ŞAİQİN
QƏLƏMİNDƏ VƏ ÜZÜNDƏKİ
İŞIQ
Abdulla Şaiq müəllimliyi ilə həm xoşbəxt,
həm kədərli bir tale sahibi idi. Həvəslə dərs
deyirdi, üst-üstə qalaqlanan illər onun müəllimlik
şövqünü qətiyyən azaltmırdı, əksinə,
zaman ötdükcə məktəbə, dərsliyə,
şagirdə, tələbəyə daha artıq
bağlanırdı. Hər il müəllimlik etdiyi məktəblərdə
buraxılışlar olurdu. Şaiqin çox sevdiyi yetirmələri
qanadlanırdılar, tezliklə həyatda hər biri öz
yerini tuturdu, vəzifə kürsülərində
ucalırdılar, uğurlarının xoş soraqları gəlirdi
və bunların hər birini Şaiq doğma
övladlarının yüksəlişi kimi qəbul edir,
ürəkdən sevinirdi. Ancaq...
Tağı Şahbazi Simurq Şaiqin dünənki
şagirdlərindən idi, qısa müddətdə irəliləmişdi
və onu Azərbaycan Dövlət Universitetinin rektoru təyin
etmişdilər. Əlbəttə ki, müəllimi
üçün iftixar idi.
Tağı Şahbazinin sinif otağında Şaiqə
cavab verdiyi günlər sanki lap bu yaxınlarda olmuşdu, ancaq
o, artıq səhiyyə nazirinin müavini idi. Təbii ki,
Şaiq dünənki şagirdinin bugünkü müvəffəqiyyətinə
fərəhlənirdi.
Simurqun məktəbdə yazdığı
inşaları oxuyaraq Şaiqin qiymət verdiyi
çağlardan nə keçmişdi ki! Amma dünənki
öyrənci bu gün Azərbaycanda tanınan bir ədib idi.
Söz yox, Şaiq buna balasının uğuru kimi
öyünür, fəxr edirdi.
Amma 1937-ci il də gəldi. Abdulla Şaiqin bir-birindən
istedadlı neçə parlaq şagirdini, artıq Azərbaycanın
tanınmış simalarına çevrilmiş cavanları həbs
elədilər, üstlərinə qapqara "xalq düşməni"
damğası yapışdırdılar, onları zindanlara
atdılar, sürgünlərə göndərdilər,
gülləyə tuş gətirdilər.
Biri elə Tağı Şahbazi Simurq idi. Qondarma ittihamlarla,
"burjua-millətçi" ləkəsi vurularaq həbs
edildi. 1938-ci ildə 15 dəqiqəlik qurama məhkəmədən
sonra qətlə yetirildi. Şaiq keçmiş şagirdlərinin
köksünü qabardan az öncəki uğurlarına da
şahid idi, qəlbini dağlayan bu cür faciələrinə
də.
Keçmiş şagirdi Tağı Şahbazi
haqqında 1934-cü ildə xatirələrini qələmə
almışdı. Deyir, bunları ona görə yazıram ki,
indi hamınız Tağı Şahbazini yaxşı
tanıyırsınız, göz önündə olan
insandır, fəqət mən onun şagirdlik illərindən
bəhs edəcəyəm, o cəhətlərindən
yazacağam ki, heç biriniz bilmirsiniz. Xatırlayırdı
ki, hələ şagird vaxtlarından Tağı Şahbazi
çox gözüaçıqdı, dərslərini
yaxşı oxuması öz yerində, ancaq ictimai-siyasi
işlərdə də fəaldı, gedişata da çox
diqqət yetirirdi, biliyə, daha çox öyrənməyə
can atırdı, qardaşımla bərabər, Rusiyadan gələn
qəzetləri oxuyub müzakirə edirdilər.
Və Şaiqin xatirələri bizi aparır XX əsrin
lap başlanğıcına, əsrin ilk illərinə. Qafqaz
müəllimlər dairəsindən məktəbə müfəttiş
gəlib - girir Şaiqin sinfinə. Dərs vəsaiti
olmadığından Şaiq şagirdlərinə müxtəlif
bədii parçaları dəftərlərinə
yazdırar, arada o parçaların sırasına öz
şeirlərini də əlavə edərmiş. Həmin
dövrdə Rusiyada ikinci məclis-i məbusanın -
parlamentin buraxılması münasibətilə də Şaiq
"Niyə uçdu?" adlı bir şeir də
yazıbmış və bir qədər ehtiyatsızlıq edərək
həmin mənzuməni də daxil edibmiş uşaqların dəftərlərinə
köçürməli olduqları şeirlərin cərgəsinə.
Amma qaydalara görə, məktəb siyasətdən kənarda
olmalı idi və işin tərsliyindən sinfə girib
şagirdlərdən birinin qarşısındakı dəftəri
götürüb baxan müfəttişin qarşısına
ilk çıxan da həmin şeir olur, uşaqdan soruşur
ki, bu şeir nə barədədir? O da qayıdır ki, ikinci
məclis-i məbusanın yıxılması haqqında. Dərhal
müfəttişin qaşları çatılır, sualedici
nəzərlərlə Şaiqə sarı baxır. Amma bu
sualı eşidincə müəllimin nə cavab verəcəyini
gözləmədən o biri tərəfdən digər
şagird - Tağı Şahbazi qalxır ayağa,
üzünü müfəttişə tutaraq deyir ki, bu,
Lermontovun "Mələk" şeirinə bənzər olan
bir şeirdir. Müfəttiş sakitləşir və daha dərinə
getmədən keçir başqa mətləblərə.
