Məktəbdəki Füzuli: şairin irsinin tədrisi tarixinə bir nəzər

  Məhəmməd Füzuli - 530

 

Böyük Azərbaycan şairi Məhəmməd Füzuli mütəfəkkir və filosof, ədəbiyyat tariximizdə divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biridir. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Füzuli irsinə yüksək qiymət verərək deyirdi: "Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır". Prezident İlham Əliyevin "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" imzaladığı Sərəncamda isə oxuyuruq: "Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir..."

Füzulinin "çoxcəhətli bədii-fəlsəfi irsi" hələ yaşadığı dövrdən öyrənilməkdədir. Onun yaradıcılığının təsiri ilə bütöv bir ədəbi məktəb formalaşıb. Böyük yazıçımız Cəlil Məmmədquluzadə 1925-ci ildə haqlı olaraq yazırdı ki, "Hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir duz vardır". Biz isə Füzulinin həyat və yaradıcılığından yox, onun həyat və yaradıcılığının təhsil müəssisələrində öyrədilməsinin tarixindən bəhs edəcəyik.

Araşdırmalar göstərir ki, söz ustasının məktəblərdə öyrədilməsinin tarixi elə öz dövründən - əsasən XVI əsrin II yarısından başlanır. Mollaxana, mədrəsə və xüsusi məktəblərdə mükəmməl proqram və dərsliklər olmadığı üçün burada Quran, "Qabusnamə", "Kəlilə və Dimnə"dən başqa, bədii ədəbiyyat incilərindən - Xaqaninin, Nizaminin, Ruminin, Tusinin, Əvhədinin, Sədinin, Hafizin və başqalarının yazdıqları əsərlərdən tədris vəsaiti kimi istifadə olunurdu. XVI əsrdən bu tədris vəsaitləri sırasına dahi Füzulinin divanı, "Leyli və Məcnun" poeması və digər əsərləri də əlavə olunmuş və tezliklə ən nüfuzlu dərs vəsaitlərindən birinə çevrilmişdi.

Tarixi faktlar göstərir ki, XVII əsrdə Azərbaycanda 1200 məktəb və 100-dən çox mədrəsə fəaliyyət göstərirmiş. XVII əsrin məşhur türk səyyahı Ö.Çələbinin məlumatına görə, 1647-ci ildə təkcə Təbrizdə 600-dən çox məktəb, 47-dən çox böyük mədrəsə mövcud olub. Bunların əksəriyyətində dərs vəsaiti kimi digər klassiklərin əsərləri ilə yanaşı, Füzulinin əsərlərindən də geniş istifadə edilib.

Bu proses təhsil sistemində mühüm yer tutan mollaxana və mədrəsələrdə XX əsrin əvvəllərinə kimi davam etmişdi. Professor Ə.Yəqubi qeyd edirdi ki, XIX əsrin ortalarında da Azərbaycan və Orta Asiya məktəblərində Füzulinin ana dilində yazılmış "Leyli və Məcnun" poeması və bir sıra qəzəllərindən ibarət şeirlər məcmuəsinin Təbriz çapından qiraət üçün tədris vəsaiti kimi geniş istifadə olunurmuş. Təsadüfi deyil ki, məşhur ədəbiyyatşünas, pedaqoq və metodist F.Köçərli qəlb şairinin əsərlərinin məktəblərdə tədrisi ilə əlaqədar yazırdı: "...Bu axır vaxtlara kimi onun divani-qəzəliyyatı və "Leyli və Məcnun" hekayəsi məktəblərdə təlim kitabı olub, uşaqlara ondan dərs verilirdi. İndi də köhnə məktəblərdə təhsil almış adamlardan hər birisini dindirsən, "Leyli və Məcnun" hekayəsinin ibtidasını... başlayıb əzbərdən oxuyacaqdır".

Akademik H.Araslı isə "Leyli və Məcnun" poeması barədə deyirdi: "Bu poema uzun müddət Azərbaycan dili anlaşılan bütün ölkələrin məktəblərində bir dərs kitabı kimi istifadə edilmişdir".

