara
çıxarılmış əski kitabların da izinə
düşübmüş. Sorağını
aldığı müəyyən əlyazmaların
ardınca Bağdada, Misirə, Parisə, Londona yollanmışdı,
aradığı kitablarçün nə istəmişdilərsə,
dinməz-söyləməz məbləği ödəyərək
əlyazmaları Təbrizdəki xəzinəsinə gətirmişdi.
O kitabxanadan qısa müddətdə hələ ötəri
istifadə etməklə Qulam Məmmədli sonradan Azərbaycana
o vaxt unudulmuş, tanınmayanlar cərgəsində olan, bu
gün adı da, şeirləri də hər kəsə bəlli
Heyran xanım Dünbülini bağışladı. Xalq
öndəri, el qəhrəmanı Şeyx Məhəmməd
Xiyabani haqqında qiymətli əsər yaratdı, Səfəvilər
dönəminin şairi, XVI əsrdə yaşamış Fədai
Təbrizinin "Bəxtiyarnamə"sini üzə
çıxartdı. Və bir də Mirzə Əli
Möcüzü. Xiridara sanki tale özü yol açır.
Qulam Məmmədlinin Möcüzün adını tutaraq
qapısını açdığı Hacı Məhəmməd
sadəcə şairin əlyazmalarını kolleksiyasında
saxlayan kitab aşiqi deyilmiş, o həm də Möcüzlə
yaxın dost olubmuş. Bu da Qulam Məmmədliyə
dağa-daşa düşmədən şairin ömür
yolu və şəxsiyyəti haqqında ilkin zəruri məlumatları
toplamağa kömək edir. Hacı Məhəmməd
Naxçıvani söyləyir ki, Möcüz Şəbüstərdə
yaşayırdı, ancaq hərdən Təbrizə yolu
düşürdü, buralara gələndə də mütləq
mənə baş çəkir, bəzən də bir
neçə gün bizdə qalırdı. Qulam Məmmədli
Hacı Məhəmməd Naxçıvaninin ədəbiyyatımız,
keçmişimizlə bağlı hər yadigara xüsusi həssas
münasibət bəslədiyi ilə əlaqədar bu əhvalatı
da danışırdı ki, günlərin birində bu
ziyalı tacir İsfahanda Saib Təbrizinin bir bağın
içərisində qəbir daşının
tapıldığını eşidir. Bütün
iş-gücünü yarımçıq qoyub tez İsfahana
yola çıxır. Həmin qəbir daşının
müxtəlif nöqtələrdən şəklini çəkdirir,
sinə daşının üstündəki yazıları
köçürür, lövhənin estampajını
çıxarır. Bunları boşuna etmirdi. Çünki
oçağacan Saib Təbrizinin doğum-ölüm tarixləri
bir neçə cür göstərilirmiş, hansının
daha dürüst olduğunu təyin etməksə əlavə
daha mötəbər bəlgələr olmadan
mümkünsüz kimi görünürmüş, ancaq qəbir
daşı artıq elə daşdan keçən sənəd
idi. Ərəbdilli Azərbaycan elmi və ədəbiyyatının
zirvələrindən olan və elmi ictimaiyyətə və
geniş kütlələrə yalnız 1960-cı illərdən
Malik Mahmudovun araşdırmaları sayəsində
bütövlüyü ilə tanınmağa başlayan Xətib
Təbrizi haqqında da ilk tədqiqat aparan, ilk kitabı yazan
da elə həmin yorulmaz Hacı Məhəmməd
Naxçıvani olmuşdu. Hacı Məhəmmədin digər
nəcibliyi də ondan ibarətdi ki, səxavətli idi, hər
biri onunçün əziz olan əlyazmaları ürək
genişliyi ilə həmin qaynaqlardan ondan daha artıq bəhrələnə
biləcək araşdırıcıların ixtiyarına
buraxırdı, Qulam Məmmədlinin də Mirzə Əli
Möcüzlə bunca yaxından maraqlandığını
görüncə xəsislik etməmişdi, öz evində
incini qoymuşdu Qulamın qarşısına. Qulam müəllim
söyləyirdi ki, açığı, Hacı Məhəmmədin
evinə təşrif gətirəndə hələ heç
təsəvvür etməzdim ki, şairin külliyyatı ilə
qarşılaşacağam, görüşdə məqsəd
Möcüzü yaxşı tanımış bir şəxs
kimi onun barəsində nisbətən müfəssəl məlumat
almaq idi. Həmin görüş barədə Qulam müəllim
mənə söz açanda 1990-cı illərin
başlanğıcı idi və o, təqribən yarım əsr
uzaqlıqda qalmış hadisədən bəhs edirdisə də,
yenə o köhnə riqqət və həyəcanını
gizlədə bilmirdi. Deyir, Hacı Məhəmməd öz mənzilində
mənə Möcüz haqqında bildiklərini
danışandan sonra üzünü tutdu oğlu
Əlağaya ki, keç o biri otağa, Mirzə Əli
Möcüzün bağlamasını gətir. Bağlama nə
bağlama. İçərisi Mirzə Əli
Möcüzün şeirləri ilə dolu, hamısı da
öz əlyazmaları. Mirzə Məhəmməd
Naxçıvani bunu da xəbər verir ki, Mirzə Əli
Möcüz bu evə axırıncı dəfə 7-8 il
bundan qabaq gəldi, bir neçə gündə qaldı və
söylədi ki, Şəbüstərdən ayrılır,
Şahruda yola düşür.