Tağı Şahbazinin - bu balaca məktəblinin
itiağıllılığı,
hazırcavablığı, siyasi düşüncəsinin
yetkinliyi Şaiqin dadına çatır. Çünki bu, elə
narahat bir məqammış ki, hətta həmin xətaya
görə Şaiqi məktəbdən xaric də eləyə
bilərmişlər.
Abdulla Şaiq şagird Tağı Şahbazini
başqa bir müfəttişin məktəbə gəlməsi
əsnasında da xatırlayırdı. Yazırdı ki,
Tağı Şahbazinin çox gözəl, lap kalliqrafik xətti
vardı, mən də onun yazılarını həmişə
diqqətlə oxuyar, səhvsiz olduğuna görə
hamısının altından "əla" qiymət
yazardım, amma günlərin birində onun dəftəri evdə
qalmışdı, həmin səbəbdən
tapşırığı ayrıca vərəqdə
yazdı. Əvvəlki kimi yenə gözəl, səhvsiz, səliqəli.
Ancaq bu, sadəcə, vərəq olduğuna, dəftərdən
ayrı düşdüyünə görə və
Tağı Şahbazinin dəftəri də unutmasının
tənbehi olaraq bu dəfə ona "beş" yox,
"dörd" yazdım. Ancaq ertəsi gün Tağı
Şahbazi həmin vərəqi dəftərə də
yapışdırmışdı. İş elə gətirdi
ki, Qafqaz dairəsindən sinfə yenə müfəttiş gəldi.
Yenə adəti üzrə başladı cərgələrin
arasıyla gəzə-gəzə şagirdlərin dəftərlərinə
baxmağa, gah ondan, gah bundan nəsə soruşmağa.
Dayandı Tağı Şahbazinin qarşısında,
götürdü dəftərini, xəttinə baxdı,
çox xoşuna gəldi, vərəqlədi. Bir "5",
ikinci "5", üçüncü "5" və birdən
o "5"lər sırasında gözü "4" ə
sataşanda duruxdu, təəccüblə mənə baxdı
ki, bu dörd nədir?
Şaiq müfəttişə əhvalatı
danışır ki, bəs, dəftəri evdə
unutmuşdu, həmin səbəbdən bu "4"ü ona cəza
tədbiri kimi vermişəm, əslində isə yazı, həmişəki
kimi, "5"ə layiq idi. Müfəttiş
başını bulayır ki, nəyə layiqdir, o qiyməti
də vermək lazımdır. Və Şaiq
qırmızı qələmini çıxararaq elə
oradaca "4"ün üstündən xətt çəkərək
iri bir "5" yazır.
Abdulla Şaiq sevimli şagirdinə guya cəza kimi
verdiyi "4"ü asanlıqla dəyişib "5"ə
çevirə bilərdi, ancaq 1937-də, 1938-ci ildə o, aciz
idi. Ürəyinin bir parçası olan şagirdləri
gözünün qarşısında məhv olub gedirdi.
Onların taleyinə nə şəkildəsə təsir eləmək,
onların yolunu aça bilmək Şaiqin imkanları xaricindəydi.
Yadına düşür ki, Tağı Şahbazi hələ
şagirdlik illərindən haqsızlığa dözməyən
idi, onda müəyyən qədər filosofluq vardı, həm
də çox səbirli idi. Şaiq yada salırdı ki, bəzən
dostları Tağıya qarşı hansısa haqsızlıq
edəndə, acı, köntöy söz deyəndə cavab
qaytarmazdı, sadəcə, istehzalı, bir az da məzəmmətedici
baxışlarla nəzər salıb keçərdi.
Və Abdulla Şaiq istəkli şagirdinin bu məziyyətinin
də il-il onunla böyüdüyünü, yaşa dolandan, ədib
kimi etiraf ediləndən sonra isə təbiətindəki həmin
dərinliyin, müdrikliyin, filosofanəliyin artıq
yazılarına köçdüyünü müşahidə
etmişdi.
...Şaiq müəllimliyə erkən
başlamışdı. 1920-30-40-50-ci illərdə onun dərs
dediyi siniflərdən onlarca, yüzlərcə, bəlkə
minlərcə insan keçmişdi. Ona görə də bir
çoxlarında təəccüb oyadırdı ki, üzdən
elə Şaiqin yaşıdı kimi görünən
ağsaqqallardan tutmuş cavan nəsləcən neçələri
onun haqqında ağızdolusu "Müəllimim olub!"
