Vida dəmində  

 

Azərbaycanın Xalq yazıçısı, böyük nasir, təkrarsız qələm adamı Mövlud Süleymanlı həyata vida etdi, əbədi dünyasına qovuşdu. Ədəbi-mədəni ictimaiyyətin, minlərlə oxucularının qəlbini dərin kədərlə, eyni zamanda işıqlı duyğularla doldurdu. Ötən il 80 yaşını qeyd elədiyimiz yazıçının Azərbaycan ədəbiyyatında yeri, Azərbaycan insanının qəlbində qurduğu taxt əbədidir.

Mövlud Süleymanlı bütün yaradıcılığı ilə Azərbaycan xalqının milli varlığı, istiqlaliyyəti, müasir dünyada yerini tapması yolunda mücadilə aparmış yazıçıdır. Mövlud Süleymanlı Azərbaycan nəsrinə "Şanapipik", "Şeytan", "Dəyirman", "Duzsuzluq", "Yel Əhmədin bəyliyi", "Teymurlar" povestləri, "Köç", "Ceviz qurdu", "Səs", "Erməni adındakı hərflər" romanları kimi təkrarsız əsərlər bəxş etmiş yazıçıdır. Mövlud Süleymanlının qələmi ədəbiyyatımızı "Ayın aydınlığında" hekayələr toplusu, "And olsun əsrə" kitabı, "Yer üzünə məktub" esseist-publisist düşüncələri ilə zənginləşdirmişdir. Mövlud Süleymanlının Azərbaycan ədəbi dilinin inkişafında, kino sənətində, uzun illər çalışdığı radio sahəsində xidmətləri əvəzsizdir.

Mövlud Süleymanlı dövlətçilik düşüncəsi, millətçi əqidə ilə yaşayıb-yaradan ədəbiyyat adamı idi. İlk əsərlərindən sovet cəmiyyətinin ziddiyyətlərini tənqid edən, rejimin çürüklüyünü göstərən yazıçı, eyni zamanda Heydər Əliyevin dahi tarixi şəxsiyyət kimi bu quruluşa sığmazlığını, millətinin varlığı yolunda misilsiz fəaliyyətini də görür, qiymətləndirirdi. "Qırx ilin yeddi görüşü" əsərində Mövlud Süleymanlı Ulu öndər Heydər Əliyevlə görüşlərinin fonunda millət rəhbərinin təkrarsız obrazını yaratmağa nail olmuşdu.

Mövlud Süleymanlının sosial quruluşla milli varlıq arasında barışmaz ziddiyyətləri açıb-göstərən "Dəyirman" povestinin doğurduğu qeyri-adi rezonans, rejimin xidmətçiləri tərəfindən Mərkəzi Komitəyə qədər gedib-çıxan etirazlar hamımızın yadındadır. "Dəyirman" əsəri milli-mənəvi dəyərlərlə ictimai quruluşun tərs-mütənasibliyini üzə çıxarmış dissident ruhlu bir hadisə olmaqla nəinki rejimin, bütünlükdə sovet ideologiyasının iflasını xəbər verirdi. O da əlamətdardır ki, yalnız Ümummilli lider Heydər Əliyevin himayəsi nəticəsində yazıçı təqiblərdən qurtula bilmiş, yaradıcılığını davam etdirmişdi. Bu qurtuluş ədəbiyyatımıza soykökümüzün dərinliyinə enməklə, milli şüurun oyadılmasında müstəsna yeri olan "Köç" kimi bir əsəri qazandırdı. Ümumən sovet dövründə Azərbaycan xalqının acı taleyi, repressiyası, sürgün və təqiblərindən bəhs açan "Ceviz qurdu", "Səs", "Günah duası", "Satqın" kimi əsərlərin yaranmasına rəvac verdi.

Əslən Qərbi Azərbaycandan olan Mövlud Süleymanlı üçün qondarma Qarabağ məsələsi, hər cür "erməni oyunları" çoxlarımızdan da yaxşı bəlli idi. Yazıçı erməni xislətini, xarakterini və cəmiyyətini yaxşı tanıyır, bunu "Ağacan", "İt dərsi" hekayələrində, "Erməni adındakı hərflər" romanında incəliklərinə qədər açırdı. Nə yaxşı ki, haqq işinin qələbəsi, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, şanlı ordumuzun rəşadəti sayəsində Azərbaycan torpaqlarının işğaldan azad olmasını, dövlətçiliyimizin bərpasını xalqımızla birgə Mövlud da görə bildi. 2021-ci ilin avqustunda Vaqif Poeziya Günlərində mədəniyyət paytaxtımız Şuşaya səfər zamanı yazıçının heç bir yazıya sığmayan sevincinin, bu mövzuda düşüncələrinin mən ən yaxından şahidi oldum. Bugün Qərbi Zəngəzur torpaqlarına qayıdış zəngi çalınan bir vaxtda Mövlud Süleymanlının bu mövzuda əsərləri ən aktual bədii-sənədli əsərlərdir.

Mövlud Süleymanlı xalq təfəkkürünə, folklora, milli adət-ənənə və etnoqrafiyaya dərindən bələd bir yazıçı idi. Bədii yaradıcılığı ilə bahəm, Azərbaycan radiosunda çalışdığı illərdə yaratdığı "Bulaq" verilişinin saysız-hesabsız dinləyici auditoriyası toplaması, ssenarisini yazdığı "Bəyin oğurlanması" filminin bugünə qədər də ən çox tamaşaçı sevgisi qazanması da bunu bir daha təsdiq edir.

Azərbaycan xalqı, Azərbaycan Dövləti Mövlud Süleymanlının adını daim uca tutmuş, yaradıcılığını yüksək qiymətləndirmişdir. Xalq yazıçısı, Əməkdar incəsənət xadimi adlarını almış yazıçı son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunmuşdur.

Mövlud Süleymanlı ilə məni ədəbi yaradıcılıq və dostluq əlaqələri möhkəm bağlayırdı. Gəncliyimdən sevdiyim, öyrəndiyim yazıçı haqqında elmi əsərlər yazmış, monoqrafiya dərc etdirmişəm. Eyni rəğbətlə Mövlud da mənim yaradıcılığım haqqında fikirlər söyləmiş, yazı yazmışdır. Xüsusən son illərdə Qarabağ müharibəsi mövzusunda romanlar üzərində işlərkən yazıçıya tez-tez müraciət edir, fikirlərimi bölüşür, xeyir-duasını alırdım. İçi hələ yaradıcılıq enerjisi ilə dopdolu idi. Bugün ədəbiyyatımız üçün böyük olan Mövlud itkisini həm də yaxın dost itkisi ilə ikiqat yaşayıram. Vida dəmində təsəllimiz Mövlud Süleymanlının əbədiyyət ünvanlı, bizə yol göstərən əsərləridir. Mövlud Süleymanlının işıqlı xatirəsini Azərbaycan xalqı heç zaman unutmayacaqdır.

 

Səyyad ARAN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, Filologiya elmlər namizədi

525-ci qəzet .-2024.- 28 fevral,№(38).- S.12.