Mirzə Əli Möcüzün Şahruda
köçməyi də xoş gündən deyilmiş, bir
növ, baş götürüb qaçırmış.
Çünki Şəbüstərdə Möcüzə
şeirlərinə görə göz verib, işıq vermirlərmiş,
daha bıçaq sümüyə dirənibmiş ki, ata-baba
yurdunu tərk etməyə vadar qalıbmış. Hacı Məhəmmədin
Qulam müəllimə çatdırdığı xəbərlərdəndir
ki, Möcüz kasıb adamdı, amma son dərəcə cəsarətli,
qorxmaz bir şəxs idi. Yazdığı şeirlərə
görə onu sevənlər də vardı, sevməyənlər
də, ancaq o, bu yolu tutmuşdu, xəttindən geri dönmək
fikri də yox idi.
Hacı Məhəmməd Naxçıvani Qulam Məmmədliyə
vaxtilə Mirzə Əli Möcüzün bu mənzilə gələrkən
etdiyi söhbətlərdən də nağıl eləyir -
Möcüz deyirmiş ki, mən də Sabir kimi şeirlər
yazıb, xalqımı oyadacam.
Hacı Məhəmməd şeirlər bağlamasının
- şairin əlyazmalarının onun evinə necə gəlib
çatmasının da tarixçəsini açır. Sən
demə, Mirzə Əli Möcüz Şahruda yola düşməzdən
əvvəl Hacı Məhəmməd Naxçıvaniyə
deyibmiş ki, kasıbçılığın üzü
qara olsun, Şəbüstərdə Xəyyam adlı bir
dostum vardı, ondan əlli tümən borc
almışdım, lakin qaytarmaq imkanım yox idi, ona görə
əlyazmalarımı onun yanında girov qoydum, ta haçansa əlimə
pul düşər, qaytararam, qaytara bilməsəm də, o əlli
tümənin əvəzində bu şeirlər olsun sənin.
Təsəvvür edirsinizmi - Möcüzün öz
qələmindən çıxmış, öz xətti ilə
yazdığı şeirlərin hamısı itib-bata bilərmiş.
Həmin mənzumələrin başqa bir imza ilə üzə
çıxa bilməsi ehtimalı da yox kimidir, çünki məzmununa
görə kimsə həmin şeirlərə sahib duraraq
başını cəncələ salmaq istəməzdi. Qulam
Məmmədlinin söylədiyi sonrakı bir əhvalat da bunu
təsdiq etməkdədir. Hacı Məhəmməd
Naxçıvani deyirmiş ki, Mirzə Əli
Möcüzü Şahruda yola salandan bir müddət sonra
getdim Şəbüstərə, axtarıb həmin adamı
tapdım, çıxarı bəlli tümənini verdim, Mirzə
Əli Möcüzün şeirləri olan bağlamanı
götürdüm, o vaxtdan bəri də evimdə
saxlayıram, indi səni Allah yetirib. Bu, bir fürsətdir, belə
şeirləri heç vaxt burada - İranda toplu halında
üzə çıxarmaq mümkün deyil. Ancaq indi siz
şurəvisiniz, səlahiyyətləriniz genişdir, bunu bir
ayrıca kitab kimi də buraxa bilərsiniz. Qulam Məmmədli
Hacı Məhəmməd Naxçıvaninin bu təklifini
eşidəndə həddən ziyadə sevindiyini, rəhbərliklə
danışıb kitabın nəşri məsələsini həll
edəcəyini boyun olduğunu da söyləyirdi və əlavə
edirdi ki, mən Hacı Məhəmmədə bu əlyazmaları
verdiyinə görə kitabı ikimizin adından
buraxacağımı bildirəndə o, etiraz etdi ki, yox, mənim
adım olmasın, tək öz adınla burax, elə o
kitabın nəşr olunması mənə bəsdir.