söyləyir və belə təsəvvür yaranır ki,
sanki bu insan yaşından daha uzun müddətdə müəllimlik
edib. Müəllimliyi həyatının mənası sayan
Şaiqin bir nadir ustadlıq keyfiyyəti də bu idi və həmin
cəhət də Şaiqin öz ömründən daha uzun
bir vaxtda müəllimlik etməsi ehtimalını qüvvətləndirirdi
ki, o, dövründən asılı olmayaraq dərs dediyi
şagirdlərin əksəriyyətini yalnız çöhrəsi
ilə deyil, elə adları, soyadlarıyla da həmişəlik
yadında saxlamışdı. Hafizəsində möhkəmcə
yer tutmuş və Şaiqdən xeyli əvvəl həyatdan
qoparılmış həmin istəkli şagirdlərindən
biri yazıçı Seyid Hüseyn idi. Daha ona əl
çatmırdı, onu qayıdışsız gedər-gəlməzlərə
göndərmişdilər və bəlkə hər kəsdən
daha yaxşı elə Şaiq agahdı ki, Seyidin gedişiylə
bu millətin kisəsindən nələr gedib. Ancaq başqa
elə Seyid Hüseyndən də az istəmədiyi sabiq
şagirdi Süleyman Rüstəm gözünün
qarşısında idi. Günlərin birində qələm
götürüb Süleyman Rüstəmli xatirələrini
yazanda xəyalında Süleyman Əli Nazimlə birgə
canlanırdı. Onların sonralar ədəbi aləmdə
yer tuta bilmələrinin təməlində vaxtilə öz
etdiklərinin - həvəsləndirmələrinin, təqdirlərinin,
ruhlandırmalarının da izi olmasını məmnunluqla
anan Şaiq yazırdı ki, Süleymanın hələ
şagird vaxtlarından yaxşı şeir oxumağı
vardı, şeirləri alovlu-alovlu dediyindən tez-tez onu
çıxarardım lövhə qabağına.
Üstündən illər keçdi, ailəsi ilə də
yaxından tanış oldum, günlərin birində
xalası oğlu Abbas Mirzəyev gəldi bizə ki, məni
Süleyman göndərib, tapşırıb nəyin
bahasına olursa-olsun Şaiqi gətir bağa, həm də elə
gətir, bir neçə gün bizdə qonaq qalsın.
Şaiq dəvəti qəbul edir, Süleymangilin
bağına gedir, keçmiş şagirdinin ata-anası,
qohum-əqrəbası neçə gün onun
pişvazında durur, böyük məhəbbət göstərirlər.
Şaiq bu nəsillə daha əvvəldən də
aşinaymış. Abdulla Şaiq Süleyman Rüstəmin
onunla eyni məhəllədə yaşamış, 1918-ci ildə
Bakıda erməni-müsəlman qırğını
düşən vaxtlarda məhəllə-məhəllə gəzib
insanları sakitləşdirən, iğtişaşların dərinə
işləməməsi üçün əlləşən
dayısı Hüseynqulunu da yaxşı
tanıyırmış.
1929-cu ildə Şaiqin 48 yaşı vardı,
Süleyman isə hələ 23-ün içində idi. Həmin
il Azərbaycanın Gürcüstana gedən canlı klassiklərdən
ibarət yazıçılar heyətinin tərkibində gənc
Süleyman Rüstəm də vardı. Dəstədəkilər
əksərən yaşlı insanlar idi. Əbdürrəhim
bəy Haqverdiyev, Hüseyn Cavid, Mirzə Cəlil, Süleyman
Sani Axundov, Seyid Hüseyn, digərləri... Gənc Süleyman
Rüstəmin bu səfərdə iştirak etməsinin səbəbi
onun nümayəndə heyətinin rəhbəri Əbdürrəhim
bəyin köməkçisi olması idi.
Şaiq həmin səfəri də xatırlarayaq hələ
məktəb illərindən çox iti sözlü,
zarafatcıl olan Süleymanın Tiflisə gedən qatarda yol
boyu gah o, gah bu sinli yazıçıya yanaşaraq
zarafatlaşdığını, hətta Mirzə Cəlillə
ona şəbədə də qoşduğunu, məzəli
bir şeir də yazdığını və qoşqunu
eşidincə "Süleyman, cavanlığına güvənmə,
əvəzin bədəl adlı qardaşı var, mən də
bir gün səni bəzərəm" yazır və bunu da əlavə
edirdi ki, doğrudur, o şeirə cavab yazmaq qismət
olmadı, ancaq Süleymanın aradabir qəzəl yazmağa
qızışdığını, bunun da onu özünəməxsus
yaradıcılıq yolundan ayıra biləcəyini
düşünərək həmin münasibətlə bir qəzəl
dedim ki, axırı belə qurtarırdı:
Eşqin yükünü çəkməyi sən
Şaiqə tapşır,
Gənc olsa da, aldanma Süleymanə, Gülümsər.
Bu da Şaiqin keçmiş şagirdini, gənc həmkarını
xəfifcə sancması idi ki, qəzəl, qəsidə
bizlikdir, yəni köhnə nəsillikdir, sən tutduğun təzə
yolla get.
1929-cu ildə baş vermiş həmin "ulduzlar səfəri"ndən
bir foto yadigar qalıb - baxdıqca göz doymur. Qatarla
Bakıdan Tiflisəcən, yenə qatarla oradan bura, Tiflisdən
Bakıyacan, üstəlik də, Gürcüstanda bir neçə
gün baş-başa, ürək-ürəyə idilər -
Hacıkərim Sanılı da orada idi, Əhməd Cavad da, Xəlil
İbrahim də, Cəfər Cabbarlı da, Müşfiq də.
Şaiq, hər anı sözbəsöz yazıya
köçürülə bilərdisə, misilsiz kitab, səfərnamələrimizin
ən oxşarsızı ola biləcək həmin
yolçuluğun bircə anının xatirəsini
bölüşüb. Həmin səfəri başdan-sona
görə, dinləyə bilməkçün nəyi desən,
qurban verərdim...
