Qürbətdə Vətən
ünvanı
GÖRKƏMLİ ALİM NOVRUZ ALLAHVERDİNİN
VƏFATINDAN 1 İL ÖTÜR
Məsafələrin güc gəlmədiyi yeganə
anlayış sevgidir. Bəzən ayrılıq
acısının misqalı ağır gələndə, ətrafımızda
arzuladıqlarımız əlçatmaz, ünyetməz olanda
məhəbbətimizin üfüqləri daha uzaqlarda sezilir,
vüsala canatma şövqümüz daha da artır. 30 il Ana
Vətəndən uzaqda, qardaş Türkiyədə
ömür sürən gerçək bir Azərbaycan
sevdalısı Novruz Allahverdi, sözün həqiqi mənasında,
həm o sevginin rüşeymlərinə, həm də
ayrılığın iztirablarına yaxşı bələd
olan, doğulub boya-başa çatdığı məmləkəti
sevgisi, həsrəti boyda ürəyinə sığdıran
ziyalı idi. Onun cismani olaraq bizdən ayrılıb ruhunun Vətən
səmalarında dolaşmasından bir il keçir...
Tanınmış alim, Türkiyənin Karatay
Universitetində (Konya) Kompüter mühəndisliyi
kafedrasının müdiri, professor Novruz Allahverdi 1948-ci il
mayın 9-u Ağdam rayonunun Qaradağlı kəndində
dünyaya gəlib. 1955-1963-cü illərdə
Qaradağlı kənd 8 illik məktəbində təhsil
alıb, 1966-cı ildə Ağdam şəhərindəki 1
nömrəli orta məktəbi gümüş medalla bitirib.
1966-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda
(indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici
cihazlar və qurğular" (Kompüter mühəndisliyi
ixtisası) üzrə ali təhsil alıb, elə həmin
institutda əmək fəaliyyətinə başlayıb.
1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun
aspiranturasında təhsil alıb, "Siqnalların rəqəm
işləməsi problemləri üçün
çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi
və analizi" mövzusunda dissertasiya müdafiə edərək
1979-cu ildə texnika elmləri namizədi alimlik dərəcəsi
qazanıb. Bundan sonra Azərbaycana qayıdaraq Azərbaycan
Politexnik İnstitutunun hesablama texnikası kafedrasında
assistent, baş müəllim, dosent vəzifələrində
çalışıb. 1992-ci ildən Türkiyəyə
köçən Novruz Allahverdi 1992-2000-ci illər ərzində
əvvəlcə Səlcuq Universitetinin dosenti, sonralar professoru
olub. KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi
kafedrasının müdiri vəzifəsini yüksək ləyaqətlə,
peşəkarlıqla icra edib.
Novruz Allahverdinin aramsız fəaliyyəti, mütərəqqi
ideyaları, vicdanlı pedaqoq əməyi həm Azərbaycanın,
həm də Türkiyənin elmi ictimaiyyətinə
yaxşı məlum idi. Çalışdığı
mühitdə, kompüter mühəndisliyi, kibernetika sahəsində
böyük istedad və zəhmət sərf edərək
böyük nüfuz qazanmış görkəmli alim uzun illər
Türkiyədə bacarıqlı gəncliyin yetişməsinə
və püxtələşməsinə xidmət edib. Novruz
Allahverdi 10 kitabın və beynəlxalq miqyaslı elmi
jurnallarda (əsasən, SCI sistemində olan)
yayımlanmış 90 məqalənin, beynəlxalq konfranslara
təqdim olunan 55 məqalənin müəllifidir. Azərbaycanda
kompüter texnikası ilə bağlı 2 dərslik, bir
neçə dərs vəsaiti ərsəyə gətirib.
Kitablarının 4-ü Türkiyədə nəşr edilib.
Novruz Allahverdinin 1970-ci illərin sonlarında layihələndirdiyi
hiperkub şəklindəki çoxmikropressorlu hesablama sistemi
amerikanların diqqətini cəlb edib və 1983-cü ildən
ABŞ-da istehsal edilən analoji sistemlerdə alimin bu
çalışmasından istifadə olunub. Novruz Allahverdi
ABŞ, Fransa, Almanya, İtaliya, Bolqarıstan və digər
ölkələrdə öz sahəsi üzrə
keçirilmiş elmi konfrans və simpoziumlarda, eləcə də,
öz elm sahəsinə aid bir sıra Avropa Birliyi layihələrində
iştirak edib. Ömrünün sonuna qədər süni
intellektin müxtəlif sahələrində, qeyri-səlis
ekspert sistemlərinin layihələndirilməsi və tətbiqi
(tip, kontrol və s.) istiqamətində
çalışıb. Onun rəhbərliyi ilə 36 magistr və
8 doktorluq dissertasiyası müdafiə edilib. Bundan əlavə,
ümumilikdə, kompüter elmləri üzrə
ixtisaslaşan 21 alim N.Allahverdinin rəhbərliyi altında təkmilləşib.