Hacı Məhəmməd Naxçıvaninin niyə
adının Mirzə Əli Möcüzün işıq
üzü görə biləcək kitabında olmamasında
israr etməsini anlamaq mümkündür. O, hansı mühitdə
yaşadığını yaxşı bilirdi və bunu Qulam
Məmmədliyə də deyir. Söyləyir ki, indi bunu
çap elədiniz, elədiniz, bir müddət keçəcək,
siz çıxıb gedəcəksiniz, sonra bu kitabı
çap eləmək yenə mümkün olmayacaq, indi əsl
məqamıdır.
Bir neçə il sonra baş verən hadisələr
təsdiq edir ki, Hacı Məhəmməd nə qədər
uzaqgörən və müdrik insanmış.
Qulam Məmmədli Hacı Məhəmməd
Naxçıvaninin evinə bir neçə dəfə gedib-gəlir.
Hər gedəndə də o şeirlərdən
köçürürmüş. Növbəti gəlişində
Hacı Məhəmməd Naxçıvani bağlamanı
verir Qulam Məmmədliyə ki, apar evində rahat işlə,
kitabını hazırla. Qulam Məmmədli kitab söhbətini
Azərbaycandan gedən nümayəndə heyətində olan
Mirzə İbrahimova danışır, bu barədə Sovet
İran Mədəni Əlaqələr Cəmiyyəti Təbriz
şöbəsinin rəisi Hüseyn Şərifova söz
açır. Onlar ikisi də məmnuniyyətlə
razılıq verirlər və kitabın çapına
kömək göstərəcəklərini vəd edirlər.
1945-ci ildə Mirzə Əli Möcüzün Qulam Məmmədlinin
müqəddiməsi və tərtibi ilə Təbrizdə
kitabı ilk dəfə işıq üzü görür.
Mirzə Əli Möcüzün oçağacan vur-tut iki
şeiri işıq üzü görmüşdü: biri
imzasız, biri də gizli imza ilə. Odur ki, mətbuat, nəşr
aləmində Mirzə Əli Möcüz adında şairi
tanıyan yox idi. Bu ad, bu imza yalnız yaxın dostların,
simsarların arasında bəlli idi. Şeirləri əldən-ələ
gəzirdi, oxunurdu, oxuyurdular, bəyənirdilər və
çoxlarının heç xəbəri də yox idi ki, bu
şeirin əsl yazanı, müəllifi kimdir. İndi isə
kitab 2000 tirajla çıxmışdı, Mirzə Əli
Möcüz həyata təzədən
qayıtmışdı. Daha onu ədəbiyyatın tarixindən
heç bir qüvvə silə bilməzdi. Bir neçə
aya o kitab ildırım sürəti ilə bütün
İran boyu yayılmışdı. Qulam Məmmədli deyirdi
ki, kitab nəşrə hazırlanan ərəfədə bəzi
xatirələrini xəbər almaqçün axtarıb həmin
Xəyyam deyilən adamı da tapmışdıq. Qulam müəllim
bunu da xatırlayırdı ki, görüşümüzdən
bir neçə gün ötüncə Xəyyam artıq biz
dəvət etmədən özü "Vətən
yolunda" qəzetinin redaksiyasında məni tapdı,
başladı yalvarmağa ki, məbada nəşr edəcəyiniz
kitabda yazasınız ki, onun əlyazmalarını mən
saxlayıbmışam. Qulam müəllim soruşur ki, axı
niyə, burda nə var ki? Xəyyam təkid edir: "Yox, əsla.