Zirvələrə nə qədər yüksəlsə
də, ürəyində onunçün elə balası,
şagirdi kimi qalan Süleyman Rüstəm haqqındakı
xatirəsini Abdulla Şaiq bu təsirli sözlərlə
bitirirdi ki, "mən Süleymanı həmişə
şeirimizin qabaqcıl nümayəndələri
sırasında görmüşəm, bundan sonra da onun qoca
müəllimi, dostu, qələm yoldaşı kimi bu
mövqeyini möhkəm tutmasını, böyük yaradıcılıq
qələbələrinə çatmasını ürəkdən
arzu edirəm".
...Hələ dünyanı dərk etməyə
başlamamışdan xoşbəxt olan insanı təsəvvür
etmək istəyirsinizsə, çox baş
sındırmağa dəyməz, uzaqlara deyil, yaxına
baxın. Düşünün balasına layla deyən
Şövkət Ələkbərovanı, Nərminə Məmmədovanı.
Onsuz da millətə layla kimi səslənən ecazkar
avazlarına üstəlik, ana məhəbbəti də qataraq
oxuyan belə müğənnilərin tək onlarçün
səslənmiş "konsertləri" ilə yuxuya gedib,
yuxudan oyanmış balaların necə bənzərsiz səadət
yaşadıqlarını özlərindən daha
yaxşı biz bilirik. Bir vaxtlar - ellik Azərbaycanın
qulaqlarının tək radioda, yeganə televiziyada olduğu
dövrdə uşaqların sevimli Xoruz babası, hər gəlişi
həsrətlə gözlənən nağılçı
Piri babası vardı. Efirdə dönüb Xoruz baba, Piri baba
olan həmin Hüseynağa Sadıqov öz evində ata idi,
baba idi və radioda, televiziyada - mikrofon və kamera
qarşısında vətən uşaqlarına
oxuduqlarından daha səmimi və hərarətlə öz mənzilində
qucağına aldığı uşaqlarını
oxşayıb-əzizləyirdi. O övladlar yalnız çox
illər ötüncə, yaşa dolandan sonra anlayacaqdılar
ki, paylarına necə qeyri-adi bəxtəvərlik
düşübmüş - bütün Azərbaycan
uşaqlarının babası olan şəxs
onlarınkıymış və həyatının ən
içdən gələn monoloqlarını heç kəsə
və heç yerdə söyləmədiyi şirinlikdə
onlarçün ifa edirmiş.
Elə Ülkər xanım da çox xoşbəxtdir.
Bütün Azərbaycan boyu uşaqların sevə-sevə
oxuduqları, əzbərlədikləri, səhnəyə
çıxıb oynadıqları şeirləri, səhnəcikləri
onunçün hələ dili əməlli-başlı
söz tutmadığı çağlarda öz mənzilində
həmin inciləri yaratmış babası Abdulla Şaiq
özü səsləndirirmiş.
Abdulla Şaiqin ömrünün əsas hissəsinin
keçdiyi həmin mənzildəcə günlərin birində
daha bütün Azərbaycan uşaqlarına deyil, tək o
qızcığaza aid bir şeir də dünyaya gəlib.
Abdulla Şaiq 3 əlifba dövründə
ömür sürüb. Müəllim səliqəsi və cədvələtabeliyi
ilə çox çətinlik çəkmədən ərəbdən
latına, latından kirilə də keçə bilib, hər
üçündə rahat oxunan qəşəng xətlə
yaza bilib. Bu əlyazma kiril dönəminin saxlancıdır:
"İstəkli nəvəm Ülkərə". Guya
uşağın 1 yaşının tamam olması münasibətilə
qələmə alıb, ancaq oxuduqca bunu da sezirəm ki, həmin
şeir hələ bu uşaq dünyaya göz açmaq
astanasında olduğu günlərdə artıq misra-misra
doğulurmuş. Yəni bu şeirin altında "1 iyul
1958-ci il" qeydi varsa da, ilk misraların həmin tarixdən 1
ildən də erkən yarandığı hiss edilməkdədir.
Şeiri 1957-də başlayıb və sanki istəyib ki, bu
şeir daha uzun müddət hər gün onunla gəzsin,
söz-söz, misra-misra yetişsin.
Bir gün səhər dalmışdım ulduzların
seyrinə,
Gözləyirdim üzümə haçan gülər
Ülkərim.
Mən ulduzlar içində ona çoxdan vurğunam,
Görününcə üzümə işıq səpər
Ülkərim.
İyulun əvvəliydi, ağarırdı dan yeri,
Baxdım göyə, göründü, verdi xəbər
Ülkərim:
"Gözün aydın, bir nəvən oldu mənə
bərabər!"
Bu xəbərlə qəlbimdən sildi kədər
Ülkərim.
Baxdım qızın üzünə, Ülkər
qoydum adını,
Yerdə, göydə doğmuşdu iki səhər
Ülkərim.
Amma Şaiqin 1957-ci ilin iyulunda başlayıb son
nöqtəsini növbəti ilin iyulunda qoyduğu bu şeir nəvəsinin
gəlişinə həsr etdiyi birinci şeir olsa da, onun
Ülkərə həsr etdiyi ilk qoşqu deyildi. Hələ
1919-cu ildə də o, "Ülkər" şeiri
yazmışdı və orada da gözü göylərə
zillənmişdisə də, məramı başqa idi.
