Əsrin daş yaddaşındakı əbədi iz

 Məşədixanım Nemət - 100

 

 

Tanınmış tarixçi-alimimiz Firdovsiyyə Əhmədova deyəndə ki, Məşədixanım Nemətin 100 illiyidir, istər-istəməz, 25 il əvvələ qayıtdım, gözlərim önündə xoş xatirələr canlandı. Yüksək mövqeyinə baxmayaraq, seçdiyi peşəsi, sadəliyi, mehri-banlığı, bir az da zarafatcıllığı ilə qəlbimdə özünə əbədiyyət qazanmış, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, "Şöhrət" ordenli görkəmli epiqrafçı alim Məşədixanım Sədulla qızı Nemətlə bağlı xoş təəssüratlar onun haqqında yazı yazmaq istəyi yaratdı məndə. Lakin əvvəl tərəddüd etdim. Zərif çiyinlərində yüz illər boyunca haqsızlıqlar içində boğulan xalqının ağır yükünü daşıyan alimlərimizdən biri haqda yazmaq çox məsuliyyət tələb edir axı...

Azərbaycanımızın Amazonkası adlandırılan, "Əsrin daş yaddaşında mənim də sözüm qaldı..." deyən Məşədixanım Nemət öz dəyərini çox gözəl bilirdi... Bilirdi ki, qızmar yay günəşi altında ilanmələyən çöllərdə, qışın sərt soyuğunun insanın iliyinə işləyən çağlarında Vətənini qarış-qarış dolaşıb min bir əziyyətlə araya-ərsəyə gətirdiyi, hələliksə öz layiqli dəyərini almayan tapıntıları nə zamansa xalqının, dövlətinin əlində ən "kəskin silaha" çevrilib düşmənin və onun havadarlarının sinəsinə tuşlanacaq və əsrlər boyu zülm, zillət çəkən xalqı nəhayət ki, rahat nəfəs alacaq...

Və o gün gəldi... Bir az gec oldu, təəssüf... O günün gələcəyini səbirsizliklə gözləyən yurd həsrətli valideynlərim kimi, cəfakeş alimimiz də bu şərəfli, tarixi günlərin cismən şahidi ola bilmədi. Ruhlarınınsa azad Qarabağımızı bizdən də artıq sevincək ziyarət etdiklərinə əminəm...

Məşədixanım Nemətə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir nəslinin kiçik bir nümayəndəsi kimi də mənim ayrıca təşəkkür borcum var. Və bu məni daha da ürəkləndirdi yazı yazmağa. Bugünkü Böyük Qələbəmizin qazanılmasında onun fundamental axtarışlarının, tapıntılarının da rolu əvəzsizdir. Qarabağın, Zəngəzurun və zaman-zaman "qonşulara" pay-püş edilən digər ərazilərin Azərbaycana məxsusluğunu, azərbaycanlıların isə ta əzəldən bu ərazilərin qədim-qayım sakinləri olduğunu sübut edən məhz bu cür dəlillər dövlətimizin başçısının bütün dünyaya nəinki Qarabağın, indiki Ermənistanın belə Azərbaycanın qədim tarixi əraziləri olduğunu cəsarətlə söyləməsinə təkan verdi...

Bu təkzibolunmaz faktlar qarşısında ermənilərin və havadarlarının susmaqdan başqa çarəsi qalmadı...

Yaxşı xatirimdədir... 1997-ci ildə tale mənə respublikamızın ən populyar elmi nəşri olan "Elm və həyat" jurnalı redaksiyasında işləməyi nəsib etdi. Əvvəl yazıçı Cəmil Əlibəyovun direktoru olduğu "Elm və həyat" nəşriyyatında, sonradan isə "Elm və həyat" jurnalında. Ağır illər idi, xalqımız üçün də, elmimiz, təhsilimiz üçün də. Maddi məhrumiyyətlər içində olan jurnalın cəfakeş kiçik kollektivi - Ülkər Hüseynova, Maral Poladova, Mehparə Axundova, Binnət Süleyman öz hesablarına bu jurnalı tərtib edir, ədəbiyyatşünas alimimiz Şirindil Alışanovun rəhbəri olduğu "Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya mərkəzində nəşr etdirirdilər.

Bu elm ocağının mənim həyatımda, bir vətəndaş kimi formalaşmağımda böyük rolu oldu. Demək olar ki, Azərbaycanın necə deyərlər, "qaymaqları" - tanınmış şairlər, yazıçılar, alimlər, bir sözlə, böyük bir ziyalı ordusu bu kollektivə gəlir, bu ocağın istisinə yığışırdılar.