Bu onu göstərir ki, N.Allahverdi bu sahədə gənc
istedadların inkişafına təkcə öz elmi işi ilə
deyil, həm də bilik və təcrübəsini gələcək
nəslə ötürməklə töhfə verib. Akademik
nailiyyətləri, uğurlu pedaqoji fəaliyyəti Novruz
Allahverdini kompüter elmləri sahəsində son dərəcə
mühüm imza kimi geniş tanıdıb.
Səlcuq Universitetinin Ədəbiyyat fakültəsinin
müəllimi Rövşən Ramizoğlu N.Allahverdinin
Türkiyədə nüfuzlu alim kimi hörmət
qazanmasını və elmi mühitdə sevilən simaya
çevrilməsi barədə deyir: "Novruz müəllim Səlcuq
Universitetində elmi əsərlərinə ən çox
istinad olunan professorlarından biri idi. Təsadüfi deyil ki, təqaüdə
çıxandan sonra belə, Konyadakı bir başqa universitet
- Karatay Universiteti onun bilik və bacarıqlarından faydalanmaq
üçün Novruz müəllimlə müqavilə
imzaladı və o, ömrünün son gününə qədər
həmin universitetdə dərs dedi".
Qardaşı - tanınmış alim Azər
Allahverdiyev deyir ki, Novruz müəllimin riyaziyyata olan
marağının beşiyi Ağdamda yerləşən 1
nömrəli məktəb olub. Qaradağlı kəndində
təhsil aldığı illərdə əvvəl memar,
sonra isə rəssam olmaq fikrinə düşüb.
Ağdamın mərkəzinə gələndən sonra isə
sinif yoldaşı Elman Həsənovun da təsiri ilə onda
bu elmə maraq yaradıb, birlikdə riyaziyyat olimpiadalarında
iştirak ediblər.
Vaxtilə Politexnik İnstitutunda oxuyanda da, Moskvada
aspirant olanda da Novruz müəllim Türkiyə ilə
çox maraqlanır, qardaş ölkəyə, oranın
elm-təhsil və mədəniyyət mühitinə
güclü meyl göstərirmiş. 90-cı illərin əvvəlində
Səlcuq Universiteti ilə sıx əlaqə yaratdıqdan
sonra isə Türkiyəyə köçməyə və
orada işləməyə qərar verib.
Unudulmaz şair və publisist Tofiq Abdin bir vaxt vətəndən
uzaqlardakı tanınmışlarımız barədə
silsilə yazılarından birini də məhz Novruz Allahverdiyə
həsr etmişdi. "Ədalət" qəzetində dərc
edilmiş həmin yazıda T.Abdin N.Allahverdiyə Azərbaycana
nə vaxt birdəfəlik qayıda biləcəyi barədə
sual verir. Novruz müəllimin cavabı təsirlidir. O, bir alim
həyatının çətinliklərindən, yaşam
qayğılarının elmi yaradıcılığa mane
olmasından bəhs edir və deyir ki, təqaüdə
çıxandan sonra Bakıya qayıtmaq, vətəndə
yaşamaq istəyir. Lakin qayıtmaq nəsib olmadı və
Novruz müəllim ömrünün sonuna qədər
Türkiyədə yaşayıb-işlədi.
Düz 30 il qürbətdə yaşasa da, Qarabağ
problemi, xüsusən doğma Ağdam həsrəti Novruz
Allahverdinin ürəyinin sağalmaz yarasına
çevrilmişdi. Rövşən Ramizoğlu deyir ki, Novruz
müəllim 1992-ci ildən Türkiyədə, Konya şəhərində
yaşasa da, həmişə ürəyi Azərbaycanla
döyünürdü: "Azərbaycanla bağlı
saytlardan oxuduğu hər sevindirici xəbəri zəng edib mənimlə
də bölüşürdü, müzakirə edirdik. O,
tariximizdəki 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart
kimi faciələrlə bağlı həm Səlcuq, həm də
Karatay Universitetində tədbirlər təşkil edir,
tanınmış alimləri, istedadlı gəncləri həmin
tədbirlərdə bir araya gətirirdi".