Azadlıq pərisi Ülkər ulduzu onun düşüncəsində
yurdunun və millətinin hürriyyətinin rəmzi idi:
Sorucu gözündə sevda uçarkən
Ey xoş kölgəsində səfalandığım.
O qönçə dodağın bir sırr açarkən
Uçan nəğməsilə
havalandığım.
Yolçu yol ararkən düşər izinə,
Qurtular baş qoyan sıcaq dizinə,
Mən çoxdan vurğunam o şux gözünə,
Ey oynaq nurilə ziyalandığım.
Sənədir ümidim, ey parlaq ülkər,
Mən də bir yolçuyam itkin, dərbədər.
Qurtuluş yolunu mənə də göstər,
Mələkdən, fələkdən uca
sandığım.
Dünyaya gəlişiylə Şaiqə baba olmaq
sevincini gətirmiş Ülkər xanım Talıbzadə
danışır ki, Şaiqin ilk nəvəsi səhər
doqquzun yarısında doğulduğundan həmin ulduzun
adını da ona verib - yəni mənə. Bu evdə mən
anadan olandan sonra altı ay yaşadıq, 57-ci ilin dekabrında
keçmiş Hüsü Hacıyev küçəsində,
indiki Azərbaycan prospektində babama dördotaqlı mənzil
verdilər, köçdük ora. "Köçdük"
deyəndə ki, köçdülər, məni də
apardılar özləriylə. O həyətdə çox
gözəl abu-hava vardı. Bütün qonşular bir-biri ilə
yaxın dost idi, toy, nişan məclisləri bir ailəninki
kimi keçərdi, həyətimizin sakinlərinin
hamısı bir yerə toplaşardı və hər dəfə
oradan gələndə ixtisasca dil-ədəbiyyat müəllimi
olan anam deyərdi ki, Ülkər, bax, bizim bütün
qonşularımız şair-yazıçıdır,
hamısının yaradıcılığı var, ancaq məclislərimizdə
onlar kitabda yazdıqları, qəzetdə nəşr olunan
şeirləri oxumurlar, bədahətən, ürəklərindən
gələn xüsusi şeirləri oxuyurlar ki, mən o məclislərdən
evə hər dəfə ilham alıb qayıdıram, sonra
bunları gedib tələbələrimə
danışıram.
...O bina həminki binadır, elə əvvəlki
yerində durub, ancaq həm də daha əvvəlki bina deyil. Mənim
də ilk tələbəlik illərimdən ayağım o
binaya açıldı. Orada tələbə
yoldaşlarım, dostlarım yaşayırdı, evlərinə
gedib-gəlirdim. O Yazıçılar evi haqqında bir dəfə
yazmışam ki, həmin binanın üzərində adətən
uçuşan ilham pərilərinin tıxacı olardı.
Daha o "tıxac" da dünənlərdə qalıb.
Köçənlər köçdü - bu dünyadan və
o binadan, sakinlər dəyişdi, mühit
başqalaşdı, köhnə mehr-ülfət xatirələrdə
qaldı...
Şaiqin köhnə evisə əski
hüsnünü qoruyub saxlayıb. Qapısını
açınca xəyalən qayıdırsan onlu günlərə.
Şaiqə 1957-yə qədər yaşadığı bu
evi 1916-cı ildə vermişdilər. Atası Axund Mustafa
Talıbzadə Tiflisdə şeyxülislamın müavini
idi, həm də Zaqafqaziya Ruhani İdarəsinin nəzdindəki
mədrəsədə müəllimlik edirdi. Eyni zamanda dərsliklər
yazır, ədəbi fəaliyyətlə məşğul olurdu.
Nəriman Nərimanov Axund Mustafanın evinə daimi gedib-gələnlərdənmiş.
Şaiqin anası iki oğlunu da götürüb Bakıya
köçəndə axund onlara tapşırmışdı
ki, Nərimanla əlaqə saxlayın, nə
müşkülünüz olsa, ona deyin, himayəsini əsirgəməyəcək.
Böyük qardaş Yusif Ziyaya Nərimanov
yaxşılığını etmişdi, bir gün Şaiq
də ona evdən ötrü ağız açır. Nəriman
bu müraciətə də yerindəcə əncam çəkir,
onu müvafiq icazə sənədiylə göndərir sonra
40 ildən çox yaşayacağı ünvana. Nəriman
Şaiqgili bu evə səbəbsiz yönəltməmişdi.
Öz qardaşı qızı Mənsurə də burada
yaşayırdı və Şaiqgillə qapıbir qonşu
olurlar. İş elə gətirir ki, onillər sonra Şaiqin
evi muzeyə çevriləndə divarları bəzəyəcək
tabloların əksəri bu evin istəklisi olan Mənsurənin
böyük oğlu rəssam Tofiq Kərimovun
fırçasından çıxır. Körpə
vaxtından o, gözünü açıb Abdulla Şaiqi
görmüşdü və onun yaddaşa arxalanaraq çəkdiyi
portretlərdə Şaiq sanki özünə fotoşəkillərdəkindən
də çox bənzəyirdi. Onlardan birini Kamal Talıbzadə
ömrünün axırınadək hər gün
atasının canlı kimi qavradığı surəti
gözləri önündə dayansın deyə öz mənzilində
qonaq otağında asıbmış, ölüm
ayağında da vəsiyyət edir ki, Şaiqin muzeyinə
aparın, ən mərkəzi divarda yer alsın.