Mən məcburi köçkünlük səbəbindən təhsilimi axıradək davam etdirib yüksək təhsil ala bilməsəm də, burada böyük bir akademiya təhsili aldım. Həyatımda böyük rolu olan şəxsiyyətlərə yazılarımda dəfələrlə minnətdarlığımı bildirmişəm...

...Bir gün əməkdaşlarla birgə kompüter otağına zərif, çöhrəsindən nur yağan, gözləri gülən bir xanım daxil oldu. O dəqiqə tanıdım. Dedim ki, mən Sizi tanıyıram. Ona xoş olsa da, dinmədi.

- Bilirsiz, hardan tanıyıram? - soruşdum.

Gülümsədi:

- Hardan?

Dedim, Sizi Zəngəzurda aşkar etdiyiniz Urud abidələri haq-qında 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qarşısında çıxış edəndə televiziyada görmüşəm... Atamla birgə sonadək izləmişəm verilişi.

Əlavə etdim ki, o zaman üçün böyük siyasi əhəmiyyəti olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi ilə bağlı Heydər Əliyevin üzünü tarixçilərə tutub həyəcanla dediyi: "...Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi, populyar nəşrlər yaranmalıdır. Biz Azərbay-canın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin..." - sözlərindən sonra siz tribunaya qalxıb Zəngəzurdakı Urud abidələri haqqında çıxış edərkən Heydər Əliyevin əlini çənəsinə dayayıb Sizə necə maraqla və fəxrlə baxdığının canlı şahidiyəm...

Bu sözlərim alimimizə çox xoş oldu. Xeyli danışdı o barədə. Ürəyi dolu idi...

Səmimi münasibətimiz yarandı. Sonra bizdə 85 illiyi ilə bağlı qızı - görkəmli tarixçimiz Vəfa Quliyevanın tərtibçiliyi ilə "Daşlaşan sirlərin sirdaşı" adlı kitabı çapa hazırlandı. Onda daha da doğma münasibət yarandı. Kitab çap olunanda məni də unutmadı. Öz xətti ilə kitaba təşəkkür avtoqrafı yazıb göndərdi...

Ulu babalarım Cavanşirlərlə bağlı yazılarım qəzetlərdə, jurnalda dərc olunanda Vəfa xanım telefonla məni təbrik etdi, bildirdi ki, yazını oxuyub kövrəldim. Anam da, mən də təbrik edirik səni, uğurlar olsun.

 

lll

 

Urud abidələrinin aşkar edilməsinin Dövlətçilik tariximizə necə böyük töhfə verdiyinin illər sonra şahidi olduq.

Zəngəzurda aşkarlanmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində 1961-1963-cü illərdə apardığı tədqiqatların nəticəsi olan bu tapıntılar Məşədixanım Nemətin epiqrafika elmində, demək olar ki, 50 illik araşdırmalarının zirvəsi hesab edilir. Onun bu tapıntısı Cənubi Qafqazda yeni tarixi konsepsiyanın əsasını qoydu.

...Tarixi dədə-baba torpaqlarımız olan İrəvan xanlığının ərazisinin ermənilərə məxsuz olmasını sayıqlayan erməni alimi Papazyana cavab məktubunda alimimiz əsaslı olaraq soruşur: "...əgər Urud qəbiristanlığı erməni abidəsi idisə, o qəbiristanlığı nəyə görə dağıtdınız, viranə qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz, bu gün də onu şüşənin içinə salıb bütün dünyanı gəzdirərdiniz ki, bu, bizim tariximizdir. Sübut edə bilmədiyiniz üçün dağıtdınız!"

Bu məntiqli cavabın özü bir dəlil, bir əsaslı sübut deyilmi?!

Məhz bu cür fundamental dəlillərin nəticəsidir ki, Azərbaycan Ordusu 44 günlük savaşla dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.

Bu gün Zəngəzurun, Qarabağın, Təbrizin və digər tarixi torpaqlarımızın göyləri üzərindən gülümsər bir çöhrə məmnunluqla bizə baxır:

 

"Müqəddəs bir torpaq olan

Haqqı, səadəti anan

Zəngəzur, Mehri, Qarabağ

Təbriz, Şuşa, can Dilican,

Qalxmış artıq Azərbaycan!

 

Didərgindir ocağından,

Dədə-baba torpağından,

Xan, Bülbülün oylağından.

Müntəzirdir Göyçə, Qafan,

Qalxmış artıq Azərbaycan!"

 

- deyib sevincimizə şərik olduğunu bildirir, bizi daha böyük qələbələrə səsləyir...

Ruhunuz şad olsun, Böyük Xanım - Məşədixanım!

Qalxmış artıq Azərbaycan!

 

Aliyə CAVANŞİR

525-ci qəzet .-2024.- 28 fevral,№(38).- S.13.