Mənim adım heç yerdə görünməsin. Sizə
nə var, çıxıb gedəcəksiniz, amma mən
qalacam burda. Ondan qisas almaq istəyənlər, şeirlərinə
hiddətlənənlər gəlib mənim yaxamdan
yapışacaqlar ki, günah səndədir, onları sən
qoruyub saxlamısan".
1930-cu illərdə sovet siyasi repressiyaları neçə
aydınımızı girdabına sovurduğu vaxtlarda bir
çox ailələr ən qiymətli fotoşəkilləri,
məktubları, əlyazmaları, kitabları qorxudan məhv
edirdilər ki, sabah evimizdə axtarış aparılsa, bunlar
üzə çıxsa, başımıza bəlalar gələr.
Məhz oxşar müsibətlərin onların da
başına gələcəyindən qorxaraq irandakılar, o
sıradan Xəyyam da xoflanırmış ki, adı heç
yerdə ən xırda hərflərlə də görünməsin.
Amma ruhları şad olsun, həmin o Xəyyamın da,
Hacı Məhəmməd Naxçıvaninin də.
Qoymayıblar ki, bu böyük şair dünənin
qaranlıqlarına qərq olsun, keçmişin
alatoranında duman kimi əriyib-itsin. Millətini zülmət
burulğanından çıxarmaq, işıqlara qərq eləmək
istəyən bir əzəmətli xilas edilib. Bu gün də
yaşayır və sağlığında olduğu sayaq, yenə
mübarizələrin ön cərgəsindədir, yenə
insanlara qüvvət, təpər verməkdədir. Qulam Məmmədli
Hacı Məhəmməd Naxçıvaninin Mirzə Əli
Möcüzə məxsusi məhəbbət və rəğbətinin
köklərindən də danışırdı. Söyləyirdi
ki, Hacı Məhəmməd Xiyabani, Səttarxan hərəkatı
ilə bağlı olmuşdu. Yəni bu məziyyətlər
- etirazçılıq, haqsızlığa dözməməklik
elə Hacı Məhəmmədin özünün də
cövhərindəymiş.
Mirzə Əli Möcüzün
qayıdışı - Qulam Məmmədlinin tərtibində
kitabının Təbrizdə işıq üzü görməsi
İranın dörd bucağında böyük əks-səda
doğurmuşdu. Köhnə təbrizlilərdən -
qocamanlardan eşitmişəm. Söyləyirdilər ki,
Güney Azərbaycanda heç vaxt heç bir kitab bu qədər
böyük şöhrət qazanmamış, bu qədər
axtarılmamışdı. Əl-əl gəzirdilər o
kitabları. Bir həftənin yox, iki-üç günün
içərisində bütün nüsxələr
satılıb qurtarır.
...Mirzə Əli Möcüz Güney Azərbaycanın
qədim şəhərlərindən olan, Mişov
dağının ətəklərindəki Güney
mahalının mərkəzi Şəbüstərdə
doğulmuşdu. Tarix boyu Şəbüstərdən
imzası tarixdə həkk olunan bir çox görkəmli
simalar çıxıb, ancaq onlardan ikisinin adı həmişə
daha yüksəklərdə səslənir: XIII əsrdə
yaşamış filosof Şeyx Mahmud Şəbüstəri,
bir də XIX yüzilliyin sonları, XX əsrin birinci
yarısında ömür sürmüş Mirzə Əli
Möcüz.
Şeyx Mahmud Şəbüstərinin məqbərəsi
həmişə insanları çəkib, həm də
yalnız yerlilər - şəbüstərlilər yox, kənardan
gələnlər də o yerə müqəddəs bir məkan
kimi üz tutublar. Teymurləngə məxəzlər əzazil
deyir. Həqiqətən, bu sifəti varmış.
Düşmənlərə qarşı son dərəcə qəddar,
əzazilmiş. Amma sənətin, ədəbiyyatın,
üstün zəkanın da dəqiq qiymətini bilənmiş.