Mollaxana və mədrəsələrlə yanaşı, Füzulinin tədrisi təxminən XIX əsrin ortalarından meydana çıxan dünyəvi təhsil məktəblərində də aparılırdı. Lakin bu məktəblərdə mədrəsələrdən fərqli olaraq təhsil proqram, dərslik və digər vəsaitlərlə verilirdi. Ona görə də həmin dövrdən məktəblərin ehtiyaclarını ödəmək üçün dərsliklərin, qiraət kitablarının tərtibi sürətlənmişdi. Məktəblər üçün xeyli sayda dərslik, müntəxabat, dərs vəsaiti yazılmışdı və tədris bu kitablara əsasən aparılırdı. Həmin dərsliklərin bir çoxunda, digər yazıçılarımızla yanaşı, Füzulinin əsərlərinə də yer verilmişdi. Məsələn, məşhur şərqşünas alim Mirzə Kazımbəyin 1846-cı ildə Sankt-Peterburqda çap edilmiş dərsliyinin ikinci hissəsində -müntəxəbatda verilən mətnlərin içərisində Füzulinin "Leyli və Məcnun" poemasından parçalar vardı. M.Ş.Vazehdə 1852-ci ildə Tiflis gimnaziyasının Şərq dilləri müəllimi İ.Qriqoryevlə birlikdə yazdığı və üç fəsildən ibarət olan "Kitabi-türki" dərsliyinə M.Füzulinin "Leyli və Məcnun" poemasından nümunələr daxil etmişdi. S.Ə.Şirvani özünün "Rəbiül-ətfal"ında Füzulinin təmsillərindən və L.Z.Budaqov hazırladığı "Müntəxəbat" adlı dərs vəsaitinə öz müəllimi M.Kazımbəyin məsləhəti ilə Füzuli divanından seçmələr də salmışdı. R.Əfəndiyev Bakı Quberniya İdarəsinin mətbəəsində çap olunmuş "Bəsirətül-ətfal" dərsliyində Füzuli haqqında məlumat vermiş, F.Ağazadə isə özünün "Ədəbiyyat məcmuəsi" dərs vəsaitində şair barədə oçerklə yanaşı, onun əsərlərindən nümunələr yerləşdirmişdi və sair.

Təəssüf ki, XIX ikinci yarısında və XX əsrin əvvəllərində, eləcə də sovet dövründə şairin əsərlərinin tədrisinə münasibət birmənalı olmayıb. Keçən əsrin 20-ci illərində dinə qarşı deyil, dini fanatizmə, mövhumata, avamlıq və cəhalətə qarşı çıxan, öz xalqının tərəqqisinə çalışan M.Füzuli ateist kimi təqdim olunurdu. Onun "Könül, səccadəyə basma ayaq" qəzəli orta məktəbin yuxarı sinif ədəbiyyat dərsində Füzulinin dinsiz və ateist düşüncəyə sahib olmasının sübutu kimi tədris edilirdi. Tədqiqatçı və dərslik müəlliflərindən Füzulini maksizm-leninizm ideologiyası ilə bağlamaq tələb olunurdu.

Lakin şairin "hünər, kəlam ustadı və sənətkar olması" qarşısında təslim olan sovet ideoloqları Azərbaycan ədəbiyyatının tədrisi prosesində Füzulinin bir sıra əsərlərini mənbə olaraq götürməyə məcbur qalmışdılar. Dərsliklərdə onun yaradıcılığı ilə bağlı icmallar və bir sıra əsərlərinin tədrisi nəzərdə tutulmuş, dərsdənkənar oxu üçün əsərləri müntəxabatlara daxil edilmişdi. Məsələn, 1949-cu il VIII sinif ədəbiyyat müntəxabatında şairin "Şikayətnamə" və "Leyli və Məcnun" əsərlərindən başqa, səkkiz qəzəli də verilmişdi. 1963-cü ilin 8-ci sinfində qədim dövr ədəbiyyatından Nizami Gəncəvidən sonra yalnız Məhəmməd Füzuli yaradıcılığı əks olunmuşdu.

Onu da qeyd edək ki, XX əsrin 70-ci illərindən sonra klassiklərin irsinə münasibətində, onların tədqiqində və əsərlərinin məktəblərdə tədrisində dönüş başlanmışdı. Bu işdə də Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdu. H.Əliyevin nəzərindəki ədəbi-tarixi proses konsepsiyasına M.Füzuli "bütün türk xalqlarının böyük şairi" kimi daxil olub və bu, tarixən, olduqca düzgün qiymətdir. Ulu öndər deyirdi: "Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir".