N.Allahverdinin Vətənə məhəbbəti
Qarabağ zəfərindən sonrakı arzularında bir az da
aydın sezilirdi. Qızğın iş mühiti,
araşdırmalar, qayğılar, həll olunası neçə
vacib məsələ Novruz müəllimin emosional
yaddaşına, doğulub boya-başa çatdığı
bölgə ilə bağlı xatirələrinə əsla
xələl gətirməmişdi. 2020-ci ildə Vətən
müharibəsindəki parlaq zəfərimizdən sonra
"525-ci qəzet"ə verdiyi müsahibə də onun
sonsuz yurd sevgisinin bariz təzahürü idi. O müsahibədə
yeni Ağdam barədə təklif və mülahizələrini
açıqlayan Novruz müəllim deyirdi ki, şəhəri
dağlara, yəni Xankəndiyə, Şuşaya daha yaxın ərazidə
salmaq yaxşı olar: "Tikintini Şahbulağa doğru da
uzatmaq mümkündür. Hər bir regionun özünəməxsus
spesifik xüsusiyyətləri, hər ərazinin də
özünəməxsus iqlimi, relyefi var. Bildiyimiz kimi, yay fəsli
Ağdamda isti keçir. Rayonun dağlara daha yaxın
olması yay aylarının istiliyindən qorunmasına da
şərait yaradacaq. Həmçinin şəhərlərarası
yol, Şuşaya və Xankəndiyə qədər məsafə
daha da qısaldılmış olacaq". Novruz müəllim
yenidən qurulacaq Ağdamla əlaqəli məsələləri
incəliklərinə qədər analiz edirdi və şəhərin
müasir standartlara uyğun qurulması üçün Azərbaycanda
kifayət qədər peşəkar mütəxəssislərin
mövcudluğuna inanırdı.
Novruz müəllim tarixə bağlı insan
olduğundan keçmişdə baş verənlərin
nişanəsini saxlamağın vacibliyi dərk edir, gələcək
nəsillərə bunun aşılanmasının
labüdlüyünü dönə-dönə qeyd edirdi. Bu səbəbdən
də Ağdamın düşmən tərəfindən
xarabalığa çevrilmiş bir hissəsinin açıq
hava muzeyi kimi saxlanılmasını təklif edir,
Yaponiyanın Xirosima, Naqasaki şəhərlərində və
Bosniya-Hersoqovinadakı açıq hava muzeylərini nümunə
göstərirdi.
Görkəmli alimlə yaxın dostluq münasibəti
olan yazıçı, millət vəkili Aqil Abbasın fikirləri
də Novruz müəllimin təkrarsız şəxsiyyəti,
dərin mənəviyyatı barədə dolğun təsəvvür
yaradır. Novruz Allahverdini alim və pedaqoq kimi yüksək dəyərləndirən
Aqil Abbas, onun insanpərvərliyi, vətənsevərliyi,
Qarabağa, Azərbaycana, Türk dünyasına
bağlılığı ilə seçildiyini deyir, hər
zaman qürurla, ehtiramla anılmağa layiq şəxsiyyət
olduğunu vurğulayır.
Böyük Zəfərimiz nəticəsində
Qarabağın, o cümlədən, doğma eli
Ağdamın işğaldan azad edilməsi Novruz Allahverdinin
digər bir istedadını - musiqi təbini də cuşa gətirmişdi.
Qardaşı Azər Allahverdiyevdən öyrəndik ki, Novruz
müəllim ömrünün sonlarında "Qarabağ
dastanı" adlı musiqi əsəri üzərində
işləyir, onu bir opera kimi ərsəyə gətirmək
istəyirmiş. Təəssüf ki, əcəl aman vermədi,
müəllifinin yüksək istedadı sayəsində Zəfərimizlə
bağlı dəyərli bir əsər kimi ortaya
çıxacağına inandığımız
"Qarabağ dastanı"nın
tamamlandığını, orkestrləşdirilib səhnəyə
qoyulmasını görmək Novruz müəllimə qismət
olmadı...
Novruz müəllimin övladları elmi-pedaqoji sahədə
onun yolunu uğurla, ləyaqətlə davam etdirirlər.
Oğlu Mətin Allahverdi Konya Səlcuq Universitetində iqtisad
üzrə dosentdir, qızı Günay Allahverdiyeva isə
UNEC-də ingilis dilini tədris edir.
Qeyd etdiyimiz kimi, 1 il bundan əvvəl Novruz Allahverdi bu
dünyadan köçdü, fəqət şəxsiyyətinin,
elminin və fəaliyyətinin ziyası ona əbədiyaşarlıq
qazandırdı. Tanınmış alim, öz vəsiyyətinə
uyğun olaraq, uzun zamandan bəri yaşadığı Konya
şəhərində torpağa tapşırılıb.
Mövlana Ruminin və daha neçə mənəviyyat
böyüyümüzün nuru ilə aydınlanmış
Konyada, bu şəhərin "Yazır" qəbiristanlığında
indi bizə - Novruz Allahverdini tanıyanların hər birinə
əziz olan, Azərbaycanı, Qarabağı xatırladan bir məzar
var. Novruz müəllimin tələbəsi olmuş Fahrettin
Horasan sevimli müəlliminin ölüm xəbərini
eşidəndə demişdi: "Xocam, ümid edirəm, siz
öz elminizlə, bəşəriyyətə verdiyiniz
töhfələrlə hər zaman burada
olacaqsınız". Doğru fikirdir: Novruz Allahverdi daima
Türkiyədədir, Azərbaycandadır, zəkasının
işığı düşən hər yerdədir. Ruhu
şad olsun!
Nadir YALÇIN