Teymurləng Şəbüstərə 1387-ci ildə varid
olmuşdu. Bura gəlincə ilkin Şeyx Mahmud Şəbüstərinin
məqbərəsinin ziyarətinə dikəlir. Şeyx Mahmud
Şəbüstəridən "Miratu-l-mütəhəqqiqin",
"Şahidnamə", "Səadətnamə" və ən
məşhuru "Gülşən-iRaz" kimi əsərlər
yadigar qalıb. XIII əsrdə yaranan bu əsərlər daim
oxunub, öyrənilib, əzbərlənib. Teymurləng də
Şeyx Mahmud Şəbüstərini yalnız haqqında
dolaşan rəvayətlərdən deyil, elə bu əsərlərindən
tanımışdı. Ona görə də 1387-ci ildə
Şəbüstərə qədəm basınca xəzinədən
10000 dinar pul ayırmışdı. O zaman Şəbüstərin
6000 əhalisi varmış. Buyurur ki, burada uşaqlardan
yuxarı nə qədər yeniyetmə, cavan, ahıl, qoca
varsa, hərəsinə beş dinar verin. Teymur şəbüstərlilərə
bu hörməti buradan çıxmış Şeyx Mahmud
Şəbüstərinin xatirinə edirdi.
Və Şəbüstərə
başucalığı, sayğı gətirənlər cərgəsində
Mirzə Əli Möcüzin də yeri ayrıcadır. Ancaq
Mirzə Əli Möcüz öz ata-baba yurduna sevgisini tam
başqa bir şəkildə ifadə edib. Şəbüstərin
şanlı tarixindən, buradan çıxmış məşhur
şəxsiyyətlərdən, bu yerlərin gözəlliklərindən
yazmayıb. Şəbüstər insanının göynəklərindən,
nisgillərindən, məşəqqətlərindən
yazıb. İstəyib ki, onun yurdunun insanları da azad, məsud,
firavan yaşasınlar.
Şəbüstərdə həyat şəraiti
çətin olduğundan XVIII-XIX yüzillərdə, elə
Mirzə Əli Möcüz əyyamlarında da ayağı
yer, əli iş tutan cavanların hamısı bir parça
çörək dalınca kənara gedirlərmiş. Bunu
hamı görürdü. Şəbüstərdə Mirzə
Əli Möcüzdən əvvəl də nə qədər
şair vardı. Ancaq eloğlularının evindən-eşiyindən,
yerindən-yurdundan dolanışıq ardınca kənarlara
üz tutması Mirzə Əli Möcüzün ürəyini
sızıldadır və deşirdisə, əlbəttə
ki, qələmini də göynətməli idi.
Və qələmini camaatın müşkülləri
yandıranda həmin duyğular dönüb olurdu şeir və
şeirə çevrilincə də bərkdən eşidilməsə
də, xısın pıçıltılarda dodaq-dodaq gəzməyə
başlayırdı.
Əhl-i qürbətdi, bilirsən, bu şəbüstərli
tamam,
Gedirik ta gətirək külfətə bir loqma təam.
Bu, Şəbüstərdə o vaxtlar hər evdən,
hər ailədən keçən dərd idi - get min bir zillətlə
qürbətdə, didərginlikdə beş-üç manat
pul qazan, onu da ayağın təzədən Vətən
torpağına dəyincə tutub əlindən alsınlar, sənin
külfətini dolandırmaq üçün
qazandığın məvacibi qoluzorlular sümürüb
aparsın, sərf etsin bəzək-düzəyə.
Onu da siz alısız zor ilə, ey əhl-izülam,
Verisiz ənliyə, kirşanə, hənayə, rəngə.
Mirzə Əli Möcüz də, bir çox həmyerliləri
kimi, Şəbüstərdən aralanmışdı və o
vaxtlar 16-17 yaşında idi. Yerləşmişdi İstanbula.
İstanbula getməyi də səbəbsiz deyildi.
Çünki qardaşları orada ticarətlə məşğul
idilər. O da qoşulur qardaşlarına, başlayır
kitab, dəftərxana ləvazimatı satışı ilə
məşğul olmağa. Şəbüstərdəkindən
bir az babat olsa da, İstanbuldakı güzəranı da
heç könülaçan deyilmiş. Bu şikayətlərinin
əks-sədası da şeirlərindən gəlməkdədir.