Şaiqin divarlardan mənə baxdığı mənzilində
ondan qalan əlyazmaları vərəqləyirəm. Oğlu
Kamal Talıbzadə səriştə və fədakarlıqla
Şaiq irsini tam halda hamınınkılaşdırmaq yolunda
nə qədər zəhmətlər çəksə də,
hələ də bu zəngin irsin kitablara düşməmiş
xeyli maraqlı parçaları insanlarla görüşmək
intizarındadır. Hansı vərəqi qaldırırsan,
unudulmuş bir tarix səninlə danışmağa
başlayır
Şaiq axund oğlu idi, mötəbər ilahiyyat
alimi, sanballı din xadimi də ola bilərdi, ancaq vaxt ona
ayrı qapı açdı. Ruhani olsaydı, o, elə
atası kimi, bu sahənin bilginlərindən, kamillərindən
biri kimi şöhrətlənərdi. Dini, şəriəti
yaxşı bilirdi, ancaq naşıların, kəmsavadların,
avam başı tovlayanların meydan sulamağına da
şahid idi və hərdən qələm götürüb
bu mövzudan bəhs edəndə qəlpləri ifşa etməyə
bilmirdi, ancaq o gedişatda cövhərindəki alimlik
damarının təlqini ilə unudulmuş tarixi həqiqətlərdən
də xəbər çatdırırdı. XX yüzilin əvvəllərinin
Bakısındakı məhərrəm ayından bəhs edir:
"Məhərrəm ayı müctəhidlərin,
mollaların və mərsiyəxanların çox sevdikləri
şərafətli bir ay idi. Əvvələn ona görə
ki, bu təziyə ayı onlar üçün çörək
ağacı, qazanc vasitəsi, boyunlarını daha da
yoğunlatmaq yolu idi.
Məhərrəmə 10 gün qalmış hər
yerdə böyük hazırlıqlar başlanır, təkyə
və dəstə başçıları gecə-gündüz
çalışırdılar. Məhərrəmin 1-dən səfər
ayının 20-nə qədər təziyə saxlanır,
ağaların göstərişiylə
üstüörtülü böyük bazarda və bir
çox başqa yerlərdə təkyə qurulur, gəliş-gediş,
alış-veriş kəsilirdi. Dəstələrin
önündə növhəxan növhə oxuyur, dəstələr
zəncir və sinə vura-vura gəzirdilər. Təziyələrdə
mollalar, mərsiyəxanlar Kərbəla hadisəsini odlu və
mübaliğəli bir dillə danışıb camaatı
ağladırdılar. Aşura günü isə bu dəstələrdə
baş yaranlar ağ kəfən geyib xəncərlə
başlarını yarırdılar. Bir gün qəribə
hadisə baş verdi. Üstüörtülü bazarda məhərrəmi
saxlayan iki dəstə üz-üzə gəldi. Hər iki dəstənin
qabağında ələm - bayraq vardı. Bu dəstələrdən
biri keçmək üçün obirinə yol verməli
idi. Lakin heç biri geri çəkilmək istəmədi.
Çox deyişmə və çəkişmədən
sonra hər iki dəstə bayraq ağaclarını
qırıb bu taxta parçaları ilə vuruşmağa
başladı. Bir çoxlarının başı yarıldı,
qaçaqaçda bir çox adam ayaq altında qalıb əzildi".
Şaiqin əlyazmasının bu yerində tarixi
baxımdan diqqətəlayiq bir məqam var ki, elə onun
ucbatından bu parçanı köçürüb üzə
çıxarmağı lazım bildim. Ümumən Şaiqə
tarixi mənbələrə müraciət etmək, tarixi həqiqətləri
oxucusuna aydınlatmaq xas imiş. "Bir saatlıq xəlifə"ni
yazanda Harun ər-Rəşid dövrünün gerçəklərini
dəqiq, təhrifsiz çadırmaqçün neçə
tarixi mənbəni qaldırmışdı. İndi də
yazısının bu yerində xəncərlə baş
yarmaq adətindən söz düşüncə bunun tarixçəsi
ilə bağlı ilginc bir hekayəti nəql edir. Sən demə,
bu heç də xoş olmayan və təəssüflər
ki, dinçi fanatiklər arasında geniş
yayılmış adət çox da uzaq vaxtın söhbəti
deyilmiş, Fazil Dərbəndinin dəbə
saldığı həngaməymiş. Şaiq belə
yazırdı: "Dərbənddə cavan bir adamı
öldürən Fazili hökumət təqib etdiyi
üçün o, Kərbəlaya qaçır. Orada bir
müddət avara gəzdikdən sonra mədrəsədə
otaq tutur, ruhani olmaq məqsədilə təhsilə
başlayır. O, uzun müddət oxuyub müctəhid olur,
sonra Kərbəladan Dərbəndə
qayıtdığı zaman Təbrizdən keçərkən
məhərrəm ayı olduğundan yerli dindarlar onu
saxlayırlar. Fazil cavanlığından belinə xəncər
bağlamağı xoşlarmış, hətta Kərbəlaya
gedəndə və oradan qayıdanda da həmin xəncəri
şalın altından bağlayıbmış. Aşura
günü Fazil Təbrizdə minbərə çıxıb
İmam Hüseyn faciəsini danışır. Vəzini
qurtaran kimi xəncərini çıxarıb
başını yarır və o vaxtdan xəncər vurmaq,
baş yarmaq adət olub hər tərəfə
yayılır".