Bu günə kimi məktəblərdə müxtəlif dövrlərdə şairin "Könül, səccadəyə basma ayaq", "Məni candan usandırdı...", "Heyrət, ey büt...", "Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim", "Söz" qəzəlləri, "Padşahi-mülk" qitəsi, "Su" qəsidəsi, "Leyli və Məcnun", "Söhbətül-əsmar" mənzumələrindən parçalar tədris edilib

 

Müstəqillik illərində, digər fənlər kimi, ədəbiyyatın tədrisi sahəsində də ciddi dönüş yarandı, ədəbiyyat tədrisi sovet sisteminin ideoloji ehkam və qəliblərindən azad oldu. Məktəblərdə klassiklərin, həmçinin M.Füzulinin tədrisinə diqqət artırıldı, yeni fənn proqramında (kurikulumunda) VIII və X siniflərdə şairin həyat və yaradıcılıq yolunun, bəzi əsərlərinin tədrisi nəzərdə tutuldu. Mövzuların fəal/interaktiv təlim texnologiyaları ilə keçirilməsi rəsmi tələb kimi qarşıya qoyuldu. Bunun üçün həmin siniflər üzrə ədəbiyyat dərsliklərinə əlavə kimi hazırlanmış metodik vəsaitlərdə kifayət qədər metodiki göstərişlər verildi. Həmçinin ötən dövrdə Füzulinin tədrisi ilə əlaqədar qabaqcıl iş təcrübəsindən bəhs edən məqalələr, dərslik və proqram-larla müəllimlərin səmərəli işləməsini təmin etmək üçün əlavə metodik vəsaitlər hazırland.

 

İndi məktəblərin VIII siniflərində dahi şairin "Söz" qəzəli, X siniflərdə isə "Məni candan usandırdı" qəzəli və "Leyli və Məcnun" poeması tədris olunur. Bunlarla yanaşı, şairin əsərləri sinifdən xaric oxu materialı kimi də tövsiyə edilir.

Etiraf edək ki, hazırda dərketmə forması, təfəkkür tərzi və dili xeyli dəyişmiş, fərqli bir mədəniyyətə yiyələnməkdə olan, Füzulinin yaradıcılığına ön yarğılı yanaşan, onun əsərlərinə "anlaşılmaz" damğası vuran bir nəsillə üz-üzəyik. Bizcə, bu böyük şairin əsərlərinin anlaşılmasındakı və tədrisindəki bir sıra çətinliklərlə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə şairin 500 illiyi ilə əlaqədar yubileyi üzrə Dövlət Komissiyasının iclasında söylədiyi: "Füzuli xalqımız arasında nə qədər məşhur olsa da, onun dahiliyi, yaradıcılığının dərinliyi heç də hamıya məlum deyildir" - fikri bu baxımdan tamamilə əsaslıdır.

Araşdırmalar, şagird və müəllimlərlə aparılmış sorğular, həqiqətən, müasir dövrdə M.Füzulinin şagirdlərə sevdirilməsində və mənimsədilməsində bir sıra çətinliklərin mövcud olduğunu göstərir. Məsələn, şairin əsərlərinin yarandığı dövrün mədəniyyət və düşüncə tərzinin indikindən fərqli olması, əruz vəznində yazılması, dilinin çətinliyi, onlardakı təsəvvüf görüşləri və rəmzləri... belə çətinliklərdən sayıla bilər.

Aydın məsələdir ki, sənət əsəri yarandığı dövrün tarixi, mədəniyyəti, adət-ənənələri, düşüncə tərzi içərisində anlam kəsb edir və var olur. Füzulinin əsərləri də öz dövrünün obyektiv poetik salnaməsidir. Ona görə də Füzulinin əsərlərinin tədrisi ciddi və xüsusi hazırlıq işləri tələb edir. Müəllimlər şagirdlərə onların dərketmə səviyyəsində həmin əsərlərin yarandığı dövrün tarixi, mədəniyyəti (ümumislam mədəniyyəti və türk millətinin özəl mədəniyyəti), zamanın düşüncə tərzi, şairin idealizmi, sufizm ideologiyası, təsəvvüf görüşləri və rəmzləri, bunların bədii təzahür formaları barədə sistemli və şüurlu bilik verməlidirlər. Bundan əlavə, əsərlərin tədrisi zamanı lüğət üzrə iş təşkil edilməli, əsərlərdəki anlaşılmayan kəlmə, ibarə, izafətlər, ərəbizm və farsizmlər aydınlaşdırılmalı, məcazlar sistemindən faydalanmaq bacarığı formalaşdırılmalı, dərin fəlsəfi, dini və irfani mətləblər aydınlaşdırılmalı, oradakı elmilik və məntiqilik nəzərə alınmalıdır. M.Füzuli əsərlərinin realistik təsvir obyekti kimi dövr, mühit və müasirlik ilə əlaqələndirilməsinə ehtiyac vardır. Bizcə, qeyd etdiklərimiz barədə xüsusi dərslər təşkil edilməsi, xüsusən X sinifdə "M.Füzulinin həyatı, yaradıcılıq yolu" mövzusuna ayrılmış vaxtın artırılması səmərəli olardı.

 

İmran VERDİYEV

Əməkdar müəllim

525-ci qəzet .-2024.- 28 fevral,№(38).- S.15.