Amma hər halda İstanbulda xeyli yaşaması Mirzə
Əli Möcüzə şair olaraq mühüm
faydasını verir. Onun şeir dilini bir çox
çağdaşlarının, Güneydən olan şair
qardaşlarının əsərləri ilə tutuşduranda
əməlli-başlı fərqliliklə tuş
düşürsən. Möcüz xalqın duru, aydın,
şirəli dilində yazırdı. Ancaq başqa güneyli
şairlərin bu təhər yazmasından şifahi xalq ədəbiyyatı
havası gəlirdisə, onun İstanbulda uzun müddət
yaşamasının dilinə buraxdığı təsir
Möcüz qoşqularını ədəbi dil ahəngi ilə
doldururdu.
...Möcüz 1873-cü ildə dünyaya göz
açmışdı, 1934-cü ildə həyatdan getdi. Və
1933-cü ildə, ölümündən az qabaq tərcümeyi-halını
özü qələmə alıb. Yazırdı ki, mən
16 yaşında olanda atam vəfat etdi və bundan sonra
İstanbula yola düşdüm. 16 il İstanbulda qalandan sonra
qayıtdım Şəbüstərə. Ancaq geri
dönüb xalqımın ağlar halını görəndən
sonra nohəxanlığa başladım. Mənim nohəxanlığımsa
yerli axundların heç xoşuna gəlmədi.
Başladılar mənimlə müharibəyə. Düz 26
il o müharibə davam elədi. Xeyrat verirdilər, məni dəvət
eləmirdilər, toy olurdu, məni
çağırmırdılar. Ancaq mən də dediyimi
deyirdim. Şeirimi yazırdım. Özü də ana dilində
yazırdım.
Həmin qısa tərcümeyi-halında bu məlumatı
da verirdi ki, mən yazdıqlarımı saxlamamışam, elə
dost-tanışa paylamışam. Farsca bilməyinə bilirəm,
farsca yazmışamda, amma daha çox ana dilində yazmağa
çalışdım ki, bizim camaatımız da oxuyub
anlasın. Əksərən də mizahi tərzdə
yazmışam. Ona görə də camaatın xoşuna gəlib.
Mirzə Əli Möcüz ömür yolunu belə təsvir
edirdi - bir tərəfdən deyirdi ki, mizahi şeirlər
yazmışam, o biri tərəfdən də təsdiqləyirdi
ki, nohəxanlıq eləyirdim. Və növhəxanlıq eləyirdisə,
bu, axundların niyə xoşuna gəlməməli idi ki?
Mirzə Əli Möcüz növhəxanlıq
etdiyini məcazi mənada deyir. Onun oxuduğu növhələr,
yazdığı mərsiyələr, ağılar dini mərasimlərdəki
növhələrdən, mərsiyələrdən,
ağılardan deyildi. Onun növhələrindəki
ağlayış millətinin müsibətli
gününün ucbatından idi. Həm də bu növhəxanlıq
acizanə göz yaşı tökmək, dərdə
tablaşaraq ağlayıb-sıtqamaq deyildi. Onun nohə
adlandırdığı hər şeiri etirazla dolu idi, o
şeirlərin hər misrası inqilab saçırdı. Məhz
bu səbəbdən də, özünün etiraf etdiyi kimi, Şəbüstərdə
olduğu 26 il müddətincə daim vuruşdu. Başı
çox ağrısa da, çox sarsıntılara ürcah
olsa da, geri çəkilmədi, mübarizəsində sonacan
ardıcıl oldu, məramını daim qorxmadan, çəkinmədən,
kişicəsinə bəyan etdi:
Sədd-i İskəndər kimi durdum, gəlin
meydanıma,
Söylərəm "hel min mübariz"
("Kimdir mənimlə mübarizəyə çıxan -
R.H.) aşikar, ey dustan!
Möcüzün tiğ-izəbanİ çün
qılafından çıxar
(Möcüzün qılınc Dili qınından
çıxınca - R.H.)
Qəhrəman olsa, qabağından qaçar, ey
dustan!