Hərdən az qala yeddinci yüzildən bugünə
gəlib çatmış kimi qələmə verilən bu
qanlı və umulmaz ənənə belə törəyibmiş.
Fazil Dərbəndi isə 1785-də doğulub, 1870-də vəfat
edib. Bunca yaxın zaman...
...Abdulla Şaiqin elə şeirləri var ki, gərək
onları bütün millət əzbər bilə, nəinki
bütün millət, gərək o şeirlər
dünyanın əksər dillərinə çevrilə,
dünya boyu yayıla. Çünki o şeirlər yalnız
Azərbaycana yox, dünyaya gərəkdir. Hissə
qapılaraq havadan demirəm, tutarlı sübutu da var. Abdulla
Şaiqin məşhur misraları hər azərbaycanlının
yaddaşında sayrışmaqdadır:
Həpimiz bir günəşin zərrəsiyiz,
Həpimiz bir yuva pərvərdəsiyiz.
Bu şeiri Şaiq 1910-cu ildə yazıb və ilk dəfə
1912-ci ildə "Gülzar" adlı dərsliyində
çap etdirib. Birləşmiş Millətlər Təşkilatı
İnsan İnkişafı Proqramının Azərbaycandakı
sabiq koordinatoru Paulo Lembo tərtib etdiyi "Azərbaycan
Respublikasında insan inkişafı haqqında hesabat -
1995" kitabını Şaiqin ingilis dilinə
çevrilmiş məşhur şeirindən epiqrafla
başlayırdı və həmin kitabı 1996-cı ildə
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı
Muzeyində Şaiqin oğlu, akademik Kamal Talıbzadəyə
təqdim edərkən demişdi ki, bu şeir məzmunu ilə
BMT-nın fəaliyyət proqramını ifadə edir.
Çox istərdim ki, bu şeir əvvəldən-sonacan
Azərbaycan məktəblərində hər şagirdə əzbərlədilsin,
Azərbaycan dərsliklərində olsun. Demirəm ki,
orfoqrafik dəqiqliklə, Abdulla Şaiq necə yazıbsa, o
cür saxlayaq, yüngülvari əl gəzdirsək,
müasir dilimizə uyğunlaşdıraraq bəzi deyişlərə
cüzi və zəruri dəyişiklik etsək, Şaiqin ruhu
da bizdən inciməz. Tutalım, "həpimiz"i döndərib
"hamımız" edirik, ya dilimizin dövriyyəsindən
çıxmış hansısa ərəb kəlməsini
öz sözümüzlə əvəzləyirik.
Məktəbimizə baxıram, televiziyaları seyr
edirəm, sosial şəbəkəni izləyirəm və kədərli
qənaətə gəlirəm ki, gözəl dilimizi əhalimiz
bu gün keçmişdəkilərə nisbətən daha zəif
bilir, daha yavan ifadə edir. Bülbül söyləyirdi ki, sən
öz dilində elə danışmalısan ki, bu dili bilməyənlər
də sənin ana dilinə heyran qalsınlar. Dünən Azərbaycan
teatrı da, Azərbaycan məktəbi də,
bütövlükdə Azərbaycan auditoriyası da bugünə
nisbətən Abdulla Şaiqə daha yaxın idi. Yalnız
zamanca deyil, ruhca, ən azı birbaşa təmas
baxımından aradakı məsafə qısa idi - onu daha
tez-tez oxuyurdular. Onu və o cür Azərbaycan dilində olan əsərləri!
Digər bir çox səbəblərin düzümündə,
şübhəsiz, bu da var ki, məhz həm də ona görə
insanlarımızın gündəlik azərbaycancası daha
gözəl səslənirdi, dilimizin
daşıyıcıları bu dildə ağızlarından
söz tökülə-tökülə yox, nitqin rəvanlığından,
ahəngindən zövq ala-ala danışırdılar.
Çox istərdim ki, göyçək azərbaycancamız,
danışdığımız, yazdığımız ana
dilimiz Abdulla Şaiqin o duru, xıltsız, aydın dili kimi
olsun, dünənkindən də irəligetmiş,
cilalanmış, bərqvuran, ruhtərpədən!
Bütün dünyanın öz ana dilində
oxumasını və millətimizin hər sıra nəfərinin
də əzbərində olmasını umduğum bu Abdulla
Şaiq şeiri nüvəsində Müqəddəs
Kitabların ali fəlsəfəsindən gələn
yükü daşıyır, bu şeir insanlıq
ülgüsü, birgəlik düsturudur - hamımız vahid
yuvanın, bu doğma Yer Kürəsinin yetişdirdiyi, onun
eyni məhəbbətlə sevib fərq qoymadığı
yavrularıyıq, hamımızın
işığımız ortaq qaynaqdan gəlir, hamımız
təkcə olan Günəşin şəfəqləri, zərrələriyik.
Həpimiz bir günəşin zərrəsiyik,
Həpimiz bir yuva pərvərdəsiyik.
Ayıramaz bizləri təbdil-i məkan,
Ayıramaz bizləri təğyir-i lisan.
Bu birlik elə doğal, elə anadangəlmədir ki,
bizləri nə dəyişən məkan, nə hökm
sahiblərinin cızdığı sərhədlər, nə
dinlər ayıra bilər, çünki vətənimiz yeganədir
- Yer Üzü, çünki milliyyətimiz birdir - İnsan!
Ayıramaz bizləri İncil, Quran,
Ayıramaz bizləri sərhədd-i şahan.
...Ümumən xoşbəxt, ümumən bədbəxt
insan yoxdur. Bir həyat başdan-başa bəxtiyarlıqdan
ibarət olmur. Bir ömür həm də ucdantutma məşəqqətlərlə,
bədbəxtliklərlə dolmur. Xoşbəxtlik də,
acılar da həyatın hansısa anları, hansısa qəlpələridir,
ömrün hansısa günləri, hansısa saatları,
hansısa dəqiqələrində yaşanan həzz, ya
iztirabdır. Bəzən bir neçə dəqiqəlik məsudluq
bütün ömrü dolduracaq siqlətdə olur.
Bu sualları indi Abdulla Şaiqin özünə
yönəldib özündən dilbədil cavab almaq
imkanımız yoxkən onun ömründən qalan izlərə
arxalanaraq çətinlik çəkmədən haçan bəxtiyarlıq
içərisində üzdüyünü, haçan
özünü talesiz hesab etdiyini müəyyənləşdirmək
olur. Zərrəcə şübhə yoxdur ki, bu dəqiqələrdə
o xoşbəxtmiş. Məktub alıbmış,
açıb oxuyurmuş. Adicə bir zərfi əlində
tutmaqla, adicə bir məktubu oxumaqla bəxtiyar ola bilmək
xoşbəxtliyini Pərvərdigar dünyanın sıravi
insanlarından seçkin duyğu və düşüncə
əta etmiş olduğu Şaiq kimi əziz bəndələrinin
qismətinə yazır.
1911-ci ilin son may günləri. Sadəcə fərz
etmirəm, əminəm ki, Abdulla Şaiq onda xoşbəxt
imiş. Çünki son may günlərindən birində
ona Firidun bəy Köçərlidən məktub
yetişmişdi. Məktubun altında tarix yazılıb:
"1911-ci ilin 26 mayı". Üç, ya dörd
günmü sonra həmin məktub Qoridən gəlib
çatıb Bakıya, Şaiqin əllərinə. Təbii
ki, bir dəfə oxumayıb, dönə-dönə oxuyub.
Ustaddan gələn məktub idi, bir dəfə oxumaqla ürək
soyuyardımı?! Şaiq Firidun bəyə təzə
şeirlərini, yazılarını göndəribmiş ki,
nəzərdən keçirərək rəy bildirsin. Həmin
yazıları da Firidun bəy Köçərli bir ustad nəvazişi
və diqqəti ilə oxumuşdu, qeydlərini də göndərmişdi.
Ayrı-ayrı qüsurları göstərəndən,
iradlarını bildirəndən sonra məktubunun lap
axırında, "birdən bu tənqidlərim Şaiqin
ürəyinə dəyər" gümanıyla
iki-üç cümlə də əlavə eləmişdi
ki, ümidvaram bu yazdıqlarımdan rəncidə
olmazsınız, çünki mən sizin gələcəyinizə
böyük təmənna və arzularla baxıram. Ona görə
də bəri başdan məsləhətlərimi verirəm.
Başqa yazılarınız varsa da, onları da göndərin.
1911-ci ildə Abdulla Şaiq gənc idi, hələ bir
ədibdən daha çox müəllim idi. Ancaq həssas
söz sərrafı Firidun bəy Köçərli artıq
onu bir qələm adamı, gələcəkdə parlayacaq ədib
kimi görürdü, ona görə ümdə tövsiyəsini
bəri başdan verir, "açıq dildə yazmaq"
şərtini indidən qoyurdu.
Firidun bəyin arzuladığı gələcək
onsuz gələcək. Bu da Şaiqin taleyinin bir başqa
ağrısı idi ki, həyat imtahanlarından keçərək
yoldaş seçdiyi, dost saydığı, müəllim
bildiyi neçə əziz insanı itirə-itirə gedəcək.
Ancaq onların heç birinin Şaiqin düşüncəsində,
ürəyində, ömründəki işığı
sönməyəcək, o həmdəmlərin
adlarının və yazdıqlarının yasaq edildiyi, məktublarını,
şəkillərini evdə saxlamağın xatalı
olduğu çürük əyyamlarda da Şaiq onlardan
ayrılmayacaq, ulduz və ustad deyə qəbul etdiklərinin
nuru ömrünün son saatınacan, nəfəsi gedib-gələnəcən
onunla birgə qalacaq, bu sədaqətinə görə
Tanrı ona möhlət də verəcək ki, son vəfa
borcunu yerinə yetirsin, o əzizləri haqda könlündəkiləri
kağıza köçürərək axirət evinə
arxayın getsin.
Abdulla Şaiqin rəssamlar çəkən şəkillərinə
baxın, fotolarını göz önünə gətirin -
hamısında o işığı görəcəksiniz.
Abdulla Şaiqin kitablarını açın - uşaqlara
yazdıqlarından tutmuş böyüklərə
ünvanladıqlarınacan - hamısında həmin
işıq duyulmaqdadır. Böyük Şaiqin o
işığa qarışmış əziz surəti də,
bizə yadigar qoyduğu qələm bəhrələri də
həmişə bu millətlə bir nur topası kimi qalacaq, nə
qədər vaxt ötsə də, həmişə bu yurda və
xalqa qayıdacaq.
26 fevral 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2024.- 28 fevral,№(38).- S.10-11.