...Allahın nəsib etdiyi istedad öz yerində, ancaq
qələm adamının o istedadına münasib
özünüifadəsi üçün mütləq
mühit də gərəkdir. Mümkündür ki, sən
qaranlıq bir mühitin içərisində olasan, ancaq o
qaranlıq mühitin daxilində də yenə
işığa dönə bilməkçün gərək
səni yönəldən ayrı bir daha nurlu mühit ola. Mirzə
Cəlili, Ömər Faiqi, "Molla Nəsrəddin"i XX
yüzilliyin əvvəllərində bir orduya bərabər
tutanlar, əlbəttə ki, yanılmırlar. Nəinki ordu, nəhəng
coğrafiyada onminlərlə, yüzminlərlə insanın
şüurunu oyatmaq ordu işindən daha mürəkkəb
bir vəzifəni yerinə yetirmək deyilmi? "Molla Nəsrəddin"in
varlığı - bu örnək yalnız necə yazmağa
yönəltmirdi, həm də dəyanət, qətiyyət,
risk şövqü verirdi. Dərginin sayları ard-arda
çıxırdı, canında mübarizlik olanlar, qəlbində
təpər daşıyanlar uzaqdan-uzağa olsa da, "Molla Nəsrəddin"
ocağından hərarət alırdılar. Mirzə Əli
Möcüz də yaradıcılığının,
düşüncəsinin bütün tərzi ilə əslində
mollanəsrəddinçilərdən biri idi. Onun
sağlığında işıq üzü
görmüş hər iki şeirinin 1921-ci ildə "Molla
Nəsrəddin" Təbrizdə nəşr ediləndə
orada dərc edilməsi də rəmzidir. Biri adsız çap
olunubsa da, digərinin altında imza əvəzinə yer alan təxəllüs
əvəzi deyim danılmaz həqiqətin ifadəsidir:
"Təzə şair". Mirzə Əli Möcüz,
doğrudan da, təzə şair idi. Güney Azərbaycanında
onun misli olmamışdı. Bu tayda - Quzey Azərbaycanda o tərzdə
düşünən, o tərzdə yazıb-yaradanlar
artıq XX yüzilin başlanğıcında az deyildilər.
Az olmadıqlarına görə də aralarında
böyük məsafələr olanda da da əl-ələydilər.
Ancaq Mirzə Əli Möcüzün söykənəcəyi
kürəklər yoxdu. O, gurhagurla ona doğru irəliləyən
axınla təkbətək qarşı-qarşıyaydı.
Həm də axına qarşı irəliləməkdən
sanki zövq alırdı. Dikbaşlığıyla, boyunəyməzliyi
ilə o, bir adam da deyildi, tək canıyla onlara, yüzlərə
bərabərdi. Məktub göndərirdi, naməsini də
şeirlə yazırdı. Ancaq onun məktubu dosta-aşinaya
göndərilən namələrdən deyildi. İstibdadla təkbaşına
savaşa qalxmış Möcüz ana dilində
yazdığı həmin şeir-məktubunu İran
şahına göndərmişdi. O dönəmdi ki, İran
səltənətinə əsil-nəsəblə təpədən-dırnağa
türk olan Qacarlar başçılıq edirdi. Bu şeir-məktubu
padşaha Azərbaycan türkcəsində yazıb göndərəndə
Möcüz hələ mətləbə
başlamamışdan elan edirdi ki, sən türk oğlu
türksən, niyə öz ana dilinin inkişafına, pərvəriş
tapmasına meydan açmırsan? Və İranın bu
başından o başına əl-əl gəzən bu
şeir-məktub taxt-tac üçün söyüşdən
də betər idi.
Dünən şeir ilə bir namə apardım
şah-i İranə,
Dedi: "Torki nəmidanəm, məra to bəççə
pəndari?"
Yəni deyir, mən dünən İran
hökmdarına şeirlə bir məktub apardım, o mənə
farsca cavab verdi ki, mən türkcəni bilmirəm, sən məni
uşaq hesab eləyirsən?
Özü türk oğlu türk, amma deyir:
"Türki cəhalətdir",
Xudaya, müzhəmill (alt-üst - R.H.) qıl təxtidən
bu al-i Qacari.
Ümidin kəsmə, yaz, Möcüz, anan təlim edən
dildə,
Gəzər bir ərməğantək dəftərin,
bil, Çin ü Tatari.
Bu ümidi və inamında da haqlıydı
Möcüz, bilirdi ki, ana dilində yazdıqca mütləq
dama-dama göl olacaq. Arxayın idi ki, onun ürəklərə,
düşüncələrə səpdiyi bu ana dili
toxumları gec-tez daşı yarıb qalxan çiçək
kimi boy verəcək, qarşısını heç bir
qüvvənin ala bilməyəcəyi selə dönəcək.
3 fevral 2024
Rafael HÜSEYNOV
Akademik